Sərt realizm” adı artıq uzun müddət əvvəl 20-ci əsr sənət axınlarında öz yerini tutmuşdu. Sosialist realizmin bir qolu sayılan bu cərəyan uzun illər hökmranlıq edən  totalitar “Stalin Çağı”ndan uzaqlaşmağa, daha fərqli istiqamətlərdə çalışmalar etməyə başlayan ilk cərəyan olmuşdur. Həmçinin  “Sərt realizm”in 1950-60-cı illərdə ölkənin sənət həyatında baş vermiş dəyişikliklərlə  eynilik təşkil etdiyini də deyə bilərik.[1]

1960-1970-ci illərin yeni sənəti ciddi sosial dəyişikliklərin başlanğıcında idi.Həmişə olduğu kimi, yenə də ortaya yeni, heçbir şeyə oxşamayan, köhnə adət-ənənəyə  söykənməyən bir sənət çıxdı.

Əvvələr Geliy Korjevi “Sərt realizm” axınına aid etməsələr də, sonralar buna təəccüblənən sənət tarixçiləri belə oldu. Məsələn, İ.Popov 1950-ci illərində Korjevin çəkdiyi rəsimləri “ilkin sərt realizm” olaraq gördüyünü demişdi.[2]

Əlbəttə, Korjevin rəsimlərinin idealogiyası öz dövrünə görə yeni və fərqliydi. Hətta məna və forma baxımından heçbir ortaq xüsusiyyət tapılmamasına rəğmən rəsimlərini hiperrealizmlə belə qarışdırırdılar.  Bu  təyinetmə qarışıqlığının səbəbi əsərlərin görünüş bütövlüyünü, tipologiyasını başa düşmək əvəzinə, forma və məzmununa baxmaları idi.[3]

Cərəyanın inkişafının tarixi 1950-ci illərdə həyata keçirilmiş bir çox gənc rəssamın sərgilərinə söykənir. Hətta o zamanlar belə “Sərt realizm” janrının  başlanğıcı sayıla bilərdi.

Dövr Xüsusiyyətləri

Bu yeni nəsil rəssamları o zaman baş vermiş siyasi, sosial dəyişiklikləri, yenilikləri (İkinci Dünya Müharibəsi təzəcə bitmiş, ölkədə müharibə vaxtı görülən-sənət, ədəbiyyat və ümumi sosial mənada-zülmkarlıq, doqmatizm totalitarlıq çox az da olsa yumşalmağa, sakitləşməyə başlamış, Stalin Çağı tarixə qarışmış, ölkədə Nikita Xruşov dövrü başlamışdır.) özündə saxlayan, əks etdirən xüsusiyyətlərə malikdirlər. Konturlama, kobud rəng fərqlilikləri ön plana çıxır. Bir çox rəssam sosialist realizmin əsas mövzularından çıxıb natürmort, portret, peyzaj rəsimləri çəkməyə başlayır.[4][5]

Ümumi mənada “Sərt realizm” rəssamların əsərləri bir-birindən fərqlənsə də ana xətt həmişə eynidir. Bu baxımdan cərəyanı “məktəb” olaraq da adlandıra bilərik. Çünki terminoloji baxımdan cərəyanın çərçivəsini yaratmaq olduqca çətindir. Forma axtarışından daha çox seçilən mövzular vacibdir.[6][7]

Aleksey Bobrikov Sovet sərt realizmi “Çevriliş” adlandırır. O, sərt realizmi Stalin sənətinin  yaratdığı,  xoşbəxt və problemsiz dünyanın əksi olaraq yaranan bir cərəyan olaraq görür.[8]

Stalin çağı sənətinin əksi olan bu cərəyanın qəhrəmanları güclü fiziki görünüşə sahib, şux duruşlu qəhrəmanlar deyildir. Onların qəhrəmanları daha çox öz içlərinə qapanan, sakit, səssiz yoğunluqları ilə önə çıxan insanlardır. [9]

Sənətçilər öz çağının istər yazıçısı, musiqiçisi, istərsə də şairi olsun həyatlarını, onların gücünü yüksəldən, çalışqanlığını ön plana çıxaran rəsimlər çəkirdilər.

