eroticheskie-filmy_5

1997-ci ildə plastiklik və mazoxizm mövzularına aydınlıq gətirən “ Xəstə: Supermazoxist Bob Flanaqanın həyat və ölümü” adlı sənədli film işıq üzü gördü. (Sick: The Life and Death of Bob Flanagan, Supermasochist). Filmdə Bob Flanaqan öz mazoxist hərəkətlərini aktyor– ifaçı və eksqibisionist kimi açıq- aşkar şəkildə nümayiş etdirir.

Filmin ilk səhnələrində çılpaq Flanaqanın necə təhqir olunduğu, üzünə piroqlar atıldığı, qıf vasitəsilə yedizdirildiyi görünür…

Bob 1952- ci ildə doğulub. Doğulandan mukovisçidoz xəstəliyindən əziyyət çəkib. Mukovisçidoz – tənəffüs yollarının və mədəaltı vəzinin zədələnməsi ilə müşayiət olunan irsi xəstəlikdir, bu zaman insan bədənində çoxlu miqdarda yüksək qatılıqlı selik ifraz olunur ki, bu da tənəffüs yollarının tutulmasına, normal tənəffüsün pozulmasına və həzmlə bağlı xroniki problemlərə gətirib çıxarır. O, aldığı hər nəfəsə görə mübarizə aparmalı olurdu, bəzən oksigen çatışmazlığı o qədər güclü olurdu ki, o avazıyırdı. Bu xəstəlikdən əziyyət çəkən xəstələrin çoxu uşaq yaşlarında, yaxud iyirmi yaşından az sonra həyatlarını itirirlər.

Bobun valideynləri onu doğum evindən gətirəndə görürlər ki, o, dəhşətli ağrılar çəkir. 18 aylıq olanda həkimlər onun ağciyərlərarası nahiyəsinə irin yığıldığını aşkar edirlər və sinəsinə iynə salaraq onu müalicə etməyə başlayırlar. O, bu prosedurlardan çox qorxardı və həyəcanla qışqırardı. Uşaq yaşlarında onu müntəzəm olaraq xəstəxanaya yerləşdirirdilər və demək olar ki, çılpaq vəziyyətdə qovuq şəklində palatada saxlayırdılar ki, həkimlər onda tər ifrazının intensivliyini müşahidə edə bilsinlər. Bu, mukovisçidoz diaqnozunun qoyulma metodlarından biridir. Belə anlarda çılpaq bədənini yad adamlar gördüyündən, o, özünü təhqir olunmuş hiss edirdi. Həkimlər tənəffüsü və infeksiyalarla mübarizə aparmanı asanlaşdırmaq üçün Bobun bədəninə növbənöv borular yeridirdilər. O, öz xəstəliyinin ciddiliyini gözəl başa düşürdü. İki balaca bacısında da mukovisçidoz var idi, onlardan biri altı ayında, o biri 21 yaşında həyata gözlərini yummuşdular.

Bob Orinc əyalətinin mukovisçidoz cəmiyyətinin plakatlarının rəsmi siması idi. Amma buna baxmayaraq o, gizli həyat keçirməyə başladı. Uşaqlıqda dözülməz ağrılardan yayınmaq üçün o, cinsiyyət orqanını stimulyasiya edirdi. Yuxarı siniflərdə oxuyanda gecə çılpaq uzanırdı və gizlincə bütün bədənini qalın yapışqan qatı ilə örtürdü. Heç özü də başa düşmürdü ki, bunu niyə edir. Bundan başqa müxtəlif ağrılı pozalarda qapıdan asılmış qayışlardan sallanırdı. Sonralar qayışlara iynələr düzməyə başladı ki, onlar onun bədənini deşsinlər.

31 yaşı olanda Bob Şeri Roz adlı qıza vurulur. Şeri uğursuz bir ailədə böyümüşdü. Filmdə Şerinin anasının atasını necə təhqir etməsi açıq görünür. Şerinin sözlərinə görə atası həmişə passiv insan olub və heç vaxt ona məhəbbətini göstərməyib. Şeri lap uşaqlıqdan göstəriş verməyi sevib. Məhz o, Bobun üzərində hökmranlıq edən “sahibə”- sadist rolunda çıxış edir.

