kierkegaard1Hər filosof ancaq yaşadığı zamanın ruhuna görə qiymətləndirildiyində dərk olunaa bilər, ona görə Kierkegaardın fəlsəfəsini və onunla əlaqəli olaraq insan anlayışını anlaya bilmək üçün özündən əvvəl gələn və özündən təsirlənən fəlsəfi axınlarla əlaqəsini, bir başqa deyimlə, Kierkegaardın fəlsəfə tarixindəki yerini yaxşı müəyyən etmək lazımdır. Hər nə qədər bir filosofun fəlsəfi fikirlərini şəxsi həyatıyla qarışdırmamaq əhəmiyyətlidirsə də bəzi filosofların fəlsəfi fikirlərini həyatlarındakı hadisələrdən və həyat tərzlərindən ayıraraq anlamaq mümkün deyil. Kierkegaardın həyatı və fəlsəfəsi  o qədər möhkəm bir şəkildə bir-birinə bağlıdır ki həyatında əhəmiyyətli rol oynayan şəxslərlə əlaqələrini göz önünə almadan və təhlil etmədən onun fəlsəfəsini anlamaq mümkün deyil. Kierkegaardın həyatı qarşıdurmalar yoluyla inkişaf edən bir həyat kimi düşünülə bilər. Kierkegaardın özü ilə yaşadığı qarşıdurma bütün uşaqlığına təsir etmişdir. Onun uşaqlığını atasından aldığı qatı xristianlıq təhsili müəyyən etmişdir- bir tərəfdən son dərəcə inkişaf etmiş bir təxəyyül və dialektikayla fikir yürütməyə sahibkən , o digər tərəfdən xristianlığın təsiriylə melanxolik bir şəxsiyyət inkişaf etdirmişdir. Uşaqlığı çox xoşbəxt olmayan Kierkegaardın yetkinliyi də melanxolik ruh halı içində keçmişdir. Atasının inancı haqqında getdikcə artan şübhələr yaşayan Kierkegaard  Tanrı ilə bağlı düşüncələrini həll etdiyində dini yetkinliyə çatır. Sonunda Tanrının bütün günahlarını bağışladığını qəbul edir.

Kierkegaard, istər idealist, istər müasir olsun, bilginin tamamilə obyektiv, duyğudan təmizlənmiş, subyektiv olmayan bir anlayış olduğunu müdafiə edən  baxış istiqamətlərinə qarşı, fərdin nə qədər obyektiv olduğunu iddia edirsə etsin hər zaman  subyektiv tərəfiylə bütün bir fərd olduğunu və bir fərd olaraq düşüncələrini varoluşla əlaqələndirmə vəzifəsinə sahib olduğu fikrini müdafiə edirdi. Kierkegaard müasir çağdakı əxlaqi görüşlərin təməlini təşkil edən, insanı özünəməxsus dünyagörüşündən ayırmaq vasitəsilə izah edən insan anlayışına qarşı çıxır. Belə ki, Kierkegaard belə deyir:

… əhəmiyyətli olan mənim üçün bir həqiqət tapmaq, uğrunda yaşaya biləcəyim və ölə biləcəyim bir fikir tapmaqdır. Obyektiv həqiqət deyilən şeyi kəşf etmək, fəlsəfənin bütün sistemlərini işlətmək və lazım olsa hamısını araşdırmaq və hər bir sistemin içindəki əsassızlıqları göstərmək mənə faydalı deyil; amma o mənim həyatımla bağlıdır və mən bunu indi ən əhəmiyyətli şey olaraq görürəm

Kierkegaarda görə,fəaliyyət  üçün, uğrunda “yaşanacaq və öləcək” bir şey üçün, lazım olan ağıl və obyektivlik deyil, əksinə tutqu və subyektlikdir.

Kierkegaarda görə, fəlsəfə bizə necə yaşamamız lazım olduğunu söyləməlidir.

