what-role-did-women-play-in-the-french-revolution_5927b539-abee-4d5d-93dd-4a5ebbc8fa39Prinsiplər sahəsində inqilab tanrını onun canişini simasında öldürmüş olur. İyirminci əsrdə inqilab prinsiplərin daxilindən geriyə qalan ilahilikləri öldürür və beləliklə, tarixi nihilizmi işıqlandırır. Hər hansı mənəvi qaydalardan uzaq, zamanda bir dəfə kök salmış bu nihilizm sonrakı inkişaf yolundan asılı olmayaraq Sezar məbədi ucaltmaqdadır. Tarixi öyrənmək – yalnız tarixi öyrənmək – nihilizmin leyhinə, inqilab təliminin isə əleyhinə danışmaq deməkdir. İrrasionallıq naminə tarixə can atmağa risk edən kəslər, onun istənilən mənadan məhrum olduğunu dilə gətirərək, onda ancaq köləlik və terror tapır və nəhayətdə, konslaqerlərdə peyda olurlar. Mütləq rasionalizmi təbliğ edərək tarixdə eşələnənlər də həmçinin, həmin köləlik və terror tapır və düşərgə sistemində dayanırlar.  Faşizm Nitsşe üstinsanının gəlişini bərqərar etməyi arzulayırdı və o andaca anladı ki, əgər tanrı mövcuddursa, o, istənilən kəs və istənilən şey, amma hər şeydən ümdə, ölümün hökmdarı ola bilər. Əgər insan tanrı rolunu ifa etmək fikrinə düşübsə, o özünə digərlərinin həyat və ölüm haqqlarını həvalə etməlidir. Ancaq cəsədlərin və qeyri-insanların təchizatçısına çevrilərək , o özü də tanrı deyil, qeyri-insan, ölümün nifrət doğuran köməkçisi olur. Rasional inqilab, öz növbəsində, Marksın proqnozlaşdırdığı bütöv insanı reallaşdırmağa meyl edir. Tarixi məntiqi onun məcmu şəklində qəbul etmək lazımdır, mədhnamə inqilabı necə öz yüksək ehtirasına qarşı çıxaracaq, güclə və daha da güclə insanı şikəst edəcək və sonda özü obyektiv cinayətə çevriləcək. Faşizmin və rus kommunizminin məqsədlərini eyniləşdirmək ədalətsizlik olardı. Faşizm cəlladın cəllad tərəfindən tərifini təklif edir. Kommunizm  daha faciəvidir, onun mahiyyəti cəlladın qurbanlar tərəfindən təriflənməsidir. Faşizm insanları bütünlüklə xilas etməyə heç vaxt çalışmır, onun məqsədini bir qismin digər bir qismin kölələşdirilməsi müqabilində azad edilməsi təşkil edir. Kommunizm, özünün dərin prinsiplərindən yola çıxaraq, hamının müvəqqəti əsir alınması ilə bütün insanların azad edilməsinə çalışır. Niyyətlərinin böyüklüyünə görə kommunizmdən imtina etmərsən. Lakin həm kommunizm, həm də faşizmin siyasi abırsızlıqlarını eyniləşdirmək kifayət qədər  ədalətli olardı. Onlar hər ikisi də eyni mənbədən: mənəvi nihilizmdən yararlanıblar. Hər şey o tərzdə baş verirdi ki, sanki Ştirner və Neçaevin[1] nəvələri qulluğa Kalayev[2] və Prudonun[3] nəvələrini təyin ediblər. Bugün nihilistlər taxta sahib çıxıblar. İnqilab naminə bizim dünyamıza rəhbərlik iddiasında olan fikirlər üsyana yox, kompromis idealogiyasının reallığına çevriliblər. Buna görə bizim zamanımız, dağıntı texnologiyası epoxasıdır, həm gizli, həm də aşkar.

