murio-gabriel-garcia-marquez-adios-gabo-1Kəlmələrə düşkünlüyü… Hər kəsi özünə  cəzb etməsi…Harada olursa olsun qarşılaşdığı hər problemin ardınca düşür. İlham gücünün axıcılığı tərzinə yaraşır. Zövqünün ənginliyi kitablarına da yansımışdır. Siqaret ilə mübarizədə üstün ola bilmək üçün siqarı (puro) tərgitmişdir. Xüsusi elmi şövqlə məsələlərin həllində çıxış yolları axtarmağı sevir. Hər gün bir neçə saat məşq edib, tez-tez üzərək formunu qoruyur. Məğlub edilə bilməyəcək qədər möhkəmdir, çox intizamlıdır. Mümkünsüzə xəyal gücü sayəsində çatmışdır. İşləməyi öyrənmək, dincəlməyi öyrənmək qədər əhəmiyyətlidir.

Əldən düşənə qədər danışır; danışaraq dincəlir. Yaxşı yazır və yazmağı sevir. Həyatdakı ən böyük motivasiya qaynağı riskin yaratdığı həyəcandır. Anadangəlmə natiqlik qabiliyyəti onun qüsursuz silahıdır.

Nitqinə alçaq səslə və bəlirsiz istiqamətdə başlayır. Qüvvətli bir həmlə ilə dinləyiciləri ovcuna alana qədər addım-addım istifadə edə biləcəyi hər şeydən yararlanır. İlham mənbəyidir; qarşı qoyulmaz, cəlbedici kübarlığı, sadəcə bunu hiss etmək qabiliyyətindən məhrum olanlar tərəfindən inkar edilə bilər. Antidoqmatizm abidəsidir.

Davamlı olaraq oxuduğu kitabların yazarı Xose Martinin düşüncələrini Marksist bir inqilabın axıcılığı ilə əlaqələndirə biləcək qədər bacarıqlıdır. Bəlkə də düşüncələrinin məğzi kütlələrlə çalışmağın hər şeydən öncə fərdlərlə maraqlanmaq mənasına gəldiyi mövzusundakı qətiliyi ilə əlaqədardır. Bu, üz-üzə ünsiyyətdə verdiyi mütləq güvəni açıqlayır.

Hər bir fərqli vəziyyət üçün istifadə etdiyi ayrı bir dil və dinləyiciləri inandıra biləcəyi fərqli bir yanaşması vardır. Qarşısındakılarla necə eyni səviyyədə ola biləcəyini bilir. Əngin, mütəfəkkir biliyi hər cür mühitdə rahat hiss etməsinə səbəb olur. Burası dəqiqdir ki, harada, necə və kiminlə olmasından asılı olmayaraq Fidel Kastro qazanmaq üçün oradadır. Ən kiçik gündəlik fəaliyətlərdə belə yönəldiyi məğlubetmə meylinin, sanki xüsusi bir səbəbi vardır. Heç vaxt təslim olmaz və içində olduğu vəziyyəti dəyişdirməyi bacarıb, zəfər qazanana qədər dincəlməz.

Xüsusilə bir problemin həllinə yaxınlaşıldığında, heç kim ondan daha həssas ola bilməz. Böyük və ya kiçik, hər hansı bir məsələyə özünü eyni ehtirasla fəda edə bilər. Üstəlik bu məsələ çətinliklərlə üzləşmək mənasına gəlirsə… Heç vaxt belə anlarda olduğundan daha yaxşı hiss edə bilməz.

Onu yaxından tanıyanların: “Nəsə qaydasında deyil ki, sən yenə məst olmuş kimisən” – dedikləri məlumdur.

