sacrificİnsanlıq tarixinin ən qədim mövzularından olan və təsirini hələ də davam etdirən qurban mövzusu Platondan bu yana müzakirə edilmiş, fəqət  psixoanaliz bucağından yanaşmalar məhdud olmuşdur. Animizm[1] və totemizmlə əlaqələndirilən bu anlayış qarmaqarışıqlığını qoruyub saxlamaqdadır. Qurban üzərinə tərtib edilən bu yazı da mövzuya giriş xarakteri daşımaqla bərabər, antik dövrlərdən bu günümüzə qurbanın təyin etmələri, növləri və müxtəlif araşdırmaçıların dəyərləndirmələri haqqından qısa məlumat daşımaq və eyni zamanda, mövzuya marağı olanları lazımi qaynaqlara yönləndirməkdən ibarətdir.

“Qurban” sözünün kökü ərəbcədən gəlir. Ərəbcəsi də Sami dillərdən olan Akadçadakı “qarabu” –  “yaxınlaşmaq, yaxınlıq qurmaq” və “karabu” –  “dua etmək” sözlərinə söykənir. Hər iki felin mənası  “qurban” kəliməsini “tanrıyla yaxınlıq qurmaq üçün edilən dua növü” olaraq düşündüyümüz zaman qurban etmək məntiqiylə uyğunluq təşkil edir. Burada qurban duaların əllə tutula bilən ərmağanlarla gücləndirilməsidir. Müasir qərb dillərində “qurban”  bu sözlərlə ifadə edilmişdir : Fransızca və İngiliscə “sacrifice”, İspan və İtalyanca “sacrificio”, Almanca “opfer”, Holland dilində “slachtoffer”, İsveç və danimarka dillərində “offer”, Polşa dilində “ofiara”. “Sacrifice” Latınca “sacer” – “müqəddəs”  və “facere” – “etmək” sözlərinin birləşməsi ilə yaranan “sacrificium” sözü ilə əlaqəlidir. Alman və Skandinav dillərində “qurban” mənasını verən “opfer” və ya “offer” kəlmələri isə İngiliscə “offer” – “təqdim etmək” sözü ilə ortaq etimologiyaya dayanır və burada bəhs etdiyimiz “təqdim etmək” müqəddəs bir anlam daşımaqdadır. (F.Sevinç , Hititlərdə Ölülər və Yeraltı Tanrılara Təqdim Edilən Qurbanlar, Yayınlanmamış Doktorluq Dissertasiyası, 2007 : səhifə 12)

Qurban sözü dilimizdə dinin əmrini yerinə yetirmək üçün kəsilən heyvan, bir məqsəd uğruna fəda edilən və ya özünü fəda edən kimsə, bir xitab sözü kimi mənalarda qarşımıza çıxır. Qurban, Paleolit erasından bu yana, fövqəltəbii güclərə yarınmaq, onlardan gələcək şər-xətadan yayınmağı istəmək və çin olmuş istəklər üçün təşəkkür naminə yerinə yetirilən dini mərasim və ya əhdi gerçəkləşdirmək üçün kəsilən insan ya da heyvan olaraq təyin edilir. (O.Hançerlioğlu, İnanc Lüğəti, İstanbul, 1975)

Qurban növlərini antik Yunanıstanda ilk dəfə Teofrast[2] təsnifatlaşdırmşdır. Tərif, minnətdarlıq, arzu və ölülərin ruhuna təqdim edilən dörd qurban növü olduğunu ifadə etmişdir. (G.Erginer, Qurban, Qurbanın Kökləri  və Anadoluda Qanlı Qurban Ritualları, Yapı Kredi Yayınları, 1997)

Qədim sivilizasiyalarda çörək, heyvan, bitki qurbanı ilə yanaşı insan qurbanına da yol verilirdi. Misirdə Nil çayının şərəfinə insan qurbanı, habelə Astek, Maya və İnkalarda da insanın qurban gətirildiyini bilirik. (A.Almutak, Qədim Sivilizasiyalarda Qurban Edilən Heyvanlar Haqqında Araşdırma)Codex_Magliabechiano_141_cropped