Dekartla başlayan müasir fəlsəfə həyatı izah edərkən elmi  baxış istiqamətindən  təsirlənmişdir. Dekartdan Kanta qədərki fəlsəfənin ana problemi epistemoloji izah olmuşdur: Bizim qəbul etdiyimizin xaricində bir dünyanın “orada olduğundan” (xarici bir dünyanın varlığından) necə əmin ola bilərik? Elə bir dünyanın var olduğunu fərz etsək, bu dünya tam olaraq nəyə bənzəyir? Bu səbəbdən fəlsəfi maraq xarici dünyaya və onun dərk olunmasına fokuslanmışdır.

Kierkegaard üçün hər şeydən əvvəl deyilə biləcək şey onun fərdiyyətçi olduğudur. Kierkegaard üçün tək məna daşıyan varlıq “var olan fərd”dir və o bütün yazılarında var olan fərdin mənalı və istəklərinin qarşılandığı bir həyat sürməsinə yardımçı olmağa çalışır. Kierkegaard bir fərdin necə bir həyat sürməsi lazım olduğu sualının kollektiv, ictimai  həyata söykənən həlli təklifini rədd edər. Hər bir fərd öz həyat yolunu öz seçməli və izləməlidir. Kierkegaardın fərdçiliyi dəyəri fərdə görə təyin etməsində özünü ifadə edir. Öz sözləriylə -»Subyektivlik həqiqətdir,. Həyatımızı necə yaşayacağımızı istiqamətləndirəcək mütləq doğrular, mütləq dəyərlər yoxdur. Əksinə hər fərd nəyin uğrunda yaşamağa və ölməyə dəyər olduğuna özü qərar verməlidir.» “Subyektivlik həqiqətdir” ifadəsi çoxumuza qəribə, hətta paradoksal gələ bilər.

Kierkegaard buna cavab olaraq elmin bizi demoralizasiya etdiyini söyləyir. Elm dünya haqqında fərdi duyğuları və fikirləri aşan obyektiv faktlar kəşf etmək məqsədindədir. Kierkegaarda görə, elmin problemi dəyərinin məhdud olmasıdır; elm nə qədər müvəffəqiyyətli olursa olsun, heç bir zaman həyatımızı necə yaşamamız lazım olduğu mövzusunda bir şey söyləyə bilməz; amma yenə də İntibahdan bəri onun əhəmiyyəti getdikcə artmışdır. Kierkegaard nəyə inanıldığının vurğulanmasının səhv olduğunu müdafiə edir çünki, mütəfəkkirlərin qəbul etdiyi kimi inanılan şeyin qətiliyindən əmin olmaq  qeyri-mümkündür və daha da əhəmiyyətlisi bu bizə yaşamaq üçün bir səbəb verə bilməz. Yalnız müəyyən bir fərd bunu təmin edə bilər. Bu səbəbdən Kierkegaard vurğunu inanılan şeyin özündən fərdin inanılan şeylə əlaqəsinə (öz deyimiylə desək necə inanıldığına) gətirir. Mən bir şeyə bütün varlığımla bağlansam, əgər bütün həyatımı onun uğruna verə biləcəyəmsə, o zaman o mənim üçün doğrudur. Nəyin doğru olduğu o qədər əhəmiyyətli deyil. Ona görə bir çox insan nəyə inanacağını seçmə məsuliyyətindən qaçmaq üçün bir yol tapmağa çalışır. Bunun hansı dövrdə olursa olsun insanların ümumi meyli olduğunu görməkdəyik. Halbuki, həqiqətin subyektiv olduğunu qəbul etməli və bir qərar verməli, bir şeyə bağlanmalıyıq və bunu nə qədər erkən etsək o qədər yaxşı olar. Kierkegaarda görə, “insana bəxş edilmiş ən möhtəşəm şey seçimdir, azadlıqdır 

