akg711972

Kollegial qeydiyyatçı,
Poçt stansiyasında istibdadçı.

Knyaz Vyazemski.

Kim stansiya nəzarətçilərini lənətləməyib, onlarla kim savaşmayıb? Qəzəb anında kim onlardan basqı, qabalıq və qüsura qarşı gərəksiz şikayətini yazmaq üçün həyati kitabçanı tələb etməyib? Kim onları mərhum kargüzarlar və ya, ən azından, muromsk quldurları tək insan irqinin alçaq canisi hesab etmir? Bununla belə, gəlin ədalətli olaq, özümüzü onların yerinə qoyaq və bəlkə də, onlar haqda daha mərhəmətli mühakimə yürütməyə başlayaq. Kimdir stansiya nəzarətçisi? Rəsmisi tərəfindən yalnız döyülmədən, o da heç də həmişə yox (oxucularımın vicdanına istinadən) qorunan on dördüncü sinif təmiz cəfakeş. Nədir zarafatyana knyaz Vyazemski adlanan həmin bu diktatorun vəzifəsi. Əsl katorqa deyilmi? Nə gecə hüzur var, nə də gündüz. Darıxdırıcı səfər zamanı yığılmış bütün xəyal qırıqlığını səyahətçi, nəzarətçinin üzərinə tökür. Hava dözülməz, yol çəkilməz, arabaçı inadkar, atlar dartmırlar, günahkar isə nəzarətçi. Yoxsul mənzilinə daxil olarkən müsafir ona düşmənə baxarmışcasına baxır; yaxşı ki, çağırılmamış qonaqdan qurtulmaq tezliklə ona müyəssər olacaq, yox əgər atlar olmasa?… aman tanrım, necə küfrlər, necə təhdidlər yağacaq onun başına! Məcburdur yağışda və palçıqda küçələrdə qaçmağa; tufanda, şaxtada, heç olmasa, bir dəqiqə artırmaya çəkilir narazı kirənişinin bağırtı və itələmlərindən rahatlanmaq üçün. General təşrif buyurur; əsməcə tutmuş nəzarətçi ona sonuncu iki üçlüyü, o cümlədən, kuryer haqqını verir. Təşəkkür etmədən general çıxıb gedir. Beş dəqiqə sonra – zınqırov!…və kuryer səyahət qəbzini masanın üzərinə tolazlayır!… Buna yaxşıca diqqət kəsilək və qəlbimiz qəhər əvəzinə səmimi şəfqətlə dolacaq. Bir neçə kəlmə daha:  iyirmi il ərzində ardıcıllaqla Rusiyanı bütün istiqamətlərdə gəzmişəm, demək olar, bütün poçt yolları mənə məlumdur; bir neçə nəsil poçt arabaçıları mənə tanışdır; nadir nəzarətçiləri mən üzdən ayırd edə bilmirəm, çox azlarıyla mənim işim olmayıb; səfər müşahidələrimin maraqlı ehtiyatını qısa müddətdə nəşr etməyə ümidliyəm; hələlik ancaq bunu deyə bilərəm, stansiya nəzarətçisinin vəziyyəti ümumi nəzərə tam yalnış formada çatdırılıb. Böhtanlara məruz qalan nəzarətçilər, ümumiyyətlə, mahiyyətcə dinc, təbiətcə faydalı, kompaniyaya meylli, iddialarında şərəfli və gözütox insanlardırlar. Onların söhbətlərindən (hansılara ki, cənab qonaqlar haqsız laqeyd yanaşırlar) çoxlu maraqlı və ibrətamiz məqamlar toplamaq olar. Mənə qaldıqda isə, etiraf edirəm ki, onların söhbətlərini hansısa rəsmi ehtiyaclarının izinə düşən altıncı sinif məmurun nitqindən üstün tuturam.
Möhtərəm nəzarətçi zümrəsinə mənsub dostlara sahib olduğumu asanlıqla təxmin etmək mümkündür. Əslində, onlardan birinin xatirəsi mənim üçün olduqca dəyərlidir. Bir dəfə şərait bizi yaxınlaşdırdı və elə onun haqqında da iltifatlı oxucularla söhbətləşmək niyyətindəyəm.

