cuckoos-nest-1_758_426_81_s_c1Mən? Xeyr, mən dəli deyiləm. Mən burada köməkçiyəm. Sadəcə bilmirəm, mis Kelsi və mis Cons mənsiz nə edərdilər. Bu palatada mümkün ola biləcək ən miskin iyirmi beş ağıldankəm var. Mən olmasam, onları kim yedizdirərdi? Kəmağılları bəsləmək mənim xoşuma gəlir. Onlar heç bir əngəl törətmirlər. Heç törədə də bilməzlər. Hər birinin ya əlləri, ya da ayaqları ilə nə isə qaydasında deyil və onlar danışa bilmirlər. Vəziyyətləri çox pisdir. Lakin mən gəzə, danışa və ürəyim istəyəni edə bilirəm. Kəmağıllarla çox ehtiyatla davranmaq lazımdır və onları çox yeyin bəsləmək olmaz. Əks halda, boğula bilərlər. Mis Consun dediyinə görə, mən bu məsələlərdə mahir biliciyəm. Sığınacağa hər dəfəsində yeni dayə gəldiyi zaman mən ona nə etmək lazım olduğunu öyrədirəm. Bax əsil gülməli vəziyyət təzə gələn onları yedizdirərkən olur. Yenilər onları elə ləng və ehtiyatla bəsləyirlər ki, səhər yeməyini onların ağızlarına dürtənə kimi axşam yeməyinin vaxtı çatır. Məhz onda da mən onları öyrətməyə başlayıram, axı mən mahir biliciyəm. Həkim Dalrimpl bunu təsdiqləyə bilər, kim kim, amma o, bunu bilməlidir. Kəmağıl iki dəfə sürətlə qidalana bilər, əgər ona düzgün yanaşa bilinərsə.

Mənim adım Tomdur. Mənim iyirmi səkkiz yaşım var. Bizim müəssisədə hamı məni tanıyır. Bura xüsusi yerdir axı. Bura Kaliforniya ştatında yerləşir və yerli siyasətçilər tərəfindən idarə edilir. Bəli, bəli, mən bilirəm. Mən artıq çoxdandır burada yaşayıram. Mənə hər kəs etibar edir. Mənə daim təlimatlar verirlər və mən bütün ev boyu o tərəf bu tərəfə qaçıram, əgər, əlbəttə, kəmağıllarla məşğul deyiləmsə. Onları çox sevirəm. Onlarla olduğum zaman  bir daha  əmin oluram, nə yaxşı ki, mən özüm də ağıldankəm deyiləm.

Buranı  – evimizi bəyənirəm. Onun divarları kənarında olanları isə yox. Orada bir dəfə artıq olmuşam, geri qayıtmışam və məni yenidən qəbul ediblər. Evdə yaşamağı sevirəm, bundan daha yaxşı evi isə heç yerdə axtarıb tapa bilmərsən. Ağıldankəmə də mən heç bənzəmirəm, düzdür? Bu ki, ilk baxışdan bilinir. Mən köməkçiyəm. Sərsəm üçün isə bu, nəsə bir məna ifadə edir. Kimdir sərsəm? Bu ki, anormalın özüdür. Bildiyinizi sanırdım. Burada biz hamımız sərsəmik.

Mən yüksək səviyyəli sərsəməm. Həkim Dalrimpl hətta bu müəssisə üçün çox ağıllı olduğumu deyir, ancaq heç kimə bu haqda danışmıram. Fikrimcə, burda heç də pis deyil. Digər sərsəmlərdəki kimi tutmalar məndə heç vaxt olmur. Ağacların arxasında gizlənmiş evi görürsünüzmü? Həmin evdə ən yüksək dərəcəli epileptiklər yaşayırlar. Onlar çox dikbaşdırlar, çünki adi sərsəmlərdən deyillər. Onlar öz evlərini klub adlandırır və iddia edirlər ki, azadlıqdakılardan heç də pis deyillər, olsa olsa biraz qeyri-sağlamdırlar. Mən onları çox da sevmirəm. Həmişə mənə  gülürlər, əgər tutmalarla boğulmurlarsa. Ancaq mənim vecimə də deyil. Mən  də qıc olub, başımı divara niyə ki, çırpmayacağam ki! Onlar hərdən otaqda, sanki oturmağa bir yer axtarırmış kimi, dəlicəsinə o tərəf bu tərəfə var-gəl edirlər. Lakin sonda oturmurlar. Aşağı səviyyəli epileptiklər çox iyrənc, yuxarı səviyyəlilər isə ipə-sapa yatmazdırlar. Epileptik olmadığım üçün məmnunam. Xüsusi heç bir şey yoxdur onlarda. Çənə döyməkdir ancaq işləri.

