dalton-trumbo

– Məni buraxın, – o, morze əlifbası ilə siqnal göndərdi. – Məni buradan buraxın! Sizə çox əziyyət vermərəm. Onsuz da mənim qayğıma qalmaq lazım deyil. Özüm yeyə bilirəm. İstənilən başqa bir adam kimi işləyə bilərəm. Əynimdəki gecə paltarını çıxarın. Şüşə qutu hazırlayın və məni içinə qoyub, insanların əylənmək və ya müxtəlif dəhşətlərə baxıb, həyacanlanmaq üçün getdikləri yerlərə aparın. Məni həmin şüşə qutuda çimərliklərdə, kənd yarmarkalarında gəzdirin, kilsə bazarlarında, sirklərdə, karnavallarda nümayiş etdirin.

Məndən əla biznes qura bilərsiniz. Bütün əməyinizin qarşılığını ödəyəcəm. Hələ gör insanlar üçün necə əyləncə olacam! İnsanlar yarımkişi və ya yarımqadın, saqqallı qadın, ilan adam və ya liliputlar haqqında çox şey eşidiblər. Onlar supərisi, Borneodan olan yabanılar, ona atılan balığı dişləri ilə havada yaxalayan Konqolu gənc qadını görüblər. Onlar ayaq barmaqlarına ilişdirdiyi sadə qələmlə rəsm çəkən, əlləri üstə yeriyən adamları, siam əkizlərini, spirtli bankada saxlanılan doğulmadan ölmüş körpələri izləyiblər.

Amma mənim kimisini hələ görməyiblər. Belə bir şeyi izləmək üçün onca sent tələb etmək nədir ki? Bu dünyada görülməmiş sensasiyalı tamaşa olacaq. Məni kim maliyyələşdirsə, “Barnum” sirki qədər məşhurlaşacaq, bütün qəzetlər onun ünvanına tərifli məqalələr çap edəcəklər. Çünki mənim haqqımda həqiqətən hər kəs danışacaq. Çünki mən gəlirli sahəyəm, buna zəmanət də verilib. Mən “hələ də yaşayan ölmüş adam”am.

Lakin əgər insanları maraqlandırmasam, atraksionumu izləməyə gəlməsələr, yenə də problem deyil. Mən daha böyük bir şey ola bilərəm. Mən bütün dünyaya demokratiya gətirən ilk insan ola bilərəm. Kişilər bununla maraqlanmasalar onları heç kişi adlandırmağa dəyməz, and içirəm! Qoy onda hamısı orduya getsinlər və həmişə deyildiyi kimi ordu onlardan “əsl kişi” düzəltsin.

Məni kənd yolları ilə daşıyın. Hər bir fermerin evinin qarşısında saxlayın. Təbilləri döyəcləyin, fermerləri, onların arvadlarını, uşaqlarını toplayın. Qoy hamısı məni görsünlər. Və fermerlərə deyin: “beləsini siz hələ görməmisiniz. Burada heç nəyi qazmaq olmaz, burada heç nə bitməz, çiçək açmaz. Torpağınızı gübrələdəyiniz peyin kifayət qədər iyrəncdir. Lakin indi sizin qarşınızdakı mənzərə peyindən də pisdir. Çünki o nə ölə, nə çürüyə nə də alaq otları bitirə bilir. Bu elə dəhşətli mənzərədir ki, eşşək, inək, donuz və ya qoyun beləsini doğsaydı, onu öldürərdiniz. Lakin bu insandır. Onu öldürmək olmaz, çünki beyni var. O, dayanmadan düşünə bilir. İstər inanın, istər yox, lakin o həqiqətən düşünür, təbiətin qanunlarına qarşı olaraq yaşaya bilir. Əslində təbiət onu belə yaratmamamışdı, ancaq siz başa düşürsüz yəqin. Sadəcə vəziyyət belə gətirdi. Bu medallara baxın bir… onlar həqiqidirlər. Bəlkə də təmiz qızıldan hazırlanıblar. Qutunun qapağını qaldırın, burnunuza şöhrətin  qoxusu dəysin!”

Məni insanların işləyib, müxtəlif şeylər hazırladıqları yerlərə aparın. Məni onlara göstərin və deyin: “budur, şöhrəti əldə etməyin ən sadə və ən ucuz yolu!”

