engin-gectanİnsan təbiət qüvvələrinə və bəzi heyvan növlərinə nəzərən zəif bir varlıqdır, bu səbəbdəndir ki, hər insanın mövcudiyyətində əskiklik duyğusu vardır. İnsan körpəlik dönəmindən bəri həyatına çarəsizlik içində başlayır. O, uşaq ikən güclü böyüklər arasında yaşayan gücsüz bir varlıqdır. Sonrakı həyatı boyunca daha əvvəl ona hökmranlıq edən insanlar və təbii qüvvələr üzərində üstünlük qazanmaq və gücünü isbat etmək üçün səy göstərər. Çox zaman isə bununla da kifayətlənməz, qüsursuz bir varlıq olmağa çalışar.

İnsanın dünyaya gəlişi ilə yaşanmağa başlanan və ömür boyu davam edən bu duyğu universaldır, çünki təbiətdəki bütün varlıqlar mənfi vəziyyətdən müsbət vəziyyətə keçmək üçün davamlı mücadilədədir. İnsandakı əskiklik duyğusu da fərdin inkişafı və insanlığın təkamülü üçün vacib bir təkandır. Amma çoxumuz bu duyğunun varlığını inkar etməkdəyik. Çünki əskiklik, cəmiyyət dəyərlərinə görə arzuedilməz bir haldır.

Bu səbəblə, çatışmayan cəhətlərimizi ancaq bəzi hallarda üzləşdiyimizdə qəbul edərik. Əskiklik duyğusu yaratdığı narahatlığa rəğmən yaşanması qaçınılmaz hadisədir. Üstəlik insanın həyatını davam etdirə bilməsi və inkişaf edə bilməsi üçün zəruridir, çünki əskikliyin fərqinə varmaq insanı qıcıqlandırar və hərəkətə keçirər.

Dəyərsizlik duyğusu isə yuxarıda təsvir edilən və normal hal olan əskiklik duyğusundan çox fərqlidir. İnsanı hərəkətə və yaratmağa qıcıqlandırmadığı kimi, çıxılmaz vəziyyətin yaranmasına da səbəb olar. Dəyərsizlik duyğusu, bir insanın özünü digər insanlardan daha dəyərsiz bir varlıq olaraq qavraması mənasına gəlir və başlanğıcını uşaqlıq illərindən götürür. Bir uşağa dəyər verilməməsi onu xüsusi haqqları olan müstəqil bir varlıq olaraq tanımama mənasına gəlir. Bir insana dəyər vermək onun həqiqətlərini anlamağa çalışmaq və onu olduğu kimi qəbul edə bilməkdir, lakin bir çox insan digər insanlara dəyər verdiyini zənn edərək əslində öz narsist ehtiyaclarını doyurar.

Özünə dəyər verilməmiş bir insan başqasına dəyər verə bilməz. Bunu sonradan öyrənə bilməsi də ancaq özünə dəyər verməyə başladıqdan sonra yaranan qarşılıqlı prosesdir. Bir başqa deyişlə, insan özünə dəyər verə bildiyi dərəcədə başqalarına da dəyər verər; digər insanlara həqiqi mənada dəyər verdiyini hiss etdikcə özünü də dəyərli hiss edər. Yoxsa bir insanı göylərə qaldıraraq özünü alçaltmaq, nə ona, nə də özünə dəyər verməkdir. Üstəlik belə bir vəziyyət dəyərsizlik duyğularının ardında yatan düşməncə meyillərin və günahkarlıq duyğularının daha da güclənməsinə səbəb olur.

Dəyərsizlik duyğuları içində yaşayan biri üçün digər insanlar ya özündən üstündür, ya da aşağı; tayı yoxdur. Bəzi insanlara xor baxar, çünki onlarda özünə oxşatdığı bəzi xüsusiyyətlər görər və bu insanları bəyənmədiyi şəxsiyyətini özünə əks etdirən bir güzgü kimi qavrayar. Bunu şüurlu şəkildə dərk etmədiyi üçün də onları özündən daha dəyərsiz görər. Əslində, başqalarını xor görən insan özünü də xor görər, beləliklə, alçaldılmaqdan qorxan biridir. Bir başqasının onu alçaltması, əslində özünün də özünü alçaltdığı həqiqətilə üzləşməsinə səbəb olar.