Müasir qərb antropoloqları içərisində qurban mövzusuna ilk diqqəti çəkən və şərh verə şəxs Eduard Bernett Teylor, qurbanı “insanın öz istəyinin qarşılıq görməsi üçün müqəddəs hesab etdiyi ünsürlə bağ qurması cəhdi” kimi dəyərləndirmişdir. E.B.Teylor elmi araşdırmanın yolunu açmışdır. (E.B.Teylor, İbtidai Mədəniyyət: Mifologiya, Fəlsəfə, Din, Dil, İncəsənət və Adətlərin İnkişafına Dair Araşdırmalar 2, Nyu-York 1924)

Herbert Spenser də, demək olar ki, eyni düşüncədədir. H.Spenser qurbanın köklərinin ölü məzarlarına, yəni ata ruhlarına yemək, içmək qoymaq adətinə əsaslandığını irəli sürür. Ölülərin ruhu bu şəkildə məmnun edilməzsə, onların ruhu geri qayıdıb müxtəlif fəlakətlərə səbəb ola bilərdi. Nəticədə, ölü üçün təzə yemək və içmək təqdim etmək zamanla qurbana, ölü üçün qaldırılan cənazə mərasimi isə ayin və adətlərə çevrilmişdir. (H.Spenser, Sosiologiyanın Prinsipləri, Nyu-York 1898)

Uilyam Robertson Smittin nəzəriyyəsinə əsasən, qurban, hətta dinin özü totemizmdən yaranmışdır. Smittə görə totemizm yerini sistemli dinlərə verməyə başladığı anda belə qurban mərasimi müqəddəsliyini qoruyub saxlaya bilmiş, qurban əti kütlənin paylaşdığı müqəddəs nəsnədən tanrıyla paylaşılan nəsnəyə çevrilmişdir. Qurban hər zaman üçün ziyafətin və ya mərasimin vacib bir hissəsi halına gəlmişdir. Qurbanın olmadığı bir ziyafət təsəvvür oluna bilməz. Çünki, yemək ətsiz ötüşməz. Yemək bir birliyə çağırış, qurban isə bu birliyə tanrını da dəvət etməkdir. Özüylə qohumluq bağları olduğu düşünülən heyvan və ya bitgi toteminin tanrı ilə eyniləşdirildiyini və zaman keçdikcə tanrının totemçi cəmiyyət üçün qohumluq bağlarını gücləndirən qurban halına gəldiyini irəli sürür Smitt. Totemin əti müəyyən olunmuş vaxtlarda yeyildiyi zaman cəmiyyətin fərdlərinin bir-biri ilə olan bağları güclənməkdə və totemlə bütünləşmə gerçəkləşməkdədir. Ancaq tanrı insan xarakterinə büründükcə insan ətinin yeyilməsi diksindirici olmuş və onun yerini heyvanlar almışdırlar. (Uilyam Robertson Smitt, Samilərin Dini, London 1901)Geç-Hitit-Dönemi

Ceyms Corc Freyzer qurbanın açıqlanmasında dini yox, daha çox sosial yönə diqqət çəkmişdir. Müqəddəs hesab edilən totemin öldürülüb yox edilməsi müqəddəslə yaxın əlaqədə olan kralın və ya haminin də öldürülüb yeyilməsini gündəmə gətirir. Beləliklə, bir insan qurbanı təşkili meydana çıxır. (Ceyms Corc Freyzer Qızıl Budaq:Dinin və Folklorun Kökləri, İstanbul 1992)

Freyd isə “Totem və Tabu”da totemizmin nə olduğunu daha dərindən anlamaq xatirinə sonradan anlaşılacaq bəzi səbəblərdən ötrü min doqquz yüzüncü ildə “Code du totemisme” adlı yazısında totemizmin ana xəttlərini təsvir edən Salomon Reynaxın qaralamalarına yer vermişdir. Buna görə :

  • Bəzi müəyyən edilmiş heyvanlar öldürülməyəcək və yeyilməyəcək, bu heyvan növlərindən bir ədəd alınıb, onlara qulluq ediləcəkdir.
  • Həmin bu heyvanlardan hansısa biri qəza nəticəsində ölərsə, onun üçün yas tutulur və qəbilənin bir-birinə göstərdiyi hörmət heyvana da göstərilərək dəfn edilir.
  • Yemək qadağası bəzən heyvanın ancaq bir parçasıyla məhdudlaşır.
  • Öldürülməyən bir heyvanı məcburən öldürmək lazımdırsa, heyvandan üzr istənilir, müxtəlif hiylə və oyunlarla tabunun çeynənməsini yumşaltmaq yolu ilə heyvanı öldürməyə başlanılır.
  • Əgər heyvan ayinlə qurban edilibsə, ona adətə uyğun yas tutulur.