Miss Kelsinin iddiasına görə, mən də biraz boşboğazam. Ancaq mən məntiqli şeylər danışıram, digər sərsəmlərdən heç biri buna qadir deyil. Həkim Dalrimpl deyir, mənim natiqliq bacarığım var. Özüm də bunun fərqindəyəm. Siz bir mənim öz-özümlə və digər kəmağıllılarla necə danışdığımı görərdiniz. Bəzən ağlıma gəlir ki, yaxşı olardı, siyasi fəaliyyətlə məşğul olam, sadəcə bu, həddən artıq əziyyətli işdir. Siyasətçilər hamısı zəvzəkdirlər, bu da onların dayaq nöqtəsidir.

Müəssisəmizdə dəlilər yoxdur. Hər kəsin başında, sadəcə, müəyyən çatışmazlıqlar var. Komik səhnələrə hərdən şahid olunur. Dinləyin. Burada bizdə nahara stolu hazırlamaq tapşırılmış bir düjün, hamısı da yüksək səviyyəlilərdən, qızlar var. Arabir vaxtından tez işlərini bitirib, dairəvi əyləşir və söhbətə başlayırlar. Mənsə gizlincə qapını güdür və qulaq asıram. Necə də əyləncəlidir, ölmək olar uğunub getməkdən. Nə haqda danışdıqlarını bilmək istərdiniz? Əvvəlcə onlar uzun müddət yerlərinə mıxlanıb susurlar. Sonra biri dilə gəlir: “Tanrıya şükür, ağlım başımdadı”. Digərləri isə başlarını təsdiq mənasında tərpədirlər. Sonra yenə səslərini kəsirlər. Bir müddətdən sonra başqası: “Tanrıya şükür, ağlım başımdadı”, və yenə hamı başını tərpədir. Onlar elə bu minvalla eynisini növbəylə təkrarlayırlar. Sərsəm deyillərmi? Özünüz qərar verin! Mən də biraz sərsəməm, ancaq şükür ki, onlar qədər yox.

Hərdən mənə elə gəlir, mən heç də sərsəm deyiləm. Mən orkestrda ifa edir, notları oxumağı bacarıram. Orkestrda dirijordan savayı hər kəsin sərsəm olduğu hesab edilir. O, əsl dəlidi. Biz bu fikirdəyik, lakin öz aramızda istisna olmaqla, heç vaxt bunu danışmırıq. Axı onun işi siyasətlə sıx bağlıdır və biz istəmirik ki, o bundan məhrum olsun. Mən zərb alətlərində ifa edirəm. Mənsiz müəssisəmiz keçinə bilməz. Bunu da mən dəqiq bilirəm. Bir dəfə mən xəstələndim. Heyrət ediləsidir, mən xəstə yatarkən onların işi necə də qaydasında getmədi.

İstədiyim an buranı tərk edib gedə bilərəm. Düşünüldüyü kimi zəkadan zəif deyiləm. Ancaq bu barədə susuram. Elə burda da pis yaşamıram. Üstəlik, mənsiz burada hər şey kəlləmayallaq olar. Bir tək ondan qorxuram ki, zaman gələcək onlar ağıldankəm olmadığımı anlayıb, onda məni böyük dünyaya atacaqlar və mən özüm öz qayğıma qalası olacam. Böyük dünyanın nə olduğunu bilirəm, sevmirəm heç  oranı. Mənə burada yaxşıdır, başqa heç nəyə ehtiyacım yoxdur.