1816-cı il may ayında, indi dağıdılmış olan yol boyunca *** quberniyasından keçdiyim olmuşdu. Rütbəm aşağı idi, yüngül gəzinti arabasında gedir və iki atın yürüş haqqını ödəyirdim. Nəticədə, nəzarətçilər mənimlə hesablaşmırdılar və tez-tez, öz düşüncəmdə, haqqım olanı zor gücünə əldə edirdim. Gənc və çılğın birisi olaraq, nəzarətçinin mənə çatası olan son üçlüyü yüksək çinli ağaya verməsinə bais alçaqlıq və qorxaqlığa hirslənirdim. Bir o qədər uzun müddət də, diqqətli xidmətçinin məni qubernator masasında diqqətdən kənar qoymasına da alışa bilmirdim. Artıq indi həm bu, həm digəri mənim üçün qaydaya çevrilib. Həqiqətdə isə, bizim axırımız necə olardı, əgər hamıya rahat – rütbəyə ehtiram qaydasının yerinə digər – ağıla ehtiram qaydası işlədilsə idi? Nə cür mübahisələr yaranardı! Xidmətçilər yeməkləri təqdim etməyə kimdən başlayardılar? Ancaq, öz povestimə qayıdıram.

Qızmar gün idi. Stansiyadan üç verst məsafədə yağış damcılamağa başladı və bir dəqiqədən sonra leysan məni təpədən-dırnağacan islatdı. Stansiyaya çatdıqda ilk qayğım – tezbazar əynimi dəyişmək, ikinci – çay xahiş etmək idi.

  • Ey, Dunya!, – nəzarətçi bağırdı, – samovarı alışdır və qaymaq arxasınca yollan.

Onun sözüylə on dörd yaşlarında bir qız arakəsmədən çıxaraq eyvana tərəf yüyürdü. Onun gözəlliyi valeh etdi məni.

  • Bu, sənin qızındır?, – soruşdum nəzarətçidən.
  • Bəli, mənim, – özündənrazı, məğrur görkəmlə cavab verdi, – elə dərrakəli, elə çevik qızdır ki, lap mərhum anası kimi.

Bu anda mənim səyahət qəbzimin surətini köçürməyə girişdi, mənsə vaxtımı məzlum sakinini, lakin təmiz məskənini bəzəyən şəkilləri nəzərdən keçirməklə öldürdüm. Şəkillər fərsiz oğulun hekayəsini canlandırırdı. Birinci şəkildə çutku və mantiya geyinmiş hörmətli qoca, xeyir-dua və bir kisə pulu tələsik qəbul edən narahat gənci yola salır. Digər şəkildə parlaq boyalarla cavan oğlanın əxlaqsız davranışı təsvir olunur: o, saxta dostlar və həyasız qadınların əhatəsində, eyni bir süfrə arxasında əyləşib. Sonra, başında üçbucaq şlyapa, əynində əsgi-üsgü, müflis olmuş gənc, donuzlara baxır və onlarla yemi bölüşür; onun simasında dərin kədər və peşmançılıq əks olunub. Nəhayət, sonuncu şəkil – gəncin atasının yanına qayıtma səhnəsi; rəhmli qoca elə həmin çutku və mantiyada onun görüşünə tələsir, fərsiz oğul dizləri üstə çökür; arxa planda aşpaz kök buzovu öldürür və böyük qardaş qulluqçulardan belə bir sevincin səbəbini xəbər alır. Mən hər şəklin altından müvafiq alman şeirləri oxudum. Bütün bunlar bu günə qədər yaddaşımda qorunub qalıb, necə ki balzamla dolu qablar, alabəzək pərdəli yataq və məni dövrələyən digər əşyalar kimi. Əlli yaşlarında, təravətli və gümrah, pəşmürdə lentə sancılmış üç medallı uzun yaşıl paltosunda ev sahibini sanki qarşımda dayanıbmış kimi görürəm.