Bəlkə də vəziyyət pisdir və əmək haqqlarınız aşağı düşüb? Eybi yoxdur, uşaqlar, narahat olmayın, bunu həmişə düzəltmək olar.

Sadəcə müharibəyə başlayın, – o dəqiqə qiymətlər qalxacaq, əmək haqqları artacaq və hamı çoxlu pul qazanacaq. Hər nə isə, uşaqlar, ümidinizi itirməyin, tezliklə onsuz da müharibə olacaq. O gələcək və xoşbəxtlik sizə güləcək. İstənilən halda qazanclı çıxacaqsınız. Sizi döyüşməyə məcbur etmirlərsə, lap gözəl, – evdə oturub, növbəni dəyişmək üçün on beş qəpiyinizi alın. Əgər müharibəyə çağırsalar ondan da yaxşı, – bəlkə o zaman bir çox arzu və tələblərdən xilas olaraq geri qayıdacaqsınız. Bəlkə də sizə iki ayaqqabı əvəzinə biri lazım olacaq. Bu isə artıq qənaət deməkdir! Bəlkə də kor olacaqsınız, onda eynək üçün pul xərcləməyə ehtiyac qalmayacaq. Hələ bəlkə sizin də bəxtiniz mənimki kimi gətirdi. Hələ bir mənə baxın, uşaqlar. Axı mənə doğrudan da heç nə lazım deyil. Gündə üç dəfə bir az çörək və ya yüngül sup, vəssalam. Mənim nə ayaqqabıya, nə alt paltarına, nə köynəyə, nə əlcəyə, nə papağa, nə qalstuka, nə düyməyə, nə jiletə, nə paltoya, nə kinoya, nə bara, nə futbola ehtiyacım yoxdur. Heç üzümü qırxmalı da olmuram. Mənə baxın uşaqlar, pul xərcləməyə ehtiyacım yoxdur. Siz isə axmaqsınız. İnanın mənə, nə danışdığımı çox gözəl bilirəm. Bir vaxtlar mənə də sizin kimi çox şey lazım olurdu. Bir vaxtlar necə deyərlər, mən də istehlakçı idim. Ona görə də, uşaqlar, darıxmayın, bir az gözləyin. Müharibə başlayacaq və bəlkə mənim kimi sizin də bəxtiniz gətirəcək.

Məni məktəblərdə, dünyadakı bütün məktəblərdə nümayiş etdirin. Uşaqlara mənə yaxınlaşmağa icazə verin. Axı burada pis nə var? Əvvəlcə yəqin ki, onlar qorxacaqlar və gecə dəhşətli yuxular görəcəklər. Amma sonra öyrəşəcəklər. Çünki öyrəşməlidirlər. Ən yaxşısı uşaqlara hər şeyi uşaqlıqdan öyrətməkdir. Onları olduğum qutunun ətrafına düzün və deyin: “uşaqlar, yaxınlaşın və atanıza yaxşı-yaxşı baxın. Yaxınlaşın və ona özünüz nəzər salın. Tezliklə böyüyəcəksiniz, ancaq böyük və güclü qadın və kişi olmaq yerinə, hamınız elə bunun kimi olacaqsınız. Sizə vətən uğrunda ölmək şansı veriləcək. Ya da bəlkə ölməyəcəksiniz. Evinizə elə bu məxluq kimi qayıdacaqsınız. Çünki əziz uşaqlar, müharibədə heç də hamı ölmür. Yaxınlaşın, xahiş edirik. Hey, sən! Niyə lövhəyə elə sıxılmısan? Nə olub, sənə? Niyə ağlayırsan, balaca, axmaq qızcığaz? Yaxın gəl və bu mehriban dayıya bax. Bir vaxtlar o gənc əsgər idi. Məgər sən onu xatırlamırsan? Balaca burnufırtıqlı, məgər xatırlamırsan ki, bayraq dalğalandırıb, şokoladın zərli kağızını toplayıb, əvəzində kupon alırdın? Sən əlbəttə ki, hər şeyi çox gözəl xatırlayırsan, axmaq. Hə, bax, qarşında həmin əsgərdir. Uğrunda kupon topladığın əsgər. Yaxınlaşın uşaqlar, yaxşı-yaxşı baxın. Sonra isə hamımız xorla yeni xəstəxana nəğməsini oxuyarıq:

Balaca cırtdan çox şən idi.

Heç vaxt kədərlənməzdi.

Birdən zəhərli qaz qalxdı,

Hər iki gözünü yandırdı.

