10401167_32624330963_7219_nBu gün konkret dünyanın, insan həyatının istənilən forması, texniki və təbii mühitin hər hansı transformasiyası özündə tarixilik ehtiva edir. Bu gün biz dünyanı cəhənnəmə çevirməyə qadirik və artıq bu yöndə irəliləyirik. Biz, həmçinin dünyanı cəhənnəmin əksinə çevirməyə də qadirik.
Bu, utopiyanın, daha doğrusu, utopik fikir və nəzəriyyələrin müəyyən tarixi-sosial imkanların mühakiməsinə yönəlik istifadə olunmasının sonu olardı. “Utopiyanın sonu” həm də, “tarixin sonu” kimi anlaşıla bilər, belə ki, insan cəmiyyətinin və onu əhatə edən mühitin yeni imkanlarını nə köhnənin davamı, nə də hazırda onunla eyni tarixi kompleksdə mövcud olanın eynisi hesab etmək olar. Onlar, daha çox, tarixi kompleksdən parçalanmanı – azad və asılı cəmiyyətlər arasında olan, Marksın sözlərinə əsasən, bütün ötən tarixi, insanlığın prikvelinə çevirən  keyfiyyət fərqlərinin mövcudluğunu – ehtimal edirlər.
Ancaq, mən hesab edirəm ki, Marksa inkişafın kompleksliyi haqda təsəvvür olduqca mane olurdu, hətta onun sosializm ideyası artıq, güman edildiyi kimi kapitalizmin birmənalı inkarı demək deyildi. Daha doğrusu, bu gün utopiyanın sonu, ən azından, sosializmin yeni şərhinin ümumi müzakirəsi mənasını daşıyır. Belə bir müzakirənin təməlində Marksın sosial qavramının əsas komponentlərinin istehsal qüvvələrinin köhnəlmiş inkişaf mərhələsinə aidiyyəti sualı dura bilərdi. Köhnəlik, mənim zənnimdə, azadlıq səltənətinin mövcudluğu və dərkinin yalnız ehtiyac şahlığı sərhədləri xaricində mümkün olması ilə, azadlıq və ehtiyac səltənətlərinin fərqində özünü göstərir. Oxşar bölgülər göstərir ki, ehtiyac səltənəti yabançı əmək mənasında həminki kimi qalır, deməli, Marks deyir, onda yalnız əməyin  ən rasional təşkili və maksimal ixtisarı mümkündür.


Ancaq, bu əmək hələ də ehtiyac şahlığına məxsusdur, demək, azad deyil. Hesab edirəm ki, azad və asılı cəmiyyətlərin keyfiyyət fərqləri ilə bağlı yeni imkanlar, azadlıq səltənətinin ehtiyac şahlığı daxilində – əməyin özündə, ondan kənarda yox –  peyda olmasıdır. Bu spekulyativ fikrə təhrikedici forma verməklə, mən deyərdim ki, utopiyadan elmə yox, elmdən utopiyaya yol açmaq imkanını qəbul etməyimiz mütləqdir.
Utopiya tarixi anlayışdır. Bu, mümkünsüz hesab olunan sosial dəyişikliklər layihəsinə aid edilir. Niyə mümkünsüz? Utopiya barədə ənənəvi təsəvvürə əsasən, yeni cəmiyyət layihəsinin həyata keçməsini qeyri-mümkün edən, çevrilməyə mane olan bu ictimai şəraitin – sosial vəziyyətin qeyri-kamilliyi adlanan – subyektiv və obyektiv faktorlarıdır.  Böyük Fransa inqilabından bu yana kommunist layihələr və, bəlkə də, sənayesi inkişaf etmiş kaptalist ölkələrində sosializm, onun mövcudluğunu mümkünsüz edən , həqiqi və ya xəyali subyektiv və obyektiv faktorların çatışmazlığının nümunəsi kimi çıxış edir.