Filmdə Şeri Bobla onun öz razılığı ilə qul kimi davranır. Onu təhqir edir, bıçaqla döş gilələri ətrafında kəsiklər aparır, gilələrinə sıxaclar qoyur, onu zorla yedizdirir,  rəngi avazıyana kimi kəndirlə boğur, anal dəliyinə böyük polad kürəcik yeridir, eroqen zonalarına iynələr batırır, ağız və dodaqlarını sancaqlarla tikir. Bob uşaq şüşəsindən Şerinin sidiyini içdiyini söyləyir. Filmdə onun ekskrementlərlə örtülmüş cinsiyyət orqanı göstərilir. Onun bədənindəki hər bir dəlik hansısa təsirə məruz qalır, ya üstünə nəsə tökülür, ya daxilinə nəsə yeridilir.Bu təsirlər Bobda ereksiya və güclü orqazma səbəb olur.

40 yaşı tamam olanda Bob mukovisçidoz diaqnozu ilə yaşayan ən uzunömürlü xəstə oldu. O, sadomazoxist klublarında və incəsənət muzeylərində ictimaiyyət qarşısında öz mazoxist ayinlərini həyata keçirtməyə başladı. Və heç zaman ona nəfəs almağa kömək edən oksigen maskasından ayrılmırdı.

Filmin son səhnələrinin birində çılpaq Bob Flanaqan çəkici götürür və mismarı öz cinsiyyət orqanının başına yeridir. Sonra heç nə olmayıbmış kimi mismarı çıxardır. Dərin yaradan fışqıran qan kinokameranın bütün obyektivini tutur.

Uşaq travmalarının təsbiti

Flaqanın sinir sisteminin dözümlülüyünün bu cür ətraflı təsviri ağrı sistemi ilə həzz sistemini əlaqələndirən tam yeni neyron şəbəkəsinin əmələ gəlməsini anlamaq üçün çox vacibdir.

Keçirdiyi ağrıları həzzə çevirmək fikri hələ lap uşaqlıqdan Flaqanın təxəyyülündə canlanırdı. Bu insanın qəribə hekayəti təsdiq edir ki, onda müşayiət olunan bu anormallıq həyat təcrübəsi əsasında formalaşıb və travmatik xatirələrlə əlaqədardır. Balaca uşaq olanda xəstəxanada onu çarpayıya bağlayırdılar ki, qaçmasın, yaxud zədələnməsin. Yeddi yaşında daim qapalı məkanda olmaq onda bədənin müxtəlif hissələrini bağlamaq meyli yaratdı. Böyüdükcə qandalla əl-qolunu bağlamağa və uzun müddət cəlladların öz qurbanlarını sındırmaq üçün istifadə etdikləri vəziyyətlərdə asılı qalmağa qarşı məhəbbət yarandı. Uşaqlıqda ona əzab verən hökmlü həkim və tibb bacılarına dözməli olurdu, böyüdükcə könüllü olaraq bu ixtiyarı Şeriyə verdi – o da uydurma tibbi prosedurlar  aparmaqla Boba əzab verirdi.

Uşaq travmalarının hətta əhəmiyyətsiz incəliklərinin təkrar olunması pozğunluqlar üçün tipikdir. Bu, həmçinin əşyalara meyl hiss edən fetişistlər üçün də xarakterikdir. Robert Stoller iddia edir ki, fetiş – uşaqlıq travması ilə əlaqədar olan erotikləşdirilmiş obyektdir. (Rezin alt paltarlarına və islanmayan plaşlara maraq göstərən bir kişi uşaqlıqda yerini isladırmış, buna görə də onu rezin döşəkağı üzərində yatmağa məcbur edirdilər və bu, onda həqarət və narahatlıq hissi yaradırdı.) Flanaqanın fetiş dəsti var idi. Onun içində tibbi ləvazimatlar və dəmir məmulatları dükanından metallik əşyalar – boltlar, mismarlar, toxmaq və çəkiclər var idi.

