01

Psixeyanın [1] ehtirasların tələsinə və materiyanın bataqlığına saplanmağı şüurlu qərardan çox, qüsursuz gözəlliyinin nəticəsidir. Afroditanın [2] köləsi olduğu üçün  bir çox cəza və mühakimələrə dözmək məcburiyyətində qalmış və yeraltı dünyasının dəhşətlərindən keçməsi gərəkmişdir. Ən sonda ölüm yuxusuna məğlub olmuş cansız bədəni bir ox ucunun toxunuşuyla oyandırılmış və ona ölümsüzlük qədəhi təqdim edilmişdir. Afroditanın xidmətində ikən boşuna axtardığı xoşbəxtlik dolu həzləri Amurla[3] birləşməsində ələ keçirmişdir. Burada bir çox güldan rəsmindəki iki sıra qadınla ya da Götenin Faustundakı iki bölümlə qarşılaşdırıla biləcək qadın varlığındakı iki mərləhə ortaya çıxır:  Afroditanın xidmətində və maddəyə kölə olan, atdığı hər addımda yeni və gözlənilməz əzablar çəkən və sonda sentimentallığın ən dərin bataqlığına saplanan – lakin sonra yeni və çox daha güclü bir mövcudluq qazanan –  Afroditanın həyatından Psixeyanın həyatına keçən qadın ruhu. Aşağı mərhələ dünyanın, yuxarı mərhələ isə səmanın xüsusiyyətlərini daşıyır. Psixeya ölülər dünyasından səmavi dünyaya (Aya) ucaldılır. Ən sonda parlayan Ay adasında, qəhrəmanların ən şanslısı ilə (Axilleslə[4]) birləşib dünya Erotunun[5] deyil, yalnızca səmavi Erotun verəbiləcəyi dincliyə çatana qədər, bu qadınların ən gözəlini, Afroditanın təbiət qanunlarına boyun əyən, sonsuz əzablara qatlanan Yelenanı[6] görürük. Aşağıda xaos və əzablar, bütün gözlənilmək xəyal qırıqlıqları, açıqlanması mümkünsüz çarələr mövcuddur. Yuxarıda isə dinclik, sonsuz və təskinedici həzz, gün boyunca insanların gəzdikləri yerlər üzərinə axan səpələnən sakit Ay işığının yaratdığı forma dəyişikliyinin sehri vardır. Aşağıda dünya materiyasının çirkabı, qaranlıq dərinliklərin bataqlıq palçığından meydana gələn ilan və qamış, su ilə torpağın qeyri-qanuni evliliyinin simvolları ilə şahidləri; yuxarıda işığı axtarıb tapmaq üçün materiyanın baramasını dələn kəpənək; aşağıda tamamilə maddi Afrodita, yuxarıda səmavi Afrodita; aşağıda yosmaların sevdası, yuxarıda qanunlara uyğun evlilik, aşağıda bədən, yuxarıda ruh; aşağıda torpağın işıqsız maddəsi, yuxarıda tərtəmiz səmavi dünya, Ay, dünya maddəsinin ən saf olanları vardır. Afrodita, Psixeyada qadınların maddi olaraq çata biləcəyi ən yüksək mərtəbə olan Ay mərhələsinə çatır. Yanında isə Erot Lunus[7] olaraq yerini alır.01

