the-fire-within
“Mən çardaqdayam sevgilim!” deyə səsləndi dəlikdən aşağı doğru. “Köhnə kitablar bu günlərdə çox dəyərlidir. Bir baxmaq istəyirəm onlara.” Son sözlərimi eşitdimi? “Ora çox qaranlıqdır; dayan, sənə bir fənər verim.” Yaxşı. Durğun bir gün. Bütün həyatım boyunca həmişə bir diqqət axtardığımı söyləyərdi biri mənə. Gülümsədiyimi göstərən bir ayna olsaydı; bir az da işıq. “Bir yerini yaralayarsan qaranlıqda.” Dəlikdən yuxarı doğru bir əl fənəri uzandı. Fənərli əlin ucundakı işıq, təsadüfi əhəmiyyətsiz bir küncü işıqlandırdı; bu əli oxşadı. Əl itdi. Nə düşünür görəsən? Gülümsədi: Yenə də düşünürsən?

İllərdir bu tozlu, hörümçəkli qaranlığa çıxmamışdı. İşığı görən bəzi böcəklər qaçışdılar. Qorxu; lakin faydalı olacağını düşünmək qüvvətləndirdi onu. Bəlkə də, heç bir şey demədən bacarmalıydım bu işi. Məndən bir qarşılıq gözləmir. Ona kömək etməkmi bu? Bilmirəm, bəzən qarışdırıram; xüsusilə, başımda uğultular olduğu zamanlar. Onun kimi düşünə bilmək istərdim. Mənə  bildirməyə çalışaraq izləyir məni. Çəkinir. Tələsməliyəm elə isə. Fənəri yaxın bir yer tutdu; anasıyla atasının şəkilləri. Aralarında köhnə bir ayaqqabı torbası, qırıq bir neçə lampa. Niyə heç sevmədilər bir-birlərini? Öləcəklər deyə elə qorxmuşdum ki. Torbanı qarışdırdı: gecə paltarında getdiyim ilk bala geymişdim bunları. Hər gecə biriylə görüşə çıxardım, rəqs etmək üçün, Aman Allahım! Necə eləmişəm bunu? Əllərinin tozunu paltarın üstünə sildi. Bənövşəyi ayaqqabılarına baxdı: Büzüşmüş, kiflənmişdilər. Sol ayağına geydi birini: ölçüsü heç dəyişməmiş. Utandı, yenə də çıxara bilmədi ayağından. Topallayaraq bir-iki addım atdı. Sonra şəkillərə yaxınlaşdı, diz çökdü, yan-yana gətirdi onları. Dirsəyilə tozlarını sildi bir az. Məni də, özlərini də başa düşmədilər. Nə qədər ağlamışdım. Aşağıda onlara bir yer tapa bilərəmmi? Koridorda sandıq otağında … Boşuna deyinirəm. Onları unutmadım, onları unutmadım. Atasının üzündə qürurlu bir ciddilik vardı.  Eyni  divara  asa bilmərəm onları. Evin nizamını sürətlə gözünün qarşısından keçirdi. Yan-yana olmaq istəməzdilər; məzarda belə. Şəkillərdən birini götürdü; fənəri yerə buraxmışdı, hansı rəsmi götürdüyünü  bilmədi. Hündür bir yerə qoydu onu. Bir az  təlaşlanmışdı; dizi bir taxtaya dəydi. Səndələdi, yerə yıxıldı ; yüngül bir düşmə. Ayağa qalxmağa cəsarət edə bilmədi; iməkləyərək fənərin yanına getdi. Bir torba daha. boşaltdı: Köhnə şəkillər! Məqsədindən uzaqlaşırdı. Mənə təzyiq etdiyini düşünməli deyiləm. Üzünə qarşı söyləsəm belə, içimdən keçirməməliyəm bunu. Tələsik rəsimləri yerə yaydı, əl fənərini gəzdirdi tozlu qarartıların üzərində. Başqa bir evə daşınmış ola bilərdim, bir daha heç görməyəcəyim birinə buraxıb getmiş ola bilərdim bütün bunları. Rəsimləri qarışdırdı: Nə qədər çox şəkil çəkdirmişəm ya rəbbi! Çoxu da yaxşı çıxmamış. Gülümsədi: O zamanlar nə qədər  uzunmuş ətəklər! Çirkin bir uzunluq. Duruşlar da gülünc. Kim bilər hansı filmdən? Arxamı dönüb gedirmiş kimi eləmişəm və birdən başımı çevirmişəm. Kimə baxmışam, görəsən? Oxşar paltarla bir şəkil daha. Yanımda biri var. Şəkil çox tozlanmışdı. Tozlu da olsa, tanıyır insan özünü. Barmağını islatdı diliylə; tozlar əvvəl palçıq oldu, sonra … İlk ərinin gülümsəyən üzünü gördü barmağının ucunda. Aman ya rəbbi! Bir zamanlar evliydim mən də … sonra yenə evliydim. İnsan bir gündə çata bilmir  bir yerə, nə edək? Hara? Təsvir edə bilmədiyimiz, bir ad verə bilmədiyiniz duyğular üzündən nə qədər əzab çəkmişdik. Əyildi, bir ovuc şəkil aldı yerdən: Bu şəkil çəkilməzdən qabaq necə də heç yoxdan bir məsələ çıxarmışdım, sonra da çıxıb getmişdim. Sonra nə olmuşdu? Sonra … Buradasan … bu evdə. Demək sonra hiçbir şey olmadı onunla əlaqədar. Nə pis, nə də yaxşı bir şey: demək ki, heç bir şey. Amma bunu hiss etmədim; keçidlər elə sezdirmədən oldu ki … Xeyr, düşüncələrin qarışdı; Tam mənasıyla sözlərin … Bununla nə əlaqəsi var? Lakin mən … ondan qaçarkən, necə oldu da birdən başımı çevirib bu rəsmi çəkdirdim. Həmişə beləmi durdum şəkillərdə? Biraz yüksək bir yerə oturdu, başını əllərinin arasına alıb düşünməyə başladı. Onun da üzü kim bilir necə idi? Hər halda,  mən günahkaram, şəkil çəkilərkən deyil … bəlkə,  o vaxt haqlıydım, şübhəsiz, haqlıydım. Çox daha əvvəl … çox daha əvvəl …