Hamımız özümüzü müxtəlif fəaliyyətləri  seçməyə yönəlik  olduğumuz vəziyyətlərdə

tapmışıq. Bu axşam yazılı kağızlarını oxuya bilərəm, televiziyada bir film seyr edə bilərəm və ya yeni aldığım bir romanı oxuya bilərəm. Bir-biriylə zidd düşən arzuların hər birinin məni fərqli istiqamətlərə çəkməsiylə üzərimdə qərar vermənin ağırlığını hiss edirəm.  Kierkegaard “o an üçün seçmə”ni adamın bütün həyatı üçün seçim etdiyi “mütləq seçim” ilə müqayisə edir. Biz insanlar digər varlıqlardan fərqli olaraq nə olacağımızı seçməkdə azadıq. Biz, həyatımıza necə məna qatacağımızı da ehtiva etmək üzrə öz dəyərlərimizi seçə bilərik. Bu həm çox həyəcan verici, həm də eyni zamanda qorxuducudur da. Biz nə olacağımızdan məsuluq və daha əvvəl gördüyümüz kimi, Kierkegaarda görə, qərar vermək üçün obyektiv bir meyardan məhrumuq. Fərd, seçmə müddəti içində bir fərd olaraq formalaşarkən öz yolunu seçmək məcburiyyətindədir. İnsanlar, həyatlarını necə haqlı edəcəkləriylə bağlı əhəmiyyətli qərarı verməkdən qaçaraq bu qayğı duyğusundan qaçmağa çalışırlar Onlar yalnız gündəlik qərarlar verərək və hər hansı bir şeyə uzun davamlı bağlanmaqdan qaçaraq yalnız anı yaşamağa çalışa bilərlər. Amma ən kiçik qərarlarımız belə bütün bir həyat yoluna bağlı təməl bir qərarı əks etdirirlər.

Kierkegaarda görə “sən həqiqətən də bir heçsən; sən başqaları üçün yalnız bir əlaqəsən” .

Fərdi varolma sahəsinə keçid ancaq adamın özünün fərd olaraq varoluşunun fərqinə varmasıyla mümkün olur. Kierkegaard yalnız bir qisim insanın  özün fərqinə varma mərhələsinə çata bildiyini düşünür. Bu cür həyat forması ruhən  təyin olunmuşdur və bu xüsusiyyət özlük şüuru və onun ifadə edilmə tərzi baxımından fərqlilik göstərən üç mərhələdə ortaya çıxır. Bunlar Kierkegaardın deyimiylə “yaranma sahələri”dir. Kierkegaard bu üç yaranma sahəsini adamın həyat yolundakı estetik, əxlaqi və dini varolma mərhələləri olaraq xarakterizə edir. Bu üç yaranma sahəsi ən altda estetik sahə və ən üstdə dini sahə olmaq üzrə iyerarxik bir quruluş göstərir və var olan insanın öz həyat yolunda keçid vəziyyətində olduğu bu mərhələlər arasında zəruri bir keçid olmadığı kimi bir üst mərhələyə keçiddə altdakı mərhələnin bir təsiri yoxdur. Bir mərhələdən digərinə keçid “sıçrayışla olur: …

özdən varoluşa keçid bir sıçrayışdır”

