Ray Bradbury

Yeni bir gün idi – səmaya doğru boylanan tər otlar, göydə dolaşan buludlar, otların üstünə qonan kəpənəklər. Gün sanki sükutdan hörülmüşdü, amma lal deyildi, onda arılar və güllər, quru və okean, hərəkət edən, uçuşan, titrəyən, qalxan və enən, zamanın axınına, öz təkrarolunmaz ritminə tabe olan hər şey var idi.  Yer hərəkətsiz idi, amma üstündə hər şey hərəkət edirdi. Dəniz narahat idi, amma susurdu. Təzadlı bir vəziyyət idi, sükut sükuta qarışmışdı, səs səsə. Çiçəklər yellənir, arılar balaca qanadlarını çırparaq yoncaların üstünə qonurdular. Təpə və dənizi boş, paslanmış polad özəkli dəmiryolu ayırırdı. Hiss olunurdu ki, uzun illərdir bu yoldan kimsə keçməyib. O, dolanbac yollarla otuz mil şimala uzanırdı, sonra dumanlı ənginliklərdə gözdən itirdi. Otuz mil cənuba isə kölgələr uçuşurdu, onlar göz önündə bir- birinə qarışır və uzaq dağların ətəklərində yox olurdular.

Qəfildən relslərin titrəyişi eşidildi.

Yolun üstündə oturan tənha qaratoyuq güclə seziləcək ahəngdar döyüntü hiss etdi, sanki hardasa lap uzaqda kiminsə ürəyi çırpındı.

Qaratoyuq dənizin üzərinə pərvaz etdi.

Relslər aramla titrəməyə davam edirdi. Nəhayət döngədən sahil boyunca hərəkət edən balaca motorlu platforma göründü. Böyük səssizlik içində ikisilindrli motorun gurultusu eşidildi.

Bu kiçik dördçarxlı platformada ikitərəfli balaca oturacaqda bir kişi, onun həyat yoldaşı və yeddi yaşlı oğlu əyləşmişdilər.  Platforma boş çöllüklər boyunca hərəkət edirdi. Külək onların gözlərinə dolur, saçlarını dağıdırdı. Lakin heç biri  dönüb arxasına baxmırdı, gözlərini yalnız qarşıya zilləmişdilər. Hərdən döngələrdə səbirsizliklə, hərdən də qəmgin-qəmgin baxırdılar, amma daim səksəkə içində… Bəs sonra?

Düz yolda motor birdən guruldayaraq susdu. Bu qulaqbatırıcı səssizlikdə-sanki bu səssizlik dəniz, yer və səmadan yayılırdı-  fırlanan çarxlar da dayandı.

– Yanacaq qurtardı.

Kişi köksünü ötürərək  kiçik yük yerindən ehtiyat kanistri çıxartdı və yanacağı baka tökməyə başladı.

Onun həyat yoldaşı və oğlu sakitcə dənizə baxır, böyük pərdə kimi ayrılan qum,  çınqıl, yaşıl yosun və köpüklərin boğuq uğultu və pıçıltısını dinləyirdilər.

– Dəniz gözəldir, hə?- qadın soruşdu.

– Mənim xoşuma gəlir, – uşaq cavab verdi.

– Bəlkə bir oturub yemək yeyək?

Kişi  binoklu uzaqda görünən yaşıl yarımadaya tərəf tutdu.

– Gəlin. Relslər tamam paslanıb. Qabaqda yol dağılıb. Gərək gözləyəsiniz düzəldim.

– Harda relslər xarab olub, orda dayanacağıq! – uşaq dedi.

Qadın gülümsəməyə çalışdı, sonra ciddi, sual dolu gözləriylə  kişiyə baxdı.

– Bu gün nə qədər yol gəlmişik?

– Doxsan mildən bir az aşağı.  – Kişi hələ də gərgin halda binokla baxırdı.  – Məncə hər gün bu qədər bəsdir. Sürətlə gedəndə heç nə görmək olmur. Biri gün Montereydə, altdakı gün, əgər istəsək, Palo Altoda olarıq.

