TT38a2c7_15KS_6kafkaŞübhəsiz ki, Kafkanın əsərlərini hər hansısa bir siyasi doktrinaya qəlibləşdirə bilmərik. Kafka deyim yaratmır, şəxslər və vəziyyətlər yaradır, əsərindəki duyğular və davranışlar isə müəyyən bir ruh halını ifadə edir. Ədəbiyyatın simvolik dünyası ideologiyaların deyimsəl dünyasına bənzəməz; ədəbi əsər fəlsəfi və ya siyasi doktrinalar kimi mücərrəd anlayışlar sistemi deyil, şəxslərə və şeylərə dair müəyyən fantastik bir dünyanın yaradılışıdır.1

Bununla birlikdə, bu hal Kafkanın avtoritetə qarşı olar ruhunu, sosialist simpatiyası ilə onun əsas yazıları arasındakı keçidləri, körpüləri, yeraltı əlaqələrini kəşf edib araşdırmağı əngəlləmir. Bunlar, Kafkanın daxili dünyasına çatmağa müstəsna bir yol açır.

Kafkanın sosialist meyilləri erkən yaşlarından özünü göstərmişdir. Uşaqlıq və məktəb dostu Hüqo Berqmana görə gənc Kafka öz mövqeyini sərgiləmək üçün gödəkçəsinin yaxasında qırmızı qərənfil daşıyırdı. Berqman məktəbin son illərində (1900-1901) dostluqlarının pozulması səbəbini “onun sosializmi də, mənim siyonizmim də çox güclüdür ” deyərək açıqlayır.2  Lakin bu anlaşılmazlıqlar köhnə dostların alman millətçiliyi qarşısında eyni şəkildə reaksiya göstərmələrini əngəlləmir. Hər ikisi də daxil olduqları Praqadakı “Alman Tələbələr Birliyi”nin bir iclasında mərasim zamanı “Wacht am Rhein” (Alman xalq musiqisi) oxunarkən ayağa qalxmazlar və bu davranış dərhal oradan qovulmalarına səbəb olar.

Bəs hansı sosializmdən danışılır? Gənc Kafkanın Çex ya da Avstriya sosial-demokratiyasıyla əlaqələrini sübut edəcək heç bir şahid yoxdur. Həmçinin, müharibə sonrası illərdə yeni Çexoslovakiya Respublikasındakı komunist partiyasıyla da –  bu partiyanın qurucularından biri olan Stanislav Neymanın yazıçını tanımasına və yazıçının “Ocaqçı” hekayəsini (Amerika romanından bir bölüm) 1920-ci ildə bir Çex ədəbiyyat jurnalında yayınlamasına rəğmən –  əlaqəsi olmur. Sözün qısası, Berqmanın dediyi kimi Kafkanın sosializmə bağlılığı 1917-ci ilin Oktyabrından çox daha öncəyə dayanır.

Kafkanın Rus inqilabına xüsusi bir maraq göstərdiyi doğrudur. 1920-ci ilin Sentyabrda Milenaya yazdığı bir məktubda Bolşevizmə aid bir məqaləni referans göstərərək, bu yazının “Bədənim, sinirlərim, qanım” üzərində güclü bir təsiri olduğunu bildirir. Milenaya məktublarının yeni nəşrini hazırlayanların fikrincə, bu 25 Avqust 1920-ci ildə Prager Tablatt’da (Praqada yayınlanan alman dilli qəzet) yayınlanan Bertran Rasselin “Bolşevik Rusiyası Üzərinə” başlıqlı bir məqaləsidir. Lakin Kafka, mənə çox önəmli gələn, bu ifadəni də əlavə etməkdədir: “Doğrusu, onu tam olaraq oradakı halıyla anlamadım, öz orkestrim üçün onu transpoz  etməyə başladım”. Ümumi olaraq Kafkanın “təsirlənmə”lərinə aid ediləbilən bir təsbitdir bu: sözügedən əsla zəif bir anlama deyildir, bu yenidən həzm etmə, özünəməxsus bir şəkildə “musiqiləşdirmə”dir.3  Kafkanın mövqeyini daha yaxşı anlaya bilmək üçün Bertran Rasselin məqaləsinin məğzinə baxaq. Bu mətn –1920-ci ilin iyun-avqust aylarında Londonda “The Nation” adlı jurnalda buraxılan beş məqaləlik bir seriyanın ilkidir – həm Bolşeviklərin fədakarlığını vurğulamaqda – onları, “demokratiya və dini iman tərkibləri” və “sarsılmaz siyasi-əxlaqi hədəfləri” ilə Kromvelin puritanlarını qarşılaşdırmaqdadır- , həm də diktatorluq meyillərini və antitolerantlıqlarını bildirməkdədir. Kafka Milenaya məktubunda məqalənin sonunu aradan qaldırdığını, çünki bunların təsdiq edilməmiş günahlandırmalar olduğunu deyirdi. Nələrdir bunlar? Rassel, məqalənin son paraqrafında Asiya Rusiyasının yenidən fəthi müddətində Bolşeviklərin “imperialist meyilləri” olaraq adlandırdığı şeyi sorğulayır və bir müddət sonra Bolşeviklərin iqtidarının “hər hansı bir Asiya hökümətinə” bənzəyəcəyini ehtimal edir. Kafkaya mözvudan kənar gələn burasıdır: bunlar “bu bütünün içində yerini tapmamış” günahlandırmalardır.

Kafkanın yanaşması bir neçə həftə sonra Milenaya yazdığı başqa bir məktubda daha da aydınlaşır: “Bolşevizm haqqındakı mövqeyimi anlayıb-anlamadığını bilmirəm. Yazıçının bolşevizmə yönəltdiyi tənqid, məncə, orada ən çox təqdirə layiq olan şeyədir”.4  Kafka Bertran Rasselin hansı tənqidinə işarə etməkdədir? Çıxarılan paraqrafdakına deyil, çünki Milena o paraqrafı oxumamışdır; məqalədəki daha ümumi bir arqumentə işarə etməkdədir. İngilis filosof rus komunistlərini bir çox cəhətdən tənqid etməkdədir, amma ona ən təhlükəli gələn şey inqilabı dünya miqyasında yaymaq planları, fanatik  internasionalizmləridir: “Həqiqi komunist tamamilə internasionaldır. Məsələn, Lenin Rusiyanın mənfəətinə digər ölkələrinkindən daha çox maraq göstərmir; Rusiya bu dövrdə kütləvi bir inqilabın bələdçisidir və beləliklə, dünya üçün bir dəyəri vardır, amma Lenin inqilabla Rusiya arasında bir seçim etmək məcburiyyətində qalarsa, inqilabdansa Rusiyanı fəda etməyə hazırdır”.5  Başqa deyişlə, Kafkanın Rus inqilabçılarında təqdirə layiq olaraq gördüyü şey, xüsusilə, Rasselin onları tənqid etdiyi şeydir, yəni kökündən internasionalizmə bağlılıqlarıdır. Kafkanın bu “kosmopolit sosialist” sentimentallığının bəzi şahidlərcə də təsdiq ediləcəyini görəcəyik.

Qustav Yanoux, 1920-ci ildəki bir söhbət əsnasında bu sözlərin Kafkaya aid olduğunu iddia edir: “İnsanlar Rusiyada ədalətli bir dünya inşa etməyə çalışırlar. Dini bir hekayədir bu.” Kafka bolşevizmi bir cür din olaraq görürdü və Rusiyaya qarşı qadağa və ya müdaxilələr, ona görə, “dünya üzərində meydana gələcək geniş və amansız cihad”ın xəbərçisiydir.6  Bu şərhlər Sovetlərə qarşı tənqidi bir marağın sübutudur, amma sənədlərdə yazıçının komunist hərəkatıyla bir əlaqəsinin olduğuna dair heç bir şey yoxdur. Çexiya komunistlərinin hər hansı bir iclasında onunla rastlaşmış heç bir şahid yoxdur və şəxsi yazılarında – məktublar, gündəlik – bu siyasi axımın təmsilçisi olan yazarların adı çəkilməmişdir.