Heç  arabaçı ilə haqq-hesabı üzməmişdimki Dunya əlində samovar qayıtdı. Balaca nazənin ikinci baxışdan mənə bağışlamış olduğu təəssüratın fərqinə vardı;  iri göy gözlərini aşağı dikdi, onunla danışmağa başladım, görüb-götürmüş qız kimi, heç bir utancaqlıq filan bilmədən cavab verirdi. Ataya bir qədəh rom təklif etdim, Dunyaya bir stəkan çay uzatdım, üçlükdə illərin tanışlarıymış kimi söhbətləşməyə başladıq.
Atlar çoxdan hazır idi, mənsə heç cür nəzarətçi və qızından ayrılmaq istəmirdim. Nəhayətdə, onlarla sağollaşmalı oldum; ata mənə yaxşı yol arzuladı, qızı məni arabaya kimi ötürdü. Artırmada ayaq saxladım və onu öpmək üçün icazə istədim; Dunya razılaşdı… Bununla məşğul olmağa başladığım andan bu yana çox öpüşlər sadalaya bilərəm, ancaq heç biri məndə belə sürəkli və füsunkar təsir buraxmamışdı.

İllər keçdi, şərait məni bir daha eyni yerlərə gətirib çıxardı. Keçmiş nəzarətçinin qızını xatırladım və onu görəcəyimə sevindim. Ancaq düşündüm, keçmiş nəzarətçi, bəlkə də, əvəz edilib, Dunya, güman ki, artıq evlidir. Hər ikisinin ölmüş olması fikri də ağlımdan keçdi və mən kədərli hissiyyatla stansiyaya yaxınlaşmağa başladım.

Atlar poçt daxmasının qarşısında dayandı. Otağa daxil olan kimi fərsiz oğulun hekayətinin təsvir olunduğu şəkilləri tanıdım, masa və çarpayı keçmiş yerlərində qalmışdılar, ancaq pəncərə önündəki çiçəklər artıq yox idi. Nəzarətçi kürkünə bürünüb yatmışdı. Gəlişim onu oyandırdı, o ayağa qalxdı… O, dəqiq, Samson Varın idi, necə də qocalmışdı! Səyahət qəbzinin üzünü köçürməyə girişdiyi müddətdə onun ağarmış saçlarına, çoxdan ülgüc dəyməyən dərin qırışlı üzünə, donqar belinə baxıb, üç-dörd ilin hökmünün gümrah kişini cılız qocaya çevirə biləcəyinə inana bilmirdim.

  • Xatırladınmı məni?- soruşdum ondan,- səninlə biz çoxdanın tanışlarıyıq.
  • Ola bilər,- qaşqabaqlı halda cavab verdi,- yol buralarda uzundur, çoxları gəlib-gedir.
  • Sənin Dunyan yaxşıdırmı? – davam etdim mən.

Qoca, mısmırığını salladı.

  • Allah bilir- cavab verdi o.
  • Görünür o ərdədir? – dedim.

Qoca özünü elə apardı, guya sualımı eşitmir və qəbzimi pıçıltıyla oxumağa davam etdi. Sual-cavabı kəsdim, çaydanı qızdırmağa göstəriş verdim. Maraq mənə üstün gəlməyə başladı və mən bir parç romun köhnə tanışımın dilini açacağına ümid etdim.

Yanılmadım: qoca təklif olunan parçdan imtina etmədi. Fikir verdim, rom onun qaşqabaqlı simasını aydınlatdı. Növbəti parçdan sonra daha söhbətcil oldu; ya həqiqətən xatırladı, ya da özünü məni xatırlayırmış kimi qələmə verdi və ondan məni sarsıdıb əsir edən hekayəni öyrəndim.

  • Demək, mənim Dunyamı tanıyırdınız?- sözə başladı, -kim tanımırdı bəyəm onu? Ehh, Dunya, Dunya! Necə də gözəl qız idi! Buralara kimin yolu düşərsə düşsün onu tərifləyər, heç kəs mühakimə etməzdi. Xanımlar gah yaylıq, gah sırğalar hədiyyə verərdilər. Yoldan keçən cənablar, guya ki, nahar, şam etmək, amma, əslində onu yaxından süzmək üçün burada qalardılar. Elə olurdu ki, hansısa ağa nə qədər qəzəbli olmasına baxmayaraq onun yanında yumlaşır və lütf edib mənimlə söhbətləşirdi. İnanın, əfəndim: kuryerlər, hökumət elçiləri onunla saat yarım danışardılar. Bütün evin qayğısını o çəkirdi: nə yır-yığış etmək, yeməyə nə hazırlamaq, hər şeyə vaxt tapırdı. Mən isə, qoca axmaq, yaxşı baxmır, məmnun qalmırdım; bəyəm, Dunyamı sevmirdimmi, bəyəm, onu bağrıma basmırdımmı, bəyəm, onun qalmağa evimi yox idi? Amma yox bəladan yaxa qurtara bilmərsən, olacağa çarə yoxdur.