Qadın enli həsir şlyapasının tünd-sarı lentlərini açdı, onu qızılı saçlarından çıxartdı və yoldan kənara çəkildi. Azacıq tərləmişdi. Relslərin üstü ilə dayanmadan o qədər yol getmişdilər ki, bütün bədəni indi də sanki titrəyirdi. Platforma dayananda içində qəribə bir hiss var idi, sanki indi daxili bir yükdən azad olacaqdı.

– Gəlin yeyək!

Uşaq azuqəylə dolu zənbili qaça-qaça sahilə tərəf apardı. Ana və oğlu açılmış süfrə ətrafında oturdular, kişi də onların yanına gəldi. Onun əynində səliqəli jilet, kostyum, qalstuk və şlyapa var idi. Sanki yolda kimləsə qarşılaşacağını gözləyirdi. O, sendviçləri payladı, turşuya qoyulmuş tərəvəzləri sərin yaşıl bankalardan çıxartdı və qalstukunu bir az boşaldaraq jiletin düymələrini açdı. Amma gözü daim ətrafda idi ki, istənilən an düymələri yenidən bağlaya bilsin.

-Ata, biz burada təkik? – Uşaq ağzındakı tikəni çeynəyə-çeynəyə soruşdu.

– Hə.

– Başqa heç kim yoxdur?  Heç yerdə?

–Heç kim.

– Bəs əvvəllər dünyada kimsə var idi?

– Niyə soruşursan? Bu ki, çox əvvəl olmayıb. Cəmi bir neçə ay. Özün də xatırlayırsan.

– Pis xatırlayıram. Yadıma salmaq istəyəndə də lap unuduram. –  Uşaq  bir ovuc qumu barmaqları arasından keçirtdi. – Burda çimərlikdə nə qədər qum var idisə, o qədər də insan var idi. Bəs onlara nə oldu?

– Bilmirəm. – kişi cavab verdi və bu doğrudan da belə idi.

Bir gözəl səhər onlar ayıldılar və gördülər ki, dünya boşalıb. Qonşuların paltar ipi asılı qalmışdı, üstündə ağappaq köynəklər yellənirdi, hər səhərki kimi kotteclərin önündə maşınlar dayanmışdı, amma heç kimin “hələlik” kəlməsi eşidilmirdi. Küçədə heç bir uğultu yox idi, telefon zəngləri eşidilmirdi, günəbaxan tarlasında uşaqlar qışqırışmırdılar.

Bir gün əvvəl axşamçağı arvadı ilə eyvanda oturanda axşam qəzetini gətirdilər. Və heç onu açmamış, başlıqlara baxmamış demişdi:

– Görəsən biz onu nə vaxt təngə gətirəcəyik və hamımızı qovacaq?

– Hə, gör bir hara gəlib çıxdıq- arvadı təsdiqlədi. – Artıq dayana da bilmirik. Biz necə də axmağıq, düzdü?

– Amma əla olardı…- O, bir qüllab çəkdi. – Səhər oyanasan və dünyada bircə nəfər də yoxdu. Hər şeyi yenidən başlayasan!

Əlində bükülü qəzet kresloya söykənərək çəkməyə davam etdi.

– Əgər indi bunu etmək imkanın olsaydı, edərdin?

– Yəqin ki, hə. – O cavab verdi. – Heç bir zorakılıq olmadan. Sadəcə hamı yer üzündən silinsin. Yer və dəniz, güllər, otlar, meyvə ağacları qalsın. Heyvanlar da qalsın. Hər şey qalsın, bircə insandan başqa, ac olmaya-olmaya ov edən, tox olanda yeyən, ona heç kəs dəyib-dolaşmasa da qəddar olan insandan başqa.

– Amma biz qalmalıyıq. – Qadın sakitcə gülümsündü.

– Yaxşı olardı. – O, fikrə getdi. – İrəlidə nə qədər istəyirsən vaxtımız olardı. Tarixdə ən uzun tətil. Biz də azuqə dolu zənbilimizlə ən uzun piknikimizi edərdik. Ancaq sən, mən və Cim. Heç bir mövsüm bileti olmadan.

