kantor-sfondoGünlərin bir günü sosialist-realizminə qarşı çıxan rejissor özünü zamanının məşhur və dahi rejissorlarından biri kimi tapır. Bu həmin teatr rejissorudur ki, 20-ci əsrin ortalarında Polşada teatr dərnəkləri qurur, sərgilər keçirir, ətrafına dövrünün ziyalılarını təkidlə yığaraq bir teatr yaratmağa çalışır. Bu yazıda gözümüzün öyrəşdiyi standart teatr adamlarından fərqli bir şəxsdən yazacağam.

Məşhur “KRİKOT 2” teatrının yaradıcısı, rəssam, səhnə dizayneri, yazıçı, nəzəriyyəçi və Krakov Rəssamlıq Akademiyasının professoru Tadeuş (Tadeusz) Kantor 1915-ci ildə Polşanın Vielopole bölgəsində gözünü dünyaya açır. Uşaqlığı birinci dünya müharibəsinə təsadüf edən rejissorun atası bu müharibədə iştirak edir və onun sonrakı tamaşalarında ata fiqurunun özəlləşməsinə səbəb olur. Yaradıcılığı əsasən iki dövrə: Müharibə və Post-müharibə dövrünə bölünür. Kantor 1934-cü ildən 1939-cu ilə kimi Krakov Rəssamlıq Akademiyasında səhnə dizayneri (səhnəqrafiya da deyilir) və rəssamlıq təhsili alır. Burada oxuduğu müddətdə teatr fəaliyyətinə də başlayır və 1937-ci ildə akademiyada kukla teatrı təşkil edir. Tələbə yoldaşları ilə Moris Meterlinkin “Tintajilin ölümü” pyesini səhnələşdirir. Universiteti bitirdikdən sonra Kantor Krakovda rəngsaz kimi işləyir və eyni zamanda səhnədə ilk ciddi işlərini görməyə qoyulur.

Bu illərdə o konstruktivizm, dadaizm və informel art-dan təsirlənir nəticədə ikinci dünya müharibəsi dövründə müstəqil yeraltı teatrını yaradır. 1942-1944-cü illərdə nasist işğalları ərəfəsində rəhbərlik etdiyi teatrda J.Koktonun – Orfey; Y.Slovaçkinin “Balladina”; S.Vispianskinin “Odisseyin dönüşü” əsərlərinə quruluş verir. Həmçinin “Gənc rəssamlar qrupu”-nu da yaradır.

Müharibədən dərhal sonra o Krakovda “Köhnə Teatr”-da işləməyə başlayır. Polşa avanqardçı rəssamı Andrey Pronaszka ilə birlikdə “Odisseyin dönüşü” əsərinin ikinci hissəsini qurmağı planlaşdırır. Üstündən müəyyən zaman ötdükdən sonra Rotunda Akademik Teatrında Y.Çexoviçin “Yararlı və yararsız – Tramvayda misteriya tamaşası” pyesinə quruluş verir. Həmçinin bir çox teatrlarla da səhnə dizayneri kimi əməkdaşlıq edir. 1945-1946-cı illərdə yaratdığı rəssamlar qrupu ilə iki sərgi təşkil edir. 1947-də yarım illiyə Parisə köçür. Qayıtdıqdan sonra Mədəniyyət və İncəsənət nazirliyindən Kantora xüsusi təqaüd ayrılır və eyni zamanda Krakov Rəssamlıq Akademiyasında müəllim kimi işləməyə başlayır. Müharibədən sonrakı ilk sərgisini Polşada – müasir rəssamlıq sərgisini (1950-1955-ci illər.)  keçirir.