Burada o, dərdini ətraflı anlatmağa başladı. Üç il əvvəl, bir qış gecəsi, nəzarətçi yeni kitabçasını xəttlədiyi, qızı isə arakəsmə arxasında paltar toxuduğu zaman üçlük astanada dayandı,  başında çərkəz sayaq şlyapa, əynində hərbi şinel, boynuna dolanmış şərfdə yolçu, atları tələb edərək otağa daxil oldu. Təqdim olunmalı sərbəst at yox idi. Xəbəri eşitcək səyahətçi həm səs, həm qamçısını qaldıran kimi oldu; amma bu cür səhnələrə vərdiş etmiş Dunya arakəsmə arxasından özünü yetirdi və səyahətçiyə – bir qismət nə isə atışdırmaq istəməzmi kimi nəzakətli sualla müraciət etdi. Dunyanın peyda olması müsafirə adi təsirini göstərdi. Onun qəzəbi yatdı, atları gözləməyə razılaşdı və özünə şam yeməyi sifariş verdi. Tüklü, yaş şlyapasını başından çıxarıb, şalını açıb, şinelini soyunan səyyahın qara bığlı, cavan, qamətli qusar olduğu məlum oldu. Özünü evindəki kimi hiss edib, nəzarətçi və qızıyla şən söhbətləşməyə başladı. Yemək verildi. Bu arada, atlar gəlib-çıxdılar, nəzarətçi atları yemləmədən birbaşa səyahətçinin karetinə qoşmalarını əmr etdi, ancaq qayıdanbaş cavan oğlanı, demək olar, huşsuz vəziyyətdə skamyada uzanan halda gördü, oğlan xəstə idi, başı zoqquldayırdı, səfərə çıxmaq iqtidarında deyildi… Olsun! Nəzarətçi öz yatağını ona güzəştə getdi,  əgər xəstənin vəziyyəti səhərəcən yaxşılaşmazsa şəhərə həkim arxasınca adam göndərmək qərarı verildi.

Növbəti gün qusarın halı daha da pisləşdi. Ona tabe şəxs at belində həkim arxasınca şəhərə yollandı. Dunya qusarın alnını sirkə yaxılmış yaylıqla sarıdı və əlində öz tikiş işləri, çarpayının qırağında əyləşdi. Xəstə,  nəzarətçinin yanında ancaq inildəyir və bir kəlmə söz kəsmirdi, lakin, buna baxmayaraq, iki fincan qəhvə içdi və inildəyərək yemək sifariş etdi.  Dunya onun başının üstündən çəkilmirdi. Qusar dəqiqəbaşı içki  istəyir, Dunya da özünün hazırlamış olduğu limonadı ona içizdirirdi. Xəstə, dodağını yaşlayır və hər dəfəsində bardağı qaytararkən Dunyanın əlini minnətdarlıq əlaməti kimi zəif düşmüş əliylə sıxırdı. Nahara qədər həkim özünü yetirdi. Həkim xəstənin nəbzini yoxladı, onunla almanca danışıb, rusca xəstəyə ancaq dincəlmək lazım olduğunu və bir-iki gündən sonra yola çıxa biləcəyini bəyan etdi. Qusar həkimə ziyarətə görə iyirmi beş rubl verdi, yeməyə dəvət etdi,həkim razılaşdı. Hər ikisi böyük iştahla yeyib, bir şüşə şərabdan içib, bir-birindən çox razı halda sağollaşdılar.