Sərt Realizm cərəyanının qəhrəmanı sosial iyerarxiyadan uzaq, xüsusilə, görünüş, yaş və cinsiyyət fərqliliyi olmayan, “gizli” və “açıq” olanın fərqliliyini bilməyən, “alçaq” ya da  “əzəmətli” anlayışlarını qəbul etməyən “sadəcə insan”dır.[10]

Bobrikov deyir ki, əgər gec Stalinist sənət “sonun rəsmi”, yəni nəticənin, zəfərin rəsmi olaraq görülürsə, sərt realizm “başlanğıcın” rəsmidir. Onun qəhrəmanı çılpaq torpaqda çılpaq insandır (çılpaq – heç bir anlayışı qəbul etməmə baxımından, məcazi mənada olmaqla bərabər, həm də fiziki mənada da istifadə edilir). Onun yorğunluğu dünyanı başdan, öz əlləri ilə yaratmasının vacibliyini anlamasıdır. Digər tərəfdən də  “Stalinist həyat” yenə də var və əmək sadəcə geridə qalmış gücün xərclənməsi olaraq görülür. Yəni sərt realizmçilərin rəsimlərindəki qəhrəmanların vəzifəsi hərəkət etməkdən çox, hər zaman hərəkət etməyə hazır olmalarıdır və bu səbəbdən “sərt realizmdə” içə qapanma, sakitlik, optimizmdən uzaq əhval-ruhiyyə görülür.[11]

Termin olaraq “sərt realizm” ilk dəfə sənət tarixçisi A. A. Komenski əsərlərində istifadə etməyə başlamışdır. Eynilə Avropada yaranan Klassisizm cərəyanının sənətçilərinin qədim dövrə meyil etdikləri, qaynaqları orada aldıqları kimi, Sərt Realizmçilər də Stalin Əvvəli (1920-ci illər) sənəti qaynaq olaraq seçmiş, onlardan təsirlənərək yeni bir qaynaq yaratmışdır. Misal olaraq,  A. Deynekayı və G. Nisskiyi göstərə bilərik. Hətta bəzi tədqiqatçılara görə P. Konçalovskiy, A. Lentulov belə az və ya çox təsirlərini sənətçilərdə göstərmişdir.

Bir digər təsir də II Dünya Müharibəsindən sonra meydana çıxmış olan (istər rəsm cərəyənı, istərsə də kino cərəyanı olaraq) İtalyan Yeni Realizmi göstərmişdir. Xüsusilə Sovet Sərt Realizmi rəssamlarına təsir edən rəssam kimi göstərə biləcəyimiz Renato Guttuso sosial realist kimi də bilinir. Bir kino cərəyanı olaraq İtalyan Yeni Realizminin təsirləri Sovet Sərt Realizmində asanlıqla görülür. İki cərəyanın da eyni zamanda meydana çıxması da buna səbəb ola bilər. Məsələn, ssenarini Cesare Zavattininin yazdığı, Vittorio De Sicanın rejissorluq etdiyi 1948-ci ildə çəkilmiş Velosiped Oğruları filmi sosial realizm rəssamların əsərlərində öz təsirini qoymuşdur.[12]

Bir az sonra rəsmlərini yaxından araşdıracağım rəssam G. Korjevin bir çox əsərində Yeni Realizm cərəyanının izlərini görmək mümkündür.

 Geliy Korjevin Bioqrafiyası

7 iyul 1925-ci ildə Moskvada memar Mixail Petroviç Korjev və müəllim Serafima Korjevin ailəsində dünyaya gəlmişdir. 10 yaşından etibarən müxtəlif  rəsm emalatxanalarında dərs alan Geliyin iki bacısı da vardı: Vetta ve Eldina. Vetta  Moskva Dövlət Üniversiteti iqtisadiyyat, Eldina isə eyni üniversitetdə fəlsəfə fakültəsini oxumuşdu. Geliy Korjev 1933-cü ildə ibtidai məktəbə qəbul olur və həmin vaxtdan etibarən Dövlət Muzeyindəki uşaq  emalatxanasına getməyə  başlayır.