Olur ki, üzümdə istehzalı təbəssüm görürsünüz. Özümlə bacara bilmirəm. Bəzən də bilərəkdən irişirəm. Buna baxmayaraq, heç də çirkin deyiləm. Tez-tez güzgüdə əksimə baxıram. Ağzım gülməli, dodaqlarım əzgin, dişlərim çürükdür. Ağıldankəmi bir mil uzaqdan, ağız və dişlərinə nəzər salaraq tanıya bilərsiz. Ancaq bu hələ, mənim kəmağıl olduğumu sübut etmir. Sadəcə bəxtim gətirib, onlara belə çox bənzəyirəm.

Mənim xali olmadığım nə var ki? Bildiklərimi göstərsəm, heyrət edərdiniz. Yox əgər nəyisə anlamamaqda israrlı olsam və ya məni bir şeyi etməyə məcbur etsələr  və bu mənim könlümcə olmasa, həmin dəqiqə ağzımı büzər, gülümsəyər və böyürərəm. Aşağı səviyyəli kəmağılların böyürmələrinin dəfələrlə şahidi olmuşam və istənilən adamın başımı piyləmək mənim üçün heçnədir. Mən hər cür böyürə bilərəm. Miss Kelsi bu günlərdə məni idiot adlandırdı. Özümü ağıldankəm kimi qələmə verib onu aldatmağa nail oldum. O çox əsəbiləşdi.

Bir dəfə miss Kelsi məndən soruşdu: ”Niyə də sərsəmlər barəsində kitab yazmayasan?”. Həmin an mən ona balaca Albertə qulluq məsələsində tövsiyə verirdim. Balaca Albert ağıldankəmdi, mən onun nə arzuladığını həmişə sol gözünün əyilməsindən anlayıram. Miss Kelsiyə elə bunu başa salırdım ki, bixəbərliyi səbəbindən özündən çıxdı. Vaxt gələr, bəlkə də, mən kitab yazaram. Sadəcə, yazmaq çox əziyyətlidir. Danışmaq qat-qat rahat məşğuliyyətdir.

Xırdabaşlarla rastlaşmısınız heç? Bu, yumruqdan da kiçik başı olan körpədirlər. Onlar, bir qayda olaraq, kəmağıl olurlar. Nəhəngbaşlar isə, şərt deyil ki, ağıldankəm olsunlar. Onların çox böyük başları var və daha zəkalıdırlar. Yalnız, onlar heç vaxt sağ qalmırlar. Həmişə ölürlər. Beləsinə baxır və düşünürsən: “O çox tab gətirməz”. Bəzən, tənbəlliyim tutanda və ya dayə mənə hirsli olanda kəmağıl olmadığıma təəssüf edirəm:  baxarsan, işləməyə təhrik etməz və qaşıqla yedizdirərlər. Amma, elə yaxşısı, özüm kimi qalmaq, istədiyim qədər danışmaqdır.

Dünən həkim Dalrimpl dedi: “Tom, sənsiz mən nə edərdim?”. O bilir, nə deyir. Artıq iki ildirki yüzlərlə sərsəm onun rəhbərliyi altındadır. Ona qədər burada həkim Uotkom idi. Onları təyin edirlər, bilirsiniz. Bu hamısı siyasətdir. Burada olduğum sürəcə onlardan o qədər görmüşəm ki! Mən burada peyda olanda, onlar hələ, ümumiyyətlə, yox idilər. Bu müəssisədə artıq iyirmi beşinci ilimdi. Yox, düşünməyin ki, şikayət edirəm. Bundan yaxşı yer, çətin ki tapılsın.

Sərsəm olmaq asan işdir. Həkim Dalrimplı götürək. Bax ona heç də asan deyil. Onun mövqeyi tamamilə siyasi intriqalardan asıldır. Siyasətdən danışdığımıza şübhə etməyə bilərsiniz. Biz onun haqqında hər şeyi bilirik və bu çox pis haldır. Bizimki kimi müəssisələrə siyasətin dəxli olmamalıdır. Həkim Dalrimpla baxın. İki ildir burdadı və öyrəndiyi çox şey var. Ancaq gözəl günlərin birində hansısa siyasi fırıldağın nəticəsində qovacaq və yerinə bizim məsələlərdən baş çıxarmayan yeni birisini gətirəcəklər.