Daha bir gün ötdü, qusar tamam dirçəldi. Həddən ziyadə şən idi, dayanmadan gah Dunya, gah da nəzarətçiylə zarafatlarlaşırdı. Musiqi zümzümə edir, gəlib-gedənlərlə danışır, qəbzlərini qeydiyyat kitabçasına köçürür və xeyirxah nəzarətçinin könlünü elə oxşayırdı ki, üçüncü günün səhəri nəzarətçi, lütfkar qonaqla vidalaşdıqda təəssüf hissi keçirirdi. Bazar günü idi. Dunya ibadətdə iştirak etməyə hazırlaşırdı. Qusar çarpayı və qidaya görə nəzarətçini comərdcəsinə mükafatlandıraraq onunla vidalaşdı. Dunya ilə də sağollaşdı, onu kəndin ən kənarında yerləşən kilsəyə qədər ötürməyə könüllü oldu. Dunya çaşqınlıq içindəydi…”Nədən qorxursan?”- atası dedi- “axı zati-aliləri canavar deyil, səni yeməyəcək, get, kilsəyə kimi karetdə gəz”. Dunya arabada qusarla yanaşı oturdu. Xidmətçi sürücünün yanına tullandı, sürücü fit çaldı və atlar yola düzəldilər.

Zavallı nəzarətçi Dunyasına qusarla birlikdə getməyə necə izn verə bilməsini, onun gözlərini nəyin kor etdiyini, nəyin ağlını başından aldığını anlamırdı. Heç yarım saat keçmədi ki, onun ürəyi o dərəcədə ağlayıb-sızlamağa, narahatlıq ona o dərəcədə hakim olmağa başladı ki, dözmədi və kilsəyə getmək qərarına gəldi. Kilsəyə yaxınlaşarkən camaatın artıq dağılışdığını gördü, ancaq Dunya nə həyətdə, nə də artırmada idi. O tələsik kilsəyə daxil oldu: keşiş mehrabdan düşürdü, dyakon şamları söndürürdü, küncdə hələ iki qarı dua edirdilər, lakin Dunya kilsədə yox idi. Yazıq ata özünü güclə toplayıb ruhanidən qızının ibadətdə iştirak edib-etmədiyini soruşdu. Etmədiyini dedi ruhani. Nəzarətçi yarımcan vəziyyətdə evinə yollandı. Bir tək ümidi qalırdı: Dunya gənclik şıltaqlığı səbəbindən, ola bilsin, xaç anasının yaşadığı növbəti stansiyaya qədər gəzməyə cürət edibdir. Əzablı təlaş içərisində o, qızını göndərmiş olduğu karetin qaytmasını gözləyirdi. Sürücü gəlmirdi. Nəhayət, axşama yaxın sürücü tək, sərxoş halda və dəhşətli xəbərlə qayıtdı: “Dunya o stansiyadan o yana qusarla birlikdə getdi”.
Qoca bu müsibət yükünü qaldıra bilmədi; elə ordaca öncəki gün gənc dələduzun uzandığı həmin çarpayıya sərildi. İndi mövcud şəraiti dəyərləndirərək, qoca xəstəliyin saxta olduğunu təxmin edirdi. Biçarə yüksək hərarətə tutuldu; onu S.-ə apardılar və yerinə müvəqqəti başqasını təyin etdilər. Qusarın yanına gəlmiş həmin həkim onu da müalicə etdi. Həkim nəzarətçini qusarın tam sağlam olduğuna və hələ o vaxt onun pis niyyətini təxmin etdiyinə, lakin qamçısından çəkindiyinə görə susduğuna əmin etdi. Alman düzünümü deyirdi, yoxsa sadəcə uzaqgörənliyi iləmi öyünürdü, ancaq bu, binəva qocanı heç cür təsəlli etmirdi. Xəstəlikdən can qurtaran kimi nəzarətçi S. rayonun poçt kontoru müdirindən iki aylıq icazə istədi və niyyəti barədə heç kimə bir kəlmə belə demədən qızının arxasınca piyada yola düşdü. Qeydiyyat kitabçasından kapitan Minskiy Smolenskdən Peterburqa  üz tutduğunu bilirdi. Onları aparan arabaçı Dunyanın bütün yol boyu ağladığını, halbuki öz xoşu ilə getdiyi təsiri bağışladığını danışdı. “Bəlkə,- nəzarətçi fikirləşdi,- azmış quzumu evinə qaytara bildim”. Bu fikirlə də Peterburqa gəlib çıxdı, İzmaylovski polkunda – təqaüdə çıxmış unter-zabitin – özünün keçmiş yoldaşının yanında yerləşdi və axtarışlarına başladı. Tezliklə kapitan Minskiyin Peterburqda olduğunu və Demutov mehmanxanasında dayandığını öyrəndi. Ona baş çəkməyi qərarlaşdırdı.

