1415678681870Mütləq bəyanat.

İnsan tanrını əxlaq cəhətdən ifşa etdiyi an, onu öz içində öldürmüş olur. Bəs o zaman əxlaq nəyə əsaslanır? Tanrını ədalət naminə inkar edirlər, bəs ədalət anlayışını tanrı ideyasından kənarda anlamaq mümkündürmü? Bu zaman biz absurd vəziyyətdə qalmırıqmı? Bu, Nitsşenin üzləşdiyi absurdluqdur. Bunun öhdəsindən gəlmək üçün Nitsşe, bu absurdluğu son həddə çatdırır : əxlaq tanrının sonuncu simasıdır, onu yenidən qurmaq üçün dağıtmaq lazımdır. Bu halda tanrı yoxdur  və  o, artıq varlığın qarantı deyil ; insan var olmaq üçün hərəkət etməyə qərar verməlidir.

Yeganə olan.

Daha öncə Ştirner tanrının özü, sonra tanrı barədə istənilən fikri insan şüurundan silmək istəmişdi. Lakin Nitsşenin əksi olaraq Ştirnerin nihilizmi[1] özündənrazı nihilizm idi. Ştirner dalana dirəndikdə gülür, Nitsşe divara sarı cumur. 1845-ci il “Tək və məxsusluğ”unun yayınlandığı ildən Ştirner yolu təmizləmək qərarı verir. Marksın da aid olduğu gənc solçu və heqelçilərlə “azadlar” dairəsinə daxil olan insanın, təkcə tanrı ilə deyil, həm də “Feyerbax insanı”[2], “Heqel ruhu”[3] və onun tarixi təcəssümü olan dövlətlə görüləsi hesabları var idi. Ştirnerə görə bu bütlərin hamısı “monqolluq”dan, əbədi ideyaya inamdan qaynaqlanır. Təəcüblü deyil ki, o yazır : “Heç – bax bunun üzərində mən öz işimi qurdum”. Əlbəttə ki, günah “monqol əzabı”dı, ancaq qul olan bizlər üçün qanunnamə budur. Tanrı düşməndir. Öz kafirliyində Ştirner bütün sərhədləri keçir. Lakin tanrı yadlaşmış “mən”imin, daha dəqiqi, mənim nə olduğumun formalarından yalnız biridir. Sokrat, İsa, Dekart, Heqel, bütün peyğəmbər və filosofların gördükləri iş elə həmin “mən”i – o “məni”i ki, Ştirner daim Fixtenin[4] mütləq “mən”indən fərqləndirir – yadlaşdırmağın yeni üsullarını yaratmaq olmuşdur. “Ona veriləsi ad yoxdur”, o yeganədir. Ştirner üçün İsanın dünyaya gəlməsində qədərki bütün tarix reallığı ideallaşdırmağın çox əsrlik cəhdidir. Bu səylər qədim insanlara xas təmizlik ritual və ideyalarında əksini tapır. İsanın gəlişi ilə məqsədə çatıldı və əksinə, idealların reallaşdırılmasına yönələn yeni cəhdlər meydana çıxmış oldu. Təmizliyin ardından dünyanı pərişan qoyan təcəssümə ehtiras gəlir, o dərəcədə ki, Məsihin varisi sosializm öz gücünü genişləndirir. Universal olan, “mən”in olduğu unikal başlanğıc tarixi, canlının əvvəli, konkret, Tanrı, dövlət, cəmiyyət, insanlıq kimi bir-birini əvəz edən mücərrəd boyunduruqları fəth edən çoxəsrlik pozuntudan başqa bir şey deyildir. Ştirnerə görə filantropiya[5] mistifikasiyadır. Zirvəsi dövlət və insan kultu olan  ateist fəlsəfə təlimi  özündə “teoliji qiyam” səciyyəsi daşıyır. “Bizim ateistlər”, – Ştirner iddia edir – , “həqiqətdə dindar adamlardırlar”. Faktiki olaraq, bütün tarix boyu yalnız bir kult – əbədilik kultu mövcud olmuşdur.
Ştirnerdən başlayaraq inkar, heyranedici qiyam bütün bəyanatları dəfn edir. Bu, əxlaqi şüurun tıxanmış olduğu ilahi surroqatları kənara tullayır. “Bizdən kənar axirət məhv edilib”,-Ştirner bəyan edir,-“lakin bizim içimizdəki axirət yeni səmamız olub”. Hətta inqilab, elə ilk növbədə inqilab, bu qiyama nifrət bəsləyir. İnqilabçı olmaq üçün, əlavə olaraq, heç bir şeyə inanılmayan yerdə nəyəsə inanmaq da lazımdır. “Fransız inqilabından sonra reaksiya meydana gəldi, inqilabın məhz nədə olduğu aydınlaşdı”.  İtaətkarlıq insanlığa, tanrıya etdiyindən daha yaxşı xidmət etmir. Nəticədə, qardaşlıq “kommunistlərdə yalnız bazar günləri olur”. Həftənin digər günləri qardaşlar köləyə çevrilirlər. Ştirner üçün yalnız bir azadlıq – “mənim gücüm” və yalnız bir həqiqət  – “ulduzun parlayan eqoizmi” – vardır.