12735679_774511399360623_1541545646_nDəyərsizlik hissi yaşayan insanın bəzi insanları ucaltması yaratdığı qeyri-real ssenarilərin nəticəsidir; bu insanların özünün sahib olmaq istədiyi görkəmə sahib olduğu illuziyasından qaynaqlanır. Digər tərəfdən, bu insanlara qarşı şüursuz olaraq düşmənlik hissləri bəsləyərlər, çünki varlıqları onlara öz əskikliklərini xatırladar. Tərsinə işləyən proseslə şüuraltındakı düşmənlik hissi gücləndikcə, bu insanlara duyulan heyranlıq da artar. Bu yığılan düşmənlik duyğularını şüuraltında saxlamaq çətinləşdiyində istifadə olunan bir idarəetmə mexanizmasıdır. Ancaq bəzən ucaldılmış insanın bir qüsuru aşkarlandığında şüuraltında toplanmış düşməncə meyillər birdən şüura çıxa bilir. Beləliklə, özünün yaratdığı tanrını özü də yox edir. Bir insanı öncəliklə ucaldıb, sonradan onu devirməyə çalışmaq mövcud cəmiyyətimizin üzvlərində tez-tez rastlanan bir haldır.

Maşınını məsuliyyətsizcəsinə idarə edən bir adam nə özünün, nə də digər insanların dəyəri ola biləcəyini, daha doğrusu, həyatın dəyərli olduğunun fərqində deyildir. Sağlam bir həyat üçün gərəkən tədbirləri bildiyi halda etməyən insan da həmçinin!

Dəyərsizlik hissi yaşayan insan, öz dəyərsiz varlığına vermədiyi ixtiyarı başqalarına verməyə meyillidir, ancaq adətən öz yaxınları, daha doğrusu özünə bağlılığı olan insanlar – həyat yoldaşı, uşaq və başqaları – bunun xaricində qalır. Özü kimi onları da xor görər və dəyərsizliyinin bir uzantısı kimi qavrayar. Onu rəddetmə ehtimalı olan insanlara əhəmiyyət verməsinin əksinə, onu qəbul edəcək davranışlar sərgiləyən insanları alçalda bilər. Onun fikrincə, dəyərsiz birisini qəbul edən bir insanın özü də dəyərsizdir.

Bir çox insanın həqiqi mənliyi ilə, cəmiyyətin rəğbətini qazanmaq üçün xarici dünyaya tanıtdığı şəxsiyyət bir-birindən fərqlənir. İnsanlar xüsusilə iş həyatlarında belə bir maskanı davamlı istifadə edərlər, adətən axşam evə gedərkən çıxarar, amma çox vaxt bir başqa maska taxarlar. Bəzi insanlar dostlarıyla birlikdə olduğu zaman üçüncü maskadan da istifadə edə bilir. Beləcə, fərqli vəziyyətlərə uyğunlaşmağa çalışar.

Müəyyən bir dərəcədə, bu maskalar insanın müasir dünya şərtləri içində həyatını davam etdirə bilməsi üçün zəruridir. Lazım olanda xoşunuza gəlməyən insanlara qarşı dostca davranmanızı təmin edər və insanın mənfəətini qorumasına kömək edər.

Lakin əgər bir insan girdiyi rola özünü çox verərsə oynadığı rol ilə öz həqiqi şəxsiyyətini bir-birindən ayıra bilməyəcək hala gələr. Beləliklə, özünə yadlaşmağa başlayar. Nəticədə mənliyi qabarar və özünə çox fikir veməyə başlayar. Bununla da kifayətlənməz, bu rolu digər insanlara da yansıdar və onlardan da eyni rolu oynamalarını gözləyər. Avtoritet halına gəldiyində özü ilə birlikdə işləyənləri bezdirər, ana və ya ata olduğunda uşaqlarından bacarıqlarının üzərində nailiyyətlər gözləyər.