Səhər erkəndən o, onun evinin girişinə gəlib, möhtərəm cənablarına keçmiş əsgərin onunla görüşmək istədiyi barədə məlumat vermələrini xahiş etdi. Hərbi lakey kənarda çəkməsini təmizləyə-təmizləyə, ağanın dincəldiyini və saat on ikidən tez heç kəsi qəbul etmədiyini onun nəzərinə çatdırdı. Nəzarətçi getdi və təyin olunmuş vaxtda qayıtdı.

  • Qardaş, sənə nə gərəkdi?, – deyə Minskiy onun qarşısına xalatda, qırmızı araqçında çıxaraq soruşdu.

Qocanın qəlbi titrədi, gözləri yaşla doldu və o, titrək səslə yalnız, – Zati-aliləri!… ilahi lütf edin!… – tələffüz edə bildi. Minskiy ona ani nəzər saldı, qolundan tutdu,  kabinetə apardı, axrasınca qapını kilidlədi.

  • Zati-aliləri, – qoca davam etdi,- olacağa çarə yoxdur, heç olmasa, binəva Dunyamı mənə qaytarın. Axı siz onunla şənlənəcəyinizi şənlənmisiniz; hədər yerə onu tələf etməyin.
  • Gəmidə oturub, gəmiçi ilə dava etmək olmaz,- gənc adam pərtliklə cavab verdi, – sənin qarşında günahkaram, üzr istəyirəm, ancaq düşünmə ki, Dunyanı tərk edə bilərəm, o xoşbəxt olacaq, sənə söz verirəm. Sənin nəyinə lazımdır o? O məni sevir, o, keçmiş həyatından uzaqlaşıb. Nə sən, nə də o, olanları unuda bilməyəcəksiniz.

Ardından qocanın ovcuna nə isə dürtərək qapını açdı və qoca heç  kəsdirmədi necə özünü küçədə tapdığını.

Uzun müddət hərəkətsiz dayandı, nəhayət, qolunun manjetinin altında bükülü kağız parçası gördü; onu çıxardı, büküyünü açdı və bir neçə beş və on rublluq əskinazlar aşkar etdi. Yenə də gözləri yaşla doldu, qəhər gözyaşları! O, kağızları möhkəm sıxdı, yerə tolazladı, dabanı ilə tapdaladı və getdi… Bir neçə addım uzaqlaşıb dayandı, düşündü… və qayıtdı… amma əskinazlar artıq yox idi. Yaxşı geyinmiş gənc bir adam, onu görcək, kabinəyə tərəf qaçdı, cəld oturdu və qışqırdı: “Sür!”. Nəzarətçi onu təqib etmədi. Evinə – öz stansiyasına qayıtmağı qərara aldı, ancaq daha əvvəl bədbəxt Dunyasını, heç olmasa, bir kərə yenə görmək istədi. Buna görə də, iki gün sonra Minskiyin yanına geri döndü. Amma hərbi lakey ciddiliklə, ağanın heç kimi qəbul etmədiyini dedi, sinəsi ilə onu çölə sıxışdırıb çıxardı və qapını üzünə çırpdı. Nəzarətçi yerində dayandı, dayandı, sonra isə getdi.

Həmin günü axşam, Bütün Dərdlilərin Kilsəsində dua edib, Liteynaya küçəsində gəzinirdi. Anidən, gözlərinin önündən göstərişli ekipaj keçdi və o, Minskiyini tanıdı. Ekipaj üçmərtəbəli evin qarşısında – düz girişin önündə dayandı və qusar artırmaya qaçdı. Beynində xoşbəxt fikir işardı.

  • Kimin atlarıdır, qardaş?, – qayıdıb sürücüyə çataraq, soruşdu, – Minskiyinin deyil ki?.
  • Elədir, – sürücü cavab verdi, – necə bəyəm?.
  • Olan odur ki, sənin ağan mənə onun Dunyasına məktub aparmağımı əmr edib, mən isə unutmuşam Dunyanın harada yaşadığını.
  • Bax burada, qardaş, ikinci mərtəbədə. Sən məktubunla gecikmisən, qardaş, indi ağa özü onun yanındadır.
  • Eybi yoxdur,- o, ürəyinin təsvir olunmaz titrəyişi ilə etiraz etdi, – məsləhətə görə sağ ol, amma mən öz işimi axıra çatdıracağam.