Bu səhrada hər yer yenidən çiçəklənəcək. “Fikir və inamların uzun gecəsi davam etdikcə, sevincin mənasız bağırtısının ulu mənasını anlamaq olmur”. Bu gecə sona yaxınlaşır, bir azdan sübh açılacaq, ancaq sübh inqilab deyil, üsyandır. Üsyan özlüyündə istənilən komfortu rədd edən askezadır[6]. Qiyamçı digərləri ilə o dərəcədə və o vaxtda həmrəy olacaq ki, birinin eqoizmi digərinin eqoizmi ilə uyğun gəlsin. Onun gerçək həyatı – mövcudluq , yeganə sahib olduğu mövcudluq yanğısını müqavimətsiz söndürdüyü tənhalıqdır. Beləliklə, individuallıq öz zirvəsinə çatmış olur. O, şəxsiyyəti rədd edən hər şeyin inkarı və şəxsiyyətə xidmət edib onu ucaldan hər şeyin təsbihidir. Fayda Ştirnerə görə nədir? “Mənim yararlana biləcəyim” yoxsa “mənə haqqla halal olan”? “Mənim qabil olduğum hər şey”. Qiyam yenidən cinayətin bəraətinə gətirib çıxarır. Ştirner nəinki, bu cür bəraətə cəhd etdi (bu mənada anarxiyanın terroristik formalarına etiqad edən bütün kəslər Ştirnerin davamçılarıdırlar) üstəlik qarşısında açılan perspektivlərdən sərxoş hala düşdü.
Müqəddəslərdən qopma, ya da, daha dəqiqi, müqəddəsliyin dağıdılması ümumi xarakter ala bilər. Yeni inqilab əvəzinə qüdrətli, amansız, həyabilməz, ani, təkəbbürlü, cinayət yaxınlaşır. Sən məgər onu uzaq ildırımların əks-sədasında eşitmir, əndişədən ağırlaşmış səmanın necə susub, qaşlarını çatdığını görmürsənmi? Burada çardaqlarda apokalipsis hazırlayanların zülmət sevinci hiss olunur. Heç bir şey bu acı və amiranə məntiqin inkişafının qarşısını ala bilməz, bütün abstraksiyalara qarşı çıxıb, köklərini doğrayaraq özü də ifadəolunmaz şəklə gələn “mən”dən başqa heç bir şey. Yoxdur artıq nə cinayət, nə də günah, bu səbəbdən də yoxdur artıq günahkarlar. Biz hamımız mükəmməlik. Belə ki, hər “mən”, misal üçün, dövlət və xalqla münasibətdə günahkardır. Etiraf etmək yerinə düşər ki, yaşamaq – sərhədləri keçmək deməkdir. İstənilən halda, yeganə olmaq naminə cinayətə yol verirsənsə…”Siz cinayətkar kimi çox da əhəmiyyətli deyilsiniz, heç nəyi ləkələməyən siz”. Vicdanını tam itirməyərək Ştirner yenə də dəqiqləşdirir : “Öldür, ancaq işgəncə vermə”.
Lakin qətl hüququna sərəncam vermək, bütün Yeganələrin səfərbərlik və savaşını elan etmək deməkdir. Beləcə, qətl, bir növ kollektiv intihara uyğun gəlir. Bununla belə, bütün bunları görməyən və qəbul etməyən Ştirner heç bir dağılmanın qarşısında geri çəkilmir. Üsyançı ruh özünün ən acı təsəllilərindən birini, nəhayət ki, xaosda tapır. “Səni (alman xalqı) basdıracaqlar. Tezliklə sənin qardaşların, digər xalqlar arxanca gələcəklər. Onlar hamısı çıxıb getdikdən sonra insanlıq dəfn olunacaq və onun qəbirində mən, onun varisi, axır ki, şaqqanaq çəkib güləcəm”. Beləliklə, dünyanın xarabalıqları üzərində şahlıq edən şəxsiyyətin acı gülüşü üsyankar ruhun yekun qələbəsinin bünövrəsini quracaq. Bu həddə ancaq ölüm və ya dirçəliş mümkündür. Ştirner və onunla birgə bütün üsyançı-nihilistlər düşüncəsiz dağıntıdan nəşələnərək son sərhədə çatmağa can atırlar. Ancaq səhraya düşərək, səhrada sağ qalmağı öyrənmək də lazımdır. Və Nitsşe özünün usandırıcı axtarışlarına başlayır.

 

[1] Nihilizm – Ümumi qəbul edilmiş dəyərləri, idealları, mənəvi normaları şübhə altına alan dünyagörüşü.

[2] Lüdvik Feyerbax – Alman filosof, materialist, kommunist. Akademik fəaliyyəti dövründə Karl Marks onun mühazirələrini dinləmişdir.

[3] Fridrix Heqel – Alman klassik fəlsəfəsinin yaradıcılarından biri.

[4] İoxan Qotlib Fixte – Alman filosofu, subyektiv idealizmin nümayəndəsi. Fixtenin Kant və Heqel fəlsəfələrinin arasında körpü rolunu oynadığı qəbul edilmişdir.

[5] Fliantropiya – xeyriyyəçilik.

[6] Askeza (asketizm) – Şüurlu şəkildə həzz və dəbdəbədən özünü məhrumetmə, fədakarlıq, özünə işgəncə kimi çətin əhdlərin yerinə yetirilməsiylə müşayiət olunan həyat tərzi.

Mənbə: Albert Camus // Başkaldıran İnsan
Tərcüməçi: Turan Qasımov

Advertisements