Və günlərin bir günü həyatının dönüş nöqtəsi sayılacaq hadisələr baş verir. Kantor nazirlik sosialist-realizminin təbliğinə başladığı andaca rəssamlıq və rejissorluq karyerasına ara vermək fikrinə düşür. Tənqidi mövqeyinə görə akademiyadakı mövqeyini itirir. Qayıdır “Köhnə Teatr” və “Yuliya Slovaçki” teatrlarında səhnəqrafiya ilə məşğul olmağa. Həmçinin bir çox tamaşaların geyimlərini də o dizayn edir. Sonralar Kantor müsahibələrinin birində demişdi:

“Mən bir neçə il səhnə dizayneri işlədim lakin, bu yalnız ehtiyacdan, yaşayışımı təmin etmək üçün idi. Mən özümə qarşı ədalətli davranmağa çalışırdım. Əgər başqa yollarla pul qazanmağa çalışsaydım buna qurşanar və daha yaxşısına doğru can atardım. Amma ümumən səhnəqrafiyaya qarşı idim.”

1955-ci il Kantor üçün bir neçə səbəblərə görə önəmli il sayılır. Belə ki, həmin il o öz teatrının yaranması üçün bir qrup nəzəriyyəçi, tənqidçi və sənət adamlarına böyük təsir göstərir. Və nəticə – “Krikot 2” teatrı yaranır.

Krikot 2 dövrü.

“Krikot 2″polyak dilindən tərsinə oxunduqda “Bu bir sirkdir” mənasını verir. Bu teatrın ilk premyerası S.İ\oVitkeviçin “Mürəkkəb balığı” əsərinin tamaşası olur. Bu tamaşaya Kantorun gələcək teatr tərzini müəyyənləşdirən bir çox elementlər də daxil idi: Səssiz filmlərə xas mühit; aktyorların müqəvva kimi hərəkəti; susqun ifa.
Kantorun bu “ambalaj” yəni, “qutulaşdırma” dövrü İnformel teatrında da davam edir. Belə avtomatik oyun tamamilə improvizə və hərəkətə güvənirdi. İnformel teatrının aktyorları Vitkasinin (S.Vitkeviç) “Kənd evi” tamaşasında öz özəlliklərini bütünlüklə itirmişdilər. Onlar əşya kimi oynayırdılar.

Lakin, İnformel teatrı Kantoru tam qane etmirdi. Forma daxili mənaya yetərincə uyğunlaşmırdı və düzəldiləsi çox məqam var idi. Buna görə də Kantor İnformeli Zero teatrına dəyişdi. Burada 1963-cü ildə tamaşaya qoyduğu
“Dəli və rahibə” (S.Vitkeviç) onun ideyalarını daha keyfiyyətlə reallaşdırdı.
Kantor və onun “Ölüm Teatrı” konsepti.

Kantorun tamaşaları heç bir pyesin, ssenarinin əsasında qurulmurdu. Onun tamaşaları xatirələrindən, yaşadığı əzablardan, şüuraltına yerləşmiş tablolardan qurulurdu. Demək olar ki, əksər tamaşalarında səhnənin bir kənarında durub tamaşanı izləyər, yeri gələrsə müdaxilə edərdi. Tamaşalarının bir çoxunda müqəvvalardan istifadə edir və bu müqəvvalar ona ideyalarını daha mükəmməl ifadə etməsinə kömək edirdi. Kantor bununla insan ölümünü, müharibənin gətirdiyi dəhşətləri daha qabardıcı şəkildə göstərirdi.

lawiki_i_manekiny_umarla_klasa_tadeusz_kantor_05

“Ölü Sinif”

“Ölü Sinif” insanın uşaqlığına və keçmişinə geri dönməyin qeyri-mümkünlüyündən bəhs edən hekayədir. Bu tamaşa dünyanın bir çox ölkələrində 1500 dəfədən çox nümayiş etdirilmiş və 1976-cı ildə “Newsweek” jurnalı tərəfindən dünyanın ən yaxşı tamaşası hesab edilmişdir.
“Ölü Sinif”-in premyerası Polşada Kristofor qalereyasında 1975-ci il noyabrın 15-də baş tutdu. Bundan öncə isə sentyabrda BTA (Beynəlxalq Tənqidçilər Assosiasiyası) üzvlərinə tamaşadan fraqmentlər göstərilmişdi.