Digər tərəfdən, çağdaşı olan bir çox çex yazıçı Kafkanın çex anarxist sosialistlərinə olan simpatiyasını və onların bəzi fəaliyyətlərində iştirak etməsini sənədlərlə ortaya qoymuşdur. Beləliklə, gənc Kafkanın (Bergmanna görə) “çox güclü” sosializminin nə cür bir sosializm olduğunu anlamaq istəyiriksə araşdırmaları məhz bu yönə çevirmək gərəkir. 1930-cu illərin əvvəllərində Maks Brod “Stefan Rott” (1931) romanını qələmə almaq üçün araşdırmalara başlayır. Araşdırmalar əsnasında Çex anarxist hərəkatının qurucularından biri olan Mixal Kaça Broda Kafkanın anarxist, antimilitarist, din və ruhanilərə qarşı bir təşkilat olan və Stanislas Neyman, Mixal Mares, Yaroslav Qaşek , Franya Şranek kimi bir çox çex yazıçının iştirak etdiyi “Gənclər Klubu”nun iclaslarına qatıldığı bildirir. Bu bilgi daha sonra “başqa qaynaqlar vasitəsilə də təsdiqlənmiş” və Brod bu məlumatı romanına daxil etmişdir. Brod romanında Kafkadan belə bəhs edir: “Tez-tez dairəvi masa toplantılarına qatılırdı və tək bir söz belə demədən oradaca otururdu. Kaça Kafkadan xoşlanmağa başladı və onu dilimizə “səssiz” olaraq tərcümə edə biləcəyimiz “Klidas” deyə çağırdı. Əslində isə bu kəlimə çex yerli dilində tam olaraq “səssizlik abidəsi” mənasındadır”.  Maks Brod bu şahidliyin gerçəkliyindən heç vaxt şüphə etməmişdir və Kafkanın bioqrafiyasında bunu yenidən ələ alacaqdır.7

İkinci şahidlik qonşu olduqları və küçədə tez-tez qarşılaşdıqları anarxist yazıçı Michal Maresdən gəlir. Onun sənədinin bir-birindən biraz fərqli iki versiyası vardır: birincisi 1946-cı ildə bir Çex jurnalında yayınlandığında heç diqqət çəkməmiş, ətraflı surətdə hazırlanmış və ehtimal ki, daha aydın olan ikinci variantı isə Klaus Vagenbaxın Kafkanın gəncliyi haqqındakı kitabına əlavə olaraq daxil edilmişdir. Vagenbaxın bu əsəri yazarın Praqadakı anarxist çevrələrlə əlaqəsini işıqlandıran ilk əsərdir.8

Maresə görə, Kafka onun dəvətini qəbul edərək 1909-cu ilin Oktyabrında ispan anarxist maarifçi Fransesk Ferrerin edamına qarşı təşkil olunmuş bir nümayişə qatılmışdı. 1910-1912-ci illərdə Kafka azad sevgi, Paris icması, sülh, parisli aktivist  Lyabyofun edamına qarşı dirəniş kimi mövzularda “Gənclik Klubu”, “Vilem Körber Birliyi” və çex anarxist hərəkatının təşkil etdiyi anarxist konfranslarda iştirak etmişdir. Bu iclaslar vasitəsiylə keçmiş məktəb dostu Rudolf İlloviylə və Stanislas Neyman, Franya Şranek, Karel Toman ya da Yaroslav Qaşek kimi yazar və şairlərlə qarşılaşmış olmalıdır. Hətta bir neçə dəfə dostunu həbsdən xilas etmək üçün beş kronluq kəfalət belə ödəmişdir. Mares də Kaça kimi Kafkanın səssizliyini vurğulayır: “Bildiyim qədər Kafka bu anarxist təşkilatların heç birinə mənsub deyildi, lakin onlara xüsusi rəğbət bəsləyirdi. Bununla belə, bu yığıncaqlara olan marağına və tez-tez qatılmasına rəğmən, əsla mübahisələrə daxil olmurdu”. Bu maraq onun oxuduqlarında da – Maresin hədiyyə etdiyi Kropotkinin “Bir üsyankarın çıxışı” (Speech of Rebel), Reklyu qardaşların, Bakuninin və Jan Qravın yazılları- özünü göstərmişdir.9

Maresin xatirələrinin bir başqa versiyası daha vardı. Yayınlanmamış olan bu versiya bir neçə detal xaric əvvəlkindən çox da fərqlənmir. Burada bu təyinetmə görülür: “ “Mother Earth”ün (anarxist jurnal) naşiri Emma Qoldmanın-bu comərt və cəsur qadının hər kəsin önündə soyundurulub qətrana bulandığını və bir tük yığını içində diyirlənməsini öyrənəndə Kafkanın amerikan gəncliyinə duyduğu nifrəti xatırlayıram.” Maresin iki fərqli hadisəni iç-içə keçirdiyi dəqiqdir: Birincisi, 1909-cu ildə Emma Qoldmanın Miçiqan ştatındakı Ann Arbor Universitetində verdiyi bir konfrans zamanı gənc tələbələr tərəfindən ələ salınmasıdır. İkincisi, 1911-ci ildə dostu Ben Breytmanın San-Diyeqoda bir quldur dəstəsi tərəfindən qaçırılışıdır; onu ağır bir şəkildə döymüş, soyundurmuş, qətran və tükə bulamışdılar. Kafkanın Emma Qoldmana olan marağı yalnızca ilk romanını yazmaq üçün Amerika barədə sənədlər toplamasıyla açıqlana bilməz, eyni zamanda əngəllərlə qarşılaşmaqdan çəkinməyən cəsur və boyun əyməz qadınlara olan rəğbəti, onların Kafka üzərindəki cazibəsiylə də açıqlana bilər. Şübhəsiz ki, bu qadınların arxetip modeli bacısı Ottlaydı. Onun ata avtoritetinə qarşı olan dirənişinə heyran idi.

Üçüncü sənəd Qustav Yanouxun “Kafkayla Danışıqlar”ıydı. Bu kitabın ilk çapı 1951-ci ildə həyata keçir. Daha sonra- 1968-ci ildə isə genişləndirilmiş ikinci versiyasi çap olunur. Praqalı yazıçı ilə ömrünün son illərində aparılan bu söhbət onun anarxistlərə olan simpatiyasını bir daha nümayiş etdirir. Çex anarxistlərini yalnız “çox mehriban və əyləncəli” insanlar adlandırmaqla qalmır, “elə mehriban və sevimlidirlər ki, dediklərinə inanmamaq olmaz” deyərək davam edər, bu danışıqlar ərzində ifadə etdiyi siyasi və ictimai fikirlər də anarxist axımının təsirlərini üzərində daşıyır.10  Məsələn, kapitalizmi iyerarxik bir hökmranlıq sistemi olaraq  görməsi və sistemin avtoritet xarakteri üzərində israrla durması anarxizmə yaxındır. Kafka Georq Qrossun kapitalı yoxsulların pulu üzərində oturmuş kök bir adam olaraq təsvir edən bir karikatura üzərində Yanouxla yaranan mübahisə əsnasında fikirlərini açıqlayır. Kafkaya görə, bu rəsm “həm doğrudur, həm də yanlış. Yalnızca bir tərəfdən doğrudur…Silindr şapkalı kök adam əzdiyi yoxsulları istismar etməkdədir, bu doğrudur. Amma kök adamın kapitalizm olduğu tam olaraq doğru deyildir. Kök adam bəlli bir sistem çərçivəsində yoxsulların ağasıdır, lakin sistemin özü deyildir. Bu sistemin ağası belə deyildir. Tərsinə olaraq, o da zəncirlər daşımaqdadır, lakin bu rəsmdə təsvir edilməmişdir. Kapitalizm yuxarıdan aşağıya və aşağıdan yuxarıya doğru gedən bir asılılıq sistemidir. Hər şey bir-birinə bağlıdır, hər şey zəncirlidir”.