O qədər dayə dəyişibki mən burada olduğum müddətdə. Onlardan bəziləri babat idilər. Lakin onlar gəlir və gedirlər. Çoxusu özlərinə kişi tapırlar. Hərdən düşünürəm, mənim üçün də evlənmək pis olmazdı. Bir dəfə həkim Uotkomla bu barədə danışdım, amma o dedi ki, bütün təəssüfünə rəğmən, sərsəmlərə evlənməyə icazə verilmir. Vaxtilə mən vuruldum. O, dayə idi. Adını çəkmək istəmirəm. Mavi gözləri, sarışın saçları, həlim səsi vardı və məni də bəyənirdi. Bunu özü mənə demişdi. Həmişə məni sözəbaxan olmağım üçün dilə tuturdu. Mən ona itaət edirdim, ta ki o ana qədər… Onda mən qaçdım. Başa düşürsünüz, o bizi atdı və ərə getdi, bu haqda mənə heç nə demədən.

Məncə, evlilik, sandığımız kimi yaxşı bir şey deyil. Həkim Enqlin və yoldaşı tez-tez dalaşırlar. Özüm görmüşəm. Hətta, bir dəfə eşitdim ki, yoldaşı onu dəli adlandırır. Axı heç kəsin haqqı yoxdur ki, insanı o cür olmadığı halda dəli adlandırsın. Həkim Enqlin çox qəzəblənmişdi. Ancaq burada çox yubanmadı. Yenə hansısa siyasi fırıldaqlar və onu rədd etdilər. Onun yerinə həkim Mandevil gəldi. Onun yoldaşı yox idi. Onun bir dəfə mühəndislə danışığını eşitdim: “Mən  ətəyə bağlı olmadığım üçün xoşbəxtəm”. Ətək – qadın geyimidir. Onun nəyi nəzərdə tutduğunu bilirəm, sərsəm olsamda. Amma mən susuram. Dilini dinc saxlasan, hər cür maraqlı şey eşidərsən.

Həyatda çox şey yaşamışam. Bir dəfə məni Bopplar ailəsi himayəyə götürdülər, mən dəmiryolu boyunca qırx mil onların evinə qədər gedəsi oldum. Onların fermaları var idi. Həkim Enqlin onlara mənim qüvvətli və diribaş olduğumu dedi, mən də təsdiq etdim, istəyirdim ki, məni tərbiyə etsinlər. Piter Bopp söz verdi ki, mənə onlarda çox xoş olacaq və vəkillər bütün sənədləri qaydasına saldılar.

Tezlliklər mən anladım ki, ferma heç də ehtiyacım olan kimi bir yer deyil. Missis Bopp nədənsə məndən ölümünə qorxurdu və evdə gecələməyimə icazə vermirdi. Onlar mənə həyətdə odun damını hazırladılar və orada yatmağa məcbur etdilər. Mən səhər dörddə oyanmalı, atları yemləməli, inəkləri sağmalı və südü qonşulara paylamalı idim. Hesab edilirdi ki, bu boş işdi,ancaq elə alınırdı ki, bütün günü məşğul olurdum. Mən odun doğrayır, toyuq hinini təmizləyir, tərəvəzləri alaqlayır və başqa nə etmirdim ki! Nə əyləncə, nə asudə vaxt.

Qulaq asın, nə deyirəm. Yaxşı olardı ki, südlü sıyıqla kəmağılları yedizdirim, nəinki inəkləri sağım. Missis Bipp onun uşaqları ilə oynamağımı istəmirdi, qorxurdu. Açığı, özüm də qorxurdum. Heç kəs görməyəndə, onlar üz-gözlərini büzüşdürür və mənə lunatik deyə sataşırdılar. Hamı məni lunatik-Tom adlandırırdı. Qonşu uşaqları isə məni daşqalaq edirdilər. Bizim bu evdə belə şeylər heç vaxt olmur. Ağıldankəmlər daha yaxşı tərbiyə olunublar. Missis Bipp mənim işdən ərindiyimi sandıqda məni çimdikləyir və saçımdan dartırdı, mənsə cavabında səy kimi hihildəyirdim. Dəfələrlə demişdi ki, nə vaxtsa mən onu qəbrə sürükləyəcəm. Bir dəfə otlaqda quyunun qapağını bağlamağı unutdum, buzov ora yıxıldı və batdı. Piter Bopp məni budayacağına söz verdi. Sözünün üstündə durdu. Qayışı əlinə alıb, üstümə atıldı. Qorxunc idi. Məni hələ heç vaxt kötəkləməmişdilər. Bizdə burada belə hallar olmurdu. Ona görə deyirəm ki, bizim müəssisə mənə ən uyğun yerdir.