Aydın görünür ki, Flanaqanın həzz mərkəzlərinin yenidən proqramlaşdırılması iki istiqamətdə gedib. Bir tərəfdən adətən xoş hesab olunmayan hisslər  (məsələn, həyəcan) onun üçün xoş təsir bağışlayırdı. Bob deyirdi ki, daim ölümlə oynayır, çünki ona söz vermişdilər ki, çox tez öləcək. İndi qorxusunu cilovlamağa çalışır. 1985-ci ildə yazdığı “Niyə” şeirində o, anladır ki, mazoxizm ona özünü yenilməz, cəsur və dözümlü hiss etmək imkanı verir, halbuki bundan əvvəl bütün həyatı boyu özünü zəif hiss edirdi. Lakin o, qorxunun idarə olunması hüdudlarını çox aşır. Uşaqlıqda həkimlər tərəfindən tər ifrazının intensivliyini ölçmək üçün soyundurularaq plastik palataya yerləşdirilirdi, bu gün isə o, qürur hissi ilə muzeylərdə soyunur. Onda utanc hissi həzzə və utanmazlıq hissinə çevrilib.

Flanaqanın beynini yenidən proqramlaşdırılmasının ikinci tərəfi fiziki ağrının həzzə çevrilməsi ilə əlaqədardır. Metallik əşyaların vücuda batırılması onda xoş hisslər yaradır, ereksiyanı gücləndirir və orqazma çatmağa kömək edir.

Ümumiyyətlə çox vaxt insanlarda güclü stress zamanı endorfinlər ifraz olunur- onlar opiatlara yaxın təbii ağrıkəsicilərdir və insanı eyforik vəziyyətə sala bilərlər. Lakin Flanaqan israrla bildirir ki, onda ağrı kütləşmir, ağrı onu daha çox cəlb edir. Özünə nə qədər çox həsarət yetirsə, ağrıya həssaslığı daha da artır və daha çox ağrı hiss edir. Ağrı və həzz sistemləri arasında əlaqə olduğundan Flanaqan əsl güclü ağrını yaşayır və bu onun xoşuna gəlir.

Uşaqlar köməksiz doğulurlar və tərk olunmaq hissindən qaçmaq və böyüklərlə əlaqə saxlamaq naminə hər şey etməyə hazırdırlar. Hətta lazım gəlsə, bunun üçün böyüklərin onlara yetirdiyi ağrı və travmaları sevməyi öyrənirlər. Bobun dünyasında məskunlaşan böyüklər “onun xeyri üçün” onu incidirdilər. İndi supermazoxist kimi o, ağrını səadət kimi görür. O, çox gözəl başa düşür ki, uşaqlıq təcrübəsini təkrar- təkrar yaşamaqla keçmişdə ilişib qalıb və deyir ki, özünə ona görə əzab verir ki, yaşlı uşaqdır və elə də qalmaq istəyir. Bəlkə də daim işgəncə verilmiş uşaq halında qalmaq fantaziyası – ölümdən dərk edilməmiş qaçış vasitəsidir ki, birdən əgər Flanaqan özünə böyüməyə imkan versə, gəlib onu tapacaq. Sanki əgər əbədi olaraq Şerinin “incitdiyi” Piter Pen olaraq qala bilsə, heç vaxt böyüməyəcək və erkən ölümdən xilas ola biləcək.

Filmin sonunda Flaqanın necə öldüyünü görürük. O, daha zarafat etmir, küncə sıxışdırılmış ürkək heyvana bənzəyir. Tamaşaçı onun uşaq ikən onu təqib edən ağrı və qorxu hissini məğlub etmək üçün tapdıği mazoxist vasitələrdən əvvəlki dəhşət hissini anlayır. Bu an Bob bildirir ki, Şeri ayrılmaq istəyir və bu, onda əzab çəkən uşağın keçirə biləcəyi ən dəhşətli qorxu hissini – tərk edilmək hissini oyadır. Şeri isə deyir ki, Bob artıq ona tabe olmur. O, tamamilə bədbəxt görünür. Axırda Şeri ayağa qalxır və nəvazişlə onun qayğısına qalmağa başlayır.

Həyatının son dəqiqələrində Flanaqan demək olar ki, şok vəziyyətində soruşur: “ Mən ölürəm? Başa düşmürəm…Nə baş verir?.. Mən buna inanmaq istəmirəm”.  Görünür ağrılı ölümlə mübarizə apardığı mazoxist fantaziyalar, oyun və ayinlər elə inandırıcı idi ki, o, ölüm üzərində doğrudan da qələbə qazandığını düşünürdü.

Mənbə: Norman Doyc “Beynin plastikliyi”
Tərcüməçi: Aygün Məmmədli

Advertisements