Totemizmin mənşəyi barədə digər bir psixoloji  yanaşma hollandiyalı Q.A.Vilken tərəfindən  irəli sürülmüşdür. Bu yanaşma totemizm və ruh köçü arasında bağlılıq qurur. “Geniş yayılmış inanca görə ölünün ruhunun yerləşdiyi heyvan bir qan qohumu, bir ata olur və bu şərəflə də hörmət görür”. Fəqət, ruhların heyvanlara keçməsi inancı totemizmi yaratmamış, ondan kənara çıxmışdır.

Emil Dyürheymin 1912-ci ildə çıxan “Dini Həyatın Elementar Formaları” əsərində totemizmin millətlərin  ictimai dininin əlamətlərindən başqa bir şey olmadığı deyilir. Totemik qurumların ortaya çıxmasında ictimai zorlamaların rolunu daha tutarlı səbəblərlə göstərməyə çalışan Alfred Heddon, hər ibtidai nəslin köklü olaraq xüsusi bir bitki və ya heyvan növü ilə yaşadığını, bəlkə də, bu bitki və ya heyvan növü ilə ticarət etdiyini və başqa nəsillərlə dəyişdirdiyini qəbul etməkdədir. Bu halda bir nəslin digər bir nəsli həyatlarında vacib rol oynamış heyvan və ya bitki adıyla tanıması gərək idi. Eyni zamanda heyvana qarşı bir cür vərdişkarlıq yaranması  həmin heyvana qarşı xüsusi bir münasibət tələb edirdi və bu da insanın ən ibtidai və zəruri ehtiyacı olan aclıq kimi ruhi bir mənbəyə dayandığı deməkdir.

Freyd, totemik sistemin etibarlı olduğu yerlərdə totemə ata və ya ilk baba deyildiyini bildirir. Totem olan heyvan əgər babadırsa, o zaman totemizmin başlıca iki buyruğu, yəni onun əsasını təşkil edən iki tabu qanunu (totem heyvanı öldürməmə və eyni totemə bağlı qadından cinsi məqsədlər üçün yararlanmama qanunu) məzmun baxımından, atasını öldürən və anası ilə evlənən Oidipusun[3] iki cinayətinin və uşaqda yetərli dərəcədə qarşısı alınmayan və ya yenidən oyanması səbəbindən bütün nevrozların özülünü təşkil edən iki ilkin istəyin eynisidir.

Ümumi qurban bayramının əxlaqi gücü, birlikdə yemək və içmək qaydaları üzərinə qurulmuşdur. Başqaları ilə birlikdə yemək və içmək, eyni zamanda icmanın və qarşılıqlı bağlılıqların tanındığının bir işarəsi və təsdiqi idi. Qurban, yemə inanclılarının arasındakı əlaqələri gücləndirərək bütün inananların bir tanrıya çatdıqlarını bilavasitə nümayiş etdirməyə yarayırdı. “Ortaq yemək və içmək yüklü bu əlaqələndirici güc haradan gəlir?”, – deyə sual ortaya atan Freyd, ən ilkin cəmiyyətlərdə  tək şərtsiz və sürəkli olan bağın, qohumluq bağı olduğunu irəli sürərək, qohumların üçün həyatları ortaq olan bir yaşayışın ayrı-ayrı parçası hesab edilə biləcək səviyyədə bir-biriləri ilə maddi olaraq bağlı sayılan insan yığını olduğunu açıqlamışdır.

Bəzi ilkin dinlərdə totem heyvanı qurban edildiyi zaman xaricində müqəddəs hesab edilər və öldürülməzdi. Belə bir vəziyyətdə psixoanaliz, totem heyvanıın gerçəkdə atanı əvəz edən bir şey olduğunu göstərmişdir, bu vəziyyət totemin öldürülməsinin adi hallarda qadağan olunduğunu, öldürürdüyü zaman bayram keçirilməsini, digər tərəfdən, heyvan öldürüldüyü zaman yas tutulmasını aydınlaşdırdığını  da Freyd ortaya atmışdır.