Qanunlardan baş açıram, bilirəm ki, onun məni döyməyə heç bir haqqı yox idi. Bu qəddarlıqdır, qəyyumluq sənədlərində yazılıb ki, mənimlə qəddar qavranmaq olmaz. Həmin anda mən ona heç nə demədim. Sadəcə gözlədim, və yalnız bu qərarımla bilinir ki, mən sərsəməm yoxsa yox. Çox gözlədim, qəsdən ləng işlədim, daha tez-tez səy-səy hihildədim. Lakin o, ümid etdiyim kimi, məni evə yollamadı. Bir dəfə – ayın əvvəlində – missin Braun mənə  Piter Boppdan aldığı südün qarşılığında üç dollar verdi. Bu səhər olmuşdu. Axşamsa mən südü çatdırdım və ona qəbzi təqdim etməli idim. Ancaq bunu etmədim. Dəmiryolu stansiyasına getdim, hamı kimi bilet aldım və geriyə-öz evimə qayıtdım. Bax mən belə kəmağılam!

Həkim Enqlin o zamana kimi artıq sığınacağı tərk etmişdi, onun yerinə həkim Mandevilli təyin etmişdilər. Mən birbaşa onun kabinetinə yönəldim. O məni tanımırdı. “Salam”, – o dedi, – “Bugün qəbul günü deyil”. “Mən qəbula gəlməmişəm”, – cavab verdim, – “Mənim adım Tomdur. Mən yerliyəm”. O, heyrətini gizlətmədən fit çaldı. Mən hər şey barədə ona xəbər verdim və qançır izlərini göstərdim, o hiddətləndi və bu məsələ ilə məşğul olacağını bəyan etdi.

Kəmağılların məni görcək necə sevindiklərinin şahidi olardınız kaş!

Düz onların palatasına sarı tələsdim. Balaca Alberti yeni dayə yedizdirirdi. “Dayanın”, – dayəyə söylədim, – “Belə sizdə heç nə alınmayacaq. Məgər görmürsünüzmü, onun sol gözü necə əyilir?” Ola bilsin, o, mənim yeni həkim olduğum qənaətinə gəldi, geri çəkilərək qaşığı mənə tərəf uzatdı. Mənə elə gəlir, gedişimdən bu yana balaca Albert heç belə iştaha ilə yemək yeməmişdi. Ağıldankəmlərlə dil tapmaq elə də çətin deyil, əgər düzgün yanaşa bilirsənsə. Bir dəfə miss Consun miss Kelsiyə kəmağıllarla davranmaqda  xüsusi istedadım olduğunu dediyini eşitdim.

Bir gün həkim Dalrimpl ilə danışacam, dəli olmadığımı sübut edəcək arayış tələb edəcəm. Məni kəmağıllar palatasına, ayda qırx dollar əmək haqqı  və ayrıca iş masasına sahib əsl köməkçi vəzifəsinə təyin etməsini xahiş edəcəm. Sonra mis Consla evlənərəm və burada birlikdə yaşayarıq. Qəbul etməsə, mis Kelsi ilə və ya hər hansı digər tibb bacısı ilə evlənərəm. Onların çoxu ərə getmək istəyirlər. Nə vaxtsa yoldaşımın qeyzlənib məni sərsəm adlandırması da vecimə deyil. Bir düşünün! Anormallarla işləməyə vərdiş etdikdən sonra qadının öhdəsindən gəlmək elə də çətin deyil.