Tez bir anda  kitablara çatmaq istədi, geriyə doğru bu sonsuz səfər bitsin istədi. Köhnə bal ayaqqabısını ayağından çıxarmağa çalışdı. Sonra çox axtardısa da, arxası bağlı yumşaq tərliklərini tapa bilmədi . Səndələyərək əl fənərinə doğru getdi. İrəlidəki küncdə olmalıydı kitab sandığı. Lakin orada kitab sandığına bənzəməyən qaranlıq çıxıntılar vardı. Fənəri bu qəribə yığına tərəf tutdu. Qorxuyla geri çəkildi: Biri var idi orda, oturan biri. Fənəri alıb bütün gücüylə dəliyə tərəf qaçmaq istədi, tərpənə bilmədi. Qorxusuna baxmayaraq fənərlə birlikdə, ona yaxınlaşdı. Nə edibsə qorxusuna görə etmişdi həyatı boyunca. Yoxsa çoxdan itib getmişdi. Fənəri onun üzünə tutdu: Aman Allahım! Köhnə sevgilisi yatırdı yerdə. Tozlanmış, hörümçək toru bağlamış; tavan arasındakı hər şey kimi. Kitab sandığına və şəkil taxtalarına hörümçək torları ilə bağlanmış  köhnə bir heykəl kimi. Sağ qolu bir masanın kənarına söykənən; barmaqları qələm tutar kimi aşağı ayrılmış, boşluqda. Dizləri titrədi, dişləri bir-birinə dəydi, ayağının altından sürüşüb  getdi döşəmə; sürüşərkən də ayağına dəyən şəkil masası aşdı. Qol yenə boşluqda qaldı: Hörümçək torlarıyla  tavana bağlanmışdı. Bu əliylə nə etmək istədi? Bir şeylərmi yazmağa çalışdı? Təəssüf ki, heç bir zaman bilməyəcəyəm. Sol yerdə idi, bir tapança tuturdu. Ah! Özünü öldürdümü yoxsa? Ola bilməz! Bir şey etsəydi mən bilərdim; hər şeyi deyərdi mənə. Belə danışmışdıq. Məni buraxmazdı tək başıma.