Nihilizmə uyaraq inqilab özünəxas üsyankar mənbəyindən üz çevirmiş oldu.  Ölüm və ölüm tanrısına nifrət bəsləyən, şəxsi ölümsüzlüyündə çarəsizliyə uğrayan insan, hər növ insani əbədiyyətdə azadlığa qovuşmağa susadı. Ancaq nə qədər ki kollektiv, dünyaya ağalıq etmir, o vaxta qədər ki xalq hökmran deyil, hələ ölmək gərəkdir. Zaman tükənir, etiqad üçün asudəlik lazımdır, dostcasına nəsihətlər sonsuza qədər uzanıb gedə bilər, nəticədə, terror ölümsüzlüyə gedən ən qısa yol olaraq qalır. Bu ifrat azğınlıqlar da ilkin üsyankar dəyərlərin həsrəti üçün fəryad çəkir. Dəyərlərin inkarına istiqamətlənən müasir inqilab özü artıq dəyər dolu mühakimədir. İnsan inqilab vasitəsilə krallıq qurmaq niyyətindədir. Əgər dünyada hər şey mənadan məhrumdursa, bütün bunlar nəyə lazım? Nə üçün gərəkdir əbədiyyət, əgər həyat qarşımıza qorxunc bir simada çıxırsa? Ola bilsin, bəlkə, intihardan savayı, mütləq materializm olmadığı kimi, mütləq nihilist ideya da mövcud deyildir. İnsanın məhvi, onun təsdiqinin üsullarından yalnız biridir. Terror və konslagerlər insanın tənhalıqdan qurtulmağa çalışması anında əl atdığı ekstremal vasitələrdir. Birliyə yönəlik güc, heç olmasa, ümumi məzar çuxurunda həyata keçməlidir. İnsanlar bir-birilərini ölüm aqibətini inkar etməkdən ötəri, ümumi ölümsüzlük şəninə qətlə yetirirlər. Lakin onlar, bir növ, bir-birilərini öldürərək, eyni zamanda, insansız da keçinə bilmədiklərini təsdiq etmiş olurlar. Onlar qorxunc qardaşlıq aclıqlarını bu cür yatırırlar. “Canlının sevincə, əgər sevinc yoxdursa da, başqa bir canlıya ehtiyacı vardır”. Məhz o zaman, varlıq və ölümün ağrı-acısını qəbul etməyənlər hakimiyyət üçün özlərini yortmağa başlayırlar. “Tənhalıq gücdür”, – yazırdı Sad. Hakim mövqelər tutan minlərlə tənhalar üçün digər insanlar tələb olunur, belə ki, hakimiyyət başqalarının ağrı-acılarında təcəssüm olunur. Terror dünyəvi qardaşlıq ideyasına amansızlaşmış tənhalar tərəfindən təqdim edilmiş sonuncu hörmət əlamətidir.

Bütün heçliyi ilə nihilizm var olmağa sarı gedir və bu, dünyanın səhraya dönməsi üçün kifayət edir. Bu quduzluq zəmanəmizə nifrətə layiq qılıq bəxş edir.  Humanizmin beşiyi Avropa insafsızlıq məskəni oldu. Ancaq bu – bizim zəmanəmizdir və ondan üz çevirməyə haqqımız varmı? Bu bizim tarixdir – bizim cəhənnəmdir, bu halda, ondan üz döndərə bilmərik. Bu dəhşətə göz yummamaq, əksinə, zamanında bu dəhşətə bais olub indi onu mühakimə etmək haqqını özlərində tapanların gücləri ilə bu dəhşətin qarşısını almaq məsuliyyətini üzərinə götürməliyik. Bu qanqal yalnız çoxlu qanunsuzluqla sıx şəkildə gübrələnmiş zəmin üzərində bitə bilərdi. Mübarizənin həlledici – bizim dəlisov epoxamızın təhlilsiz, hamını cəlb edən mərhələsində düşmənlər döyüşən qardaşlar qismində qalırlar. Hətta onları yanılmalarda həbs etsək belə, onlara münasibətdə nə qəzəb, nə də nifrət hissləri bəsləməməliyik : dərd-qəm artıq bizim vətənimiz, məskənimiz olub.