Lunus ilə Luna[8], Axilles ilə Yelena kimi, Amur və Psixeya da bir-birlərinə eyni bağlarla bağlanmışdır. Onları birləşdirən öpüş, sevgilinin yosmaya verdiyi suavium deyil, ərin arvadına bağışladığı basium’dur.  Qucaqlaşıb öpüşən iki insanın bədənləri, heç bir şeirin əldə edə bilməyəcəyi qüsursuzluqla, sevginin saflığını pik nöqtəsində göstərməkdədir. Yenə də buna sadəcə mənəvi sevginin simvolu olaraq baxmaq qədim dövr sənətinin anlayışlarına uyğun gəlmir. Bu mənəvi sevgi deyil, böyük bir saflığa ucaldılmış dünyaya məxsus sevgidir. Ay dünya maddələrinin ən safı, səmavi olanlarınsa ən qarışığıdır; Psixeya da bu iki dünya arasında, ortada yerləşir. Birinin materyalizmi ilə digərinin saflığını və sakit aydınlığını özündə birləşdirir; maddəni işıqdan pay almağa və işığı da maddə ilə birləşməyə məcbur edir; özünü birinin maddi olmaması ilə digərinin çirkabından eyni dərəcədə uzaq tutur. Bədən və zəka Psixeyada ayrılmaz bir bütün olaraq birləşmiş və beləliklə, maddəni mümkün ən üstün ucaltma ilə saflaşdıran bir varlıq yaratmışdır. Cinsi sevgi düşüncəsi də bu mərhələdən kənar deyildir, amma bu düşüncə Afroditanın yosmalığını rədd edir, ləkəsiz, evliliyə məxsus birləşmə xüsusiyyəti göstərir. Psixeyanın çəkdiyi əzablar və bunları izləyən qurtuluşlar qadının cinsi həyatını çöküşlə qarşılaşdığı kirli maddə bataqlığından xilas edir. Psixeyanın bu son işindəki uğuru – biri digərinə mane olsa da – bir çox əfsanədə sıx əlaqədə olan iki məfhumu birləşdirir: ulu analıq və tam bir bakirlik. Psixeya burada yenə də Ay səviyyəsindədir. Sonsuzadək döllənmiş olaraq, sonsuzadək qız, ana olaraq əldəyməmiş, əldəyməmiş qız olaraq anadır. Evlilik və cinsi birləşmə məfhumu mütləq olaraq Ayla bağlıdır. Ay təbiəti gərəyi iki məfhumun birləşməsidir; hermafroditdir, Lunus və Luna, Erot  və Psixeyadır. Həmişə işığın izindədir, işıq da onun üzərinə axmaqdan bir belə geri qalmaz. Bu böyük həsrətin sonlanması da ifadəsini qucaqlaşmada, dodaqlardakı öpüşdə, rastlaşan gözlərdə tapır. Evliliyə damğasını vuran ilk öpüşdə, “Kipriyanın beşdə bir öz nektarını qarışdırdığı”[9] bu ilk öpüşdə, səmavi varlıqları idarə edən dünyəvi qanun insanlar arasında da həyata keçmiş olur; beləcə, yuxarıdakı və aşağıdakı dünyalar arasında ahəngə çatmaq mümkün olur. Ay özlüyündə heç bir şey edə bilməz, sadəcə Günəşi izləyər, sakit görkəmiylə parlamaq üçün onun işığını mənimsəyər. Buna bənzər olaraq qadın, materializminə kişinin daha çox mənəvi olan təbiətini ələ keçirmə şansı verən gözəlliyə sadəcə evlilik birləşməsində çata bilər.images%5Clarger%5C0-726
İndi Erotun Dionis[10] diniylə müəmmalı əlaqələrini görə bilər və bu dində hansı mərhələni dilə gətirdiyini anlaya bilərik. Artıq qəndil də çox dərin bir məna yüklənmişdir. Onun işığında Psixeya bacılarının ona qorxunc bədheybət olaraq təsvir etdiyi gecə qonağının qüsursuz gözəllikdəki bədənini tanıyır. Bədheybəti öldürmək məqsədilə götürdüyü qılıncı əlindən yerə düşür. Psixeya qadağan olunmuş görüntüyə gözlərini dikib baxarkən titrək alovlar durmadan parlamaqdadır: gözəl bir üz, gözəl qızılı qıvrım saçlar, ucları titrəyən parlaq rəngli qanadlar. Bir damla qızğın yağ, alov tanrısına qovuşmaq üçün duyduğu həsrətlə idarə olunurmuşcasına, qəndildən tanrının sağ çiyninə düşür. Dərin yuxudan ayılan Erot uçub gedərək Psixeyanın sözə qulaq asmamasını cəzalandırır. Sevgilisini bütün görkəmilə gördüyü andaca uçub getməsini görən Psixeya əldən düşmüş şəkildə yerə yıxılır. Hekayə, Afroditanın gözəllikdə ona məxsus olana sahib olmaqda günahlandırdığı Psixeyanın mühakimələrində müsbət bir dönüş nəqtəsinə gəlir. Qaranlıqda gizlənən cinsi həzz, yerini bütün görkəmi ilə görülən tanrıya sahib olma istəyinə buraxır. Fiziki yaraya mənəvi kədərin çox daha dərin əzabı əlavə olunmuşdur. Çünki Plutarxın[11] dediyi kimi, əzab çəkmək sevginin prinsipidir[12]. Kotanın torpağı yarması, kişilik orqanının qadını yaralayıb bətn yolunu açması kimi, mənəvi səviyyədə də Erotun oxu gənc qızın ürəyini yaralayır və bütün varlığı sadəcə bir dəfə görə bildiyi, amma artıq gözlərinin önündən getməyən ilahi ərlə birləşmək üçün duyduğu əzab dolu, getdikcə artan bir həsrətə bürünür. images%5Clarger%5C0-726