Bir insanın nə olduğu ilə nə olması gərəkdiyi arasındakı uyğunsuzluq dəyərsizlik hisslərinin təbii nəticəsidir.  Bu səbəblə, özünə yadlaşmaq bahasına mühüm nailiyyətlər qazanmış bəzi insanlar bəzən boşluq və mənasızlıq hiss edərlər. Bəziləri o günə qədər özünü aldatdığının və həqiqətdə maraqlanmadığı şeylərlə maraqlanırmış kimi göründüyünün fərqinə vara bilər. Bunu görə bilməyənlər isə qazandıqları müvəffəqiyyətlərə rəğmən yenə də özlərini əskik görərlər. Belə bir vəziyyət dəyərsizlik duyğularının daha da güclənməsinə səbəb olar.

Şəxsiyyətin individuallaşması üçün insanın özü ilə bağlı həqiqətləri mümkün dərəcədə şüurlu hala gətirməsi gərəkir. Lakin bir çox insan özünü tanımaq üçün çaba göstərmədən həyatına məna qata bilməyi umar və istədiklərini tapa bilmək üçün bir möcüzənin gerçəkləşməsini gözləyər. Halbuki, insan həqiqətlərini bildiyi dərəcədə özüylə uzlaşa bilər və ətrafına qarşı da daha mərhəmətli olar. Bunu bacarmayan biri isə bəyənmədiyi və qəbul etmədiyi şüuraltı mənliyini digər insanlara əks etdirər, onları tənqid edər və qınayar. Bunu edərkən əslində tanımadığı həqiqi mənliyini izləməkdə olduğunun fərqində deyildir.

Dəyərsizlik hissi yaşayan insan öz gerçək mənliyini qəbul etmədiyindən qeyri-real bir üstünlük həddinə çata bilmək üçün çaba göstərər və enerjisinin çoxunu bu məqsədlə tükətər. Lakin bu məqsədə çatmaq üçün yaradılar metodlar elastiklikdən məhrumdur və özünü tanrılaşdırmaq ümidi ilə yaratdığı məqsədlər əlçatmaz dərəcədədir.

Üstəlik seçdiyi məqsədlər cəmiyyətə deyil, şəxsi mənfəətlərinə yönəlikdir; arzuları xudbinlik dərəcəsindədir və öz üstünlüyünü təmin edə bilmək üçün digər insanlara zərər verəcək təşəbbüslər edə bilər. Üstünlüyünü güc və pul qazanaraq gerçəkləşdirmək istəyən insan məqsədinə çatmaq üçün digər insanları asanlıqla istifadə edə bilər. İntellektual üstünlüyünü isbat etmək üçün ətrafındakıları davamlı tənqid edən və səhvlərini axtaran bir digəri onların düşüncə və istəklərinə hörmət edə bilməz. Digər insanlara dəyər verə bilmədiyi üçün bütün bu çabalarına rəğmən yenə də özünü dəyərsiz və cəmiyyətdən kənar qalmış hiss edər. Nüfuz uğrunda bu qədər çabaladığı halda ətrafındakıların hörmətini qazana bilməməsinin səbəbini anlaya bilməz.

Dəyərsizlik hissi yaşayan insan əlaqələrində ziddiyyətlidir. Bəzən üstünlüyünü isbat etmək məqsədiylə insanlarla sıx əlaqəyə keçər, özünü əskik və natamam hiss etdiyi zamanlarda isə onlarla qarşılaşmamağa çalışar. Belə bir insan yalnız öz üstünlüyünü göstərə biləcəyi mühitlərə girmə cəsarətini göstərər, ikinci planda qaldığını hiss etdiyi ya da üstünlük maskasının düşərək dəyərsizlik duyğuları ilə üzləşmə təhlükəsinin olacağı vəziyyətlərdən uzaq durar.

Məsələn, pul gücüylə özünü nüfuzlu edən biri intellektual dəyərlərə əhəmiyyət verilən bir mühitdən uzaq dura bilər; hər yerdə diqqət mərkəzində olmaq istəyən bir başqası girdiyi bir mühitdə digər insanların fikirlərini paylaşmamaq və onlardan fərqli biri olduğunu vurğulamaq üçün danışıqlara qatılmaya bilər. Çünki dəyərsizlik hiss edən bir insan üstün olmaq məcburiyyətindədir.