Hətta, biz qanunsuzluğa bəraət kimi bərabər hüquqlu olduğu üçün hüzur və sülhə can atmanı da inkar etməliyik. Keçmiş xoş günlərin göz yaşlarını axıdanlar öz həqiqi məqsədlərini gizlətməyə nail olmayacaqlar: onlar səfalətin aradan qaldırılmasına deyil, səfalət harayının susdurulması niyyətini güdürlər. Bizlərə yatmaq imkanı tanımayıb fəryad qoparan aclıq zəmanəmiz mübarək olsun. Hələ de Mestr “inqilabın krallara oxuduğu qorxunc vəz”dən danışmışdı. Daha artıq şövqlə davam edir o, indiki şərəfsiz hökmdarlara vəz oxumağa. Gəlin biz də qulaq verək bu vəzlərə. Hər bir sözdə, hər bir hərəkətdə, hətta cinayətkar hərəkətdə belə, tapmalı və dünyaya təqdim etməli olduğumuz tam yeni dəyərlərin cücərtiləri yatmaqdadır. Gələcək gözlənilməzdir : növbəti dirçəliş baş verməyə də bilər. Lakin hətta, tarixin dialektikası yalançı və günahkardırsa belə, yalançı ideyaya uymuş dünya, nəticədə, cinayətlərdə də özünü reallaşdırmış ola bilər. Bizim üçün bu güzəşt qəbuledilməzdir: biz mərcimizi dirçəlişdən yana edirik.

Biz seçim qarşısındayıq: ya yenidən dirilməli, ya da ölməliyik. Üsyanın ziddiyyətliliyi bu an üçün ən son həddə – özünü inkar həddinə çatmışdır; üsyan onu yaradan dünya ilə birgə məhv olmalı və ya özünə sadiqlik, yeni qüvvə təkanı qazanmalıdır. Davam etməzdən öncə, bu ziddiyyətliliyin nədən ibarət olduğunu ayınlaşdırmaq gərəkdir. Bizim ekzistensialislər (hal-hazırda onlar da tarixşünaslıq və onun ziddiyyətlərinin təsiri altındadırlar) buna çox da uyğun olmayan – inqilab üsyanla müqayisədə tərəqqidir və üsyançı inqilabçı deyil kimi izah gətirirlər. Əslinə qalanda isə, ziddiyyətlər daha konkretdir. Hər bir inqilabçı, eyni zamanda, həm də üsyançıdır və əgər belədirsə, o, üsyanın rəqibi qismində polis və məmura çevrilmiş olur. Belə ki, tərəqqi barəsində söhbətlərə artıq yer qalmır: hər iki mahiyyət eyni anda mövcuddur və onlar arasında ziddiyyət durmadan artır. Bütün inqilabçılar, son nəticədə, ya zalım, ya da dönük çıxırlar. Üsyan və inqilabın özləri üçün seçdikləri o sırf tarixi dünyada onlar eyni bir dilemma qarşısında qalırlar: ya polis bölməsi, ya dəlixana.