Hələ bir dəfə buradan necə qaçdığımı sizə danışmamışam. Çarli və Co zehnimi zəhərləməsəydilər, fərariliyə yol verməzdim. Onlar hər ikisi epileptikdirlər. Həmin gün hansısa tapşırıqla həkim Uilsonun kabinetinə baş çəkdim və geriyə – palataya qayıdırdımki, birdən Çarli və Co gözümə sataşdılar. Onlar gimnastika zalının küncündə gizlənib mənə nəsə işarə edirdilər. Onlara yaxınlaşdım.

  • Salam! – Co dedi. – Kəmağılların vəziyyəti necədir?
  • Əla, – mən cavab verdim. – Epilektiklərdə nə kimi yenilik var?

Onlar özlərindən çıxdılar, mənsə sakit şəkildə yoluma davam etdim. Və eşitdim:

  • Tom, biz qaçmaq qərarı vermişik. Bizimlə gəlirsən?
  • Nə üçün? – soruşdum.
  • Dağın zirvəsinə çatmaq istəyirik, – Co dedi.
  • Və qızıl mədəni tapmaq üçün, – Çarli əlavə etdi. – Biz heç də epileptik deyilik, artıq sağalmışıq.
  • Yaxşı, – dedim.

Biz gizlicə gimnastika zalını ötüb həyətə çıxdıq. Heç on dəqiqə keçməmişdi ki, mən dayandım.

  • Nə olub? – Co soruşdu.
  • Gözləyin, – dedim, – mən qayıtmalıyam.
  • Niyə? – Co soruşdu.
  • Balaca Albertin arxasınca, – cavab verdim.

Hiddətləndilər, xəbərdar etdilər ki, qayıtmağa cürət etməyim. Ancaq eynimə deyildi. Bilirdim ki, onsuzda, məni gözləyəcəklər. Məsələ orasındadır ki, burada artıq iyirmi beş ildir yaşayıram və bütün dağ cığırlarını beş barmağım kimi bilirəm. Çarli və Co isə heç bir yol bilmirlər. Buna görə də onlara lazım idim.

Balaca Albertin arxasınca qayıtdım. O nə gəzə, nə danışa bilirdi, sadəcə böyürürdü. Onu qucağıma alıb daşımalı oldum. Biz ən uzaq çəmənliyə kimi gedib çıxdıq, ordan o yana mən heç vaxt olmamışdım. Tezlliklə meşə və kollar elə qalınlaşdı ki, mən cığırı itirdim və inəklərin suvatmağa qovulduqları yola doğru çevrildik, hasardan adladıq və özümüzü sığınacağın ərazisindən kənarda tapdıq.

Körfəzi keçərək hündür qayalıqlara dırmanmağa başladıq. Yamac hündür ağaclarla dolu idi, kolların arasından özümüzə yol açmağa ehtiyac qalmırdı. Amma yoxuş o qədər dik idi ki, ayaqlarımız tökülmüş yarpaqların üzərində sürüşürdü, biz çətinliklə irəliləyirdik. Nə qədər gedirdiksə, yolumuz bir o qədər çətinləşirdi. Uçurumun düz kənarı ilə qırx futluq qorxulu dikdiri keçməyimiz gərək idi. Büdrəsən min fut, bəlkə də, yüz fut hündürlükdən aşağı uçacaqsan. Yıxılmağına yıxılmayacaqsan, amma aşağı yuvarlanacaqsan. Mən birinci – qucağımda Albert – getdim. Arxamca Co. Ancaq Çarli yarıya kimi getdi və qorxdu.

  • İndi tutmam tutacaq, – dedi və yerə çökdü.
  • Heç də yox, – Co dedi. – Elə olsa sən yerə oturmazdın,tutma zamanı sən həmişə ayaq üstə dayanırsan.
  • Bu başqa tutmadı, – Çarli dedi və hönkürməyə başladı.

O səylə qıc olmağa və səyriməyə başladı, çox şişirtdiyinə görə tutmanı yamsılamaq onda alınmadı.