Dəyərsizlik duyğusunu aradan qaldırmaq məqsədilə üstün olma ya da göstəriş çabasında olan insan bunu gerçəkləşdirmək üçün xəyali bir məqsəd yaradar və bütün davranışlarını bu çərçivədə formalaşdırar. Arada bir digər istəklərindən və məqsədlərindən söz salsa da  yaratdığı məqsədin gərəkdirdiyi meyildən kənara çıxmaz. Məsələn, hər kəsin hörmətini qazanmağı özünə məqsəd seçmiş bir insan digər insanlarla birlikdə olduğu zamanların hər anında davranışlarını bu məqsədə xidmət edəcək şəkildə formalaşdırar. Müəyyən bir ssenarini izləmək məcburiyyətində olan aktyor kimidir, lakin oynadığı oyunun fərqində deyildir. Yalnız hörmət gördüyündə mövcud olduğunu hiss edə biləcəyindən, digər alternativləri görməz.

Göstəriş çabası içində olan insan bir-biri ilə ziddiyyətli halları birlikdə yaşayar. Bir yandan mənliyinə hakim olan məqsədə çatmağa çalışarkən, digər yandan bu məqsədi gerçəkləşdirmiş olduğuna inanar. Məsələn, insanların heyranlığını qazanmaq niyyətində olan biri bir yandan digər insanların özünə heyran olmaları üçün çabalayarkən, digər yandan özünü hamının heyranlığını qazanmış biri olaraq görər. Bir yandan hər kəsin özünə heyran olduğuna inanarkən, digər yandan bunun ətrafındakı insanlar tərəfində davamlı olaraq təsdiqlənməsini istər. Gözlədiyi tərifi eşitmədiyi zamanlarda ətrafını buna məcbur edəcək davranışlara girişər. Ona görə, bu onun haqqıdır.

Dəyərsizlik hissinə qarşı belə məntiqsiz bir qürur sistemi yaratmış olan insan qüsursuz saydığı mənliyinə uyğun olmayan davranışlar sərgilədiyinin fərqinə vardığında qüsurunu qətiyyən xoş qarşılamaz. Niyə belə davrandığını anlamağa çalışacağı yerdə özünü mühakimə və tənqid edər. Özünə qarşı mərhəmətsizliyi gerçək dünyasını anlaya bilməsini və yaşadığı hadisələrdən dərs ala bilməsini əngəlləyər. Həqiqi şəxsiyyətinin olmaq istədiyi insanın xüsusiyyətlərinə sahib olmaması qərarsızlığına səbəb olar. Özünü daim başqalarıyla müqayisə etmək və onlardan daha üstün olduğunu hiss etmək məcburiyyətindədir. Bundan ötrü, gerçək mənliyi ilə üzləşmə ehtimalının təhdidi altında yaşayar.

Özünü üstün bir varlıq olaraq görən insan ətafından gələn ən kiçik tənqidi belə qəbul edə bilməz. Gerçək mənliyi ilə üzləşməsinə səbəb olan vəziyyətləri dünyanın axırı gəlibmiş kimi yaşayar. Bu səbəblə, qürurunu zədələyə biləcək bir vəziyyətlə qarşılaşdığında ya da qarşılaşmaq üzərə olduğunu hiss etdiyində o vəziyyətdən qaçmağa çalışar. Qaça bilmədiyi zamanlarda isə dəyərsizlik duyğularının altındakı düşməncə meyillər idarəsindən çıxar və qüruruna zərbə vuranlardan intiqam almağa çalışar.

Belə bir qürur insanı özünə yadlaşdırar və şəxsiyyət bütünlüyünün pozulmalarına səbəb olar. Gerçək mənliyinə qarşı yaratığı nifrətin nəticəsində görkəmli bir şəxsiyyəti mənimsəməyə çalışan insan bu uğurda davamlı güzəştə gedər. Özü üçün daha vacib olan bir çox mövzunu kənara qoyaraq bütün çabasını və enerjisini ideallaşdırdığı görüntüsünü davam etdirə bilməsi üçün etdiyi gərəksiz sərmayələrə sərf edər. Edilən güzəştlərsə özünə yönəlmiş nifrəti daha da gücləndirər və çıxılmaz vəziyyətin yaranmasına yol açar. Şəxsiyyətini bütünləşdirmək çabası içində, bəzən olmaq istədiyi insanla, bəzən də bəyənmədiyi mənliyi ilə eyniləşər. Ancaq hansı istiqamətdə getsə də ikisi arasındakı çarpışmadan xilas ola bilməz və bu hal ona əzab verər.