Bu səviyyədə tarix tamamilə bəhrəsiz qalır. Özlüyündə o, nə dəyərlərin, nə də nihilizmin qaynağı deyil. Bəs əbədi ideya səltənətində, heç olmasa, tarixdən kənar bir dəyər yaratmaq olmazmı? Bu dəyər tarixi ədalətsizlik və insan səfaləti bəraəti ilə eyni qüvvəyə malik olardı. Bu dünyanın ünvanına atılan böhtan bizi tərifini Nitsşedə tapdığımız nihilizmə doğru istiqamətləndirir. Bir tək tarixdən törəyən fikir, tarixin özünə qarşı çıxan fikir tək eyni dərəcədə insanı vasitə və mənalardan məhrum edir. Mənadan məhrumluq insanı çarəsizcəsinə “Nə üçün yaşayım?” sualına, vasitədən məhrumluq insanı “Necə yaşayım?” probleminə sarı sürükləyir. Beləliklə, tarix zəruriyyətdir, lakin mənəvi dəyərlər yaratmaq üçün qeyri-qənaətbəxş şəraitdir. Tarixi nə dəyərlərin yoxluğu, nə ayrıca dəyər, nə də ki yeni dəyərləri yaratmaq üçün xammal hesab etmək olar. Tarix sadəcə çoxlu hallardan biridir, hansı ki, insan dumanlı şəkildə olsa da, tarixi mühakimə edə bilmək üçün mövcud olan dəyərləri tuta bilsin. Üsyan isə bu mövcudluğa zamin qismində xidmət edir. Mütləq inqilab insan təbiətinin mütləq dolğunluğunu, insanın sadə tarixi güc səviyyəsinə enmək imkanını irəli sürür. Üsyan insanın əşyaya çevrilməsinə, tarixə çökməsinə qarşı etdiyi etirazdır. Üsyan gücə tabe olmayan ümumi bir insan təbiətinin təsdiqidir. Tarix, əlbəttə ki, insanın hədlərindən biridir, bu baxımdan inqilabçılar haqlıdırlar. Ancaq üsyankar insan, öz növbəsində, tarixi hansısa bir həddini müəyyənləşdirir. Məhz bu həddə yeni dəyərlərin əlamətləri cücərir. Bugünkü sezarsayaq inqilab amansızcasına bu cücərmə ilə mübarizə aparır, belə ki, üsyan inqilabın darmadağın ediməsi və öz dəyərlərinin təkzibinin vacibliyinə işarə vurur. 1950-ci illərdə dünyanın taleyi, göründüyünün əksinə olaraq, burjua və inqilab istehsal üsullarının mübarizəsində həll edilmir: ikisinin də sonu eynidir. Dünyanın taleyi üsyan gücləri və sezarsayaq inqilab güclərinin mübarizəsində həll olunur. Polisinin, məhkəməsinin və təmizlənmələrin hesabına zəfər çalmış inqilab insan təbiətinin yoxluğunu sübuta yetirməyə çalışır. Tərk-silah edilmiş üsyan, ziddiyyətləri, acıları, sonsuz məğlubiyyətləri, yorulmaq bilməyən qüruru ilə bu təbiəti ağrı və ümid vasitəsilə zənginləşdirməyə can atır.

