Lady-Lilith.jpg
“Xanım Lilit” Dante Qabriel Rozetti

İnsanlığın hekayəsi Adəm və Həvva ilə başlayır, deyilmi? Qədim bir yəhudi əfsanəsinə görə isə bu hekayə Adəmlə Həvvadan öncəsinə dayanır. Yəni Adəmin ilk zövcəsi Həvva yox, Lilit adında bir qadındır. Lakin tarix boyu gizlincə aramızda dolaşıb, hər qadın-kişi münaqişəsində özünü göstərsə də onu çox az tanıyırıq. Haqqında danışılan əfsanə belə başlayır: Tanrı torpaqdan Adəm ilə Liliti yaradır. Xoşbəxt yaşasınlar deyə onları cənnətdə yerləşdirir, amma bu insan cütlüyü heç cür dinclik tapa bilmir. Problemlərimi? Zəmanəmizin cütlüklərinin problemlərindən fərqli deyil. Adəm münasibətdə hər daim söz sahibi olmaq istəyir, ancaq Lilit buna qarşı çıxır.

Xüsusən cinsi əlaqə əsnasında Adəmin hər zaman üstdə olmasını təhqiredici sayaraq buna etiraz edir. Özünün də Adəm kimi torpaqdan yaradıldığını, yəni bərabər olduqları fikrini müdafiə edir. Adəm isə özünü bağışlayan, bərəkətli səma, Liliti də məhsuldar torpağa bənzədərək bu cür birləşməkdə israr edir.  Adəm tutumunda israr etdikdə, Lilit birlikdə yaşamaqlarının çətin olacağına qərar verib Tanrının deməməsi gərəkən adını anaraq göyə doğru yüksəlir. Sahib olduğu imkanlardan imtina edən Lilitin yeri artıq rədd edilmişlərin arasındadır. Ətrafındakı cinlərlə və cinlərin kralı Samael (Şeytan) ilə əlaqəyə girir və onlardan uşaqlar dünyaya gətirir.

Bu zaman, cənnətdə yalnız qalan Adəm Tanrıya dua edərək Liliti geri istəyir. Tanrı Sanvai, Sansanvai və Semangelof adlı üç mələyi geri çağırsın deyə Lilitə göndərir. Mələklərə dönməyəcəyi təqdirdə hər gün yüz uşağının öldürüləcəyini ona bildirməyi əmr edir, amma o, heç bir halda dönməyəcəyini bildirir. Və təhdid yerinə yetirilir…

Lilit duyduğu əzab nəticəsində bundan sonra bütün hamilə və doğmuş qadınların, körpələrin düşməni olmağa and içir. Oğlan uşaqlarının doğulduqdan sonrakı ilk səkkiz gün, qız uşaqlarının isə ilk iyirmi gün içində canını alacaqdır. Təkcə yaxınlığında bu üç mələyin adı ya da şəkli olanlara toxunulmayacaqdır. Lilit artıq pislərin tərəfinə keçibdir. Bundan sonra Tanrı Adəmin qabırğasından Həvvanı yaradır. Bu yeni qadın Adəmin bir parçası olduğu üçün ona qarşı gəlməyəcəkdir.

Əslində Lilit haqqından bir çox əfsanə və hekayə var. Məsələn, Talmudda (Tövratın ilkin yazılı olmayıb, sonradan yazılı hala gətirilən ikinci hissəsi) ondan dişi şeytan olaraq bəhs edilir. Bu rolu ilə kölgə kimi yüzillər boyu tarix səhifələrində dolaşır. Qadın və uşaqları hədəf alır, kişiləri başdan çıxararaq onlara zərər verir. Etdikləri bununla məhdudlaşmır. Bir kölgə kimi qadınların beyninə girib, kişilərlə bərabər haqqlara sahib olma mücadiləsini günümüzə kimi davam etdirir. Bəzi əfsadələrdə də cadugər surətində çıxır qarşımıza. Lilitə biri-digərindən fərqli, ancaq hamısı da pis olan bənzətmələrin niyə edildiyini anlamaq üçün geriyə dönüb dinlərin tarixinə və əfsanələrə nəzər salmaq gərəkir.