Co qəzəbləndi və Çarlini yamanladı. Köməyi olmadı. Mən Çalrini yumşaq və nəvazişlə dilə tutmağa çalışdım. Anormalları yalnız nəvazişlə dəstəkləmək olar. Özündən çıxdınsa, əldən getdilər. Axı elə mənimlə də belə olmuşdu. Buna görə də az qalmışdı ki, missis Boppu qəbrə sürükləyəcəkdim. O həmişə özündən çıxırdı…

Gün bitmək üzərə idi, mən anladım ki, yolumuza davam etmək lazımdı. Ona görə də dedim:

  • Qarğamağı kəs və Alberti tut. Gedim Çarlini gətirim.

Və mən getdim. Qorxudan Çarlinin əlləri elə əsir, başı elə fırlanırdı ki, ancaq iməkləyə bilirdi, mənsə onun yanında addımlayır, dəstək olurdum. Bu vəziyyətdə onu əks tərəfə ötürüb Alberti yenə qucağıma almışdım ki gülüş səsi eşitdim və aşağı boylandım. At üstündə qadın və kişi gördüm. Kişinin yəhərinə silah bərkidilmişdi, qadın ucadan qəhqəhə çəkirdi.

  • Lənət olsun, onlar hansı cəhənnəmdən gəldilər? – qorxmuş Co hayqırdı. – Bizi təqib etmirlərki?
  • Bəsdir söyüş söydün, – mən dedim. – O rançonun sahibidi, o, kitab yazır. Necəsiniz, cənab Endikot? – aşağıya qışdırdım.
  • – cavab verdi o. – Burada nə edirsiniz?
  • Sığınacaqdan qaçmışıq.
  • Uğurlar olsun, – o dedi. – Çalışın, qüruba qədər qayıdın.
  • Amma biz ciddi-ciddi qaçmışıq, – cavab verdim.

Bu anda ikisi də gülüşdülər.

  • Yaxşı, əla. İstənilən halda, uğurlar arzulayıram. Amma baxın, qaranlıq düşəndən sonra qaplan və ayılara yem olmayın.

Gülərək atlarını çapdılar. “Nahaq yerə, qaplan və ayı haqda danışdı”, – düşündüm mən.

Təhlükəli ərazini keçər keçməz, mən cığırı tapdım və biz daha sürətlə getməyə başladıq. Çarli artıq qıcolma barədə düşünmürdü, gülür və dayanmadan qızıl mədəni barədə çənə döyürdü. İndi ən çətini balaca Albert idi. Axı o, demək olar ki, mənimlə eyni boydadır. Onu balaca deyə çağırmağa adət etmişəm, o isə artıq çoxdandır boya-başa çatıb. O, o qədər ağır idi ki, mən çətinliklə Co və Çarlinin sürəti ilə ayaqlaşa bilirdim. Yorğunluqdan əldən düşmüşdüm, Alberti sıra ilə daşımağı təklif etdim, lakin onlar razılaşmadılar. Onda mən onları tərk edəcəyimi, onların azacağını və ayılara, qaplanlara yem olacaqlarını nəzərlərinə çatdırdım. Çarli qıcolmağa hazırlaşırmış kimi əsim-əsim əsdi, Co dilləndi: “Ötür onu mənə”. Bundan sonra biz balaca Alberti növbə ilə daşıdıq.

Dağa dırmanmağa davam edirdik. Orada qızıl mədəni olacağını düşünmürdüm, ancaq əgər biz yolumuzu azmayasdıq, qaranlıq düşməsəydi, balaca Alberti daşımaqdan yorulmasaydıq, həqiqətən, qızıl mədənini tapa bilərdik. Bir çox epileptiklər qaranlıqdan qorxurlar. Co elə bu dəqiqə qıcolmanın başlayacağını söylədi. Ancaq sovuşdu. Heç vaxt belə şanssız birinə rast gəlməmişəm: qıcolmağa hazırlaşır ki, boşa çıxır, heç nə alınmır. Digərləri üçün isə bu, göz qırpmaq kimi asan başa gəlir.

Bala-bala qaranlıqlaşırdı, yemək istəyirdik, ocağımız isə yox idi. Məsələ ondadır ki, sərsəmlərin əlinə kibrit vermirlər və bizim soyuqdan titrəməkdən başqa çarəmiz qalmırdı. Kimin ağlına gələrdi ki, bizim ürəyimizdən yemək yemək keçəcək? Axı sərsəmlər hazıra nazirdirlər.  Buna görə də öz qeydinə qalmaqdansa sərsəm olmaq daha əlverişlidir.