Sonra xatırladı: Bir gün çardağa çıxmışdı köhnə sevgilisi, şiddətli bir mübahisədən sonra. İkisinin də, artıq dözə bilmirəm, dediyi bir gün. Detalları tapmağa çalışdı: Bəlkə də, böyük bir mübahisə olmayıb. Bir az davalıydılar, deyəsən. Gülümsədi. Bu bir az sözünə əsəbləşərdi. Onu çardaqda qoyub küçəyə qaçmışdı. Öləcəyini hiss edirdi. Yaxşı bəs niyə? Bilmirdi; duyğunun şiddəti qalmışdı ağlında yalnız. Sonra ‘onu’ görmüşdü küçədə: Bütün bədbəxtliyinə, özünü zəif hiss etməsinə, ölmək istəməsinə baxmayaraq ‘onun’ gözlərindəki marağı, insanı alıb götürən başqalığı fərq etmişdi nədənsə. O gün evə yalnız qayıtmışdı təbii ki. Nə qədər daha çox gün evə yalnız qayıtmışdı onda sonra da. İndi qarşımda danışsaydı. ‘Nə qədər daha çox’ olarmı? Desəydi. Titrəyən dizlərinin üstünə çökdü, əl fənərini tutdu onun üzünə: Gözləri açıq idi, canlı idi. Baxa bilmədi, başını qaranlığa çevirdi. Sonra baxdı yenə; onu, ölüm-dirim məsələlərində tək buraxmayan gücündən faydalandı yenə. Heç pozulmamış; gecikməsəydim belə olmazdı, bəlkə. Kədərləndi. Lakin heç dəyişməmiş; son gördüyüm kimi, gözləri belə açıq. Yalnız, gözlərin bu canlılığında bir başqalıq var: Hər şeyi bildiyinə baxmayaraq, duyğulana bilməyən bir ifadə. Görünüşümə baxma, içim öldü artıq deyə qorxudardı məni. İnanmazdım. Elə şeylər tapıb deyərdi ki, öldüyü halda. Bəlkə, məni izləyir yenə. Yerini dəyişdirdi. Mənimlə maraqlanmırsan deyərək kədərləndirərdim onu. Xeyr, baxmır mənə. Bəlkə də, düşünür. Kaş birdən danışmağa başlardı. Bütün bunları nə vaxt düşünürsən deyə soruşardım ondan.

Nə vaxt düşündüyünü heç cür görə bilmirəm. Xeyr, həqiqətən ölmədi; çünki mən yaşaya bilməzdim, ölsəydi. Bunu bilirdi. Bu qədər yaxınımda olduğunu bilmirdim,  amma sən bir yerdə var olsan yaşaya bilərəm ancaq demişdim. Necə olursan ol, var olduğunu bilmək mənə yetər demişdim. Bunu mübahisədən çox əvvəl demişdim, amma çalışmağımızın heç bir şeyi dəyişə bilməyəcəyini bilirdi. Sonra onu bir müddət görmək istəmədiyim halda, onun orada olduğunu bildiyim halda, çardağa heç cür çıxa bilmədiyim halda onu düşündüyümü, onsuz yaşaya bilməyəcəyimi bilirdi. Sonra niyə axtarmadım? Heç fürsət olmadı; hər an onu düşündüyüm halda həmişə bir maneə çıxdı. Aşağıda yeni səslər, yeni səs-küylər eşitdiyi üçün enmədi bir müddət hər halda. Halbuki bilirdi: Aramızda heç bir yeni varlığın əhəmiyyəti yox idi; danışmışdıq bütün bunları. Mən də onun gəlməsini gözləmiş olmalıyam. Məni kədərləndirmək üçün gəlmədiyini düşündüm əvvəllər. Sonra … Heç cür  olmadı . Çıxa bilmədim: Gələnlər, gedənlər, dolanışıq çətinliyi, yemək, qab-qacaq, evin təmizliyi və ona qayğı göstərmək (uşaq kimi idi, özünə baxmağı bilmirdi), atamla anamın ölümü, bir şeylər etmə təlaşı, qarşımda həmişə edilməsi lazım olan işlərin yığılması. Orada, tavan arasında olduğunu unutdum axırda. (Onu unutmadım təbii ki). Nə bilim, daha bədbəxt insanlar vardı; onlarla məşğul oldum. Çardaqda bu qədər qalacağıını da düşünə bilmədim hərhalda. Bir yol tapıb getmişdir, deyə düşündüm. Başqa necə düşünə bilərdim? Yaşamağım üçün, onun hər an var olması lazım idi. Başqa cür hiss etsəydim, ölmüşdüm indi. Həm neçə dəfə çardağa çıxmağı içimdən keçirdim. Hələ özünü öldürdüyünü eşitsəydim, şübhəsiz, çıxardım. İncik olduğumuza da baxmazdım.