Bununla belə, sosial çevrilmə layihəsi, fiziki, bioloji kimi müəyyən, qəbul edilmiş elmi qanunlarla; məsələn: xəyali qızıl əsrə qayıdış, qədim əbədi gənclik ideyası kimi layihələr, ziddiyyət təşkil etdiyi üçün qeyri-real hesab oluna bilər. Düşünürəm ki, biz utopiya haqda ancaq onun bu son mənasında, məhz sosial dəyişiklik layihəsinin həqiqi təbiət qanunları ilə təzad təşkil etməsi anında danışa bilərik. Yalnız tarixlə münasibətdə kənar belə bir layihə sözün əsl mənasında utopikdir, amma hətta  “psevdotarixilik” də tarixi sərhədlərə sahibdir.
Mümkünsüzlüyünə subyektiv və obyektiv faktorların yoxluğu səbəb olan digər qrup layihələr isə, ən yaxşı halda, “müvəqqəti” reallaşmamış adlana bilər. Karl Manxeym tərəfindən fərqləndirilən bu cür layihələrin qaneedici olmaması bu sadə səbəbdəndir ki, ilk növbədə, reallaşmama yalnız zaman keçdikcə aydınlaşır. Və sosial çevrilmə layihələri tarix boyunca reallaşmadığına görə, onun reallaşmamış adlandırılmasında heç bir qəribəlik yoxdur. Və ikinci olaraq, reallaşmama kriteriyası bir də ona görə qaneedici deyil ki, çox ola bilər ki, inqilabi layihənin reallaşması, inqilab zamanı dəf edilməli olunan və edilən əks güc və tendensiyalara müqavimət göstərmiş olsun. Ona görə də, müəyyən subyektiv və obyektiv faktorların yoxluğunu köklü dəyişikliyin reallaşmasına qarşı arqument kimi istifadə etmək şübhəlidir. Xüsusilə, – bizi burada bu sual maraqlandırır – , texnoloji cəhətdən inkişaf etmiş kapitalist ölkələrində inqilabi sinfin fərqləndirilməməsi marksizmin utopik olması faktını təsdiq etmir. Marksa görə, inqilabi sosial agentlər dəyişilmə prosesinin özündə formalaşırlar, və inqilabi gücün inqilab hərəkatının əvvəlində hazır şəkildə mövcud olmasına, belə demək mümkünsə, bel bağlamaq olmaz. Ancaq, zənnimcə, mümkün reallaşma üçün yalnız bir kriteriya –  məhz dəyişilmə üçün material və intellektual güclərin olması – vardır ki, onların rasional istifadəsinə məhsuldar qüvvələrin mövcud təşkilatı mane olur. Və bu mənada, hesab edirəm ki, bu gün biz, həqiqətən, utopiyanın sonundan bəhs edə bilərik.
Azad cəmiyyətin yaradılmasında istifadə oluna biləcək material və intellektual güclər var, lakin məqsədə çatma yolunda bunlardan yararlanmama, mövcud cəmiyyətin öz xilas potensialına qarşı total səfərbərliyi ilə izah olunur. Ancaq özlüyündə bu vəziyyət köklü dəyişilmə ideyasını heç də utopikləşdirmir.
Bu mənada yoxsulluq və kasıblığın aradan qaldırılması, yabançı əməyin və mənim adlandırdığım “izafi təzyiq”in ortadan qalxması ilə mümkündür. Hətta burjuaziya iqtisadi elmində elə bir ciddi alim və ya araşdırmaçı tapılmaz ki, texniki mənada aclıq və ehtiyacın artıq mövcud məhsuldar qüvvələrin var olması halında aradan qaldırılması və bu gün baş verənlərin repressiv cəmiyyətlərin qlobal siyasəti olmasını inkar etsin. Və bizim bunlarla razı olmağımıza baxmayaraq, yoxsulluğun aradan qaldırılmasının texniki imkanlarının mənası bizə hələ də tam olaraq aydın olmur. Nəzərdə tutulur ki, bu tarixi imkanlar, ötən tarixlə davamlılıq yox, bu tarixlə ixtilaf, onun müsbət davamı yox, onun inkarı, onun inkişafı yox, yayınması formasında başa düşülməlidirlər. Bunlar insan mövcudluğunun material bazis tərəfinin ölçülməsindən azad edilməsi, ehtiyacların dəyişilməsi anlamına gəlir.