Məsələyə idealist tərəfdən yanaşan Prof. Dr. Kemal Sayar isə qurban simvolik bir ibadətdir deyərək, belə davam etmişdir:  Bir heyvanı qurban edərkən biz əslində Hz.İbrahim və İsmayıl arasındakı o əbədi, o ölümsüz hekayəni təkrar etmiş oluruq. Burada ən yaxınımızı fəda etməyi yaxınlığın bir ölçüsü olaraq görür və göstərmiş oluruq. Həm ətrafımızdakılara, həm də Rəbbimizə buna hazır olduğumuzu göstəririk. Qurbanın ən geniş yayılmış mənası, məncə, insanın sevdiyindən imtina edə bilməsidir. Ən sevdiyini Allah yolunda fəda edə bilməsidir. Biz səndən kənar, səndən özgə deyilik deməkdir qurban. Dolayı yolla “hər şeyimiz, həyatlarımız sənin üçündür” kimi bir manifestdir. Eliade isə İbrahim Peyğəmbər məsələsində belə demişdir:”Morfoloji baxımdan nəzər yetirildiyində İbrahimin oğlunu qurban etməsi köhnə qərb dünyasında mütəmadi tətbiq olunan və İbranilərin Peyğəmbərlər dövrünə qədər davam etdirdikləri ilk uşağın qurban edilməsi təcrübəsindən başqa bir şey deyildir. İlk uşaq, əksərən, tanrının uşağı olaraq qəbul edilirdi. Bu ilk uşağın qurban edilməsi, tanrıya aid olanın geri verilməsi demək idi. Köhnə Sami dünyasında, bütünlüklə belə bir qurban dini funksiyasına rəğmən sadəcə bir ənənə, mənası tamamilə qavrana bilən ayin ikən, İbrahimin məsələsində isə bir inanc fəaliyyətidir. Bu qurbanın nə üçün istənildiyini anlaşılmaz, ancaq yenə də yerinə yetirilər, çünki tanrı belə istəmişdir. Bu fəaliyyətlə İbrahim yeni bir dini təcrübə olan imanın əsasını qoymuşdur”. (Março Eliade, Əbədi Dönüş Mifologiyası, Ankara 1994 ; S.Beki, Türk Mifologiyasında Qurban, Akademik Araşdırmalar Dərgisi, Nömrə 3, 1996)

Prof. Dr. Erol Göka isə qurban mövzusuna belə toxunmuşdur: İnsan ola bilmək, bir mədəniyyət qura bilmək üçün insanın üç impulsiv arzusunu boğması gərəkdir. Bunlar cinayət, hannibalizm[4] və insestdir[5]. İnsanlaşmaq, cəmiyyət halında yaşaya bilmək, mədəniyyət yaratmaq üçün bu üç impulsiv sahəni tənzimləməmiz, qadağalar, qanunlar yaratmağımız gərəkdir. Bu səbəbdəndir ki, hər bir mədəniyyət, ilk növbədə, qadağalar toplusudur. Qurban, insanların insan olmaq üçün etdiyi ilk sözləşmənin mədəniləşməsindən ibarətdir. Hər mədəniyyət ilk inanc  mərhələsində bu və ya başqa şəkildə qanlı qurban ritualına yer verir. Mədəniyyətlər zənginləşdikcə və dünyəvi dinlər meydana gəldikcə nəsil, ailədaxili cinsi münasibətlər qadağası eyni qalıb fərqli ailə tipləri ortaya çıxdıqca, “insanoğlu, qardaşını öldürməyəcəksən və ətini yeməyəcəksən!” qanunu da mürəkkəbləşərək fərqli ritual və formalarda davam edir.

Toplayan : Gül Güney

[1] Animizm – (lat. anima – ruh) Ruhun varlığına inanmaq.

[2] Teofrast – Yunan filosofu, naturalist və musiqi nəzəriyyəçisi. Aristotellə birgə botanikanın və bitgilərin coğrafiyasının banisi.

[3] Lat. Oedipus – Antik Yunanıstanda Thebes şəhərinin mifoloji kralı. Atasını öldürərək anası ilə evlənmişdir.

[4] Hannibalizm – Eyni bir növə mənsub canlıların bir-biri tərəfindən yeyilməsi.

[5] İnsest (lat. incestus – cinayətkar, günahkar) – Yaxın qan qohumları arasında cinsi akt.

Tərcüməçi: Turan Qasımov
Mənbə: www.dusunbil.com

Advertisements