S.Vitkeviçin “Nadobnisie i koczkodany” əsərinin tamaşasından öncə Kantor planlaşdırılmış şəkildə tamaşanı “bağlı” keçirir. “Ölü Sinif” bağlı iş idi. Çünki, açıq teatr dövrü artıq keçmişdə qalmışdı.” – deyirdi Kantor. 1978-ci ildə Teresa Betkovska ilə söhbətində deyir:

“Mən həmişə işin bağlı olduqda daha cazibəli göründüyünə inanmışam. Bağlılıq tamaşaçını səhnəyə fokuslanmağa, onları böyük bir piramidanın kölgəsindəki kimi hiss etməyə məcbur edir. Buna metafizik təsir demək düzgün olmazdı. Belə demək olarsa, bu piramida konkret şüalar yayır.” Onun bir neçə işi, özəlliklə “Ölü Sinif” bağlı iş idi. Kantor bu bağlılığı oyun üçün ayrılmış yeri – səhnəni bağlamaqla izah edirdi : O, səhnəni tamaşaçılardan iplə ayırır, taxta künclüklər düzəldirdi. Aktyorlarla birgə səhnədə dururdu.Köhnə, taxta məktəb partaları onun teatrının ən mühüm detallarından biri idi.Kantor müqəvvalar üçün tamaşada vacib rol təyin etmişdi, bu məqam onun “Krikot 2” teatrından daha öncə də vardı : “Çəkməçi” və “Balladina” tamaşalarında. Lakin, “Ölü Sinif”-dəki insanabənzər bu müqəvva aktyorlar tamaşaçılar tərəfindən əsl şoka səbəb olmuşdu. Müqəvvalar mum muzeyindəki heykəlləri xatırladırdılar. Qordon Kreqin “Übermarionet” konsepsiyasına istinad edən Kantor bunu “ölüm mesajı” kimi izah edirdi.

20.01.1988 Krakow n/z Tadeusz Kantor - rezyser fot. Wlodzimierz Wasyluk
20.01.1988 Krakow n/z Tadeusz Kantor – rezyser fot. Wlodzimierz Wasyluk

Yan Klossoviç yazır : “Tamaşanın tərkib hissələrini nəzərə alsaq, müqəvvalar aktyor və əşya arasındakı bir sərhəddə dururlar. Bu insanabənzər fiqurlar əşya idi, lakin onlar aktyor kimi görünürdülər. Hansısa mebel parçası və ya bir qurğudan daha fərqli təəssürat yaradırdı. Müqəvvalar teatrın metafizik tərəfini açırdı.”

Tamaşa Kantorun öz təxəyyülünün məhsuludur. Hadisələr belə cərəyan edir : Əsərdəki əsas personajlar olan qoca kişilər uzun zaman sonra bel çantaları və onların uşaqlıq çağlarını simvolizə edən müqəvvalarla öz sinif partalarına geri dönürlər. Aktyorların səhnəyə möhtəşəm girişi Fransua Valtzın zəhlətökən, daimi təkrarlanan musiqisi ilə müşayiət olunur. Dərs yaşlı şagirdlərin üzünü büzməsi, bağırtısı və bir-birinə təzyiqi ilə başlanır.
Əsərdə Vitkeviçin “Tumor Mozqoviç” pyesindən, dünya müharibəsindən səhnələr də vardır.
Ziqmund Qren 1977-də bu barədə yazırdı:

” Tamaşada Kantor son müharibədə Polşa ərazisində yəhudilərin kütləvi qırğınlarını da göstərmişdir. Oda atılan müqəvvalar bir xalqın məhvini gözlər önünə gətirir. Metal bir top da uşağın çığırtısı gələn beşikdə ritmik şəkildə yellənirdi.”