Eşitdimmi yoxsa? Bir dəfə yuxarıda bir səs-küy olmuşdu, deyəsən külək bir qapını çırpdı elə bildim. Fəqət necə olar? Onun çardağa çıxmasından günlərlə sonra eşitmişdim bu səsi. Və mən günlərlə bir küncə qısılıb qalmışdım. Heç bir yerə gedə bilməmişdim. Atəş etmişdi,deməli. Yoxsa ürəyinə … Titrəyə-titrəyə əyildi: Qəlbinə baxmalıyam. Paltarının sol tərəfi çürümüşdü; əlinin yüngül bir toxunuşuyla dağıldı. İçindən bir çox hamam böcəyi çıxaraq ətrafa yayıldı. Onun baxımıyla maraqlanmadım, paltarlarını heç gözdən keçirmədim; bəlkə də, tikmədiyim bir sökükdən hamam böcəkləri onu yeməyə başladılar. Dəliyi böyütdülər sonunda. Əliylə paltarın altını yoxladı. Nəysə iç paltarlarından içəri keçə bilməmişdilər. Dərisi olduğu kimi qalmışdı. Bədəni çox isti sayılmaz, amma ürəyi yerindədir, hər halda. Qorxaraq sinəsinin sol tərəfinə toxundu: Elə orada bilirəm. Başqa cür yaşaya bilməzdim, çünki. (Çünkünü cümlənin başında deməliydim, indi hirslənəcək. Bəli, hər an onun sözlərini düşünürək yaşadım, indi, görəsən, nə deyər deyə düşündüm.) Yalnız bu qədəri çürümüş. Yaxşı. İndi onu necə inandıra bilərəm bütün bu müddəti onunla birlikdə yaşadığıma? Onu unutmuş kimi yaşayarkən onu düşündüyümə? Anlamaz, görünüşə aldanar, anlamaz. Başqasına rast gəldiyim üçün, bu yeni münasibətin hər şeyi unutdurduğunu düşünər. Halbuki, hər şeyi xatırlayıram; tavan arasına çıxdığı gün bu paltarı geydiyini belə. Əl fənərini ölünün üzərində gəzdirdi: Hörümçək torlarının ardında səsli bir görünüşü var.

Yalnız torların arasından əlimi onun ürəyinə apardığım yer bir az qaranlıq idi. Yuxu kimi bir şəkil. Birlikdə heç şəkil çəkdirməmişdik. Bir çox şey kimi bunu da edə bilmədik nədənsə; heç cür olmadı. Bir qaçış, dayanmadan bir şeylərlə məşğul olma … Niyə qaçırdıq, təlaşımız nə idi? Çardağa çıxdığı günə qədər  bir şeyin ardından həmişə başqa bir şey etdik, heç dayanmadıq, heç təkrarlamadıq. Sonra küncümdə qaldım günlərlə; nə yedim, nə düşündüm. Siqaret çəkdim ara vermədən. Evi şəraitsiz bir vəziyyətə gətirdim sonunda. Bir döyüş sonu qarmaqarışıqlığı qucaqladı hər yanı. Nizam içində yaşamağı bir tərəfdən sevdiyim halda, dözülməz bir pislik və səliqəsizlik içində çırpındım. Bəlkə də, beləcə özümü cəzalandırmış oldum. Küçəyə qaçmaq, “ona” getmək üçün öldürücü bir ümidsizliyə düşmək istədim. Kim bilər? Bəlkə də, özüm haqda belə pis şeylər düşünməyimi istəyərsən deyə söyləyirəm bunları. Lakin sənin öləcəyini, özünü öldürəcəyini heç düşünmədim. Uzaq bir yerdə, heç olmazsa görünüşdə sakit bir həyat içində olacağını xəyal etdim sənin.

İşığın altından qaçmağa çabalyan bir hamam böcəyi ilişdi gözünə, özünə gəldi. Əl fənəriylə izlədi böcəyi: Çirkin varlıq yuxarı çıxmağa çalışırdı torlara ilişərək. Böcəyin ayaqları paltarı parçalar deyə qorxdu. İllər keçmişdi, kiçik bir toxunuşa dayana bilməzdi, kim bilər? Axır, boynundan yuxarı doğru çıxır, yanağında biraz səndələdi: Saqqalı bir az uzanmışdı ona görə; onsuzda hər gün təraş olmağı xoşlamazdı. Yanaqdan yuxarı çıxan böcək gicgaha doğru gözdən itdi. Əl fənərini ora tutsammı? Xeyr. qorxdu; lakin yarı qaranlıqda güllənin dəliyini gördü. Titrəyərək geri çəkildiyi anda eyni dəlikdən çıxdı hamam böcəyi: ayaqlarının arasında kiçik, nahamar bir parça daşıyırdı. Dəhşətə düşərək fənəri dəliyin içinə tutdu: şüaları kəllənin daxili divarlarında əks olundu. Eyvah! Böcəklər beynini yemişdilər, ən yumşaq tərəfini. Bəlkə də, hamam böcəyi  son parçanı daşıyırdı. Özünü saxlaya bilmədi: “Səni çoxmu tək qoydular sevgilim?” dedi. Aşağıdan, başqa bir dəliyin içindən sevgilisinin səsini eşitdi.

“Bir şeymi dedin, canım?”

Əlini təlaşla kitab sandığına saldı. “Heç” deyə cavab verdi tələsik. “Öz-özümə danışırdım.”

Tərcüməçi: Taedium Vitae
Mənbə: epigraf.fisek.com.tr

Advertisements