Music-notes2Musiqi ən qədim zamanlardan həyatımızın bir hissəsi olmuşdur. Bu bağlılıq beşikdən ana laylası ilə başlayaraq həyatımızın sevinci, kədərli günləridə bizi müşayiət etmişdir. Dünyada elə bir xalq yoxdur ki onun özünəməxsus musiqisi olmasın. Maraqlısı da odur ki, biz müəyyən bir xalqın dilini bilmədiyimiz halda onun yaratdığı musiqi nümunələrində təcəssüm olunan fikir və hisləri asanlıqla dərk edirik. İbtidai dövrlərdən insanlar suların şırıltısından, quşların, yağışın, küləyin səsindən təsirlənərək qamış, heyvan dərisi, daş, odun və s. vasitələrdən istifadə edərək təbiətdəki səsləri təqlid etməyə başladılar. Dini ayinlərdə, totemlərdə istifadə edərək təbiət qüvvələrinə qalib gəlmək istəmişlər. Əvvəllər işarə məqsədi ilə istifadə etdikləri bu səsləri sonralar daha ahəngdar formaya salaraq ilk musiqi nümunələrini yaratdılar. Dövrümüzə çatan ən qədim yazılı musiqi nümunələri Hindistanda dini “Veda” mətnləridir. Qədim Şumer, Akkad, Ur, Babil, Aşşur kimi dövlətlərdə canlı musiqi sferası formalaşmışdı. Burda əsasən məbədlərdə din xadimləri musiqi ilə məşğul olurdu. Babilistanda fleyta, hoboy və simli alətlərdən istifadə etməyə başlanmışdır. E.ə. X əsrdə Şumerdə ilk nota köçürmə cəhdi edilmişdi. Burada tapılan gil lövhəcikdə 3 min il əvvəl bəstələnmiş qədim mahnının sözləri və melodiyası yazılmışdır. Musiqi sənəti haqqında ilkin mülahizələr qədim Misirə aiddir. E.ə. 2800-2160-cı illərdə Misirdə saray musiqisi ilə dini musiqi bir-birindən ayrılmışdı. Musiqidə “pərdə” anlayışı və hecalarla oxunuşuna ilk dəfə Misirdə rast gəlinir. E.ə 1500-cü illərdən hərbi musiqi inkişaf edir, qadın musiqiçilər əyləncə və rəqsi musiqiləri yaradırlar. Musiqi ilə bağlı ilk nəzəriyyə qədim yunanlarla bağlıdır. “Musiqi” sözü qədim Yunanıstanda incəsənət ilahələri Muzaların (Muse) adından götürülmüşdür. Muzalar Zevsin qızlarıdır və hər birinin öz vəzifəsi vardır:
Efterpe-fleyta-musiqi
Erato-eşq şeirləri.
Kalliopa-dastan epik şeir.
Kleio-tarix.
Melpemon-tragediya.
Terpsixor-rəqs
Talia-komediya.
Urania-səma
Qədim yunanda musiqi ciddi bir iş idi və bütün yaxşılıqların mənbəyi hesab olunurdu. E.ə. VI yüzillikdə akustikanın təməlini qoyan Pifaqor musiqinin riyazi üsulla şərhini vermişdi. Burada məktəblərdə musiqi dərsi keçilir və 30 yaşına qədər musiqi ifaçılığı məcburi hesab olunurdu. Qədim Yunan dramaturqları Sofokl, Evripid, Esxil öz tragediyalarında musiqiyə geniş yer vermişlər. Qədim dövr musiqi mədəniyyətinin son mərhələsi Roma imperiyasının adı ilə bağlıdır. Böyük imperiyada müxtəlif xalqların mədəniyyəti qovuşmuş və rəngarəng musiqi mədəniyyəti yaranmışdı. Qədim Romada icad edilmiş alətlər, janrlar, nəzəriyyələr sonrakı dövrlərin musiqi mədəniyyətinə böyük təsir göstərmişdi. Orta əsrlərdə musiqi həyatında mühüm dəyişikliklər baş verdi. Bu dövrdə Avropanın bir çox ölkələrində xristian dini qəbul edildi və digər sahələrlə yanaşı musiqi də dinin sərt nəzarəti altına düşdü. Kilsənin tələbatına uyğun olaraq musiqinin məzmunu və bədii imkanları məhdudlaşdırıldı.