Eyni şəkildə, mütəşəkkil işçi hərəkatına qarşı olan şübhəçiliyi də siyasi partiya və qurumlara olan anarxist etimadsızlığından qaynaqlanır: Bir küçə nümayişində yeriyən işçilərin ardında “katiblər, bürokratlar, professional siyasətçilər-yəni iqtidara yüksəltməyə hazırlandıqları bütün modern hökmdarlar irəliləyir… İnqilab buxar olub gedir, geriyə yalnız yeni bir bürokratiyadan yaranan çirkab qalır. İşgəncə çəkən insanlığın zəncirləri nazirlik kağızlarındandır ”.11  Bunu deyərkən hansı inqilabı nəzərdə tutmaqdadır? 1917-ci il Oktyabr inqilabınımı, yoxsa 1918-1919-cu illərdəki Almaniya və Avstriya inqilablarınımı? Bunu bilmək mümkünsüzdür.  Bütün hallarda, kağızdan zəncirlər barədə yazılmış son cümlə yanlız inqilabların tragik taleyini deyil, bütün təzahürləriylə birgə bürokratiyanı da əks etdirir.

Yanoux, qeydlərinin ikinci çapında Kafkayla olmuş bu dialoqu sitat gətirir:

–Ravaşolun həyatını tədqiq etdinizmi?

–Bəli! Sadəcə Ravaşolun deyil, bir çox digər anarxistlərin həyatını da tədqiq etdim. Qodvinin, Prudonun, Ştirnerin, Bakuninin, Kropotkinin, Taker və Tolstoyun bioqrafiya və fikirlərində boğuldum; müxtəlif qruplarla oldum, iclaslara qatıldım, qısacası, bu işə çox zaman və pul ayırdım. 1910-cu ildə çex anarxistlərinin Karolinentalda “Zum Kanonenkreuz” adlanan bir yeməkxanada iclasına qatıldım. “Gənclər Klubu” deyilən anarxist klub burada toplanırdı…Maks Brod xoşuna gəlməməsinə baxmayaraq, bu iclaslarda mənə dəfələrlə yoldaşlıq etdi… Mənim üçün çox ciddi bir hadisə idi. Ravaşolun izindəydim. Bu izlər sonradan məni Erix Myuzam, Artur Xoliçer və vyanalı anarxist Rudolf Qrosmanın izinə apardı… Hamısı da xoşbəxtliyi tanrı lütfü olmadan həyata keçirməyə çalışırdı. Onları başa düşürdüm. Bununla belə, onlarla yaxın əlaqədə uzun müddət ola bilməzdim”.12  Ancaq şərhçilərin fikrincə, ikinci versiya birinciyə nəzərən daha az etibarlıdır; xüsusilə, mənşəyinin naməlum olması nəzərə alınarsa (itən və yenidən tapılan qeydlər). Həmçinin, bu hissədə aşikar bir xəta vardır: Maks Brod, özünün dediyi kimi, anarxist klubdakı iclaslarda dostuna yoldaşlıq etmədiyi kimi, praqalı anarxistlərin fəaliyyətlərində Kafkanın da iştirak etdiyindən xəbərsiz idi.

Bu müxtəlif şahidlərin fikrincə, Kafka 1912ci ildən sonra anarxist təşkilatların iclaslarına qatılmağı dayandırmışdı. Hansı səbəblə? Qustav Yanoux, 1965-ci ildə yayınlanan “Kafka və Dünyası” adlı bir kitabda, “Franz Kafkanın anarxistlərə olan marağı 1910 və 1911-ci illərdə çex antimilitaristlərinə qarşı aparılan məhkəmələrin təsiri nəticəsində azalmışdır” tipli “tamamilə səhv” olan yanaşmaya qarşı çıxır.  Brod israrla belə bir şərhin yalnız Kafkanın şəxsiyyətini və “insan varlığına yönəlik ümumi öhdəliyini” əsla anlamamış insanlar tərəfindən verildiyini bildirir. Onun fikrincə, yazıçının bu iclaslara getməkdən imtina etməsinin səbəbi Vorjişek deyə birinin anarxistlər üzərindəki amiranə iqtidarıdır; daha sonra (1918-ci ildə imperiya arxivləri açıldıqdan sonra) onun bir polis agenti olduğu məlum olmuşdur. Həmçinin bunu da əlavə edir: praqalı anarxistlərin təcrübəsizliyindən xəyal qırıqlığına uğramış olsa da, Kafka bu klubun bir çox üzvü ilə olan əlaqələrini kəsməmişdir, çünki “həyata bir məna qatmaq üçün tamamilə kifayətsiz olan vasitələrlə apardıqları mübarizələrinə heyranlıq” duyurdu.13  Daha əvvəl də dediyimiz Yanouxun mətnlərində olduğu kimi, həqiqi xatirələrlə sonradan əlavə olunanları ayırd etmək çətindir.

Bilinən bu üç şahidliyə, bütün bioqrafiya yazıçılarının və tərcüməçilərin görməzdən gəldiyi dördüncüsü də əlavə edilə bilər. Bu, Leopold Kreytnerin “Gənc bir adam kimi Kafkanın portreti” adı altında bir Şimali Amerika jurnalında yayınlanan məqaləsidir. Kafkanın oxuduğu məktəbin keçmiş tələbəsi olan və 1912-1914-cü illərdə ona tez-tez rast gələn Kreytnerə görə praqalı yazıçı “universitetdəki bu son illərdə və mühün olan sonrakı dönəmdə, siyasi və fəlsəfi müstəvidə kozmopolitizmə doğru yönəlmiş və hər cür milliyyətçiliyi rədd etmişdir”. Kreytner Yaroslav Qaşek və Karel Tomandan (anarxist şair) Kafkanın “Gənclər Klubu”nun iclaslarına “tez-tez qatıldığı”nı öyrənmiş olduğunu xatırlayır. Bunlar kiçik bir otel olan Brejskuda yığışan çex şair və yazıçı qrupudur və “ədəbiyyat, sənət, fəlsəfə üzərinə qızğın mübahisələr edir və böyük ölçüdə anarxist fikirlər ifadə edirdilər”.14

Bu şahidliklərin bəzilərinin səhv olması və təhrif edirləməsi də ehtimaldır.  Klaus Vagenbax da Mares haqqında “bəzi detallar bəlkə də səhvdir” ya da ən azından “şişirdilmədir” deyə qəbul edir. Maks Broda görə isə Mares, Kafkanı tanıyan digər bir çox şahid kimi, xüsusilə, yazıçı ilə olan dostca əlaqələrini “böyütməyə meyillidir”. Yanouxa gəlincə, xatirələrinin ilk versiyası “Kafkanın danışıq üslubunun xarakterik xüsusiyyətlərini daşıdığı” üçün “həqiqilik və etibarlılıq” təəssüratı yaratsa da, ikinci versiya daha az etibarlı görünür.15  Lakin bu sənədlərin ziddiyyətini və ya şişirdilməsini müəyyən etmək başqa məsələ, Kafka ilə çex anarxistləri arasındakı əlaqələrə dair məlumatları “xalis əfsanə” deyərək tamailə rədd etmək isə tamam başqa məsələdir. Aralarında Eduard Qoldştyuker, Harmut Binder, Ritçi Robertson və Ernst Pavelin də olduğu bəzi mütəxəssislərin mövqeyi belədir. Bunlardan ilki komunist bir çex tənqidçisidir və digər üçü Kafkanın – dəyərləri inkar edilə bilməyəcək – bioqrafiya yazarlarıdır. Onların Kafkanın həyatındakı anarxist dönəmi aradan qaldırma çabaları təfsilatı ilə araşdırılmağı tələb edir.