Yeni insan nəzəriyyəsi zərbə altındadır, yalnız nəzəriyyə olaraq deyil, mövcudluq üsulu kimi, azad şəraitdə həyati ehtiyacların yaranması, inkişafı ideyası və azadlığın : yabançı əməyin çatışmazlığı və zəruriliyinə əsaslanmayan və bununla məhdudlaşmayan azadlığın həyati ehtiyaclarının ideyası. Keyfiyyət baxımından yeni insan ehtiyaclarının yaranması bioloji zərurilik formasında meydana çıxır. Bu ehtiyaclar sözün həqiqi mənasında bioloji ehtiyaclardır. İnkişaf etmiş kapitalist ölkələrin manipulyasiyaya məruz qalan kütlələrinin bir çoxu üçün azad şəraitdə ehtiyac həyati əhəmiyyət daşımır, lazımlı deyil və ya artıq lazımlı deyil.  Bu həyati ehtiyaclarla birgə yeni insan nəzəriyyəsi həm də,  hələ də qərb sivilizasiyalarının tarixini müəyyənləşdirən, miras qalmış xristian əxlaqını inkar edəcək yeni əxlaqın yaranmasını nəzərdə tutur. Məhz repressiv cəmiyyətlərdə fasiləsiz inkişaf edən və qane edən ehtiyaclar yenidən və yenidən fərdlərin özlərində belə cəmiyyət hasil edirlər. Fərdlər repressiv cəmiyyəti, hətta inqilab prosesində də saxlanılan ehtiyaclarında hasil edirlər və məhz bu sürəklilik azad cəmiyyətin kəmiyyətdən keyfiyyətə keçməsinə mane olur. Bu fikir göstərir ki, insan ehtiyacları tarixi xarakter daşıyır. Seksuallıq da daxil olmaqla bütün insan ehtiyacları heyvan dünyasından kənardadır.Onlar tarixlə müəyyən olunur və tarixin inkişafı ilə də dəyişir. Bu inkişaf, özünün potensial imkanlarını açmaq naminə yeni həyati ehtiyacların vacib olduğu bir səviyyəyə çatmışdır.
Kəmiyyətdən keyfiyyətə sıçrayışı mümkün edən məhsuldar qüvvələrin tendensiyaları nələrdir? Əvvəla, hökmranlığın mexanizasiyası hökmranlığı sarsıdır. İstehsal prosesində fiziki əməyin ardıcıl ixtisarı və bu əməyin əqli əməklə getdikcə daha çox əvəzlənməsi, mütəxxəssis, alim, mühəndis və s. kimi siniflərdə ictimai zəruri əməyə cəmləşməyə gətirib çıxarır. Bu yabançı əməkdən xilas olma deməkdir. Təbii ki, söhbət yalnız, kapitalist cəmiyyətinin inkişafı və mövcudluğa davamında yaranan tendensiyalardan gedir. Əgər kapitalizm bu məhsuldar qüvvələrin yeni imkanlarından yararlana bilməsə, onun əmək məhsuldarlığı mənfəət normasının tələb səviyyəsindən aşağı düşəcəkdir. Və əgər kapitalizm bu tələbləri nəzərdə tutub avtomatizasiyaya davam etsə, daxili bir sərhədlə qarşılaşacaq: cəmiyyətdə mübadiləni dəstəkləyən izafi dəyər mənbələri tükənmiş olacaq.
“1857-1859-cu illər İqtisadi Qeydlər”ində Marks, göstərdi ki, ictimai zəruri əməyin tam avtomatizasiyası kapitalizmin saxlanması ilə uyuşmur. Avtomatizasiya yalnız, zəruri fiziki, yabançı əməyin material istehsal prosesindən ayrılması tendensiyasının adıdır. Bu cür tendensiya, kapitalist istehsalın qandallarından qurtulmaq şərti ilə, istehsal gücləri ilə yaradıcı təcrübələrə səbəb ola bilərdi. Bu tendensiyanın yoxsulluğun aradan qaldırılması ilə kombinasiyası, insanın potensial imkanları və məzmun xarakterinə görə ictimai əməyin oyuna çevrilməsi demək olardı. Yaradıcı fantaziya, məhsuldar material qüvvələrin müvafiq inkişaf səviyyəsindən irəli gələrək azad insan mövcudluğunun imkanlarını sərbəst təsvir edən , konkret strukturlaşdırılmış məhsuldar güc olardı. Amma bu tip texniki imkanların sıxma-boğma aləti olmaması, özlərinin azadetmə funksiyalarını yerinə yetirə bilməsi üçün, onlar möhkəmlənməli, xilasolma və qaneetmə ehtiyaclarına yönəlməlidirlər.