Kierkegaard, bu üç yaranma sahəsinin eyni zamanda üç həyat formasını göstərdiyini də söylədiyindən, bu sahələrin hər birinin özünə xas quruluşunu öz həyatlarında daşıyan üç tip insanı bir-birindən ayırmışdır. Ona görə, estetik mərhələnin xüsusiyyətlərini özündə daşıyan estetik insanlar (estetler), əxlaqi mərhələnin xüsusiyyətlərini özündə daşıyan əxlaqi insanlar ya da tragik qəhrəmanlar və dini mərhələnin xüsusiyyətlərini özündə daşıyan iman cəngavərləri var. Kierkegaard öz kitablarında bu üç tip insanı, ən diqqətə çarpan özəlliklərinə görə ortaya qoymuşdur. Estetik insanı göstərmək üçün istifadə etdiyi nümunələr, Don Juan, başdan çıxarıcı Johannes, Faust kimi ədəbi tiplərdir. Əxlaqi insan tipi üçün Agamemnonu və Sokratı nümunə göstərmişdir. Dini insan üçün isə verdiyi nümunə İbrahimdir. Bu tiplər onun həm yaranması reallaşdırma düşüncəsi üçün həm də insan fikiri üçün açar tiplərdir. Bu səbəblə, Kierkegaardın insan fikirində ortaya qoyulan üç tip insan arasındakı fərqləri, bu nümunələrə söykənərək açıqlamaq uyğun olar.

Kierkegaarda görə, bu sahələr bir-birlərini qarşılıqlı olaraq xaric edirlər və hamısı birlikdə başqa ehtimallara yer vermirlər, yəni insanlar üçün bu üç müxtəlif yaranmanın xaricində başqa bir həyat forması yoxdur. Kierkegaard üçün, hər nə qədər bir zaman üçün bu sahələrdən ikisinə və ya hətta üçünə söykənərək həyatını davam etdirmək mümkün də olsa, sonda insanın bu sahələrdən birini seçmək məcburiyyətində qalacağı bir zaman gələcəkdir; məhz bu mənada bu üç sahə qarşılıqlı olaraq bir-birini xaric edir. İnsanıın özünü bu sahələrdən birinə həsr etməyə məcbur edəcək böhran vəziyyətləri ortaya çıxacaq. Kierkegaard buna görə, bir böhran vəziyyəti ortaya çıxmadan əvvəl xəyali olaraq da olsa fərdin bu yaranma sahələrindən hansının özü üçün doğru olduğunu yoxlamasının lazım olduğunu tövsiyə edir.

Kierkegaard bu üç yaranma sahəsinin hər birinin insan həyatını istiqamətləndirmədə təsirli qanunlar olduğunu qəbul etməklə birlikdə öz fərdi seçimi dini həyat forması olduğu üçün dini yaranma sahəsinə digərlərindən daha çox əhəmiyyət vermişdir.

İnsanının həyatını istiqamətləndirəcək bir qayda  üçün ilk ehtimal və ya yaranması real ilk mərhələ estetik sahə və ya estetik həyat formasıdır. Fərdiliyin özünü göstərdiyi ilk forma olan bu həyat sahəsi  ictimai olmayan amoralizm mərhələsidir. Bu mərhələdə fərd ictimai rolları və öhdəlikləri özünə tamamilə uzaq görür. Artıq içində olduğu cəmiyyətin nəyin yaxşı nəyin pis olduğuna bağlı mühakimələri onu maraqlandırmır. O yalnız nəyin onun üçün həzz verici olduğu və ya olmadığı ilə maraqlanır. Bu sahə geniş mənada “öz üçün həyat” və ya “bilavasitə həyat” sahəsidir. Kierkegaard bu sahənin bir neçə fərqli həyat tərzində reallaşa biləcək ümumi bir perspektivi ehtiva etdiyini fərz edir. Özü üçün və ya bilavasitə yaşamaq Don Juan nümunəsində göründüyü kimi bir pozğunluqdan digərinə tamamilə bilavasitə fərdi arzuları doyurmağa istiqamətli primitiv bir forma ala bilir.

Kierkegaarda görə, Don Juan kimi davamlı olaraq duyğulara və bədənsəl meyllərə

görə hərəkət etmənin sonu böyük ehtimalla öz özünü baltalayıcı bir həyat tərzidir, çünki bənzəri zövqlərin davamlı təkrarı sonunda bezginliyə gətirib çıxarır və bizlər böyük ehtimalla davamlı bir zövqə bağlı həyatı davam etdirməyə psixoloji olaraq hazır deyilik.