1960-cı illər boyunca Kafkanı Çexoslovakiyada yenidən “mötəbər etmə” çabaları ilə tanınan Eduard Qoldştyukerin fikrincə, Vagenbaxın yenidən çap etdiyi Maresin xatirələri “fantastikaya aiddir”. Onun əsas arqumenti inqilabçıların, anarxo-komunistlərin öz iclaslarına “tanımadıqları birini”, üstəlik davamlı olaraq susan birini qəbul etmələrinin məntiqli olmadığı fikridir. Halbuki, Qoldştyukerin unutmuş olduğu şey Kafkanın “tanınmayan biri” olmadığı, əksinə olaraq, bu iclasların başlıca təşkilatçıları –  Mixal Kaça və Mixal Mares- tərəfindən, şəxsən tanınmasıdır. Bununla belə, – daha əvvəlki ilə ziddiyyət təşkil etməsinə baxmayaraq – Qoldştyuker sonda Kafkanın anarxist fəaliyyətlərdə iştirak etdiyini qəbul edir, bircə bu iştirakın Maresin iddia etdiyi kimi illərlə davam etmədiyi, bir neçə iclasla məhdudlaşdığı fikrini müdafiə edir. Halbuki, Mares də sadəcə 5 iclası qeyd etməkdədir. Beləliklə, Qoldştyukerin onun şahidliyini nəyə görə bu qədər açıqca rədd etdiyi anlaşılmır.16

Kafkanın ətraflı və olduqca çox məlumatı əhatə edən bir bioqrafiyasının yazıçısı olan Hartmut Binder Kafka ilə praqalı anarxistlər arasındakı əlaqələrin “təxəyyülə aid bir əfsanə” olduğu tezisini ən fəal şəkildə iddia edən insandır. Klaus Vagenbax “öz ideologiyasına sevimli gələn”, amma “yetərincə etibarlı olmayan, hətta qəsdən hiylə qarışdırılmış” 17 qaynaqlardan (Kaça, Mares ve Yonuax)  istifadə etməkdə günahlandırılır.

Belə bir mühakimə “etibarsız” olaraq görülən bu üç şahidliyin Kafka ilə anarxistlər arasındakı əlaqələrin müdafiəsində nəyə görə ziddiyyət təşkil etməsini açıqlamadığı kimi, Kafkanın siyonist, komunist ya da sosial-demokrat iclaslara tez-tez qatılması üzərinə “mücərrəd” şahidliklərin nəyə görə tapılmadığını da açıqlamır. Həqiqətən də, “hiylə”lərin nəyə görə ancaq bu yöndə getdiyini anlamaq çətindir. Bilinən bu üç şahidlikdən başqa, bir dördüncüsünü də əlavə etmək lazım gəlir. Bu, Binderin (və digərlərinin) görməzdən gəldiyi Leopold Kreytnerin şahidliyidir.

Vagenbaxa qarşı olan Binderin arqumentlərini daha yaxından araşdıraq. Binderə görə, “Brodun, bu uydurma fəaliyyətləri Kafkanın ölümündən illər sonra anarxist hərəkatının köhnə üzvü olan Mixal Kaçadan öyrənmiş olması bu məlumatın etibarlılığına şüphə doğuran bir sübutdur. O dönəmdə Kafkayla birlikdə iki səyahətə çıxmış olan və hər gün onunla rastlaşan Brodun ən yaxşı dostunun anarxist hərəkatına olan marağını bilməməsi haradasa ağlasığmaz bir vəziyyətdir”. Ola bilər, lakin əgər bu həqiqətən də “ağlasığmaz”dırsa, bu halda, Maks Brodun bu məlumatı tamamilə etibarlı görməsi – çünki həm Stefan Rott adlı kitabında, həm də dostunun bioqrafiyasında istifadə etmişdir – necə ola bilməkdədir? Binderin digər arqumenti də inandırıcı deyildir: “Siqaret dumanı içində olan bir piyvəxanada qeyri-qanuni hərəkət edən bir qrupun siyasi müzakirələrini dinləmək Kafkanın şəxsiyyəti mövqeyindən ağlasığmaz bir haldır”. Hər şeyə rəğmən, bu vəziyyətdə, Kafkanın şəxsiyyətini az da olsa bilən Brodun fikrincə, qəribə heç bir şey yoxdur. Həqiqətən də, Kafkanın əsərlərindəki heç bir şey onun qanuniliyə xüsusi bir hörməti olduğunu düşündürmür. Mixal Maresin şahidliyindən tamamilə xilas ola bilmək üçün Binder israrla Kafkanın Milenaya yazdığı bir məktuba işarə edər. Burada Mares “küçədə tanış olunmuş biri” olaraq qeyd edilmişdir. Birder belə bir mühakimə yürüdür: “Kafka, Mareslə olan əlaqəsinin sadəcə bir küçə tanışlığı olduğunu xüsusilə vurğulayır. Bu, Kafkanın hər hansı bir anarxist iclasa heç qatılmadığının ən aşikar işarəsidir”.18  Ən azından bu deyilə bilər ki, səbəb ilə nəticə arasındakı əlaqə aydın deyil! Kafkanın Milenaya yazdığı məktubundan çıxarıla bilən nəticə, Maresin 1946-cı illərdəki şahidliyində, Kafka ilə aralarındakı dostluğu, ehtimal ki, şişirtmiş olmasıdır, ancaq dövrü əlaqələri ilə Kafkanın – aralarında Maresin də olduğu –  anarxist iclaslarına qatılması arasında heç bir ziddiyyət yoxdur. Əlaqələri küçədə rastlaşmaları ilə məhdudlaşmış olsa da, bu Maresin ona bildirimlər, iclas və ya nümayiş dəvətnamələri verməsinə, bəzi fəaliyyətlərdə Kafkanın da iştirak etdiyini müəyyənləşdirməsinə, hətta, bir dəfə ona Kropotkinin kitabının bir nüsxəsini hədiyyə etməsinə əsla əngəl törətmir. Kafka Milenaya yazdığı bir məktubda Maresin bezikdirici davranışından şikayət edər, amma eyni zamanda Maresin verdiyi seçilmiş şeirlər kitabı haqqında – Policejni stara – “çox yaxşı” 19  deyərək qeyd edər.