Nə vaxt ki əməyin ləğvinə həyati ehtiyac yoxdur, nə vaxt ki, əksinə, əməyin saxlanmasına və genişlənməsinə ehtiyac var, hətta əmək özünün ictimai zərurliyini itirdikdə; o vaxt ki təmiz vicdanlı səadət, sevincə ehtiyac yoxdur, amma  mümkün olan hər şeydən mənfəət güdən inanılmaz cılız ehtiyac vardır; o zaman ki qeyd olunan həyati ehtiyaclar yoxdur və ya repressiv ehtiyaclar tərəfindən sıxma-boğmaya salınıb, onda yeni texniki imkanların, həqiqətdə, yeni hakim güc təzyiqinin imkanlarına çevrilməsini gözləmək olar.
Biz artlq bilirik ki, kibernetika və kompyuterlər insan mövcudluğunun hərtərəfli nəzarətə alınmasına yardımçı ola bilərlər. Mövcud ehtiyacların qəti inkarı olan yeni ehtiyaclar, əvvəla, mövcud hökmran sistemi dəstəkləyən və bu hökmran sistemin əsaslandığı dəyərlərin inkarı şəklində üzə çıxır. Məsələn; sağ qalmaq uğrunda mübarizənin inkarı (bu sonuncu, ümumi rəyə əsasən, zəruridir, sağqalma uğrunda mübarəzinin aradan qaldırılmasından danışan fikir və fantaziyalar insan mövcudluğunun təbii və ictimai şərtləri ilə ziddiyyət təşkil edirlər) ; pul qazanmaq ehtiyacının inkarı ; əməyin məhsuldarlığı prinsipinin inkarı ; rəqabətin inkarı ; dağıntı ilə ayrılmaz bağlarla bağlanan, viranedici və faciəvi istehsaldakı ehtiyacların inkarı ; instinklərin yatırılmasına riyakar ehtiyacın inkarı. Belə ehtiyaclar, əksəriyyətə məxsus olmayan ehtiyaclar, – hüzura ehtiyac, ya özünlə, ya da seçdiyin başqa biriylə təklikdə qalmaq ehtiyacı, gözəlliyə olan ehtiyac, “haqq edilməmiş” xoşbəxtliyə ehtiyac, və bunlar hamısı tək şəxsi formada deyil, məhsuldar qüvvələrin idarəsi və təlimatı yolu ilə aktivləşən sosial ehtiyac formasında  – dünyasında, həyatiliyi və biolojiliyi ilə fərqlənərdilər.
Cəmiyyətin səmərəli gücü olmaqla, bu yeni həyati ehtiyaclar, insan həyatının tam texniki yenidən təşkilini mümkün edərdi, və mən hesab edirəm ki, yeni insani münasibətlər, insanlar arasında yeni münasibətlər, ancaq bu təzə yenidən qurulmuş dünyada mövcud ola bilər. Texniki yenidən təşkil dedikdə, mən yenə də inkişaf etmiş kapitalist ölkələrindən danışıram, harda ki belə yenidənqurma, kapitalist sənayeləşmənin dəhşətlərindən, kommersiyallaşmadan xilas olmaq, təbiətin tam bərpası və şəhərlərin tam yenidənqurulması demək olardı.Ümid edirəm, kapitalist sənayeləşmənin dəhşətlərindən xilas olmaq dedikdə, texnologiyadan romantiksayağı imtina tərəfdarı kimi çıxış etmədiyim aydın olur. Əksinə, güman edirəm ki, texnologiya və sənayeləşmənin xeyrini realizə edən potensial, kapitalist sənayeşləməyə və kapitalist texnologiyaya son qoyulmayana kimi, real və nəzərəçarpan olmayacaqdır.