Məhz kilsələr musiqi ocağına çevrilmişdi. Burada dini mətnlər tək səsli vokal formada ifa olunurdu. Kilsədən kənar musiqilər qadağan olunmuşdu. Kilsə kitabxanalarında musiqi araşdırmalarına dair kitablar saxlanılırdı. X əsrdə kilsə xadimi rahib Qvido Aretso not yazısını icad etdi. Yaxın və Orta Şərq ölkələrində də orta əsrlərdə mühüm nailiyyətlər əldə olunmuşdur. VII əsrdə İslam dininin meydana gəlməsi və ərəb xilafətinin yaranması böyük bir ərazidə musiqi sənətində köklü dəyişiklikərə səbəb oldu. Quran avazla qiraət edilir, məscidlərdə azan oxunurdu. Şərq musiqisinin incisi muğam-məqam janrı da bu dövrdə bütün Şərqə yayılır. Orta əsr görkəmli Şərq alimləri Səfiəddin Urməvi, Əbdülqadir Marağayi, Əbunəsr Əl-Fərabi, İbn Sina öz əsərlərində Şərq musiqisinin əsas xüsusiyyətlərini, tarixini, nəzəriyyəsini göstərmişlər. XV-XVII əsr intibah dövrü, mədəniyyətin çiçəklənmə dövrüdür. Humanizm dünyagörüşünü təbliğ edən renessans nəinki Avropada, həmçinin Yaxın və Uzaq Şərq ölkələrinə də təsir göstərmişdi. Bu dövrdə dini və dünyəvi musiqi janrları eyni zamanda inkişaf etmişlər. Kilsənin musiqi üzərində olan sərt məhdudiyyəti yumşalır, artıq yeni bədii xüsusiyyətlər meydana gəlir. İtaliyada Covanni Palestrina, Niderlandda Josken Depre və Orlando Lasso kimi bəstəkarlar möhtəşəm xor kompozisiyaları yaradırlar. Bu dövrdə Peri və Rinuççinin birgə yaratdığı ” Dafna” (1595) və “Evridika”(1600) musiqidə ilk operalar hesab olunur. Opera janrının vətəni İtaliyada ilk konservatoriya təşkil edilir. Barokko adlandırılan bu dövrdə görkəmli bəstəkarlar K. Monteverdi, A. Skarlatti, İ.S. Bax, F. Hendel, A. Vivaldi gözəl əsərlər yaratmışlar. XVII əsrin ortalarında əzəmətli barokko janrı öz əhəmiyyətini itirir və daha tarazlı, dəqiq klassisizm cərəyanı başlayır. O zaman Avropanın “musiqi paytaxtı” sayılan Vyananın zəngin bədii ənənələrindən bəhrələnən Haydn, Motsart və Bethovenin yaradıcılığı klassik musiqinin ən parlaq nümunələridir. Bu dövrdə musiqinin ən nəhəng janrı simfoniya, kvartet sonata ən yüksək səviyyəyə çatmış, simfonik orkestr formalaşmışdır. XVIII əsrin sonundan romantizm cərəyanı yaranır. Bu dövrdə bəstəkarlar klassik musiqinin ciddi, dəqiq qanuna uyğunluqlarından uzaqlaşaraq daha sərbəst formalı musiqilər yaradırlar. Dövrün görkəmli nümayəndələri F. Şubert, F. Mendelson, R. Şuman, R. Vaqner, M. Qlinka, P. Çaykovski, F. Şopen, F. List, Y. Brams, J. Bize və s. bəstəkarlardır. XIX -XX əsrdə müxtəlif cərəyanların kəsişdiyi zəngin və mürəkkəb musiqi dünyası yaranır. Bu dövr keçmiş və müasir dövrləri uzlaşdıran keçid rolunu oynayan mühüm mərhələdir. Bu zaman Avropada impressionizm, verizm və son romantizm dövrü mövcud idi. Fransada təşəkkül tapmış imressionizmin nümayəndələri K. Debüssi, M.Ravel öz əsərlərində təbiətdən, məişətdən aldıqları ilk təəssüratları öz əsərlərində canlandırmışlar. İtaliya opera sənətində təşəkkül tapmış verizm həyatı olduğu kimi təsvir etmək idi. XX əsrin əvvəllərində yaranan ekspressionizm şəxsiyyətin cəmiyyətlə qarşıdurması, mənəvi sarsıntılarını ifadə edirdi. Bundan başqa XX əsr boyu neoklasisizm, neofolklorizm, minimalizm kimi üslublar bir-birini əvəz etmişdir. XX əsrin görkəmli nümayəndələri sırasında D. Şostakoviç, Q. Qarayev, Ü. Hacıbəyov, A. Şönberq, İ. Stravinski, S. Raxmaninov və başqa bəstəkarları göstərmək olar. Bu dövrdə həmçinin caz (L.Armstronq, Ç. Parker, M. Devis və s.), estrada musiqisi (Edit Piaf, Julio Egleseas, Toto Kutunyo, Co Dassen) rok (Led Zeppelin, Queen, Deep purple,), rok’n’roll( Elvis Presley, Little Richard), disko (Abba, Boney M), hip-hop (Tupak Shakur, İce Cube), pop (Michael Jackson, Madonna, Tina Turner) kimi jarnlar meydana gəlmişdir.

Yazar: Zəhra Hüseynova

Advertisements