Maresin əlində, Kafka ilə əlaqələrinin maddi sübutu olaraq, yazıçının göndərdiyi 9 dekabr, 1910-cu il tarixli bir poçt kartoçkası mövcuddur. Dostundan bir çox məktub aldığını, lakin o dönəmdə evində aparılan bir çox axtarış nəticəsində yoxa çıxdığını iddia etməkdədir. Bu isə tədqiq edilməsi mümkünsüz bir iddiadır. Binder bu sənədin varlığını qeyd edər, lakin kartın Mixala deyil “Yozef Mares”-ə göndərilməsindən yola çıxaraq, şahidin təxəyyülünün yeni sübutuna sahib olduğunu düşünür: Maresi tanıyandan və onunla birlikdə Klub Mladychdəki bir çox gecəyə qatıldıqdan bir il sonra Kafkanın “onun adını belə bilməməsi” ağlasığmazdır. Halbuki, bu arqument çox bəsit bir səbəbdən dolayı keçərsizdir: Kafka ilə Milena arasındakı yazışmaların alman redaktorlarına görə, Maresin əsil adı Mixal deyil Yozefdir.20

Yanouxun şahidliklərinə gəlincə, Binder onun xatirələrinin 1968-ci ildə çap olunan ikinci versiyasını tamamilə uydurma hesab deyərək rədd edər, amma 1951-ci ildə yayımlanan ilk versiyasında anarxistlərə edilən istinad on görə “həqiqi bir xatirəyə istinad edir” ola bilər. Hər şeyə rəğmən, bunu şair Mixal Maresi “küçə tanışı”olaraq göstərən məktubun haqqında danışılan hissəsi ilə birlikdə götürərək əhəmiyyətsiz kimi göstərməyə çalışar. Halbuki, Yanouxun bəhs etdiyi Kafka ilə olan danışıqlarda küçədə rastlaşılar bir insan deyil, “olduqca kübar və olduqca sevimli”, əsasən isə “anarxistlər” olaraq qeyd edilməkdədir. Nəticədə, Kafkanın tanıdığı tək anarxist aktivistin Mares olmadığını hesab edə bilərik.21

Ümumi olaraq, Hartmut Binderin bu mövzuda davam etdirdiyi mübahisə, Kafka fiqurunu onun praqalı anarxistlərin təşkil etdiyi iclaslarda iştirak etməsindən yaranacaq qara ləkədən xilas etmək üçün planlı və bilərəkdən edilən bir hücumun cansıxıcı təəssüratını yaratmaqdadır.

Bir neçə il sonra, başqa cəhətdən diqqətəlayiq bir bioqrafiyada, Ernst Pavel, demək olar ki, Binderlə eyni tezisi müdafiə edir: Kafkanın şəxsiyyətiylə əlaqədar “böyük əfsanələrdən biri”, yəni “Klub Mladych çex anarxist qrupu içində sui-qəsdçi bir Kafka əfsanəsi” “yatmaqdadır”. Bu əfsanə “1946-ci ildə yayınlanan – biraz təxəyyül məhsulu olan – xatirələrində Kafkanı anarxist iclas və nümayişlərdə iştirak edən bir dost və yoldaş olaraq təsvir edən keçmiş anarxist Mixal Maresin xatirə zənginliyi” sayəsindədir. “Qustav Yanouxun sonradan şişirdəcəyi” Maresin hekayəsi “Kafkanı gənc bir konspirator və çex azadlıq hərəkatının bir yoldaşı olaraq bizə təqdim edən bir çox bioqrafiyasında yer alır. Bu hekayə, Kafkanın həyatına, dostlarına, xarakteinə dair bilmiyimiz hər şey tərəfindən yalanlanmaqdadır. konspirator olaraq heç inandırıcı deyilkən, bağlı olduğu yaxın dostlarından necə gizlədə bilər, hətta, gizlətmək istəmiş ola bilər? ”.22

“Əfsanə” qeyd edilən heç bir qaynaqlara əsaslanmadığına görə, təkzib edilməsi daha asandır: nə Kaça, nə Mares, nə Yanoux Kafkanın “anarxist qrupu içindəki bir konspirator” olduğunu əsla iddia etməmişlər. Mares xüsusi olaraq Kafkanın heç bir təşkilatın üzvü olmaması üzərində israrla dayanır. Həmçinin, sözügedən “konspirasiya” deyil, çoxu da xalqa açıq olan iclaslarda iştirakıdır. “Yaxın dostlarından gizlətmə”yə – yəni Maks Broddan – gəlincə təsbitin mənasızlığını daha öncə göstərdim.

Ernst Pavel öz tezisindən yana olan əlavə bir arqument gətirir: “az qala məmur statusunda olan birinin” polis cəsusunun gözündən qaçmış olması “ağlasızmazdır”. Halbuki, Praqa polis arxivlərində “Kafkaya dair balaca bir qeyd belə yoxdur”.23  Polis arxivlərində bir adın yoxluğu iclaslarda iştirak edilmədiyinin kifayətli sübutu ola bilməz. Üstəlik, polisin müxtəlif anarxist klubların təşkil etdiyi xalqa açıq iclaslarda iştirak edən hər kəsin adını bilmə ehtimalı çox azdır: onlar səssizcə dinləyənlər yenirə, “dəstəbaşı”larla, bu birliklərin rəhbərləriylə maraqlanırdılar.

Bununla birlikdə Pavel, yumşaldılmış bir versiya ilə, bu şahidlərin irəli sürdükləri fikirlərin həqiqiliyini qəbul etməklə Binderdən fəqrlənir: “Həqiqət daha sadədir. Kafka Maresi əlbət tanıyırdı və şüphəsiz ki, xalqa açıq olan iclaslara müşahidəçi olaraq qatılmışdır. Onun sosialist meyillərinə Berqman və Brod şahiddir. Sonrakı illərdə, Kropotkin ilə Aleksandr Qertsenin fəlsəfəsi və anarxizmiylə də maraqlanmışdır”.24   Vagenbaxın çıxardığı nəticələrdən çox da uzaq deyilik.

İndi isə praqalı yəhudi yazıçının həyatı və əsərləri üzərinə diqqətəlayiq essenin yazarı olan Ritçi Robertsonun mövqeyini araşdıraq. Onun fikrincə də, Kaça ilə Maresin qazandırdığı məlumatlara “şüphəylə yanaşılmalıdır”. Onun bu mövzudakı əsas arqumentləri Qoldştyuker və Binderə istinad etməkdədir: Gizliliyinə əhəmiyyət verən bir qrup necə olur ki, susqun bir ziyarətçini qəbul edir? Üstəlik, “haqqında bildikləri məlumatın çox az olduğu bu insan cəsus ola bilərdi”. Brodun dostunun toplantılara qatılması ilə bağlı heç bir şey bilməməsi mümkün ola bilərdimi? Kafkanın bir “küçə tanışı” olduğu nəzərə alındığında Maresin şahidliyi nə qədər önəm kəsb edə bilərdi? Qısacası, “bütün bunlar səbəbiylə, Kafkanın anarxist mitinqlərdə iştirakı bir əfsanə ola bilər”. Çox da əsaslı olmadıqlarını yuxarıda da göstərdiyim bu iddialar üzərində təkrar dayanmağa ehtiyac yoxdur.

Robertsonun kitabında tamamilə yeni və maraqlı olan şey, Kafkanın siyasi fikirlərinə alternativ bir təklif irəli sürmə təşəbbüsüdür: Kafkanın fikirləri nə sosialistdir, nə də anarxist. Romantik olan bu fikirlər, Robertsona görə, nə solçu, nə də sağçı olan antikapitalist bir romantizmdən qaynaqlanır.25  Baxmayaraq ki, romantik antikapitalizm mühafizəkar və inqilabçı bəzi düşüncə formalarının ortaq mənbəyidir, – və bu mənada sol və sağ arasındakı ənənəvi bölünməni faktiki olaraq aşır – romantik yazıçıların  bu dünyagörüşünün qütblərindən birində –  mürtəce romantizm ya da inqilabçı romantizm – açıq bir şəkildə iştirakı da həqiqətdir.