Lilitin tarixi tək tanrılı dinlərdən çox öncəsinə, keçmiş Mesopotamiya mədəniyyətinə qədər uzanır. Adətən Şumer və Babil mifologiyasındakı külək ilahə Lilitu ilə əlaqələndirirlər. Lil fırtına ya da külək mənasına gəlir.

Bir Babil mətnində isə böyük ilahə İştarın məbədinin fahişəsidir. İştar qədim şərq dinlərində şəhvətli eşqin, ehtirasın və başdan çıxarmanın ilahəsi olaraq qəbul edilirdi. Bu xüsusiyyətləri səbəbilə fahişələrin – xüsusilə kult olan məbəd fahişələrinin qoruyucu ilahəsi idi. Məbəd fahişəliyi qanuni idi. Heredotun bizə çatmış yazılarından Babildə hər gənc qızın bir dəfə yad bir kişi ilə cinsi əlaqəyə girmək məcburiyyətində olduğu bilinir. Ancaq bu məbəd fahişəliyi qətiyyən alçaldıcı bir iş deyildi. Babillilərin yad kişiləri tanrı olaraq gördükləri zənn edilir. Özlərini onlara təslim edən gənc qızlar simvolik olaraq tanrıların zövcəsi olur və müqəddəsləşdirilirdi.

Lilitin bəzi xüsusiyyətləri Babilin qəddar ilahəsi (bəlkə də, dişi şeytanı demək gərəkir) Lamatsuda da görünür. Lamatsu xalq arasında albasdı ya da loğusa xəstəliyi olaraq tanınan xəstəliyin yaranmasına səbəb olur, hamilələrə zərər verib, yeni doğulan körpələri öldürməyə çalışırdı. Lilitin xüsusiyyətləti Lamatsuya köçürülmüş ola bilərmi? Yoxsa tərsi edilmişdir?

Lilitin yəhudi əfsanəsinələrində nə zamandan ortaya çıxdığı bilinmir. Çünki tanrılar və əfsanələr şərq mədəniyyətlərinin bir çoxunda ortaq idi ya da böyük bənzərliklər daşıyırdı. Buna rəğmən yəhudilərin şeytanla əlaqəli inanclarında əhəmiyyətli yer tuturdu. Kişilərin ağlını başından alan bir şeytan olaraq görülürdü və ondan çox qorxulurdu.

Bu mövzuda ən qədim qaynaq olan Tövrata bir nəzər yetirək. Ancaq Tövratda bir uyğunsuzluq gözə dəyir. Müqəddəs kitabın bir yerində “Və Allah insanı öz surətində yaratdı və onları erkək və dişi olaraq yaratdı.” deyilir. Ancaq sonrakı bölümlərdə daha fərqli olaraq anlatılır: Tanrı şərqdə Ədəndə bir bağça yaradır. Adəmi ora yerləşdirir və yalnız qalmasın deyə qabırğasından qadını yaradır. Talmuda görə Adəmlə eyni anda yaradılan qadının adı Lilitdi, çünki başqa cür müqəddəs kitabdakı bu uyğunsuzluğu açıqlamaq mümkün deyil.

Adəmin ilk zövcəsi Lilitə daha sonradan IX ya da X əsrlərə aid “Ben Sira Əlifbası”nda rastlayırıq. Mətnin əsas qəhrəmanı e.ə. 600-cü illərdə yaşadığı sanılan Ben Siradır. Yazıçının kim olduğu bilinmir. Bu əl yazmasına görə Tanrı torpaqdan Adəm və Liliti yaratmışdı. Həmin bölüm belə davam edir: “ Qısa müddət sonra bir-birilə dalaşmağa başlayırlar. Adəmə belə deyir: Mən altda yatmaq istəmirəm. Amma Adəm: Mən altda yox, üstdə yatmaq istəyirəm, çünki sən altda yatacaq adam olaraq seçildin. Lilit ona: İkimiz də eyni haqqlara sahibik, çünki ikimiz də torpaqdan yaradıldıq. Lakin heç biri digərini dinləməz.” Bunun sonrasında Lilit göyə yüksələrək qeyb olur. Üç mələyin Liliti geri qayıtmağa razı salmaq çabaları işə yaramadığında, Tanrı Adəm üçün bu dəfə Həvvanı yaradır.