İstər ən alt forması olan Don Juan, istər zəkaya söykənən başdan çıxarıcılıq görünüşündəki Johannes, istərsə də daha üst səviyyəsi göstərən Faust nəzərdə tutulsa, yenə də estetik həyata formasını göstərən estetik tiplərin ortaq istiqaməti, bilavasitəlik və həyati həzz  olaraq qarşımıza çıxar. Bu həzz həyatının davam etdirilməsinin nəticəsi olaraq, adamda ortaya çıxan ümidsizlikdir. Bu ümidsizliyin səbəbi, yuxarıda deyildiyi kimi, adamın öz mənəvi varlığının fərqində olmamasıdır və həmin ümidsizlik ölümcül xəstəlikdir. Estetik insan olmaqdan çıxmaq, yəni həyatda daha üst bir mərhələyə keçmək isə, adamın əxlaqi olanı seçməsiylə, yaxşı ilə pis arasında bir seçim etməsiylə mümkündür. Amma bu seçkimi etmək zəruri deyil. Yəni bir üst mərhələyə keçid zəruri deyil. Bu səbəblə, Don Juan nümunəsində də göstərdiyi kimi, həyatları boyunca öz mənəvi varlıqlarının fərqində olmadan yaşamış, Kierkegaardın ifadəsiylə, özü ola bilməmiş kəslər vardır. Bu kəslər, Kierkegaardın insan fikrində, ən alt yaranma mərhələsində qalan kəslərdir, daha doğrusu, varolma sonlu olan varlıqdakı sonsuzluğa istiqamətli bir ehtiras olaraq qəbul edildiyindən, öz varoluşlarını ən subyektiv şəkildə reallaşdıra bilməmiş kəslərdir.

Kierkegaarda görə, ancaq mütləq bir seçim etməklə əxlaqi olan seçilə bilər. Mütləq olanı seçməklə, yəni yaxşı və pis arasında mütləq bir seçki edərək əxlaqi olanı seçməklə adam özünü seçir. Bu səbəbdən əxlaqi mərhələdə şəxsiyyət öz üzərinə dönür; adam özünü seçməklə özünü əxlaqi olaraq seçər və beləcə estetik mərhələ içində parçalanmış olan şəxsiyyət yenidən -seçimlə- qazanılmış olar. Özünü seçməklə adam “daha əvvəl olduğundan daha başqa bir insan halına gəlmir, amma şüur   inteqrasiya olunmuş olur.”

Estetik olaraq yaşamaq və əxlaqi olaraq yaşamaq arasında necə bir fərq olduğuna gəlincə, buna belə cavab verə bilərəm: estetik mərhələdəki insan bilavasitə olaraq nə isə odur; əxlaqi mərhələdəki insan bunun vasitəsilə özünü nə etsə  odur…  Bununla  estetik  mərhələdə  yaşayan  insanın inkişaf etmədiyini nəzərdə tutmuram, amma onun azadlıq yoluyla deyil zərurət yoluyla inkişaf etdiyini söyləmək istəyirəm.Yalnız mütləq olaraq özümü seçdiyimdə özümü mütləq olaraq sonsuzlaşdırıram, çünki mən özüm mütləqəm və özümü mütləq olaraq seçməyim mənim azadlığımdır və yalnız mən özümü mütləq olaraq seçdiyimdə mütləq bir fərqliliyi, yəni yaxşı və pis arasındakı fərqi ortaya qoya bilərəm.

Əxlaqi varolma ağıl,özünü həsr etmə “tarazlıq” ilə xarakterizə ediliir.