Məlikməmməd oxuyub, oynayar

Düşünərdi həyat xoşdur.

Ancaq başına iş gəldi,

Ayaqları parçalandı.

Düyməciz qız oynayırdı

Bomba altına düşdü

Bomba partladı və onu

İki yerə parçaladı.

Lay-lay dedim yatasan

Bomba sığınacağında

Dərin yuxuya gedəsən.

Şirin yuxu görəsən.

Amin.”

Məni kollec və universitetlərdə, akademiya və monastrlarda gəzdirin. Gözəl, sağlam qızları çağırın. Barmaqla məni onlara göstərib, deyin: “budur, qızlar, bu da sizin atanız. Dünən gecə bu oğlan güclü idi. Budur, sizin balaca oğlunuz, körpəniz, sevginizin törəməsi, gələcəyə ümidiniz. Bir buna baxın, qızlar, onu unutmayın. Bu dərin, qırmızı yaraya baxın, – baxın ,qızlar, bu yerdə onun üzü var idi. Ona toxuna bilərsiniz, qızlar, heç nədən qorxmayın. Üzərinə əyilib, bu məxluqu öpün. Düzdür, sonra dodaqlarınızı silməli olacaqsınız, amma eybi yoxdur, – sevgili sevgilidir. Bu oğlan isə başqa bir adam deyil, elə sizin sevgilinizdir.”

Bütün gəncləri çağırın və onlara bildirdin, – “budur, sizin qardaşınız, ən yaxşı dostunuz və elə özünüz, gənclər. Bu çox maraqlı hadisədir, gənclər, çünki bildiyiniz kimi bu məxluqun daxilində beyin var. Əslində bu keçən il laboratoriyada izlədiyimiz canlı əzələ parçası kimi bir şeydir. Amma lap dəqiq desək, qarşınızda bir tikə ət yoxdur. Onda həm də beyin var. İndi isə məni diqqətlə dinləyin, gənc centilmenlər. Bu beyin düşünür. Bəlkə də musiqi haqqında fikirləşir. Ola bilər hansısa dahi simfoniya bəstələyib və ya bütün dünyanı dəyişə biləcək riyazi formul kəşf edib. Ya da insanları daha mehriban edə biləcək kitab yazıb və ya onları xərçəng xəstəliyindən xilas etməyin yolunu tapıb. Bu çox maraqlı problemdir, centilmentlər. Çünki bu beyində xeyli sirr gizlidir. Bəs biz onları necə öyrənək? Hər nə isə, gənclər, o nəfəs alır və düşünür. Düzdür bəzən adama elə gəlir ki, xlorlu suda şişmiş sinəsinə görə nəfəs almış kimi görünən ölü qurbağadır.

O, lal və köməksizdir, ancaq canlıdır. Bu sizin gələcəyinizdir, sizin işıqlı və yaramaz arzularınızın həyata keçməsidir. Sizin liderləriniz bax buna çalışırlar. Bu haqqda yaxşı-yaxşı fikirləşin, gənclər. Sonra da birlikdə Romanı süquta yetirən barbarların tarixini öyrənərik”.

Məni şəhərə, parlamentlərin, reyxstaqların, konqresslərin, nümayəndələr palatasının olduğu yerə aparın. Orada oturanlar şərəf və ədalət, bütün dünyada demokratiya, xalqların müqəddəratlarını özlərinin həll etməli olduqlarını danışdıqları vaxt məni görsünlər istəyirəm. Onlara xatırladacam ki, dilim yoxdur, yanağımın altına dilimi fırlada bilmirəm, çünki heç yanağım da yoxdur. Amma dövlət xadimlərinin dilləri var. Onlar özlərinə çox əmindirlər. Şüşə qutunu spikerin kürsüsünə elə qoyun ki, hər dəfə çəkici vuranda şüşə cingildəsin. Qoy sonra deputatlar ticarət siyasəti, embarqo, yeni müstəmləkələr, köhnə problemləri müzakirə etsinlər. Qoy sarı irq tərəfdən olan təhlükə, ağ insanın ağır məsuliyyət hissi haqqında danışsınlar. Müzakirə etsinlər ki, niyə Almaniyadan və ya gələcəkdə Almaniya ola biləcək başqa bir ölkədən pul alınmalıdır. Qoy cənubi Amerika bazarından, bizi oradan çıxarmaq istəyənlərdən, ticarətin zəifliyindən danışsınlar. Qoy kiməsə sərt və ya yaxşı nota göndərsinlər. Qoy silah-sürsatların, təyyarələrin, döyüş gəmilərinin, tankların, zəhərli qazların istehsalında inkişafı müzakirə etsinlər. Çünki bütün bunlar çox lazımlıdır. Onlarsız keçinmək olmaz. Yoxsa dünyanı necə müdafiə edərik? Yalın əllə mümkün deyil ki… Qoy dövlətlər bloklarda, birliklərdə birləşsinlər, qarşılıqlı yardım paktları imzalayıb, kiminsə neytrallığına zəmanət versinlər. Qoy notalar, ultimatumlar yazıb, etiraz aksiyaları planlaşdırsınlar.