1939-cu  ildə Moskva İncəsənət Liseyinin 3-cü sinfinə qəbul olur və artıq orda ciddi sənət təhsili görməyə başlayır. 1941-ci ildə müharibəyə görə məktəb Başqırdıstana köçürülür. Müharibə vaxtı həyat şərtləri  çətin olsa da, rəssam xatirələrində liseydə təhsilin yaxşı olduğunu deyərdi.[13] [14]

Müharibədən qayıdan əvvəlki şagirdlər liseyə gəlməyə başlamışdı. Onlarla qarşılaşma rəssamın sonrakı sənətinə təsir edən, rəsmlərində təsirini qoruyan hadisələrdəndir. “Onlar  müharibədən və ciddi sınaqlardan keçmiş insanlardır, özləri ilə birgə biliyə qarşı aclığı, susuzluğu gətirdilər” – deyən Geliy hadisənin özünə necə təsir etdiyini izah edir.

1944-cü ildə lisey Moskvaya geri qayıdır və məktəbin şagirdləri Moskva İncəsənət İnstitutuna qəbul olur.

1945-ci ildə məktəbin digər şagirdləri ilə birgə Puşkin muzeyində işləməyə başlayır. Vəzifəsi isə müharibə vaxtı Sovet ordusu tərəfindən Dresden muzeyindən xilas edilmiş əsərləri araşdırmaq, yığmaqdı. 1950-ci illərdə isə İnstitutu bitirir və rəssam adını alır.

Özü həmin zamanı belə yada salır:

“ İlk atdığımız müstəqil addımlar həmişə çətindir. Əvvəlcə öz mövzunu, öz dilini və sadəcə özünü tapmaq lazımdır. Sənətinin inkişafına mane olmadan yaşamaq üçün pul qazanmağı öyrənmək lazım idi. Bilik və bacarıqlarımın hələ çox az olduğunu və yaxşılaşması üçün sərgilərə qatılmamın lazım olduğunu başa düşürdüm. ” [15][16]

1951-ci ildə Moskva Dövlət İncəsənət və Sənaye Akademiyasında dosent kimi işə başlayır və 1958-ci ilə qədər eyni məktəbdə işləməyə davam edir – “Mən çox tez müəllim kimi işləməyə başladım. Müəllimim S.V.Gerasimov 1951-ci ildə akademiyaya müəllim kimi işləməyə dəvət etdi. Bu iş mənim üçün çox yararlı oldu. Başqalarına bir şeylər öyrədərək özüm də öyrənirdim. 1984-cü ildə müəllim kariyeramı  monumental rəsm bölümü rəhbəri kimi bitirdim” .

27 avqust, 2012-ci ildə Moskvada vəfat etmişdir.

Sənəti və əsərləri

“Sənətsiz, rəsmsiz həyat mənim üçün sadəcə olaraq bütün mənasını itirir. Sənətdə isə mən ən çox azadlığa dəyər verirəm. Azadlıq – istədiyim, hiss etdiyim və bacardığım kimi rəsm çəkməkdir.”

01
Avtoportret, 1948

 

Rəssamın Sənətinə Ümumi Baxış

Korjevin  tabloları analiz edildiyində rəssamın imic və imicin öz xarakterini yaratmaq səyi asanlıqla görülür. Müharibədən sonra normal həyata qayıdan, müharibədən geri qayıtmış və təhsilini yarımçıq buraxmış bir çox insan vardı. Bu insanlar Korjevi enerjiləri, seçdikləri sahədə işləmək istəkləri ilə təəccübləndirirdilər. Onlar döyüşlə güclənmiş və sakit, dinc həyat istəyən insanlar olaraq, cəmiyyət tərəfindən tələb edilən, əməyə və təhsilə giriş qazanmış insanlar idi. Ümumi mənada döyüş sonrası rəsmlərində  o müharibəni, qazanan ya da uduzan tərəfi deyil insanı hər halıyla çəkmək, onların yaralarını, gerçək hallarını heç bir yalan qatmadan tabloya  köçürə bilməyi üstün tuturdu.