Dəyərsizlik duyğuları bir insanın cinsi kimliyi ilə əlaqədar olaraq da yaşana bilər. Bu  qadınlarda kişilərə nəzərən daha açıq bir şəkildə yaşanır. İçində yaşadığımız mədəniyyət, kişiyə və kişilik roluna üstünlük verir. Digər tərəfdən, qadın və qadının həyata keçirdiyi işlər üstüörtülü bir tərzdə xor görülür. Cəmiyyətimizin bəzi təbəqələrində olduğu kimi, qız uşağına oğlan uşağından daha az dəyər verilən bir mühitdə böyümüş bir qadın həmcinslərini alçalda bilər və gerçək qadınlıq şəxsiyyətindən saparaq cəmiyyətin üstün tutduğu kişisayağı davranışları mənimsəyə bilər. Belə edərək üstün bir varlıq ola biləcəyini və dəyərsizlik duyğularından xilas ola biləcəyini zənn edər.

Halbuki, bu davranışlar sadəcə kişilərdə görüldüyündə cəmiyyətin rəğbətini qazandığına görə öz gerçək şəxsiyyətindən vaz keçməklə özünü hamıdan öncə öz qarşısında alçaltmaqda olduğunu görməz. Belə davranışlar bəzən qadının qadınlığıyla ətrafına meydan oxuması, məsələn, kişiləri başdan çıxarıb sonra onları incitməyə ya da istismar etməyə çalışması şəklində də görülə bilər. Bu davranışların ardında qadınlıq şəxsiyyətiylə əlaqədar dəyərsizlik duyğuları vardır.

Oxşar davranışlar kişilərdə də rastlanır. Cəmiyyətin kişi şəxsiyyətiylə bağlı gözləntilərini qarşılaya bilmədiyi üçün özünü dəyərsiz görən insanlar, kişiliklərini şişirdilmiş bir şəkildə yaşayaraq üstün bir varlıq ola biləcəkləri illuziyasına qapılırlar. Belə kişilər çox sayıda qadını başdan çıxarmaqla ya da aqressiv davranışlarıyla güclü kişi obrazına çata biləcəklərinə inanmışlardır. Bəziləri isə, kişilikləriylə əlaqədar dəyərsizlik duyğularını tam tərs istiqamətdə yaşayar. Qadınsı şəxsiyyəti mənimsəyərək özündən gözlənilən kişilik rolunu vecinə almadığını cəmiyyətə meydan oxuyurmuşcasına və insanları şok edərcəsinə sərgiləyər.

Beləliklə, cinsi şəxsiyyətləriylə əlaqədar dəyərsizlik duyğuları yaşayan qadın da, kişi də kişilik olaraq anladıqları davranışları mənimsəməyə çalışar və bu şişirdilmiş davranışların həqiqi mənada kişi şəxsiyyətiylə əlaqəsi olmadığını görə bilməzlər. Bu insanlar cəmiyyətdə kişilik və güclülük məfhumlarının eynimənalı olması nəticəsində, özlərinə görə yaratdıqları bir kişilik obrazının gözləntilərinə özlərini uyğunlaşdırmağa çalışar. Bir başqa deyişlə, qadın “kişi”, kişi də “daha kişi” olmaqla güclü ola biləcəyinə inanar.

İnsanın üstün sandığı qeyri-real bir şəxsiyyəti mənimsəməyə çalışaraq dəyərsizlik duyğularından xilas olmağa çalışması daha ciddi  problemlərin yaranmasına səbəb olduğu kimi, əsas problemi də həll etməz. Məsələn, bəzi insanlar intellektual bir üstünlük yaradaraq hər şeyin iradə və məntiq gücü ilə həll edilə biləcəyinə özünü inandırmağa çalışar, amma emosional həyatında ya yalnızdır, ya da müvəffəqiyyətsiz. Göstərişə çatmaq çabası insanın yaşama sahəsini də daraldar. Həyatı özünü üstün hiss edə biləcəyi vəziyyətlərlə məhdudlaşdığından yeni təcrübələrə və fərqli yaşayışlara qapalıdır. Bundan savayı, davamlı görkəm və qüsursuzluq bir utopiyadır. Qüsursuzluğun tərifi verilə bilsəydi, bu tərifə uyan bir insan, yəqin ki, çox darıxdırıcı olardı. Qüsursuz olmağa çalışanlar belə elə olduqdan sonra!