Başqa bir bölümdə isə Lilit üç mələyə belə deyir: “Mən uşaqlara zərər vermək üçün yaradıldım, doğumdan sonrakı ilk səkkiz gündə oğlan uşaqlarına, iyirmi gün içində isə qız uşaqlarına. (Amma) and içirəm, sizi ya da rəsminizi bir həmail ya da tilsim üzərində görərsəm, o uşağa heç bir zərər verməyəcəm.” O gündən bu yana müxtəlif mədəniyyətlərdə, yeni doğulan uşaqları Lilitdən qorunması üçün xüsusi tilsimlər istifadə edilməyə başlandı. Lilitin xalq inanclarında varlığını illərcə qorumasının və bir şəkildə cadugərlərlə əlaqələndirilməsinin səbəbi də budur.

Lilit əfsanəsi Orta Əsrlərin əvvəllərində Yəhudilərin gizli əlyazması olan Kabbalada da (Yəhudi ruhanilərinin əsrlərdir bir-birinə ötürdükləri və Müqəddəs Kitabın “gizli mənaları” ilə maraqlanan bir cür okkultizm cə mistisizm ) mövcuddur. Burada ona kişiləri başdan çıxaran və uğuzsuzluq gətirən dişi şeytan olaraq tərif verilir: “Hə cür bəzək əşyasıyla bəzənib cilvəli bir qadına çevrilir. Onun bəzəyi gül kimi qırmızı saçlarıdır. Sözləri yağ kimi yumuşaq, dodaqları dünyadakı hər şeydən daha dadlıdır. Ona yönələn və (afrodiziak olaraq ilan zəhərilə qarışdırılmış) şərabdan içən axmaqlar onunla zina edər.” Lakin sonra oyandıqları zaman onları öldürür və cəhənnəmin tam ortasına atır. Əslində onun niyyəti sadəcə kişiləri başdan çıxarıb çoxlu uşaq doğmaqdır.

Kabbalaçılar üçün Lilit təmiz olmayan, fahişə bir qadını simvollaşdırır. Kabbaladakı bir paraqrafda ayrıldıqdan sonra Adəmi yenidən başdan çıxardığı yazılır. Etdiyi bu günahdan sonra Adəm 130 il cinsi pəhriz saxlayır. Adəm belə bir şeyin yenidən başına gəlməməsi üçün özünü tikanlarla qorumağa çalışır. Ancaq yuxuda ikən Lilit Adəmin üstünə çıxır və onun elə yuxudaca boşalmasını təmin edir. Lilit bundan sonra “insanlığa cəza” olaraq adlandırılan məxluqları dünyaya gətirir. Kabbalanın bir başqa yerində belə yazılır: “Lilit ətrafda dolaşaraq insanlara ilişər və özləri-özlərini kirlətmələrini təmin edər.” Bu səbəblə adı “toxum oğrusu” deyə anılır.

Şüphəsiz, Həvvanın batdığı günahdan da o məsuldur. Kabbalaçıların əsas əsərindən olan Zoqarda (Ehtişam Kitabı ya da İşıq Kitabı) yer alan əfsanəyə görə adət dönəmində olduğu halda Adəmlə əlaqəyə girməsi üçün onu aldadan o ilan və fahişə Lilitdir. Sonralar Lilitlə, fələstinlilər vasitəsilə, yunanlar da tanış oldu. Onu ruhları idarə edən ilahə Hekatanın şəxsiyyəti ilə birləşdirdilər. Bu mövzu Yəhudi olmayan qnostisizm cərəyanı tərəfdarlarının da diqqətini çəkdi. Onlar tərəfindən yazılı hala gətirilən bir əfsanədə Lilitin İsrailli İlyas peyğəmbəri necə başdan çıxardığı danışılır. Lilit ona belə deyir: “Səndən uşaqlarım var.” Və o cavab verir: “Məndən necə uşaqların ola bilər, mən bir mömin kimi yaşayıram.” Lilit deyir ki: “Bəli, lakin yuxunda, röyalarında tez-tez boşaldıldın. Toxumlarını alaraq hamilə qaldım.” Bu mətn IV əsrə aiddir. Lilit xüsusilə bu tarixdən sonra daim eyni motivdə işlənir. O, bir “toxum oğrusu”dur.

