1415678681870

Mən və Tanrı

İnsanın “yüksəklərdəki tək Tanrı” olmaq üçün Tanrını öldürdüyünü heç kim hiss edə bilmədi. Bizim xaricimizdəki digər dünya birdəfəlik ortadan qaldırıldı və maarifçilərin o böyük layihəsi bununla tamamlandı; lakin bizim içimizdəki digər dünya yeni bir cənnət oldu və bizi yenidən cənnətə hücum etməyə dəvət edir:

Tanrı yer açmaq məcburiyyətində qaldı, lakin bizə deyil, birbaşa – insana.

Yaxşı, Tanrıdan sonra İnsan da ölmədiyi müddətcə Tanrı-İnsanın öldüyünə necə inanırsınız? Tanrını öz hakimləri və Tanrının sözlərini də həyatlarının rəhbəri olaraq görən dindarlardan yalnız qısaca danışacağam, çünki onlar artıq geridə qalan bir dövrə aiddir və yerlərində daş kimi sabit qalacaqlar.Azadlıq və Din

Hər bir yanda “azadlıq” səsi sədalanmaqdadır. Yaxşı, hədiyyə edilən ya da təlqin edilən bir azadlığın nə olduğu bilinirmi və hiss edilirmi? Söz bütün məzmunuyla bilinmir; azadlığın əsas etibarilə Təkin özünü azadlaşdırması olduğu bilinmir. Qoyunların danışma azadlıqlarının məhdudlaşdırılması qoyunlara nə gətirir? – Mələməyə davam edəcəklər. İç dünyasında müsəlman, yəhudi ya da xristian olan birinə istədiklərini ifadə icazəsini verin: Dar başlı strukturlarıyla yalnız boş-boş danışacaqlar. Mən özüm üçün əhəmiyyətli olmadığım müddət ərzində hansı obyekti “çox böyütdüyüm” əhəmiyyətsizdir və yalnız mənim ona qarşı törətdiyim böyük ya da kiçik günahım qiymətlidir. Sədaqətimin və boyun əyməyimin dərəcəsi mənim xidmətçiliyimin hansı nöqtədə olduğuna işarə edir və işlədiyim günahın dərəcəsi özüm olmamın ölçüsünü göstərir.

Sahib olma Ehtirası

Bütün alçaqlıqlar Tanrı adına edilmədimi, bütün qanlı edam ştativləri Tanrı adına qurulmadımı, insanlar yandırılmadımı, caniləri öldürmək üçün məhkəmələr və inkvizisiya onun adına qurulmadımı, bütün axmaqlaşdırma işləri onun adına edilmədi mi və indiki vaxtda belə uşaqların həssas ruhları dini təhsillə Tanrı adına zədələnmirmi [qandallanmırmı?]. Müqəddəs andlar onun adına pozulmadımı və hər gün missionerlər diyar-diyar gəzib yəhudiləri, paganları, protestantları ya da katolikləri (vs) öz atalarının dininə xəyanət etməyə təşviq etmirlərmi – Tanrı adına?

Bütün bunlar qarşısında ‘Özüm üçün’ daha mı pisdir? Nə deməkdir Mənim üçün? Dərhal da “adi qazanc” ağla gəlir, çünki insanın özü üçün etmədiyi heç bir şey yoxdur, ayrıca Tanrı adına edilən hər şey özü üçün edilir; ancaq adi qazanc üçün qazanc arxasında olan qazancın köləsidir, qazancın öhdəsindən gələ bilməmişdir və bu adam özünə sahib olmayan və özü olmayandır; onun qazancı yəni pul kisəsi ona sahib çıxmışdır. Sahib olma ehtirası bir insana hökm edirsə, o insan, bu ağanın əmrlərinə itaət etmək məcburiyyətindədir və günün birində əliaçıqlığa qapılınca bu ona bir istisna kimi görünməz mi? – eynilə dindar inanclıların bəzən Tanrının rəhbərliyindən çıxıb “şeytanın” hünərinə aldanmaları kimi? Deməli, sahib olma ehtirası daşıyan və acgöz insan özünə sahib olan deyil, ehtirasının əsiridir və əfəndisi üçün etmədən özü üçün edə bilməz, – eynilə Tanrıdan qorxan kimi.