Tarixi problemlərdən savayı bu tamaşa bir insanın keçmişinə dönməsinin qeyri-mümkünlüyünü göstərir və bəlkə də bu səbəbdən dünya izləyiciləri bu tamaşanı güclü, təsirli sayırlar.

przedstawienie "Wielopole, Wielopole" Tadeusza Kantora
Warszawa, 1980. Teatr Cricot 2, przedstawienie “Wielopole, Wielopole” w klubie Stodola. Fot. Adam Hayder/FORUM

“Vielopol! Vielopol!”

1979-un payızında Tadeuş Kantor Florensiyadan tamaşa hazırlamaq üçün dəvət alır. Yenə də Kristofor qalereyasında məşqlər başlanır, Florensiyada isə bu məşqlər keçmiş kostyolda (kilsə) davam etdirilir. Premyera 23 iyun 1980-ci ildə baş tutur. Kantor tamaşanın afişasına öz şəhəri Vielopoldakı kostyolun 20-ci əsrin əvvəllərində çəkilmiş ağ-qara şəklini vurur. Bu kilsə onun həyatında mühüm əhəmiyyət daşıyırdı. Lakin, tamaşada daha mühüm məqamlar var idi. Onun atası Marian Kantor 1-ci dünya müharibəsində iştirak etmişdi. Tamaşada Kantor bu döyüşdəki piyadaları sözün əsl mənasında “canlandırmışdı”. Atasının müharibə zamanı çəkdirdiyi bir şəkil tamaşanın əsas mövzularından biri olur. Çəkilən şəklin əslində atası birinci sırada oturmuşdur. O isə bu tamaşada həmin şəkli canlandırıb.
Yerli fotoqraf adlanan bir personaj ailəni rahibin meyidi ətrafına düzüb şəkil çəkdirir. Rahibin meyidini də özü yuyur. Hətta tamaşada elə bir məqam gəlib çatır ki, o öz degerotip kamerasını silaha da dəyişir.

Ölüm bu tamaşada qaçılmazdır.

Kantorun yaddaşında qalan, onu təsirləndirən səhnələrdən biri də rahibin ölüm səhnəsi idi. O, 6 yaşında olarkən Rodoneviçin bədbəxt ölümünün şahidi olur. Rahib Vielopolda öz otağında pnevmaniyadan ölür. Balaca Tadeuşun yadında isə rahibin yorğan altından kənara çıxmış, lüt dabanı qalır. Kantor bu səhnəni çarpayı çərçivəsində ayaq şəklində göstərməyi planlaşdırır.

Denis Babletlə söhbətində bu barədə deyirdi: “Çox güman ki, bu mənə böyük təsir göstərmişdi. Uşaq üçün bu çox dərin təcrübədir. Əgər o heç nə anlamırsa belə.”
Kantor həmçinin digər uşaqlıq xatirələrini və ailə üzvlərini də tamaşada personajlaşdırmışdı: anası, atası, qohumları ilə yanaşı əsərdə Balaca Ravvin – yəhudi keşişi obrazı da vardır. İkinci dünya müharibəsi ərəfəsində əhalinin yarısını yəhudilər təşkil edirdi. Bu da tamaşaya öz təsirini göstərmişdi.

Hadisələr “Xəyallar otağı” adlanan məkanda baş verir. Yataq, şkaf kimi mebellərin olduğu adi, sakit bir otaq birdən-birə əlində nəhəng xaç tutmuş insan, əsgərlərlə dolur. Burada ailə həyatından səhnələr, müharibə xatirələri İsanın iztirabları ilə əlaqələndirilir.
1983-cü ildə Kantor sonunda razılaşır ki, bir dəfə doğma kəndində kostyolda tamaşanı hazırlasın. Bu tamaşa Polşada nümayiş olunur və “Krikot 2”-nin qastrollarında 1989-a kimi davam edir.

Emin Əliyev

Advertisements