12695989_774511469360616_1221997622_nÜstün olmaq məcburiyyətində olan insan mövcudiyyət savaşı verməkdədir. Bu səbəblə yalnız özüylə əlaqədardır və əsas problem də buradan qaynaqlanır. Dostluq və xeyirxahlıq ictimai insan növünün irsi  parçasıdır. Bu meyillər insanın uşaqlıq illərində ətrafı ilə olan səmimi qarşılıqlı əlaqəsi nəticəsində inkişaf edər və zənginləşər. Eqosentrizm , uşaqlıq dönəmlərində mülayim reaksiya verməyi öyrənməmək nəticəsində yaranan qüsurlu bir davranışdır. Digər insanların həqiqətlərini anlamaq üçün səmimi şəkildə çaba göstərməyən və yalnızca almaq üçün verən ya da verirmiş kimi görünən bir insan günahkarlıq və dəyərsizlik duyğularından xilas ola bilməz.

Bir insan mövcudiyyətinin səbəb olduğu problemlərə etibarlı və real bir şəkildə yanaşmağı bacarırsa dəyərsizlik duyğuları yaşamaz. Məğlubiyyəti də müvəffəqiyyət kimi həyatın bir parçası olaraq qəbul etdiyinə görə qarşılaşdığı vəziyyətlərdən və özü ilə bağlı həqiqətlərdən qaçmaz. Daxili dünyasındakı çarəsizlik duyğuları və xaricdən gələn məcburiyyətlər onu yaradıcı çabalara yönəldər. Sağlam düşüncə sayəsində tapdığı həllər başqalarının mənfəətlərinə mane olmaz. Sağlam düşüncədən məhrum insan özünü və dünyanı sadəcə öz gözlərindən görər, şəxsi mənfəətlərə yönəlmiş məqsədlərdə başqalarını düşünməz.

Əzab versə də bəyənmədiyimiz özümüzlə üzləşməyi bacarmalı və bu səbəbdən əsla özümüzü lənətləməməliyik. Özünü lənətləmək ya da özünə yazığı gəlmək insanın məsuliyyətlərini görməsini əngəlləyir.

Güclü olmaq cəsarətli olmağı gərəkdirir. Cəsarətlilik isə içində insanın öz həqiqətləriylə üzləşə bilməsini barındırır. İnsanın özünə yadlaşması hesabın qazanılan güc həqiqi güc deyildir. Gücsüzlüyümüzü yaşaya biləcək cəsarəti göstərdiyimiz bir anda biri bizi xor görərsə bu onun problemidir. Əslində içdən eyni cəsarəti göstərməyi o da istəyər, amma şişirilmiş qürurunun əsiri olduğu üçün buna cürət etməz.

Bəzi insanlar özümüzü səmimi şəkildə yaşadığımız zaman, digərlərinin bu “zəiflik”dən yararlanaraq bizi devirməyə çalışacaqları fikrini müdafiə edirlər. Halbuki, bir insan ancaq öz daxilində devrilmişsə, başqaları tərəfindən devrilə bilər.

Qüsurlu tərəfimizlə üzləşib bunu qəbul edə bilsək, bu tərəfimizin bir müddət sonra yox olma ehtimalı artar. Bu çox zaman şüurlu çaba gərəktirsə də, bəzən həll heç hiss olunmadan gerçəkləşir. Belə bir prosesi başlatmaq insanlarla əlaqələrimizdə daha da aktiv olmamızı təmin edər.

Çünki özümüzə qarşı mərhəmətli olduqca, digər insanların qüsurlu yanlarını da daha asan qəbul edə bilərik. Odur ki, onlara həqiqi mənada bir şeylər verə bilməyimizin qürurunu hiss etməyə başlayarıq. Bu, mənliyin şişməsiylə nəticələnən qürurdan çox fərqli bir duyğudur. İnsanın özünə dəyər verə bilməsini barındırır!

 

Qaynaq:

GEÇTAN, E., İnsan Olmak, Remzi Kitabevi, s.74-84

 

Advertisements