“Tanrı Sevgidir!”

Bütün nəsillər bütün zamanlarda bu sözü xristianlığın əsas məsələsi olaraq anlamışdılar.  Sevgisi olan Tanrı narahat bir Tanrıdır: dünyanı rahat buraxa bilməz, onu bəxtiyar etmək istəyər.  Tanrı hər şeyə burnunu soxar və onsuz heç bir şey olmaz, hər şeydə onun “ən yaxşı niyyəti” vardır, hər şeydə onun “idrak edilə bilməyən planları və qərarları” vardır. Bacarıqlı olduğumuz hər şeydə “bunu Tanrı etdi!” deyilir  və yaşadığımız hər çətinlikdə də “bu Tanrı cəzasıdır!” deyə eşidirik. Sahib olduğumuz hər şeyi Tanrı “vermişdir.”

Tanrı şeytanla məşğul olarkən qan-tər içində qalarkən, filosof da ağılsızlıq və təsadüflə məşğul olur. Tanrı heç bir varlığın öz-olma planına icazə verməz.

Günahkarlıq

Hamımızın günahkar olduğu mülahizəsini irəli sürən dinə qarşılıq mən bu mülahizəni irəli sürürəm: Hamımız tam yetkinik! Çünki biz hər an ola biləcəyimiz hər şeyik və əsla çox olmamıza ehtiyacımız yoxdur. Heç bir əksik yanımız olmadığı üçün günahın da mənası yoxdur. Əgər  kimsə hər hansı bir ucalığa ehtiyac duymazsa yer üzündə tək bir günahkar belə göstərə bilməzsiniz mənə!

Biz hamımız tam yetkinik və yer üzündə günahkar olacaq tək bir insan belə yoxdur! Tanrı Ata, Tanrının Oğlu ya da Aydakı Adam olduğunu sanan dəlilər vardır və eyni şəkildə ortalıq özlərini günahkar hesab edən dəlilərlə qaynamaqdadır; ancaq necə ki bəziləri Aydakı Adam deyillərsə, o birilər də günahkar deyil. Günahları yalnız yanlış fikirləridir. Buna şübhəylə baxanlar olacaq və heç olmasa insanların günahının dəlilik ya da əcinnəlik olduğunu irəli sürəcəklər. Halbuki əcinnəlilikləri yalnız yarada bildikləridir, inkişaflarının nəticəsidir eynilə Lutherin İncilə inanmaqdan başqa bir şeyə müqtədir ola bilməməsi kimi.

Tanrı və Mən

Tanrı anlayışını Müsəlmanlar və Xristianlar bir-birlərindən fərqli şəkildə qavrayırlar, bu səbəblə də ikisinin həyat tərzləri bir-birindən fərqlidir. Amma Tanrının bizim həyatımız üzərində hökm verməsi lazım olduğu mövzusunda hamısı birləşirlər.

Tanrı haqqında deyilir ki: “Adlar səni adlandırmaz”. Bu mənim üçün də keçərlidir. Heç bir anlayış məni adlandırmaz, mənim özüm olaraq irəli sürülən heç bir şey məni istehlak etməz; bunlar yalnız bir addır. Həmçinin Tanrı üçün tam yetkin olduğu və tam yetkinliyə çatma səyi kimi bir vəzifəsi ya da peşəsi olmadığı deyilir. Bu da yalnız mənim üçün keçərlidir.