Ancaq səs vermə olmamışdan qabaq, hər kəsə qarşılıqlı qırğın barədə əmr verməmişdən qabaq ən vacib adam çəkiclə yüngülcə içində olduğum qutuya vursun. Elə həmin vaxt da məni deputatlara göstərib, deyin, – baxın, centilmenlər, hazırda qarşımızda duran əsas məsələ budur: siz bunun lehinə ya əleyhinəsiniz?” Deputatlar əleyhimə olsalar, kişi kimi ayağa qalxıb, səs versinlər. Lehimə olsalar, qoy onları assınlar, dörd yerə parçalasınlar, suda batırsınlar, xırda hissələrə bölüb, parçalarını küçələrə səpələsinlər. Elə ki, qoy heç bir heyvan onlara toxuna bilməsin.

Məni müharibələr dağıtdığı üçün az qala hər əlli ildən bir yenidən bərpa etdiyiniz kilsə və məscidlərdə gəzdirin. Məni şüşə qutumda dəfələrlə kralların, keşişlərin, gəlinlərin yaxınlaşıb, ölmək xoşbəxtliyi nəsib olmuş şəxsin belində daşıdığı xaçın bir hissəsini öpdükləri məbədə yaxınlaşdırın. Məni məbədin üstünə qoyub, Allaha müraciət edin. Qoy o, qətllərə meylli qullarına tamaşa etsin. Ətrafımda buxurdan yandırın, onsuz da iyini hiss etmirəm. Üzərimə müqəddəs şərab damcıladın, onsuz da dadını hiss etmirəm. Yanımda dualar oxuyun, onsuz da onları eşitməyəcəm. Qədim ayinləri yerinə yetirin. Onsuz da iştirak etmək üçün nə əllərim, nə də ayaqlarım var. Sonra isə xorla haleluya oxuyun. Onsuz da oxuya bilmirəm. Ucadan, səsli oxuyun. Mənim üçün oxuyun. Çünki siz axmaqsınız. Mən həqiqəti bilirəm, siz isə yox. Siz hamınız axmaqsınız. Axmaqlar, axmaqlar, axmaqlar…

……

O, özündə gələcəyi tərənnüm edirdi. O, gələcəyin dəqiq siması idi. Elə buna görə də onlar qorxurdular. Çünki heç bir canlının gələcəyin necə olduğunu bilməsini istəmirdilər. Onlar artıq irəli baxmışdılar, yaxınlaşmaqda olan hadisələri hiss etmişdilər və dumanlı da olsa yeni müharibənin başlayacağını görmüşdülər. Bu müharibənin aparılması üçünsə onlara insanlar lazım idi. Həmin adamlar onları nə gözlədiyini bilsəydilər, döyüşməzdilər. Elə buna görə də, onlar gələcəyi gizlədirdilər. Elə buna görə də onu “tamamilə məxfi” adı altında gizlədirdilər. Onlar başa düşürdülər, – əgər bütün kiçik adamlar, balaca uşaqlar gələcəyi görsələr, çoxlu suallar verməyə başlayacaqlar.