Rəssam üçün vacib olan,onu maraqlandıran sadəcə həyatın doğrusu deyil, həm də insan  həyatıdır. 1960-cı illərin başlanğıcında insan hayatı əvvəlki illərdə kollektivin həyatı olaraq görülüb və nəticədə o sənətin gözündən yayınmış olsa da, artıq yenidən diqqəti özünə çəkməyə başlamışdı. M. Şoloxovun “İnsan Həyatı” hekayəsi bunun ilk xəbərçilərindən idi.

İkinci Dünya Müharibəsindən sonra “İnsan”a nə oldu? Və bu qədər çətin sınaqlardan çıxmış insanların həyatı necədi? – Budur, Korjev başda olmaqla sərt realizmçilərin əsas mövzusu bu idi.

1950-1960-cı İllər

1954-cü ildə Gənc Moskva Rəssamlarının sərgisində ilk bitirmiş rəsm əsəri “Döyüş Günlərində” adlı əsəri sərgilənir.

01
Döyüş Günlərində, 1952-1954

Popova görə bu rəsim, rəsimdəki ağ tablonun qarşısındakı düşüncəli şəkildə oturmuş rəssam “sərt realizmin” özüdür: dramatik,  döyüş sonrası dövrün optimizimindən uzaq.[17]  1955-ci ildə Tretyakov galeryasında Bütün Sovet rəssamlarının sərgisində yenə eyni rəsmi sərgilənir.

Sonrakı illərdə bir neçə rəsim çəkməsinə rəğmən ( “Getdilər”(1956), “Payız”(1956) , “Sabah”(1957) kimi)  onlar simvolik baxımdan heçbir fərqlilik göstərmirdilər, 1960-cı illərin əvvəllərində çəkdiyi rəsmlərlə sənətində dönüş yaratdı. [18]

Korjev əvvəlcə “Aşiqlər” tablosunu, sonra isə “Kommunist” triptixini yaradır.

Müharibədən qayıtmış insanların həyatından bəhs edən ilk əsərlərindən biri “Aşiqlər” əsəri oldu. Buradakı qəhrəmanlar dramatik qavranaraq, lirik bir üslubla çəkilmişdir. Bunun səbəbi iki yetkin, müharibə görmüş, həyatda çətinliklər yaşamış insanların birləşməsiydi. Korjev  həmişəki kimi cütlüyün sosial kimliyini verir.[19]

01
Aşiqlər, 1959

1960-cı illərə doğru artıq rəsmlərində rəssamın öz ana xətti yaranmağa başlayır. Artıq rəsmlərindən lazımsız, izləyicinin fikrini əsas mənadan, insan xarakterinin açılmasından yayıdıracaq hər şeyi kənarlaşdırır.

Və bunu çərçivədə sadəcə ana qəhrəmanın olacağı tipdə çəkir, digər hər bir detal isə sadəcə mövzunun mənasını daha da dərinləşdirməsinə, səhnənin gerçək mənasının açılmasına köməkçi olsun deyə yer tutur. Heç bir detal rəsmlərdə təsadüfən çəkilməmişdir, hər birinin olması lazım olan yeri əvvəlcədən düşünülmüşdür.

1957 –cı ildən etibarən Bayraq Yüksəldən (1957-1960) – triptixində orta hissədə yerləşən rəsim, Homer  (1958) – ən başda,  İnternasional (1957-58) Kommunist üçlüyünü çəkməyə başlayır.