Mənim burada qeyd etdiyim azadlığın özəllikləri, sosializm barədə müasir mühakimələrdə yetəri qədər diqqət ayrılmayan özəlliklərdir. Hətta, sol təfəkküründə sosializmə çox vaxt, əməyin məhsuldarlığının artması, məhsuldar qüvvələrin inkişafı nöqteyi nəzərindən baxılırdı, hansı ki, nəinki bəraət qazandırmır,hətta, elmi sosializm ideyasının inkişaf etdirildiyi məhsuldarlıq səviyyəsində qaçılmaz hesab olunurdu. Bu gün biz – çəkinmədən, bəlkə, gülməli səslənsə belə – mövcud cəmiyyət, azad cəmiyyət və sosial cəmiyyət arasındakı keyfiyyət fərqlərini müzakirə və təsis etməliyik.  Və məhz burada, sosial cəmiyyətə aid keyfiyyət fərqini tam mənasında izah etməyə qadir məhfum axtardıqda, ən azından mənim ağlıma, öz-özlüyündə, mövcudluğun estetik-erotik tərəfi gəlir. Burada “estetik” anlayışı özünün ilkin mənasında, yəni həssaslıq və insan həyatının konkret dünyası forması mənasında qəbul olunur. “Estetikliy”in belə anlaşılmasında, sənət və texnologiyanın, oyun və işin yaxınlaşması planlaşdırılır. Təsadufi deyil ki, avanqard sol ziyalılarının çevrəsində Füre[1]nin işləri yenidən aktuallıq qazanır. Marksın və Engelsin etiraflarına görə, azad və asılı cəmiyyətlər arasındakı keyfiyyət fərqlərini aydın şəkildə fərqləndirməyə nail olan yeganə şəxs Füre olmuşdur. Və o, Marksdan fərqli olaraq, işin oyuna çevrilə biləcəyi, ictimai zəruri əməyin, insanların azad olunmuş əsl ehtiyacları ilə harmoniyada təşkil edilə biləcək cəmiyyətin var olması barədə sözlərindən imtina etməmişdir.
Son olaraq, daha bir qeyd etmək istəyirəm. Mən artıq işarə etmişdim ki, əgər Marksın qarşısında hələ də borclu qalan tənqidi nəzəriyyə, şeylərin mövcud vəziyyətinin yaxşılaşması ilə kifayətlənmirsə, özündə,- burada keyfiyyət fərqinin qalmaqallı faktının ən kobud şəkildə təyin olunduğu kimi-azadlığın məhdud imkanlarını ehtiva etməlidir. Marksizm risk edib, azadlığa, buna qədər başqa heç bir yerdə rast gəlinməyən, insanların qavraya biləcəyi və qəbul edə biləcəyi bir şərh verməlidir. Və elə buna görə də, utopik deyə təbir edilən imkanlar heç də utopik deyildir, lakin özlərində var olanın qətiyyətli şəkildə sosial-tarixi inkarını əks etdirirlər, hansılar ki, bizdən real və sadə müxaliflik tələb edirlər ki, həm özümüz, həm də başqaları bu utopik imkanların icrasına mane olan güclərinin fərqinə varaq. Bu cür müqavimət hər cür illüziyadan, eyni zamanda, hər cür təxribatçılıqdan yaxa qurtarmağı tələb edir, çünki özlüyündə təxribatçılıq, şeylərin mövcud vəziyyətinin qorunub saxlanılmasına azad imkanlar verir.
Mənbə : Herbert Marcuse, Five Lectures. Psychoanalysis, Politics and Utopia. Boston: Beacon Press, 1970, pp. 62-69.

[1] Fransua Mari Şarl Füre ( 1772-1837 ) Fransız filosof, sosioloq, utopik sosializmin nümayəndəsi, “feminizm” termininin müəllifi.

Mənbə: www.aitrus.info
Tərcümə: Turan Qasımov

Advertisements