Kölə deyirdi: “Mən üsyan edirəm, demək, mən varam”. Metafizik üsyan bu formulu dəyişdi: “Mən üsyan edirəm, demək, tənhayam” – bu açıqlama ilə biz bu günə qədər yaşayırıq. Açıq səma altında tənhayıqsa əgər biz, labüd ölümə məhkumuqsa əgər, onda, həqiqətən, mövcud olduğumuzu iddia edə bilərikmi? Bu sualları verən metafizik üsyan, zamanında görüntüdən varlıq yaratmağa cəhd etdi. Sonradan sırf tarix yönümlü mütəfəkkirlər varlığın fəaliyyətlə eyni olduğunu iddiasına qapıldılar. Biz mövcud deyilik, – deyirdilər onlar, ancaq nə olursa olsun, mövcud olmalıyıq. Bizim inqilab – mənəvi qanunlara tabe olmayan fəaliyyət yolu ilə yeni varlığa sahib olmaq cəhdidir. Buna görədir ki, bu inqilab tarix naminə özünü varlığa – terror şəraitində varlığa məhkum etdi. İnsan tarixdə əgər, elə ya belə yekdil razılığa nail olmursa, tarixin gözündə təmiz bir heçdir. Son hədd elə məhz bu anda keçilmiş olur, üsyan isə əvvəl satılır, sonra məntiqlə məhv edilir, çünki üsyan öz ifadələrində hansısa həddlərin mövcudluğunu qeyd etməkdən və insan təbiətinin ikili xarakterli olması iddiasından heç zaman əl çəkmədi: hər növ varlığın tam inkarında heç də üsyan günahkar deyil. Üsyan əksinə, ona, eyni zamanda, həm “hə”, həm də “yox” deyib. Üsyan varlığın bir hissəsindən uca hesab etdiyi digər hissəsi naminə imtina etmək deməkdir. Nə qədər ucalıq, o qədər də barışmaz imtina. Daha irəlidə, üsyan öz qəzəb və zülmətində hər şeyə və ya heç nəyə çevriləndə, hər növ varlığın və insan təbiətinin inkarına çatan anda o, özü özünü rədd etmiş olur. Yalnız ümumi inkar vasitəsilə üsyan, ümumi fəth planına bəraət qazandıra bilər. Lakin həddlərin, bütün insanlara xas ləyaqət və gözəlliyin bəyanatı bu dəyərləri hər kəsə və hər şeyə yaymaq və öz fundamental prinsiplərindən yayınmayaraq  birliyə doğru irəliləmək zərurəti yaradacaqdır. Bu mənada üsyan ibtidai həqiqiliyində hər hansı tarixi fikrin bəraəti deyildir. Üsyan birliyə iddialıdır, totallığa tarixi inqilab. Üsyan bəyanata söykənən inkardan irəli gəlir: inqilab təmiz inkardan irəli gəlir və özünü, yalnız sonda nail oluna bilən təsdiq naminə mümkün hər növ köləlik formasına düçar etmiş olur. Üsyan yaradıcı, inqilab isə nihilistikdir. Üsyan varlığın böyüməsi üçün yaratmaq məqsədi daşıdığı halda, inqilab daha çox inkara yönəlik yaratmağa məcburdur. Tarixi inqilab bir gün varlığa sahib olmaq ümidi ilə işləməyə, çalışmağa məhkumdur, ancaq bu ümid onu həmişə aldadır. Varlığa sahiblənmək üçün, hətta yekdil razılıq da kifayət etmir. “İtaət edin” , – təbəələrinə deyirdi Böyük Fridrix. Ölərkən rahat nəfəs aldı, – “Qulları idarə etməkdən bezdim”. Bu absurd taledən qaçmaq, üsyanın yaradıcı köklərinə qayıtmaq üçün inqilab öz prinsiplərindən, nihilizmdən və sırf tarixi dəyərlərdən yayınmalıdır. İnqilab tarixin cəfəngliyini nizamlamaq qabiliyyətinə malik məlum əxlaqi və ya metafizik qanunlara boyun əymədən yaradıcı başlanğıc ola bilməz. İnqilabın zahiri və saxta burjuaziya dəyərlərinə nifrəti tamamilə haqlıdır. Ancaq inqilabın dəliliyi hər bir əxlaq tələbindən imtinanı geniş yaymasında özünü göstərir. İnqilabın köklərində, onun ən dərin istəklərində, heç də  ona fəaliyyətə keçmək üçün rəhbər olmağa yardım edəcək formal qaydalar dayanmır. Əslində, üsyan durmadan təkrar edir və daha da ucadan təkrar edəcək ki, fəaliyyət bütün dünyanın gözündə müti varlıq üçün deyil, üsyankar coşquda yatan daha narahat varlığa çatmaq üçün gərəkdir. Bu qayda nə formal, nə də tarixdən asılıdır, biz də elə bunu ədəbi yaradıcılıqları təhlil edərkən təmiz formasında nəzərdən keçirdərək sübut etməyə çalışırıq. Ancaq hələ ki, sadəcə “Mən üsyan edirəm, demək mən varam” və “Mən üsyan edirəm, demək mən tənhayam” kimi metafizik formullara tarixlə ədavətə girən üsyan əlavə edir ki, olmadığımız varlığı yaratmaq üçün ölmək və öldürmək əvəzinə, biz olduğumuz varlığı yaratmaq üçün yaşamalı və yaşatmalıyıq.

 

[1] Serqey Neçaev –Rus nihilist və inqilabçı.

[2] İvan Platonoviç Kalyayev – Rus inqilabçı, terrorçu.

[3] Pier Jozef Prudon – fransız siyasətçi, publisist, sosioloq, anarxist.

Mənbə: Альбер Камю//Бунтующий человек
Tərcüməçi: Turan Qasımov

Advertisements