01
Kommunist, Triptix, 1957-60

Orta hissədə yerləşən “Bayraq Yüksəldən” rəsminə daha çox diqqət yetirək. Rəsmin solunda əsas qəhrəman yerləşir. O öldürülmüş Bayraq Daşıyanın əlindən (rəsmin alt hissəsində yerləşir)  yerə düşmüş bayrağı alarkən təsvir edilmişdir.

“Kommunist” triptixi özündə müasir çağın tarixi dərk etməsini  simvollaşdırır. Başqa cür desək tarixə müasir çağın gözü ilə baxılmışdır. Əsərdə əhəmiyyətli olan  insan şəxsiyyətinin gücü, dözümlülüyüdür.

Birində əxlaqi özünəinam cəsarəti yaradır (Homer), digərində sosial savaşda öz məqsədinə çatmaq üçün həyatını riskə atmağı əks etdirir (Bayraq Yüksəldən), üçüncüdə isə, müharibədən geri qayıtmış, artıq gənc olmayan, köhnə əşyaları ilə, döyüş pencəyilə olan bir insanda birdən bacarıq, öz məqsədinə çata biləcəyinə əminlik yaranır.[20]

Rəsmdəki bir başqa xüsusiyyət isə çərçivəsidir. İnsan burada yaxın planda rəsm edilmişdir, bunun səbəbi də əsas mövzudan izləyicinin yayınmamasıdır.

Əsərdə insan yaxın planda, gerçək, xəyalı deyil, fiziki olaraq hiss edilə bilən, öz gerçəkliyinə inandıran şəkildə çəkilmişdir və bu Korjevin sənətində əhəmiyyətli ünsürlərdən birinə çevrilir.

Artıq bir çox çəkilmiş rəsimlərdən sonra rəssam fərqli əsərlərində eyni modeli çəkməyə davam edir. Beləcə o anları əks etdirən, o çağı göstərən “model” anlayışı yaranmış olur. Fəqət bunu sadəcə bir dövr, çağ üçün etmir, düşüncənin həyata keçməsi üçün edir.[21]

60-cı illərin sonuna yaxın “Döyüşün Alovunda Yananlar” adlı rəsmlər seriyasını çəkməyə başlayır.

Həmişə döyüş vaxtından, döyüş sonrasından bəhs edən rəsmlərlə qarşı-qarşıyayıq. Qırmızı rəng rəsmlərində əvəzolunmaz ünsür olmağa başlayır.  Qırmızı örtüklər,  qırmızı əşyalar kimi.

1967-ci ildə çəkmiş olduğu “Köhnə Yaralar”  əsərində qarşımıza yenə “Aşiqlər” rəsmindəki qəhrəman çıxır: yaşlı, yorğun üzlü bir adam. Eyni “model”i “Kommunist” triptixindəki “Homer” rəsmində, aşağıda yerləşən “Tellər” əsərində də görə bilərik.

Beləcə o dövr qəhrəmanının modeli yaranmış oldu: döyüş adamı, işçi adam.[22][23]

“Köhnə Yaralar”  əsərində insan həyətı və onun yaxılaşan sonunu görürük. Rəsmdə qırmızı rəng gərginlik yaradır..

01
Köhnə Yaralar, 1967

Özündə saxladığı mənaya görə “Döyüşün Alovunda Yananlar” rəsmlər seriyasının başlanğıc əsəri olmalıdı. “Tellər” – Döyüşün başlanğıcı, yaxınlarla vidalaşmadır. Digər əsərlər isə döyüşün nəticəsidi.

01
Tellər, 1967

1963-cü ildə çəkdiyi “Döyüşün İzləri” adlı əsəri bu seriyada olan ən çox tanınan və ən çox təsir edəndir.