Əxlaqi həyat formasının simvolu evlilikdir. Evlənmənin tam mənasıyla nə demək olduğunu anlaya bilmək üçün adamın artıq yalnız özünü düşünməyi geridə buraxacağını görmək lazımdır. Evlilik iki adamdan – və əgər uşaqlar da olsa daha çox adamdan – meydana gəlmiş bir birlikdir və bu birlik içindəki hər bir fərd qərar verərkən birlik içindəki digərlərinin də faydasını güdmək məcburiyyətindədir. Bu səbəbdən, Kierkegaarda görə, evlənmə qərarı estetik həyat formasına əleyhdar olaraq əxlaqi bir həyat formasını seçmək deməkdir. Kierkegaard bu həyat formasını,  Ya / Ya da başlıqlı kitabındakı estetik adamın qarşısına çıxardığı əxlaqçı adamla əxlaqi olduğu üçün əxlaqi qaydalara görə hərəkət edən (məsələn daha əxlaqlı yaşanacağını düşündüyü üçün evlənən) adamla qarşıya qoymuşdur. Əxlaqi varolmada insan     ictimai proyektlərə qatılmaq, ictimai təşkilatlar şəbəkəsi içində iştirak etmək üçün şüurlu bir seçim edir; evlənir, iş sahibi olur və ictimai rolların və təşkilatların nəzərdə tutduğu yaxşı və pis standartlarını qəbul edir.

Üçüncü yaranma mərhələsi, insanın həyatını istiqamətləndirəcək bir qanun üçün sonuncu ehtimal dini sahədir. Bu mərhələdə fərd fərdiliyini tamamilə bir tərəfə buraxaraq tam bir təslimiyyət içində Tanrı üçün yaşamağı seçir. Kierkegaardın dini həyat sahəsini əxlaqi həyat sahəsindən tamamilə ayırması çaşdırıcı gələ bilər. Nəticədə insan əxlaqi olanla dini olan arasında seçim etmək məcburiyyətində olmamalıdır. Ancaq Kierkegaarda görə əxlaqi olanla dini olan arasında seçim etmək lazımdır, çünki xristian din kitablarını araşdıran Kierkegaaard, dinin ağla zidd olduğunu, inanan adamın Tanrı ilə təkə-tək əlaqəsi içində universalı aşdığını və son olaraq da inanan adamdan Tanrı tərəfindən imanını test etmək məqsədiylə – (İbrahimin, tək oğulunu Tanrı üçün qurban etmək istəməsi kimi) – əxlaqi olmayan bir şeyi etməsinin mümkünlüyünü düşünür.

Estetik həyat sahə içində daha yüksək və daha aşağı həyat nümunələri olduğu kimi dini sahədə də daha yüksək və daha aşağı varolma formaları vardır. Dini sahədəki ən yüksək varolma forması, bu sahədə yaşayan bir insanın çatmaq istədiyi ən yüksək mərtəbə “iman cəngavəri”dir; bundan daha aşağı səviyyədə bir dini yaranma forması “sonsuz təslimiyyat cəngavəri”dir.

Kierkegaarda görə risk olmadan iman olmaz. Əgər biz Tanrının var olduğunu bilsəydik, onun var olduğuna dair əlimizdə qəti dəlil olsaydı, o zaman imana gərək olmazdı. Tanrının varlığına bağlı bir dəlilimiz olmadığı üçün iman mümkündür. Çünki dəlil obyektiv baxımdan qəti olan bir şeyi göstərmək deməkdir.  İmanın mümkün olması üçün, ayrıca obyektiv olaraq qətilik olmamasına baxmayaraq insanın bu naməlumluğa qarşı Tanrıya ehtiraslı bağlanması lazımlıdır. Bu səbəbdən, iman, Kierkegaarda görə Tanrınının varolmasının paradoksal olmasına və inanma qərarı sonsuz bir təslimiyyat içində alınmasına baxmayaraq Tanrıya fərdi  şəkildə inanmağa qərar verməkdir.

Tərcümə: Səbinə Mehbaliyeva
Mənbə: “KIERKEGAARD’S VIEW OF PERSON”

 

Advertisements