Bu sözlərlə o, pilləkənlərə tərəf getdi.

Qapılar bağlı idi, zəngi bası, ağrılı intizar içərisində bir neçə saniyə keçdi. Açarın cingiltisi eşidildi, qapı açıldı.

  • Avdotya Samsanovna buradamı yaşayır? – o soruşdu.
  • Burada yaşayır, – xidmətçi cavab verdi, – nə lazım idi ki?

Nəzarətçi cavab vermədən zala daxil oldu.

  • Olmaz, olmaz, – xidmətçi arxasınca qışqırdı, – Avdotya Samsanovnanın qonağı var.

Amma nəzarətçi fikir vermədən irəliləyirdi. İlk iki otaq qaranlıq idi, üçüncüdə işıq yanırdı. O, açıq qapıya sarı getdi və dayandı. Gözəl döşənmiş otaq Minskiy fikirli halda oturmuşdu. Dunya ən sonun dəbin şıqlığı ilə bəzənmiş görkəmdə, kürsünün küncəndə sanki ingilis yəhərini çapan atlıtək oturmuşdu. Par-par parlayan barmaqlarını qara hörüklərinə dolayaraq, lətaflə Minskiyə baxırdı. Fağır nəzarətçi! Qızı ona heç vaxt belə gözəl təsir bağışlamamışdı: istər-istəməz ona heyran qaldı.

  • Kimdir orda? – qız başını qaldırmadan soruşdu.

Qoca hey susurdu. Cavabı almayınca, Dunya başını qaldırdı… çığırararq xalçaya sərildi. Qorxmuş Minskiy onu qaldırmaq üçün cumdu, birdən qapı önündə nəzarətçini görcək, Dunyanı buraxıb, qəzəbdən əsə-əsə ona tərəf yaxınlaşdı.

  • Sənə nə lazımdır? – dişlərini qıcayaraq soruşdu, – nə oğru kimi gizlicə hər yerdə məni güdürsən? Bəlkə, öldürmək istəyirsən məni? Rədd ol!

Qüvvətli əliylə qocanın yaxasından yapışıb, pilləkənlərə tərəf itələdi.

Qoca öz mənzilinə qayıtdı. Yoldaşı ona şikayət etməsini məsləhət verdi; amma nəzarətçi fikirləşdi, əlini yellədi və geri çəkilmək qərarına gəldi. İki gündən sonra o, Peterburqdan geriyə – öz stansiyasına qayıtdı və keçmiş vəzifəsini yenidən tutdu. “Bax, artıq üçüncü ildir ki, – o, hekayəsini yekunlaşdırdı, – mən Dunyasız yaşayıram və ondan səs-səmir yoxdur. Sağdırmı, deyilmi, Allah bilir. Hər şey ola bilər. O nə ilk, nə də sonuncu qızdır ki, yoldan keçən cavan subaylar sahib çıxır, sonra isə atırlar. Peterburq doludur onlarla – gənc axmaqlarla, bu gün atlaz və məxmərdə, sabah isə, bir də gördün, gədə-güdə ilə küçələri süpürməkdə. Bəzən, düşünürsən ki, ola bilsin, Dunya da itib-batsın, sən də günah işləyib ona ölüm arzulayasan…”

Bu cür idi mənim yoldaşımın – keçmiş nəzarətçinin tez-tez, Dmitriyevin gözəl balladasındakı çalışqan Terentıç kimi pencəyinin balağı ilə, ifadəli şəkildə sildiyi gözyaşlarının kəsdiyi hekayə. Gözyaşları qimsən, onun hekayəsi boyunca aşırdığı beş stəkan punşun təsiri idi; amma necə olursa olsun, onlar çox toxundu qəlbimə. Onunla ayrılıb, uzun müddət unuda bilmədim keçmiş nəzarətçini, uzun müddət düşündüm yazıq Dunya haqqında…

Bu yaxınlar, *** şəhərciyindən keçərkən, yoldaşımı xatırladım; onun rəhbərlik etdiyi stansiyanın dağıdıldığını öyrəndim: “Keçmiş nəzarətçi yaşayırmı?” – heç kim mənə qənaətbəxş cavab verə bilmirdi. Mənə tanış bir yeri ziyarət etmək qərarına gəldim, sərbəst atları kirələdim və N. kəndinə yollandım.