Mən öz qüdrətimin sahibiyəm və mən ancaq Tək olduğumu bildiyim an qüdrətimin sahibiyəm. Özünə sahib olan Tək yaradıcı Heçə – doğulduğu yerə geri dönər. Məndən uca hər varlıq, istər Tanrı olsun istər insan, Təklik duyğumu zəiflədər və ancaq bu şüurun günəşi qarşısında sönər. Məsələmi Özümə, bu Təkə buraxsam, o zaman məsələm öz həyatını özü tükədən keçici və ölümlü bir yaradıcının məsələsidir və Mən deyə bilərəm ki:

Mən məsələmi Heçə buraxdım.

Ailə

İstənilən ilk birlik növü ailədir. Valideynlər, ər-arvad, uşaqlar, qardaşlar bir bütünü yəni ailəni meydana gətirirlər və qohumların buna qatılmasıyla ailə çərçivəsi genişlənir. Ailə, əgər ailə qanunu (dini hörmət və ailə-sevgisi) üzvlər tərəfindən tətbiq olunsa, ancaq o zaman gerçək bir birlikdir. Valideynlərini və qardaşlarını əhəmiyyətsiz hesab edən bir övlad, övladlıqdan çıxmışdır. Övladlıq kifayət  qədər mərkəzə  qoyulmadığından, bu əlaqə mənasızlaşmışdır, eynilə keçmişdə ananı və uşağını bir-birlərinə bağlayan göbək bağının kəsildikdən sonra mənasızlaşması kimi. Keçmişdə bu bədənsəl bağla yaşamış olma gerçəyi ortadan qaldırıla bilməz və bu mənada övlad imtina edilməz şəkildə o ananın övladı və digər uşaqların qardaşı (bacısı) qalacaq; amma bir bağın sürməsi üçün ailə dayağı olan dini hörmətin də sürməsi lazımdır. Fərdlər ancaq ailənin mövcudiyyətini özlərinə vəzifə kimi qoysalar ailənin tam üzvü olarlar, mühafizəkardırlarsa ancaq o zaman öz mənşələrindən, ailədən şübhələnməzlər.  Bir şey hər ailə üzvü üçün sabit və müqəddəs olmalıdır, bu şey ailənin özüdür ya da açıq bir ifadəylə:  dini hörmətdir.  Ailə üzvü ailəyə düşmən olan eqoizmdən uzaq dayandığı müddətcə ailənin davamlılığı, toxunulmazlığı bir həqiqətdir. Qısası, əgər ailə müqəddəsdirsə ailəyə daxil olanların heç biri ondan ayrıla bilməz, əks halda ailəyə qarşı “günahkar” olar; ailə üzvü, ailəyə qarşı əsla düşməncə bir mənfəət arxasına düşə bilməz, məsələn, ailəyə qarşı çıxan bir evlilik qura bilməz. Kim bunu etsə,  “ailənin şərəfini çirklədər” və “ailəni ləkələyər”, vs.

Əgər fərd kifayət qədər eqoist temperamentə sahib deyilsə, ailəyə uyğun gələrək ailənin gözləntisinə uyğun olan evlilik qurur, ailənin sinfi quruluşuyla uyğun bir peşə əldə edir, vs. qısacası “ailəni şərəfləndirir”.

Amma əgər damarlarındakı qan kifayət qədər eqoistlik atəşi daşıyırsa, ailənin “günahkarı” olacaq və onun qanunlarından imtina edəcək.