Dönməzlik onun çalışma texnikalarından biridir. Məsələn, Latın Amerikasının borcları, iki il əvvəl danışıq başlıqlarından biri halına gəlmişdi. Bu tarixdən etibarən mövzu, danışıqlar içində inkişaf etdirildi, yayğınlaşdı və dərinləşdirildi. İlk dediyi şey, bəsit bir riyazi nəticə, yəni bu borcların ödənilməz olduğu idi. Ardınca isə sırf bu məqsədlə təşkil olunmuş beynəlxalq konfransda ortaya çıxardığı başgicəllədən tapıntılar gəldi: [Borcların] Beynəlxalq iqtisadiyyata təsiri, ictimai və siyasi inikası, beynəlxalq əlaqələrdə yaratdığı mütləq təzyiq, ortaq Latın Amerikası siyasəti üçün daşıdığı mübahisəsiz önəmə qədər gedən ümumi bir görüş.

Onun, bir siyasətçi olaraq nadir rastlanan bacarıqlarından biri də bir məsələnin ən uzaq nəticələrinə belə necə təkamül edəcəyini hiss edə bilməsidir. Lakin bu bacarığını ilham pərisi vasitəsilə deyil, çətin və inadkar mühakimə prosesində əldə edir. Ən böyük köməkçisi, yorucu hökmlər və inanılmaz dərəcədə sürətli riyazi hesablamalarla dolu nitqi ya da xüsusi bir danışığı saxlamaq üçün – bəzən pis yöndə – istifadə etdiyi yaddaşıdır. Ardı arası kəsilməyən informasıyalarla bəslənmək üçün köməyə ehtiyac duyur. Məlumat axışı ilə təmin edilmə işi səhər yerindən qalxmamışdan başlayır. Hər gün səhər yeməyinə ən azı iki yüz səhifəlik dünya xəbərləri yoldaşlıq edər. Harada olursa olsun hər səhər məcburi raportlar ilə maraqlanır. Öz təxmininə görə, rəsmi raportlar, ziyarətçilərin gətirdikləri və sonsuz marağını hər an oyada bilən yazılar xaricində, hər gün təxmini əlli fərqli sənəd oxumaqdadır.

İstənilən məsələdə, ən kiçik ziddiyyəti belə tuta bildiyi üçün ona verilən hər cavab qüsursuz olmalıdır. Ehtiyac duyduğu bilginin bir digər qaynağı da kitablardır. Həris bir oxuyucudur. Xüsusi bir texnikadan istifadə etmədiyində israr etsə də, heç kim necə və nə vaxt bu qədər çox və sürətli oxuduğunu anlama bilmir. Bugün oxumağa başladığı bir kitab haqqında səhəri gün şərhlər verdiyi bilinir. İngiliscə oxuya bilir, lakin danışmır. Daha çox ispanca oxuyur və əlinə üzərində hərflər olan hər hansı kağız parçasının keçdiyi an oxumağa can atır. İqtisadiyyat və tarix başlıqlı yazılarla davamlı olaraq maraqlanır. Yaxşı ədəbiyyatın dəyərini bilir və yaxından izləyir.

Əsl səbəblərin səbəblərinin səbəblərini tapana qədər dayanmadan soruşduğu dəqiq və ardıcıl suallarla insanları bombardmana tutma xüsusiyyəti vardır. Latın Amerikalı bir qonağıyla ayaqüstü ölkəsindəki düyü istehlakı həcmindən bəhs etdiyində, o anda beynində gerçəkləşdirdiyi hesabla “çox qəribədir, belədirsə hər kəs gündə dörd pound (təxmini iki kilogram) düyü yeyir” – demişdi. Ən yaxşı taktikası bilgilərini təsdiqləmək və bəzi hallarda qarşısındakını nəzərdən keçirib, buna uyğun davranmaq üçün cavablarını bildiyi suallar soruşmaqdır.

Məlumat əldə edə biləcəyi heç bir fürsəti qaçırmaz. Anqola müharibəsi zamanı iştirak etdiyi rəsmi qəbulda bir qarşıdurmanı elə təsvir etmişdi ki, avropalı bir diplomatı Fidel Kastronun o qarşıdurmada iştirak etmədiyinə inandırmaq çətin olmuşdu.