Bu, payızda vaqe oldu. Bozumtul buludlar səmanı örtmüşdülər; biçilmiş çöllərdən qarşısına çıxan ağacların qırmızı və yaşıl yarpaqlarını sovuran soyuq külək əsirdi. Kəndə qürub çağında çatdım və poçt daxmasının önündə dayandım. Artırmaya (zamanında, yazıq Dunyanın məni öpdüyü yerə) kök bir qadın çıxdı və mənim sualıma nəzarətçinin atıq bir ildir ki, rəhmətə getdiyini, evə pivəbişirənin yerləşdiyini və onun da pivəbişirənin arvadı olduğunu cavabını verdi. Faydasız gəzintiyə və boşa xərclədiyim yeddi rubluma heyfim gəldi.

  • O nədən öldü? – qadından soruşdum.
  • Sərxoşluqdan, atam – cavab verdi.
  • Onu torpağa harada tapşırdılar?
  • Kəndin kənarında, mərhum yoldaşının yanında.
  • Kimsə məni onun məzarına məni apara bilərmi?
  • Niyə də yox? Ey, Vanka, bəsdir pişiklə əlləşdin. Cənabı qəbiristanlığa ötür və nəzarətçinin qəbrini göstər.

Bu sözlərlə, didik-didik edilmiş, təkgöz, kürən bir oğlan uşağı mənə tərəf yüyürdü və həmin dəqiqə də, kəndin kənarına apardı.

  • Rəhmətliyi tanıyırdın? – ondan soruşdum.
  • Necə tanımayasan! O mənə qamışları doğramağı öyrədib. Olurdu ki (Tanrı onu hifz etsin) meyxanadan qatıdırdı, biz onun arxasınca: “Babacan, babacan, qoz-fındıq”. O isə bizə qoz-fındıq paylayırdı. Bizimlə oynayırdı.
  • Bəs səyahətçilər oxu xatırlayırlarmı?
  • Günümüzdə, səyahət edən azdır, iclasçıdan savayı, onun da ölülərlə işi olmaz. Bax, yayda bir xanım gəlmişdi, keçmiş nəzarətçini xəbər aldı və məzarını ziyarət etdi.
  • Hansı xanım? – maraqla soruşdum.
  • Gözəl xanım, – oğlan cavab verdi, – o, altı atlı karetdə, üç balaca ağa, bir dayə və qara, yastı sifətli köpəklə gəzirdi. Nəzarətçinin öldüyünü ona çatdıran kimi ağladı və uşaqlara dedi: “Sakit oturun, mən isə qəbiristanlığa gedirəm”. Onu ötürməyi boynuma götürdüm. Xanım dedi: “Yolu özüm tanıyıram”. Mənə beş gümüş qəpik verdi –necə də yaxşı xanım idi!..

Qəbiristanlığa çatdıq, heç nəy ilə çəpərlənməmiş, bir ağacla belə olsun kölgələnməmiş, taxta xaçlarla dolu çılpaq sahə. Həyatımda bu cür kədərli yer görməmişdim.

  • Budur, nəzarətçinin məzarı, – dedi uşaq, qara xaçın dayaqlandığı sarı qum topasının üzərinə tullanaraq.
  • Və xanım bura gəlmişdi? – soruşdum mən.
  • Gəlmişdi, – Vanka cavab verdi, – uzaqdan onu seyr edirdim. O məzarın üzərinə yıxılıb, bir xeyli uzandı. Sonra kəndə qayıtdı, keşişi çağırtdırdı, ona pul, mənə də beş gümüş qəpik verib, yoluna davam etdi – gözəl xanım!

Mən də oğlana beşlik uzatdıb, nə səfərimdən, nə də xərclədiyim yeddi rubldan heyfsiləndim.

Tərcüməçi: Turan Qasımov
Mənbə: www.as-pushkin.net

 

 

 


 

Advertisements