Ürəyimdə ən çox yer edən hansıdır, ailənin sağlamlığımı, mənim sağlamlığım mı? Sayıla bilməyəcək qədər çox vəziyyətdə hər ikisi də yola gedə bilərlər və  ailəyə təmin ediləcək olan faydada mənim də payım ola bilər və mənim payıma düşən fayda onun da faydasına olar. Bu vəziyyətdə öz mənfəətimi düşünərək mi , yoxsa ümuminin mənfəətini düşünərək mi hərəkət etdiyim mövzusunda qərar vermək çətin olacaq. Amma gün gələcəkdir ki, ya – ya da seçimi qarşısında titrəyəcəyəm və soy ağacımı ləkələyəcək, valideynlərimə, qardaşlarıma, qohumlarıma baş qaldıracam. Yaxşı nə olacaq? O an ürəyim nə və necə olduğumu göstərəcək; dindar hörmətin mi yoxsa eqoizmin mi mənim üçün daha üstün olduğu ortaya çıxacaq və bundan belə öz-  mənfəətçi, özgəçiliyin kölgəsinə sığına bilməyəcək artıq. Ruhumda bir arzu yüksəlməkdə və hər an ehtirasa çevrilməkdədir. Ailə sütununa və dindar hörmətə qarşı ola biləcək ən kiçik bir düşüncənin belə dərhal bir günah ola biləcəyini kim ağlından keçirə bilər və kim ilk anda tam olaraq məsələnin dərkinə vara bilər ki?!

“Romeo və Julietta”-da Juliettanın yaşadıqları bunun eynisidir. Tarazlana bilməz ehtiras nəticədə dindar hörməti yerlə bir edər. Deyəcəksiniz ki, ailə dirəşdiyi üçün öz ehtiraslarını hörmətdən daha üstün tutanları və öz istəklərinə istiqamətli hərəkət edənləri qucağından atmışdır. Sadiq Protestantlar da Katoliklərə qarşı eyni bəhanəni irəli sürmüşlər və bunda müvəffəqiyyətli olub özlərini belə inandırmışdılar. Halbuki bu günahı öz üstündən atmaq bir qaçışdan başqa bir şey deyildir. Katoliklər ortaq kilsə birliklərinə dəyər verirdilər və  yalnız öz inanclarını kilsə birliyinə fəda etmədikləri üçün atıldılar. Katoliklər birliyə sıx bağlı idilər, çünki birlik yəni müştərək kilsə onlara görə müqəddəs idi; dinsizlərsə birliyi ən son sıraya qoydular, eynilə dini hörməti olmayanlar kimi. Bunlar xaric edilmir, öz ehtiraslarını və öz-iradələrini ailə bağlarından üstün tutduqları üçün öz – özlərini xaric edirlər.

Julietta qədər ehtiraslı olmayan və onun qədər istəyini önə çıxarmayan bir ürək vardır ki, ancaq zaman- zaman qığılcımlanar. Yumşaq xasiyyətli insan, ailə hüzuru uğruna özünü fəda edir. Burada da öz mənafeyinin üstün olduğu deyilə bilər, çünki yumşaq xasiyyətlinin qərarı öz arzusunun reallaşmasından çox ailə birliyinin təmin olacağını hiss etməsindən qaynaqlanır. Ola bilər, amma ya eqoizmin dindar hörmətə fəda edildiyinə dair etibarlı bir sübut və əlamət varsa? Ya ailə hüzuruna qarşı gələn arzu fəda edildikdən sonra belə bir müqəddəs bağ adına özünü “qurban” edənin yaddaşında varlığını davam etdirirsə? Yaxşı ya yumşaq xasiyyətli, öz istəyini təmin etməyib bir üst səviyyəyə boyun əymiş olduğunu dərk etsə?  Yumşaq xasiyyətli boyun əymiş və özünü fəda etmişdir çünki dini hörmətin batil inancı onun üzərində suverenliyini qurmuşdur!

Birində eqoizm zəfər qazanarkən, o birində dini hörmət qalib gəlməkdədir və eqoist ürək qanamağa başlayır. Birində eqoizm güclüdür, o birində zəifdir. Zəiflər çoxdandır bildiyimiz kimi öz mənfəətlərini düşünməyənlərdir. Bu zəif üzvlərə ailə baxar, çünki onlar ailəyə aiddirlər, ailə mənsublarıdır. Deməli, özlərinə aid deyillər və özlərinə baxa bilməyənlərdir. Məsələn, Hegel uşaqların evlilikləri mövzusundakı seçimi valideynlərinə buraxmalarını qarşıya qoymaqla bu zəifliyi tərifləyir.