01
Döyüşün İzləri, 1963

Köhnəlmiş geyimdə, tək gözlü əsgər tamaşaçıya dərin baxışlarla baxır. Əsgər yalnız inandırıcı rəsm edilməmiş, fiziki olaraq inandırıcı təsvir edilmiş, deyir Manin öz işində. Bu baxımdan baxıldığında etik estetikə qalib gəlir  deyə bilərik. Şəkil estetik gözəlliyi ilə təsir etmir insana, əsərdəki məna, acı insanı humanist tərəfindən vurmuş olur. Belə olması heç bir şəkildə rəssamın sənətinə qarşı şübhə doğurmamalıdır,- deyir Manin.  Əksinə  Korjev çağımızın Mikelancelosu kimi estetik olanla etiki  ustaca bir-birinə qarışdırıb uyğunlaşdırmağı bacarır.

Nəticə

 “Sənət ölümlə döyüşərkən doğulmuşdur.İnsan sonsuza qədər yaşamaq istəyir və bu fiziki mənadan çox, mənəvi məna daşıyır.Və bu ölümsüzlük üçün olan savaş sənəti yaratmışdır.”  Geliy Korjev

 Korjevin  rəsimlərində insan həyatı onun həyat səviyyəsinə görə, yaşadıqlarına, çətin həyat yoluna görə dəyişir. Rəsmlərində hər zaman “qəhrəmanlıq” mövzusu başda olur, amma bunu sosialist realizmçilərdən daha fərqli tərzdə edir.

“Sərt Realizm” bir çox rəssam üçün bir sığınacaq kimi idi. Rəssamlar ona məhşur olduğu dövrdə “qatılır” və sonra da sakitcə tərk edirdilər sərt realizmlə ümumi realizmin ortasında bir yerdə qalaraq.

Korjev heç bir zaman tam mənasıyla bu axının, tərzin içinə girmədiyi üçün  gedişi də sakit və yumşaq oldu.

Yazar: Sədəf Əliverdi
Tərcüməçi: Afət Rəsullu

Qeydlər:

[1] K. Kseniya, Sərt  Realizm. Yolun başlangıcı., Siyasət. Sənət. Sosialogiya. Mədəniyyət. Sayı 2, Moskva, 2014

[2]   V. S. Manin, 20-ci  Əsr  Rus Sənəti, Tom 3, 1. Sərt Realizm və Ondakı  Dəyişikliklər,  s.255, Moskva, 2002

[3] A.g.e

[4] M. C. Bown, Art under Stalin, Oxford, Phaidon Press, 1991.

[5] M. C. Bown, B. Taylor, Art of the Soviets, Manchester University press, 1993

[6] A.g.e

[7] K. Kseniya, Sərt Realizm. Yolun başlanğıcı., Siyasət. Sənət. Sosyoloji. Kültür., Sayı 2, Moskva, 2014

[8]  A. Bobrikov, “Sərt Realizm: Mobilizasyon və Mədəniyyət İnqilabı”, s. 6, Moskva

[9] A.g.e

[10] A.g.e

[11] V. S. Manin, 20-ci  Əsr  Rus Sənəti, Tom 3, 1. Sərt Realizm və Ondakı  Dəyişikliklər,  s.255, Moskva, 2002

[12] A.g.e

[13] http://korzhev.com/hudozhnik/biografiya/

[14] А. Morozov , Sosialist  Realizmi  və Realizm, 2007.

[15] http://korzhev.com/hudozhnik/biografiya/

[16] А. Morozov , Sosialist Realizmi və Realizm, 2007

[17] V. S. Manin, 20-ci  Əsr  Rus Sənəti, Tom 3, 1. Sərt Realizm və Ondakı  Dəyişikliklər,  s.255, Moskva, 2002

[18] D. Antipina, G.M. Korjev Sənətində Simvolizm, s.130, Moskva, 2013

[19] V. S. Manin, 20-ci  Əsrin Rus Sənəti s.256

[20] A.g.e

[21] А. Morozov , Sosialist Realizmi və Realizm, 2007.

[22] A.g.e

[23]   D. Antipina, G.M. Korjev Sənətində  Simgəsəllik, s.140, Moskva, 2013

 

 

 

Advertisements