Consların arxasıyca qaçmaq lazım gəlməzdi. Heç avtomobil də lazım olmazdı. Səfər üçün hansısa başqa qədimi vasitə fikirləşərdik. Zənbilə sendviçlərimizi və üç şüşə qazlı su qoyardıq, sonra lazım olduqca  boş şəhərlərin boş mağazalarından ehtiyat götürərdik. İrəlidə də sonsuz yay…

Uzun müddət susaraq eyvanda oturdular, onları yalnız bükülü qəzet ayırırdı.

Nəhayət qadın dilləndi:

– Bəs biz özümüzü tənha hiss etmərik?

Yeni günün səhəri belə açıldı. Yuxudan oyananda ancaq yerin yumşaq titrəyişini hiss etdilər. Şəhərlər gülünbahar, qızçiçəyi, sarmaşıqlarla dolu çəmənliklərin içində itib-batmışdı. Əvvəl bunu çox sakit qəbul etdilər, yəqin ona görə ki, artıq neçə il idi şəhər həyatını sevmirdilər. Arxada yalnız çoxlu yalançı dostlar, dörd divar arasında tənha qapalı həyat qalmışdı.

Kişi çarpayıdan qalxdı, pəncərədən baxdı və sakitcə, sanki havadan danışırmış kimi dedi:

– Hamı yox olub.

O, bunu şəhərin səssizliyindən anlamışdı.

Onlar tələsmədən səhər yeməklərini yedilər. Uşaq hələ yatmışdı. Sonra kişi dikələrək dedi:

– İndi nə edəcəyimizi fikirləşməliyəm.

–Nə edəcəyimizi? Necə yəni? … Bəs sən işə getməyəcəksən?

– Sən hələ də inanmırsan hə? – O güldü. – İnanmırsan ki, mən daha hər gün saat doqquza on dəqiqə işləmiş evdən tələsik çıxmayacağam. Cim daha heç vaxt məktəbə getməyəcək. Bütün dərslər qurtardı, hamımız üçün qurtardı! Artıq heç bir karandaş, heç bir kitab, müdirin tərs baxışları olmayacaq!  Bizi tək qoydular, əzizim, biz bir də heç vaxt o axmaq, lənətə gəlmiş, cansıxıcı ətalətə qayıtmayacağıq.  Getdik!

O, qadınla şəhərin boş və səssiz küçələrini gəzdi.

– Onlar ölməyiblər,- o dedi, – sadəcə … gediblər.

– Bəs başqa şəhərlər?

O, telefon budkasına girdi, əvvəl Çikaqonun, sonra Nyu-Yorkun, sonra da San- Fransiskonun nömrəsini yığdı. Səssizlik. Səssizlik. Səssizlik.

– Hamısı –  dəstəyi asaraq dedi.

– Mən özümü günahkar hiss edirəm, – qadın dedi, – onlar yoxdur, bizsə burdayıq. Və… mən sevinirəm. Niyə? Axı mən kədərlənməliyəm.

– Kədərlənməlisən? Heç bir faciə baş verməyib axı. Onlara zülm etməyiblər, yandırmayıblar, işgəncə verməyiblər. Onlar yox olublar və bunu hiss etməyiblər, bilməyiblər. İndi bizim heç kəsin qarşısında öhdəçiliyimiz yoxdur. Bizim bir öhdəçiliyimiz var- o da xoşbəxt olmaq. Qarşıda otuz illik səadət var, bunun nəyi pisdir ki?

–  Onda… onda gərək bizim yenə uşaqlarımız olsun?

-Ki onlar yenə bütün dünyanı tutsunlar?  – O, aramla, sakit-sakit başını buladı.– Yox. Qoy Cim sonuncu olsun. O, qocalıb öləndə isə dünya atlara, inəklərə, köstəbəklərə və hörümçəklərə qalacaq. Onsuz da onlar bizsiz itib- batan deyillər. Sonra nə vaxtsa təbii xoşbəxtliyi maraqlarıyla uzlaşdırmağı bacaran başqa bir növ yenidən bizimkilərə bənzəməyən şəhərlər salacaq və həyat davam edəcək. İndi isə zənbilimizi yığaq, Cimi oyadaq və otuzillik tətilimizə başlayaq. Hə. Görək evə birinci kim qaçacaq?

Tərcüməçi: Aygün Məmmədli

 

Advertisements