Alovun durmaq bilməyən titrəyişləri, Erotla birləşməyə mücadilə edən qızğın yağ Psixeyanı simvolizə edir; eynilə pərvanənin qarşısı alınmaz bir şəkildə atəşə cəzb olunduğu kimi, Psixeya da işığı axtarır. Dünya nəmişliyinin yerini, ulu atəş mərhələsi almışdır, qaranlıq və xaos yerini işıq və nizama, qeyri-qanuni yosmalıq yerini evlilik birləşməsinə olan həsrətə buraxmışdır. Saf materializmin dünya mərhələsini maddənin təbiəti cəzb etdiyi və beləcə, daha üstün bir saflaşma təmin etdiyi Ay mərhələsi izləyir. Dişi varlığın Ayla əlaqəli mənəvi mərhələsi yanan qəndildə simvolizə edilir.

 

 

Mənbə: J.J.Bachofen – Myth, Religion, and Mother Right

 

[1] Psixeya – ruhun şəxsləndirilməsi, Erotun (həmçinin Amur və Kupid) sevgilisi. Psixeya maraqlanıb bir gün gizlincə lampa ilə ona baxana qədər, hər gecə yanına gəlir, Erot qaçır, Psixeya ardınca düşür, sonda Erotla birləşir və ölümsüzlük qazanır.

[2] Afrodita – Yunan mifologiyasında sevgi ilahəsi (həmçinin Roma mifologiyasında Venera, Ares/Marsın arvadı).

[3] Amur – Qədim Roma mifologiyasında məhəbbət allahı (Yunan mifologiyasındakı Erot). Veneranın oğlu, Psixeyanın sevgilisi

[4] Axilles – Troya müharibəsinin yunan qəhrəmanı, Peleylə Fetidanın oğlu.

[5] Erot – Yunan mifologiyasında məhəbbət allahı (Roma mifologiyasındakı Amur). Afroditanın oğlu. Psixeyanın sevgilisi.

[6] Yelena – Yunan mifologiyasında Zevslə Ledanın qızı, Menelayın arvadı. Paris tərəfindən qaçırılması Troya müharibəsinə səbəb olmuşdur; daha sonrakı taleyi ilə bağlı bir başqa hekayədə Axillesin arvadı olmuş və onunla birlikdə Leuce adasında yaşamışdır.

[7] Lunus – kişi cinsi olaraq Aya, ya da Ayın əri olaraq Günəşə verilən ad.

[8] Luna – Roma Mifologiyasında Ay ilahəsi (Yunan əfsanəsindəki Selena).

[9] Horace, Carmina 1.13.15

[10] Dionis – Vakx, Baxus olaraq da adlandırılır. Yunan şərab və sərxoşluq tanrısıdır; anası Semela ildırımla Zevs tərəfindən öldürülüncə, Zevsin baldırından doğular; adının mənası “iki dəfə ya ikinci dəfə doğulan” deməkdir.

[11] Plutarx – (46-120-ci illər) yunan tarixçi və bioqrafı.

[12] Plutarkhos, Amatorius 24. 769E.

Tərcümə edən: Taedium Vitae

Advertisements