Əslində anarxizm, anarxist sosializm və anarxo-sendikalizm “solçu romantik antikapitalizm”in nümunəvi bir örnəkləridir. Nəticədə, Kafkanın siyasi baxışını romantik olaraq xarakterizə etmək – ki, mənə tamamilə ağlabatan görünür – bu baxışın “solçu” və anarxist meyilli bir romantik sosializmdən ilhamlanmış ola biləcəyi gözardı edilə bilməz. Bütün romantiklərdə olduğu kimi Kafkanın müasir mədəniyyət tənqidi də keçmişə həsrətin izlərini daşıyır, onun gözündə bu keçmiş Şərqi Avropadakı Yəhudi cəmiyyətlərinin İdiş mədəniyyəti vasiləsilə təmsil edilir. Aforizmlərinin birində bu mühakiməyə rastlayırıq: “İrəliləməyə inanmaq, bir irəliləmənin daha öncə meydana gəldiyinə inanmaq demək deyil. Bu bir inanc ola bilməz.” Bununla belə, bu qənaət , mürtəce romantiklərdə olduğu kimi, keçmişə yönəlik təkliflərə aparmır. Bir başqa aforizmdə isə daha çox inqilabçı yöndən yanaşır: “Daha öncə baş vermiş hər şeyi mənasız olaraq göstərən inqilabçı, spiritual hərəkatlar haqlıdır, çünki hələ də heç bir şey olmamışdır”.26

Haqqında danışılan dörd şahidin Kafkanın anarxist fikirlərə marağı  barədə iddia etdikləri fərziyyə, Kafkanın şəxsi yazılarındakı saysız referanslarla təsdiqlənmiş olduğuna görə etibarlıdır. Məsələn, 1917-ci ilin Noyabrında Maks Broda yazdığı bir məktubunda Freydçi anarxist Otto Qrossun təklif etdiyi bir jurnal layihəsinə duyduğu həyəcanı təsvir edər.27  Xüsusilə də gündəliyində bu aydın əmr vardır: “Kropotkini unutma!”28

Bu nidanın nəyə işarə etdiyini bilmək, əlbəttə mümkünsüzdür, ancaq ən azından sözügedən Kropotkin əsərinin hansı olduğunu təyin edə bilərik. Böyük ehtimalla bu – gündəliyin redaktorlarının fikrincə – “Bir İnqilabçının Xatirələri”nin almanca buraxılışıdır. Broda görə, Kafkanın ən bəyəndiyi kitablardan biri məhz bu idi. Kafka inqilabçı və anarxo-kommunist olmuş Kropotkinin həyatı ilə nəyə görə bu qədər maraqlanmaqdadır? “Hər cür idarənin yox edilməsi”-ni arzulayan anarxist bir mütəfəkkirin köçəri və kosmopolit həyatının həyəcanverici macəraları, mübarizələri, həbs olunma və həbsdən qaçışları, öz təbəqəsiylə əlaqələrini kəsərək öz taleyini əzilənlərin talesiylə birləşdirmiş bu insanın cəsarəti və qərarlılığından savayı, bu xatirələrdə Kafkanı xüsusən cəzb edən nə ola bilər? Kafkanın şəxsi narahatlıqlarından yola çıxaraq bir fərziyyə yürütmək riskinə girəcəyəm: Kropotkinin kitabının güclü mövzularından biri, quldarlığın müdafiəçisi olan “ataların despotizmi”nə qarşı oğulların mübarizəsidir. Gənc Kropotkinin özü də ata avtoritarizmi altında çox əzilmişdir, ailə rəisinin qəddarlığına və kaprizlərinə məruz qalmış xidmətçi və qullara xoş münasibət bəsləyirdi. Beləliklə o – Kafkanın “Ataya Məktub”undan bir ifadəni sitat gətirsək – “qulların tərəfi”ni tutar və görkəmli bir şəkildə and içər: “Mən onun kimi olmayacağam!”29

Kropotkinin fikrincə, zəngin təbəqələrə məxsus gənclərin – ata despotizmindən və “qadınların və uşaqların ikiüzlü itaətindən” ibarət olan – “ev içi əsarətə” üsyanı, onların mövcud vəziyyəti tənqid etməyə və “nihilist” olmağa, yəni çar avtokratiyasının və köləliyin andlı düşməninə çevrilməsinə səbəb oldu. Demək olar ki, bütün varlı ailələrdə “atalar ilə öz həyatlarına, məqsədlərinə sahib çıxma haqqını müdafiə edən övladları arasında” amansız bir mübarizə vardır.30  Məncə, Birinci İnternasionalda (Beynəlxalq İşçilər Birliyi) federalistlər ilə mərkəziyyətçilər arasındakı mübarizələrin detallarından ya da Jura saatçılarının sindikatlı fəaliyyətlərindən başqa, “ev daxili tiranlığ”a qarşı üsyan ilə dövlətə qarşı olan üsyan arasındakı bu əlaqə praqalı yazıçını maraqlandırmış olmalıdır.

Eyni nəqarət, Broda görə, Kafkanın bir digər sevilmi kitabında da vardır: Gündəlikdə dəfələrlə anılan Aleksandr Qertsenin xatirələri. On doqquzuncu əsrin bu böyük mütəfəkkiri yarı-anarxist sosialist olaraq qəbul edilir. Xüsusilə gəncliyində Prudon və Bakunin ilə yaxın olmuşdur. Xatirələrində Bakuninə heyranlığını bildirən bir bölüm də ayırmışdır.31  Burada da üsyankar oğul ilə ata tiranlığının  toqquşmasının önəmi qeyd olunmuşdur. Qertsenin xatirələrindəki müəyyən hissələr, haradasa kəliməsi-kəliməsinə “Ataya Məktub”un bəzi bölümlərini xatırlatmaqdadır: “Rişxənd, ironiya, xor görmə, soyuq və sarkazm dolu – budur, atamın bizə (oğullarına) və xidmətçilərinə qarşı usta bir sənətkar kimi istifadə etdiyi silahlar. Mən həbs olunana qədər atama yad idim və ona qarşı üsyan edərək xidmətçilərinə yanaşdım”. Sözün əsl mənasında bir anarxist olmayan Qertsen, “rasional şüur ilə əxlaqi müstəqillik bir dövlət həyatı ilə uyğunlaşa bilərmi?” sualının izində idi.32

Kafkanın diqqətini çəkən bir başqa anarxist yazıçı Alman Yəhudi sosialisti Artur Xoliçerdi. “Bugün və Sabah Amerika” adlı əsəri Kafkanın “Amerika”sının əsas qaynaqlarından biriydi. Şimali Amerika səyahətinin təəssüratlarını qələmə alan yazıçı “Dünya Sənaye İşçiləri”ndəki (Industrial Workers of the World) anarxo-sindikalistlərə, Uilyam Xeyvud və Emma Qoldmana qarşı olan rəğbətini gizlətmir.33  Xoliçer avtobioqrafiyasını 1924-cü ildə “Bir Üsyankarın Həyat Tarixi” adı altında çap etdirmişdir. Kafka isə, məktublarından anlaşıldığı qədər, bunu 1924-cü ilin Martında oxuyacaqdır. Bu əsərdə Xoliçer, ədəbi fəaliyyətinə qarşı olan burjua valideynlərinə qarşı üsyanını, öncə sosializmə sonra isə anarxizmə olan marağını açıqlayır.34

Əlbəttə, Kafkanın marağı sadəcə anarxist yazıçıların avtobioqrafiyalarına deyildi. Başqa yollarla da maraqlanırdı, xüsusən həyatlarını qadınların azad olma mübarizəsinə həsr etmiş sosialist qadınların xatirələriylə. Məsələn, Lili Braun – onun üzərinə yenidən qayıdacam – və  Maldiva Meyzenburq. Qaribaldi ilə Mazzininin dostu olan, Aleksandr Qertsenin uşaqlarının mürəbbiəsi, sosializmə yaxın olan bu inqilabçı demokrat, Londona sığınmış olan 1848-ci ilin keçmiş üsyançısı, “şəxsi inancların ardınca gedə bilmək” və qadın haqqları uğrunda mübarizəsini davam etdirə bilmək üçün “ailə avtoritetindən xilas olma”ğa həyatının erkən yaşlarından qərar vermişdir.35