Onlar suallar verib, sonra cavablar tapacaqlar. Onları müharibəyə, döyüşməyə yollayanlara isə deyəcəklər:

– Hey siz, axmaqlar, əclaflar, biz döyüşmək istəmirik. Biz ölü olmaq istəmirik. Biz yaşamaq istəyirik. Biz bu dünyayıq, biz gələcəyik. Siz nə desəniz də, necə çıxışlar etsəniz də, hansı şüarları söyləsəniz də, sizə bizi ət kimi xərcləməyə icazə vermərik. Yaxşı-yaxşı yadınızda saxlayın, – bütün dünya bizdən ibarətdir, yalnız və yalnız bizdən. Bizsiz dünya mövcud olmazdı. Biz çörək bişirir, paltar, silah hazırlayırıq. Bizsiz siz lüt soxulcan qədər ac olardınız. Biz isə ölməyəcəyik. Biz ölümsüzük, biz hər cür həyatın mənbəyiyik. Biz bu dünyanın ən çirkin, ən alçaldılan adamlarıyıq. Amma həm də biz ən gözəl insanlarıq. Biz bu dünyadan bezmişik, çox üzülmüşük. Bu dünya ilə həmişəlik qurtarırıq. Çünki biz yaşayırıq və ölmək fikrimiz yoxdur.

Yeni müharibəyə başlamaq istəyirsinizsə, yenə də dəfələrlə güllə, top, mərmi atmaq, insanları öldürmək istəyirsinizsə, bilin ki, biz bunu etməyəcəyik. Biz həmin adamlar olmayacağıq, eşitdiniz?!

Biz buğdadan çörək düzəldən, paltar, kağız, ev, dam örtüyü hazırlayan, elektrostansiyalar tikən, neft çıxaran  burğuları inşa edib, sonra nefti benzinə, kerosinə, salyarkaya çevirən, lampalar, tikiş maşınları, ekskavatorlar, avtomobillər, təyyarələr, tanklar, silahlar kəşf edən adamlarıq. Yox, biz ölə bilərik! Məhz siz öləcəksiniz! Siz, – bizi döyüşə yollayan, bir-birimizin üstünə salan, bir pinəçinin digər pinəçini, bir fəhlənin digər fəhləni, sadəcə yaşamaq istəyən bir adamın digər adamı öldürməsini istəyən siz öləcəksiniz. Bunu qulağınızda sırğa edin! Yeni müharibəyə hazırlaşanlar, bunu xatırlayın! Siz, patriotlar, nifrət dağarcıqları, yeni-yeni guppultulu ifadələr kəşf edənlər, bunu yadınızda saxlayın!

Biz sülh və əməyi sevən insanlarıq. Biz müharibəni arzu etmirik. Siz bizim dünyanı dağıtsanız, bizi işdən məhrum etsəniz, bizi bir-birimizin üstünə hücuma göndərsəniz, biz də nə edəcəyimizi çox gözəl bilirik. Siz bizə desəniz ki, dünyadakı bütün insanlar üçün demokratiyanı bərqərar etmək lazımdır, biz bu sözləri ciddi qəbul edib, and içəcəyik və buna da nail olacağıq. Biz məcbur əlimizə verdiyiniz tüfənglərdən istifadə edəcəyik. Biz onlardan öz həyatımızı xilas etmək üçün istifadə edəcəyik. Onsuz da mövcudluğumuz üçün təhlükə heç də səngərin o tayında deyil. O heç neytral xətdə də yerləşmir. O təhlükə buradadır, sərhədlərimiz daxilində. Biz onu öz gözlərimizlə görmüşük və çox yaxşı tanıyırıq.

Əlimizə tüfəng verin, biz onlardan güllə ataq. Bizə şüarlar verin, biz onları həyata keçirək. Döyüş himnləri bəstələyin, biz onları öyrənək, siz susan kimi oxuyaq. Biz tək deyilik, onlarla deyilik, on minlərlə, milyonlarla, on milyonlarla, heç yüz milyonlarla da deyilik. Biz milyardıq. Düz iki milyard. Bax bizim dünyadakı sayımız budur. Bizim şüarlarımız, himnlərimiz və tüfənglərimiz olacaq və biz onları işə salacağıq. Biz yaşayacağıq. Səhv eşitmədiniz, bəli, biz yaşayacağıq. Biz yaşamaq, yerimək, danışmaq, yemək, içmək, gülmək, hiss etmək, sevmək, sakit və təhlükəsizlikdə uşaqlarımızı böyütmək istəyirik ki, onlar da şərəfli və sülhsevər insanlara çevrilsinlər. Bəs siz? Siz isə sahiblər, rəhbərlər, davam edin! Yeni ölüm silahları hazırlayın və bizi silahlandırın! Biz həmin silahları elə özünüzə qarşı çevirəcəyik!

Tərcümə: Gülər Qasımova
Mənbə: “Conni silahı götürdü” romanı

 

Advertisements