Fərd müqəddəs bir birlik olan ailəyə itaət etməyə borcludur və hakimlik haqqı itir. Məsələn, Willibald Alexis,  Cabanis adlı romanında bu cür bir “ailə məhkəməsi”ni izah edir: burada ata “ailə təşkilatı” adına  itaətsiz oğulunu əsgərə göndərərək ailədən xaric edir və bu cəza ilə ailəyə yaxılan ləkəni təmizləmək istəyir.  Ailə məsuliyyətinin ən tutarlı forması Çin hüququnda mövcuddur, buna görə fərdin işlədiyi cinayətin cəzasını bütün ailə ödəyir.

İndiki vaxtda sədaqətsizləri ciddi bir şəkildə cəzalandırmaq üçün ailənin təsiri əvvəlki qədər güclü deyil, (hətta varislikdən çıxarmağa qarşı belə dövlət əksərən tədbir götürür). Ailəyə qarşı cinayət törədən (ailə-günahkarı) dövlətə sığınır və azadlaşır, eynilə Amerikaya qaçan və beləcə öz dövlətinin onu tutub cəzalandıramadığı dövlət cinayətkarı kimi. Ailəsinə ləkə sürən itaətsiz övlad ailənin verəcəyi cəzaya qarşı dövlət tərəfindən qorunur. Çünki dövlət, bu qoruyucu ağa ailə cəzasının “müqəddəsliyini” ailənin əlindən alır, müqəddəsliyini pozur və bu cəzanın yalnız bir “intiqam” olduğunu söyləyir. Dövlət müqəddəs ailənin cəzalandırma haqqına mane olur, çünki o ailə müqəddəsliyini öz “müqəddəsliyinə” tabe edir və ailə dövlətin uca müqəddəsliyi ilə qarşıdurmaya girəcəyi zaman dövlət qarşısında sönüb müqəddəssizləşir. Anlaşılmayan nəsə olmadığı müddətdə dövlət özündən daha az müqəddəs olan ailəyə toxunmaz, amma əks halda ailəyə qarşı cinayət törədilməsini belə əmr edər, məsələn, övlada, ailəsi onu dövlətə qarşı cinayət törətməyə təşviq etsə itaət etməməsini əmr edər.

Eqoist ailə bağlarını qırmış və ağır təhqirə uğramış olan ailəyə  qarşı dövlət ağanın  himayəsinə girmişdir. Yaxşı amma indi hara gəlmişdir?  Düz yeni bir cəmiyyətin içinə və onun eqoizmini az əvvəl xilas olmuş olduğu tələlərin eynisi burada da gözləməkdədir. Çünki dövlət bir cəmiyyətdir, bir-birlikdəlik deyil. Dövlət genişlədilmiş ailədir. (“Dövlət ata –  dövlət ana – dövlət övladları.”)

Dövlət deyilən şey asılılıqdan, bağlılıqdan, birlikdən və həmrəylikdən ibarət olan bir toxuma və bir hörgüdür. Bu hörgüdə bir araya düzülən insanlar bir-birlərinə uyğun gəlmək məcburiyyətindədirlər, qısacası hamısı bir-birinə bağlıdırlar. Dövlət bu asılılıqdan ibarət olan nizamdır. Nüfuzu ən yuxarıdakından ən aşağı məmuruna qədər çatan kral ortadan itsə yenə də içlərinə nizam anlayışı oturmuş hər kəs bu nizamı nizamsızlığın vəhşiliyinə qarşı qorumağa çalışacaq. Nizamsızlıq zəfər qazansa, dövlət yıxılar.

Tərcüməçi: Səbinə Mehbaliyeva
Mənbə: www.projektmaxstirner.de

 

 

Advertisements