Kafkanın anarxistlərə dair oxumalarını Gündəlikdə iki dəfə adı keçən yazardan söz açaraq bitirək: Praqadakı anarxist çevrələrin aktiv iştirakçısı çex şair və yazıçı Franya Şramek.36  Kafkanın kitabxanasında “Alovlar” kitabının bir nüsxəsi vardır. Şramekin anarxist və antimilitarist ruhlu bu hekayələr yığması çex dilindən alman dilinə dostu Otto Pik tərəfindən tərcümə edilmiş və Herman Bar tərəfindən təqdim olunmuşdur. Bar, yazıçını inqilabçı sindikalist və Corc Sorelin tələbəsi kimi göstərir.37

“Kropotkini unutma”yan Kafka 1913-cü ildən etibarən praqalı anarxistlərin fəaliyyətlərində iştirakını dayandırdı, lakin rəğbətini qoruyub saxladı (ən azından Yanouxun qeydlərində belə deyilirdi). Kafkanın diqqəti gedərək daha çox yəhudiliyə və – müəyyən ölçülər çərçivəsində –  siyonizmə yönəlir. Onu siyonizmə çəkən ünsürlərdən biri, Fələstində yəhudi öncüllərinin (halutizm) qurduğu kənd cəmiyyətlərinin icması: Kibbutizmdir. Dora Dimanta görə, “hər fürsət tapdığında, qarşılaşdığı insanlara Fələstin mövzusunda suallar verirdi. Xüsusilə halutz hərəkatıyla maraqlanırdı”.  Yanoux bu etirafı Kafkaya aid edir: “Kənd təsərrüfatı işçisi ya da sənətkar olaraq Fələstinə getməyi xəyal edirəm”.38  Bu marağı əvvəlki əlaqələri ilə də ziddiyyət təşkil etmir, çünki kibbutzim hərəkatının böyük hissəsi – əsrin əvvəlindən Marksist anlayışların daha təsirli olduğu 1920-ci illərin ortalarınadək – Kropotkin, Qustav Landauer, Martin Buberin anarxist fikirlərindən təsirlənmişdir. Anarxist tarixçi Jan Mark İzrinə görə, “iyirminci əsrin əvvəlində humanist tezislər və Kropotkinin anarxo-kommunist doktrinası kibbutzim hərəkatının rəhbərlərini cəzb etmişdi. İlk kvutzotlar bunları tətbiq etdilər. Bakunin və Kropotkinə istinad edən antiavtoritar meyilli bu hərəkat, kibbutzimin idarə strukturuna təsir etdi”.39

Kibbutza olan bu marağı Kafkanın, şiddətli individualizminə rəğmən, kollektiv fəaliyyətlərə heç də düşmən olmadığını göstərir. “Əməkçilər şurası” tərəfindən idarə olunması, şəxsi mülkiyyətin olmaması ilə Fələstindəki yəhudi icmaları modelinə olduqca yaxın görünən “Mülkiyyətsiz Əməkçi Cəmiyyəti” (1918) adlı qəribə sənəd üçün də eyni vəziyyət keçərlidir. Bir çox müşahidəçi bu proyektdə həm Kafkanın siyonist dostlarının jurnalı olan “Selbstwehr”in yaratdığı “Yəhudi kənd təsərrüfatı işçisi” idealının, həm də Tolstoydan Kropotkinədək uzanan anarxistlərin mülkiyyət əleyhinə olan kollektivizminin varlığını təyin etmişdir. Hartmut Binder, Kafkanın xəyali proyekti ilə siyonist rəhbər A. D. Qordonun fikirləri arasındakı bənzərliyə diqqət çəkir. Hətta, gətirdiyi bəzi şahidliklərə görə, Kafka Qordona 1920-ci ildə Praqadakı “Hapoel Hatzair” sosialist siyonist hərəkat konqresində rast gəldiyi güman edilir. Bunun belə, məncə, Binder Kafkanın proyektinin sosialist yönünü inkar etməyə çalışarkən, onu sadəcə “yəhudi milliyyətçiliyindən ilhamlanan professional bir çevrilmə”nin ifadəsi olaraq göstərərkən yanılmaqdadır. Bunu qədərini bilmək lazımdır ki, ümumbəşər və dini identifikasiyası olmayan bir kollektivliyin yaranmasını təklif edən bu sənəddə “yəhudi” kəliməsi yer almır. Əslində, bu “Mülkiyyətsiz Əməkçi Cəmiyyəti” proyektinin, ehtimal ki, buna ilham qaynağı olan yəhudi kontekstini aşan ümumbəşər bir cəhəti vardır. Hətta Andre Breton belə heyran qalmışdır. Breton, 1948-ci ildə İnqilabçı Demokratik İclasında etdiyi çıxışda bu proyekti intellektual fəaliyyətlər çərçivəsində izlənməsi gərəkən bir nümunə olaraq göstərirdi.40  Bununla belə, sözügedən yeni bir cəmiyyətə dair utopik bir proyekt deyildir – dövlət də, sərmayə də mövcuddur – , mövcud cəmiyyətin tərkibində kollektivist bir ictimai təcrübədir bu.

Kafkanın anarxistlərə olan marağının işarələrini axtararkən, onun yazılarına praqalı anarxistlərin – ya da Kropotkinin –  “təsiri”ni isbatlamaq çabasında deyiləm. Əksinə, öz təcrübələrinə və antiavtoritar meyillərinə əsaslanaraq, bir neçə il müddətində bu çevrələrlə əlaqədə olmağı seçən məhz özü olmuşdur. Həqiqətən də, anarxist meyillərini ədəbi əsərlərində ifadə etmiş olduğuna inanmaq son dərəcə səhv olar. Anarxist meyilləri ilə ədəbi əsərləri arasında bir cür “yaxınlıq” varsa əgər, bunun səbəbi hər ikisinin də onun xarakterinin təməl xüsusiyyətinə işarə etməsidir. Bu xüsusiyyət, 1916-cı il, Dekabrın 19-unda nişanlısı Felice Bauerə yazdığı məktubda özünü amansız bir şəkildə bəlli edər: “…Ümumiyyətlə, müstəqilliyini itirmiş biri olan mən, istiqlaliyyətə, müstəqilliyə, hər yöndəki azadlığa sonsuz bir aclıq hiss edirəm. Məhz özümün yaratmadığı hər əlaqə, dəyərsizdir, irəliləməmi əngəlləyir, bu bağlardan nifrət edirəm, ya da nifrətə olduqca yaxın bir şey hiss edirəm”.41  Hər yöndə sonsuz bir müstəqillik aclığı: Kafkanın həyatını olduğu qədər əsərlərini də –  xüsusilə 1912-ci ildən başlayan dövrü – qət edən və onların tragedik yarımçıqlıqlarına rəğmən fövqəladə dirəniş göstərən dəlil bundan daha yaxşı tərif edilə bilməz.