Lilit əfsanələri xristiyanlıq dünyasıyla tanış olduqdan sonra qərblilərin xəyal gücünü hərəkətə gətirdi. Xüsusilə, Kabbalaçı yazıçıların tədqiq edilməsilə, Lilit bütün dünyada tanındı. “Qəddar qəlbli Lilit” hər yerdə marağa səbəb oldu. Çünki o, normalda açıqlanması ya da qavranması mümkün olmayan şeyləri rahatlıqla üzərinə götürə biləcək biri idi. Bu xüsusiyyəti onun “cadugərlər”lə eyniləşdirilməsi üçün gərəkən körpünü yaradırdı.

Orta əsrlərin sonlarına doğru başlayan və inanılmaz ictimai isteriyaya səbəb olan cadugər və ovsunçu ilə birlikdə, Lilitin adı da tez-tez anılmağa başlandı. Üstəlik o, qadınları başdan çıxarma mövzusunda şeytanın ən böyük köməkçisi idi. Artıq pis niyyətlə istifadə etdiyi gözəlliyi və başdan çıxarması ön plana çıxırdı. İnsanlar bir yandan ovsun və cadularla ondan qorunmağa çalışarkən, digər yandan özlərini onun tilsimindən xilas edə bilmirdilər. Beləliklə, XIX əsrdə Lilit rəssamlar və ədəbiyyatçılar üçün sevimli motiv oldu. Bununla dini xarakterindən xilas olurdu. İsgilis rəssam Dante Qabriel Rossettinin çəkdiyi “Xanım Lilit” tablosunda bu cadugər, Viktoriya dönəminin gözəllik anlayışına uyğun olaraq yaradılmış və göstərişli dekoltesilə uzun qızıl saçlı, biraz dolğun, ətli dodaqlarla rəsm edilmişdir.

Ədəbiyyat dünyasına da girdikdən sonra şeytan qadın obrazı tamamilə yox oldu. Artıq ona qorxu və nifrətlə baxılmır, hətta simpatiya duyulurdu. Nə qədər zəif ruhlu insanlar tədbiri əldən verməmək üçün tilsimlərinə inanmağa davam etsə də, ziyalılar qəddar qəlbli şeytan qadın obrazını yaddan çıxarmağa başlamışdılar. Xoşa gələn və mənimsənən onun başdan çıxarma xüsusiyyəti deyildi. Daha çox Lilitin Adəmin ilk zövcəsi olduğunu anlatan əfsanəyə diqqət yetirilirdi. Çünki bu hekayə insanlıq tarixinin başlanğıcından bu günə uzanan bir mübahisəni başlatmışdı. Xüsusilə son yüzillikdə kifayət qədər kəskinləşən mübahisə idi bu: bərbərlik, daha doğrusu, qadın və kiçi bərabərsizliyi.

Psixoanaliz mütəxəssisi və tədqiqatçı Siemund Hurwitz “Adəm ilə Lilit arasındakı güc mübarizəsi”ni əsrlərcə davam edən və patriarxal sistemdəki kişinin yeri ilə qadınların bərabər haqqlara sahib olma tələbini əsas alan cinsiyyətlər arası savaşın aynadakı əksi olaraq dəyərləndirir. Əslində nə Qədim Dövrdə, nə Orta Əsrlərdə, nə də onu izləyən yüzilliklər boyu bu problemə çox da əhəmiyyət verilməyib. Cinslər arasındakı əlaqəni müqayisə etməyə gərək yox idi: Qadın kişinin hakimiyyəti altında olmaq məcburiyyətində idi. Həvari Pavel “Kişi qadından deyil, qadın kişidən yaradılmışdır Kişi qadının istədiklərini yox, qadın kişinin istəklərini yerinə yetirmək üçün yaradıldı.” demişdi. Hər halda qadın Adəmin qabırğasından yaradılmışdı. Bu yanaşma qadının əsrlər boyu ictimai mövqeyini müəyyənləşdirən əsas faktordu.