Sakitlik! Bax ən qorxulusu bu idi. Gecənin sükutundan daha qorxunc, gecə xışıltıları idi. Hər yerdə əvvəl xışıltı sonra sükut, əvvəl sükut sonra xışıltı. Zənn edirəm, dovşanlar idi, amma kollarda vəhşi heyvan tək səs-küy salırdılar: hış-xış, tum-bum, krex-krax. Birinci Çarlinin tutması tutdu – bu dəfə əsil tutma. Sonra Co. Ətraf dolu adam sığınacaq daxilində  baş verən tutmalara qarşı deyiləm. Ancaq meşədə, gecənin zülmətində, istər gözlərini oy – tamam başqa məsələ. Məsləhətimi dinləyin:  nə badə epileptiklərin müşayiəti ilə qızıl mədəni axtarışına girişəsiniz, hətta onlar yüksək səviyyəli epileptiklər olsalar belə.

Çox dəhşətli gecə idi. Çarli və Co qıcolmayla boğuşmadıqları nadir anlarda, sanki indi başlayacaqmış kimi biclik edirdilər: soyuqdan titrəyirdilər, mən isə qaranlıqda bu əsməcəni yeni qıcolma kimi qəbul edirdim. Mənim də dişlərim bir-birinə dəyirdi, mənə elə gəlirdi ki, bu dəqiqə özümün qıcolmam tutacaq. Balaca Albert o qədər acmışdı ki, ancaq şikayət edərcəsinə böyürürdü. Onu belə pis vəziyyətdə heç vaxt görməmişdim. Sol gözü elə güclü səyriyirdi ki, ümumiyyətlə, hədəqəsindən çıxacağından qorxurdum. Qaranlıqda bunu sezə bilmirdim,amma Albertin yerində qərar tuta bilməməsindən və çıxardığı səslərdən o cür olduğunu güman edirdim. Co kolların arasında uzanıb elə hey nifrini tökürdü, Çarlisə ağlayıb-sızlayıb sığınacağa qayıtmaq istəyirdi.

Bununla belə, biz həmin gecə sağ qaldıq, səhər açılar-açılmaz birbaşa geriyə – evimizə istiqamət götürdük. Balaca Albert daha da ağırlaşdı. Həkim Uilsonun necə qızışdığını görərdiniz! Mənim  sığınacaqda ən yaramaz və itaətsiz olduğumu üzümə vurdu. Çarli və Co da məndən heç də geri qalmırdılar. Miss Strayker, kəmağıllar palatasının o vaxtki dayəsi, məni qucaqladı və qayıtdığım üçün sevincindən göz yaşlarına qərq oldu. Düşündüm ki, bəlkə, onunla evlənərəm. Ancaq heç bir ay keçməmişdi ki, şəhərdən bizim məntəqəyə yeni su boruları quraşdırmağa gəlmiş santexnikə ərə getdi. Balaca Albert o dərəcədə əzab çəkdi ki, iki gün onun sol gözü heç səyrimədi.

Növbəti dəfə sığınacaqdan qaçanda birbaşa həmin dağa yollanacam. Epileptikləri özümlə aparmaq – yox, əsla. Onlar heç sağalmırlar, əgər nədənsə qorxur və həyəcanlanırlarsa , qıcolmağa başlayırlar. Amma balaca Alberti mən, hər halda, özümlə götürəcəm. Onu tərk edə bilmərəm. Düzünü desəm, heç burdan qaçmağa hazırlaşmıram. Neynirəm qızıl mədənini, əgər elə burada da mənə yaxşıdırsa! Eşitmişəm ki, yeni dayə gözlənilir. Həm də balaca Albert artıq boyda məni ötüb və mən onu dağa darta bilməyəcəm. O isə elə bir ucdan uzanır – günü-gündən yox, saatbasaat. Heyranedicidir!

Tərcüməçi: Turan Qasımov
Mənbə: royallib.com

 

 

 

 

 

Advertisements