Bu anarxist əxlaqi dəyər Kafkanın ən mühün ədəbi mətnlərində mövcud olan fərqli vəziyyətlərlə ifadə edilir, amma xüsusən asılılığın beyindən çıxmayan və narahatedici tərəfinin – avtoritet –  təmsil edildiyi tənqidedici tərzdə ifadə edilir. Andre Bretonun çox gözəl ifadə etdiyi kimi: “Heç bir əsər düşünən insana hökmranlıq etməyə çalışan qanuna qarşı bu qədər yaxşı mübarizə aparmır.”42

Bununla belə, anarxist utopiya heç bir yerdə onun roman və hekayələrində olduğu kimi ortaya çıxmamışdır: Anarxist utopiya mənfi olaraq mövcuddur; azadlıqdan tamamilə məhrum, hər şeyə qadir olan bir “mexanizm”in cəfəng və ixtiyari məntiqinə tabe olmuş bir dünyanın tənqididir. Franz Baumerin bildirdiyi kimi, “Kafkanın obrazlarını hərəkətə keçirən şey azaqlıq istəyi, düşüncəsinin və əsərinin inqilabçı xarakteridir; daim sözügedən mütləq bir azadlıqdır”.43  Bir daha bildirim ki, sözügedən hər hansı bir siyasi doktrina deyil, bir ruh halı və tənqidi xarakterdir ki, – bunun da əsas silahı ironiya və yumordur.44

Qısası, Kafkanın praqalı anarxist çevrələrlə əlaqələrini bir tərəfə buraxsaq da, mətnlərin diqqətli oxunmasıyla əsərlərinin dağıdıcı və anarxist effektini çox yaxşı duya bilərik. Bioqrafik sənədlər, ədəbi yazılarının “daxili” analizinin ortaya çıxardığı şeyləri təsdiqləyir.

 

 

[1] Lucien Goldmann, “Matérialisme dialectique et histoire de la littérature”, in Recherches dialectiques, Paris, Gallimard, 1959, s. 45-46.

2  Hugo Bergmann, “Erinnerungen an Franz Kafka”, in Franz Kafka Exhibition (Katalog), Kudüs, The Jewish National and University Library, 1969, s. 8.

3 Franz Kafka, Lettres à Milena, Paris, Galimard, 1988, tərcüməçi Alexandre Vialatte, s. 212
4 Franz Kafka, Lettres à Milena, a.g.e., s. 229. Almanca mətn Briefe an Milena inde, s. 257.
5 Bertrand Russell, “Impressions of Bolshevik Russia”, The Nation, Londra, 10 İyul 1920, s. 462.
6 Gustav Janouch, Conversations avec Kafka, Paris, Maurice Nadeau, 1978, s. 157
7 Max Brod, Franz Kafka, Paris, Gallimard, 1945, s. 135-136.
8 Michal Mares, “Setkani s Franzem Kafkou”, Literarni Noviny, 15, 1946, s. 85 və davamı. Fransızca tərcümə: Michal Mares, “Kafka et les anarchistes”, in Hans-Gerd Koch, J’ai connu Kafka. Témoignages, Paris, Solin, 1998, s. 102-105; və Michal Mares, “Comment j’ai connu Franz Kafka”, in Klaus Wagenbach, Franz Kafka. Années de jeunesse (1883-1912), a.g.e., s. 252-260.
9 Michal Mares, “Comment j’ai connu Franz Kafka”, a.g.e., s. 252-260.
10 Gustav Janouch, Conversations avec Kafka, a.g.e, s. 112-113.
11 Gustav Janouch, Kafka m’a dit, Paris, Calmann-Lévy, 1952, s. 141.
12 Gustav Janouch, Conversations avec Kafka, a.g.e., s. 18-119.
13 Gustav Janouch, Kafka und seine Welt, Viyana, Hans Deutsch Verlag, 1965, s. 102-104
14 Leopold Kreitner, “Kafka as Young Man”, Connecticut Reviexw, no 2, 1970, s. 28-32.
15 Klaus Wagenbach, Franz Kafka. Années de jeunesse, ag..e., s. 213; və Franz Kafka, in Selbstzeugnissen (1964), s. 70; Max Brod, Streitbares Leben 1884-1968, Münih, F. A. Herbig, 1969, s. 170 və Über Kafka, Frankfort, Fisher Bücherei, s. 190.
16 Eduard Goldstücker, “Über Franz Kafka aus der Prager Perspektive 1963”, in Goldstücker, Kautman, Reimann (edit.), Franz Kafka aus Prager Sicht, Prag, 1965, s. 40-45.
17 Hartmut Binder, Kafka-Handbuch, Band 1. Der Mensch und seine Zeit, Stuttgart, Alfred Kröner, 1979, s. 361-362.
18 Hartmut Binder, Kafka-Handbuch 1, a.g.e., s. 364. Bkz. Kafka, Lettres à Milena, a.g.e., s. 270.
19 Franz Kafka, Lettres à Milena, a.g.e., s. 270.
20 Michal Mares, in Klaus Wagenbach, Franz Kafka. Années de jeunesse, a.g.e., s. 254; Hartmut Binder, Kafka Handbuch 1, a.g.e., s. 363-364; Franz Kafka, Briefe an Milena, a.g.e., 1983, redaktorun qeydi, s. 336.
21 Hartmut Binder, Kafka Handbuch 1, a.g.e., s. 365.
22 Ernst Pawel, Franz Kafka ou le cauchemar de la raison, Paris, Seuil, 1988, s. 162.
23 A.g.e., s. 162.
24 A.g.e., s. 162-163.
25 Richie Robertson, Kafka. Judaism, Politics and Literature, Oxford, Clarendon Pres, 1985, s. 140-141
26 Franz Kafka, Nachgelassene Schriften und Fragmente, Frankfurt, 1992, Bd. 2, s. 114-123.
27 Franz Kafka, Briefe 1902-1924, a.g.e., s. 196
28 Franz Kafka, Journal, Paris, Grasset, 1954, s. 292.
29 Piotr Kropotkine, Mémoires d’un révolutionnaire, Paris, éditions Scala, 1989, s. 52.
30 A.g.e., s. 305-309.
31 Isaiah Berlin, “Introduction”, My Past and Thoughts. The Memoirs of Alexander Herzen, New York, A. Knopf, 1973, s. XXV və XXXVI.
32 Alexandre Herzen, a.g.e., s. 69, s. 501.
33 Arthur Holitscher, Amerika heute und morgen, Frankfurt, Fisher Verlag, 1912, s. 376-381.
34 Arthur Holitscher, Lebensgeschite eines Rebellen. Meine Erinnerungen, Frankfurt, Fischer Verlag, 1924. Bkz. Franz Kafka, Briefe 1902-1924, a.g.e., s. 478.
35 Malwida von Meyseburg, Memoiren einer Idealistin, Berlin, Schuster & Loeff, 1904, c. 1, s. 185.
36 Kafka, Tagebücher, Frankfurt, Fischer, 1992, s. 915-923.
37 Frana Sramek, Flammen, Leipzig, Ernst Rowohlt Verlag, 1913.
38 Felix Weltsch, “The Rise and Fall of the Jewish-German Symkbiosis: The case of Franz Kafka”, Year Book of the Leo Baeck Institute, Londra, c. I, 1956, s. 275; və Gustav Janouch, Conversations avec Kafka, a.g.e., s. 17.
39 Jean-Marc Izrine, “Libertaire en Israël”, Débattre, İlkbahar 2003, s. 9-10.
40 Franz Kafka, Préparatifs de noce à la campagne, Paris, Gallimard, 1957, s. 111-112. Bxn. Hartmut Binder, Kafka-Handbuch 1, a.g.e., s. 506-507 və André Breton, “Ce grain de merveilleux dans l’aventure”, Œuvres complètes, Paris, Gallimard, “La Pléiade”, 1999, c. III, s. 984.
41 Franz Kafka, Lettres à Felice, in Œuvres complètes, Paris, Gallimard, “La Pléiade”, (éd. Claude David), 1989, c. IV, s. 790
42 André Breton, Anthologie de l’humour noir, Paris, Éditions du Sagittaire, 1950, s. 264
43 Franz Kafka, Sieben Prosastücke, Ausgewählt und interpretiert von Franz Baumer, Münih, Kösel Verlag, 1965, s. 92.
44 André Breton, “Paratonnerre”, Anthropologie de l’humour noir, a.g.e., s. 11.

Tərcümə: Taedium Vitae
Mənbə: Michael Löwy – Boyun Əyməyən Xəyalpərəst

Advertisements