Qadın dörd böyük dində də “günah qazanı” olaraq görüldü. Bunun səbəbi Həvvaya qədər uzanır. Qadağan olunmuş meyvəni hər ikisinin də yeməsinə rəğmən, işlənmiş günahdakı günahkarlıq payı bərabər deyildi: Aldadılan Adəm deyil, Həvva idi, çünki ilanın sözünə inanmışdı. Adəm, şüphəsiz, inanmamışdı, ancaq zövcəsi ilə əlaqəsini təhlükəyə atmaq istəməmişdir. Söhbət birgə günahdan getsə belə, günahkar və müqəssir olan qadındır. Bunlar şeytanla ortaq olması və cadugərliklə günahlandırıla bilməsi üçün əsas səbəblərdir.

Bu dayaqdan güc alan kişilər qadınların şəxsiyyətinə təzyiq etdilər və onları özlərinə aid bir mal kimi gördülər. Keçən əsr boyu artan qadın müqaviməti buna qarşı çıxdı. Bərabər haqqlar və azadlıq üçün savaşan Liliti isə özlərinə simvolik fiqur olaraq seçdilər. Lilitin mücadiləsini müvəffəqiyyətlə başa çatdıra bilməməsi onların müqavimətini qırmadı. Lilit əfsanəsi arzuladıqları ictimai mövqelərə çatmaq üçün onları daha da həvəsləndirir…

Lilith İvrit dilində “gecəyə məxsus olan” mənasına gəlir. Adından da göründüyü kimi, əsrlər boyu qadınlara yaraşdırıla biləcək bütün neqativ xüsusiyyətlərin daşıyıcısı olmuşdur: başdan çıxarıcı, fahişə, cadugər, vampir, gecə bədheybəti onun ünvanlarının bəziləridir. Saf, passif seksuallığı ancaq qadağan olunmuş meyvəni yedikdən sonra öyrənən Həvvanın əksinə, əvvəldən gücününü və seksuallığının fərqindədir və yeri gəldiyində istifadə etməkdən də çəkinməz.

Öz bildiyini edən, zəbt edilə bilməyən, idarə olunmaz olduğundan, xüsusilə tək tanrılı din xadimlərinin davamlı təzyiq altında saxlamağa çalışdıqları bir qadın nümunəsi, kişinin qadına və seksuallığa qarşı qorxusunun bir işarəsidir əslində. Beləcə, fani insanların arasında yeri yoxdur. Yeri bilinməyən, açıqlanmayaq pisliklərin gəldiyi qaranlıq güclərin dünyasıdır.

Yaxşı ilə pisi görməyi təmin edən ağacın qadağan olunmuş meyvəsindən yemədiyi üçün ölümsüz qalmış, cənnətin yaxınlığındakı bir dağ keçidində şeytanlarla əlaqəyə girərək “Lilim” adlı uşaqlar doğmuşdur. Tövratda belə yazılır: “Və çölün vəhşi heyvanları ilə canavarlar görüşəcək; bəli, gecə bədheybəti orada yerləşəcək və özü üçün istirahət yeri seçəcək…”

Simvolik heyvanı bayquşdur. Rəsm və heykəllərində, adətən, ay şəklində tacla təsvir edilir.

Yəhudi qadınlar ərlərini bu şeytan qadından qorumaq üçün yataq otaqlarının divarlarına bir dairə içində “Adəm ilə Həvva buyursunlar içəri, girməsin qapıdan 11 (Lilit-Lilit)” yazırdı. Numerologiya ilə məşğul olanlar 11-i pisliklərlə yüklü olduğu üçün qorxunc ədəd olaraq qəbul edirdilər. Kabbalaçılara görə bu ədəd yaxşı və gözəl olan nə varsa əksini təmsil edir. Günah dolu, zərər verən və mükəmməl olmağı rədd etmiş bir ədəddir bu.

Müasir dövrdə Lilit feminizmin simvoluna çevrilib. Bu adda jurnallar yayımlandı, kafelər açıldı, sadəcə qadın musiqiçilərin qatırdığı “Lilith Fair” adlı musiqi festivalları keçirildi, “ideal qadın” olaraq bilinən Həvva kimi olmaq istəməyən qadınlar reaksiyalarını bildirmək üçün qız uşaqlarına Lilit adı qoydular.
Mənbə: http://bit.ly/1XDhhf5

Advertisements