Çe Qeveranın yaxalanması və öldürülməsi ilə bağlı etdiyi açıqlama, Palasio de la Moneda basqını və Salvador Allendinin ölümünə ya da “Flora qasırğası”nın yaratdığı təxribata dair çıxışları, mükəmməl nitq nümunələridir.

Latın Amerikasının gələcəyi ilə əlaqədar xəyalı Bolivar və Martininki ilə eynidir: Dünyanın taleyini dəyişmək gücünə sahib azad bir cəmiyyət. Amerika Birləşmiş Ştatlarını Kuba xaricində istənilən ölkədən daha yaxşı tanımaqdadır. İnsanlarının təbiəti, iqtidar quruluşunu və hökümələrinin gizli niyyətləri haqqında dərin məlumarı vardır. Embarqonun yaratdığı fırtınanın qarşısını bunun sayəsində almışdır.

Adətən saatlarla davam edən danışıqlarda, ən gözlənilməz detallarına qədər intizamından güzəştə getmədən hər mövzunun üzərində ayrıca dayanır. Yanlış istifadə edilmiş bircə kəlmənin belə təmiri imkansız zərərlər yarada biləcəyini bilir. Əsla suallara cavab verməkdən qaçmaz və əsla səbri tükənməz. Çox təlaşlanmasın deyə bəzi həqiqətləri eşitməsini əngəlləməyə çalışanlar vardır. Yenə də (eşidər və) bilər. Özündən bir şeylər gizlətməyə çalışan bir işçiyə belə demişdir: “Narahat olmayım deyə gerçəkləri məndən gizlədirsən, amma sonda mənə heç vaxt deyilməmiş gerçəklərlən hamısıyla birdən qarşı-qarşıya qaldığımda, şoka düşüb öləcəm”. Yenə də ən ciddisi, çatışmamazlıqları örtmək üçün ondan gizlətdikləridir. Çünki, – siyasi olsun, elmi, mədəni olsun – inqilabı ayaqda tutan uğurlara paralel olaraq, gündəlik həyatı hər səviyyədə, xüsusilə də vətəndaşların xoşbəxtliyi səviyyəsində təsir edən böyük bir bürokratik itkidən söhbət gedir.

Küçələrdə insanlarla danışdığında, bu söhbət özündə yeni mənalar və səmmiyyət daşıyır. Ona “Fidel” deyirlər. Ətrafını inamla çevrələyərlər. Həqiqətlərin danışıldığı canlı radio efirində ilk adıyla ona xitab edərək, müxalif fikirlərini onunla müzakirə edir ya da ona tələblərini bildirirlər. Bunlar, öz parlaqlığı ilə örtülü qeyri-adi bir insanın görə bildiyimiz yanlarıdır. Tanıdığıma inandığım Fidel Kastro budur: davranışları çılpaq, amma xəyalları islahedilməz, dəbdən düşmüş saqqalları olan, kəlmə seçimində tədbirli, mədəni, düşüncələri əsrarəngiz olmaqdan daha zəif tərənnüm edilə bilməyəcək bir adam.

Mütəxəssislərin əvvəl-axır xərçəngə bir çarə tapacaqlarının xəyalını qurarkən, ən böyük düşmənindən 84 dəfə daha kiçik bir adada, dünyadakı güc balansına uyğun bir xarici siyasət qurmuşdur. Şüurun doğru formalaşmasının bəşəriyyətin ən böyük uğuru olduğuna və mənəvi varlıqların dünyanı dəyişdirmək və tarixi hərəkətə gətirmək uğrunda maddi göstəricilərə qalib gələcəyinə inanır.

Daha uzun yaşamağı tələb etdiyi bəzi anlarda həyata keçirə biləcəyi bəzi şeylər üçün həyatdan biraz daha müddət istədiyini eşitmişəm. Bu qədər insanın taleyini çiyinlərində daşımaqdan belinin büküldüyünü gördüyümdə, ən çox nə etmək istədiyini soruşdum. Dərhal cavabladı: “Bir küçənin tinində dayanmaq”.

Tərcüməçi: Taedium Vitae

Advertisements