800px-george_frideric_handel_by_balthasar_denner

Georq Fridrix  Hendel  1685-ci il 23 fevralda  Almaniyanın Saksoniya əyalətinin Halle şəhərində anadan olmuşdur.  Atası Georq Fridrix üçün hüquq sənətini nəzərdə tutmuşdu və onun musiqiyə meylinin qəti əleyhinə idi. Atasının etirazına baxmayaraq o, 4 yaşında öz təşəbbüsü ilə klavesin çalmağı öyrənir. Bu alət evin çardağında yerləşirdi, gecə ailənin bütün üzvləri yatdıqdan sonra Qeorq Fridrix bura gəlirdi. 1692-ci ildə Qeorq Fridrix atası ilə birlikdə Veysenfelə gedir.  Burda Saksen-Veysenfel hersoqu I İohann Adolf orqanda  ifa edən 7 yaşlı  Hendelin  istedadını yüksək qiymətləndirir və atasına uşağın musiqi üzrə inkişafına mane olmamağı məsləhət görür.

Atası bu məsləhətə əməl edir:  1694-cü ildə Hendel  bəstəkar və orqançı  F. V. Tsaxaunun rəhbərliyi  ilə kompozisiya, orqan, klavesin, skripka və qaboy ilə məşğul olmağa başlayır.  Məhz Tsaxaunun tədrisi dövründə Hendel  bəstəkar və ifaçı kimi formalaşdı. Tsaxau Hendelə  musiqi ideyalarını mükəmməl formada ifadə etməyi, müxtəlif yazı üslublarını öyrətdi. Tsaxau ilə təhsilini başa vurduqdan sonra Hendel  1696-cı ildə  Berlinə köçür və burda kurfürstün sarayında  ilk dəfə olaraq klavesinçi və konsertlərdə müşayiətçi kimi çıxış edir.  Klavesinçi  11 il yüksək dairələrdə böyük uğur əldə etdi. Brandenburq konfürstü Hendeldən sarayda xidmət etməyi xahiş edir və atasına təklif edir ki, təhsilini davam etdirmək üçün  oğlunu İtaliyaya  göndərsin.  Lakin oğlunu yanında görmək istəyən ata buna etiraz  edir. Hendel Halla qayıdır,  ancaq atasını görmək ona nəsib olmur: o, 11 fevral 1697-ci ildə vəfat etmişdi.

1698—1700-ci illərdə Georq Fridrix Hallda gimnaziyada oxuyur. 1701-ci ildə kalvin kilsəsində  orqançı  təyin olunur. Bu dövrdə o, bəstəkar Qeorq Filipp Telemanla tanış  olur.  İki gənc bəstəkarın  oxşar tərəfləri çox idi və dostluqları getdikcə güclənirdi. 1702-ci ildə Hendel Hall Vittenberq Universitetinin hüquq fakültəsinə daxil olur.  Burda o, hüquq və ilahiyyat üzrə təhsil alır. İlahiyyat fakültəsi pietizmin mərkəzi idi, lakin Hendel bir dindar kimi pietistlərin görüşlərini paylaşmırdı. Bəstəkar hüquq  təhsilini professor Xristian Tomasın rəhbərliyi altında alır. Lakin hüquq Hendeli qətiyyən maraqlandırmırdı. Təhsil ilə yanaşı o, protestant kilsəsində musiqi nəzəriyyəsi və ifaçılıq  dərsləri verir, kilsədə musiqi rəhbəri və  orqançı vəzifələrində çalışırdı.

hamburgs_oper

1703-cü ildə gənc Hendel yeganə  alman opera teatrının yerləşdiyi Hamburq şəhərinə gedir.  Bəstəkar burada ilk olaraq İohann Mattezon  və Reynxard Kayzerlə tanış olur. Daha sonra skripkaçı və klavesinçi çalışdığı opera teatrının orkestrinə rəhbərlik edir.  Kayzer Hamburq opera teatrında bir çox şeydə  Hendel üçün nümunə olmuşdu: orkestrin rəhbəri olaraq o, operalarda alman dilinin istifadəsinə qarşı idi və öz əsərlərində alman sözlərini italyan sözləri ilə əvəz edirdi. Hendel də ilk operalarında məhz belə etmişdi.

Hendel bir müddət  Mattezonla  sıx münasibətdə olmuşdur. Onunla birlikdə  1703-cu ilin yayında məşhur bəstəkar və orqançı Ditrix Buksterxudeni dinləmək üçün  Lübekə gedir. Artıq müəyyən qədər yaşlanan Buksterxude hər iki  bəstəkara qızı ilə evlənməyi və onu  Müqəddəs Mariya kilsəsindəki orqançı vəzifəsində əvəz etməyi  təklif edir. Lakin hər iki bəstəkar bu təklifdən imtina edir. 1705-ci ildə o özünün ilk “Almira” və “Neron” operalarını yazır. Operalar Reynxard Kayzerin köməkliyi ilə Hamburq opera teatrında səhnəyə qoyulur.Həmin ilin 8 yanvarında “Almira”, 25 fevralda isə “Neron” operasının premyerası olur. Hər iki tamaşada İohann Mattezon ikinci dərəcəli rolları ifa edir. Teatr  acınacaqlı vəziyyətdə idi, alman milli operasının inkişafı üçün heç bir zəmin yox idi.

Hendel 1706-cı ildə İtaliyaya gedir. O əvvəl Venesiya, daha sonra isə Florensiyaya səfər edir. Burada bəstəkarı Toskaniya hersoqu Coan Qastone Mediçi və onun musiqi ilə dərindən maraqlanan, klavirdə ifa edən qardaşı Fernando III Mediçi qonaq edirlər.  Florensiyada bəstəkar bir neçə kantata yazır.1707-ci ildə Hendel Roma və Venesiyaya səfər edir və burada Domeniko Skarlatti ilə tanış olur. Hendel Romada 7 ay yaşayır. Burada Papa tərəfindən operaya qadağa qoyulmuşdu.  Bəstəkar  kardinal Benedetto Pamfilin librettosuna “Zaman və həqiqətin təntənəsi” oratoriyasını, eyni zamanda 2 digər oratoriya və kantatalar  bəstələyir. Hendel tez bir zamanda italyan operasının üslubunu mənimsəyir və Florensiyaya qayıdan kimi  “Rodriqo” operasının tərtibatı ilə məşğul olur. Opera italyan cəmiyyətində  böyük uğur qazanır.1708-ci ildə Hendel “Məsih” oratoriyasını yazır. Həmin il o, Romada Arxangel Korello, Benedetto Marçello və Bernardo Paskuini ilə tanış olur. O, yüksək dairələrdə məşhurluq  və birinci dərəcəli bəstəkar adını qazanır. Bəstəkar tez-tez Arkadian akademiyasına görüşlərə  və konsertlərə gedir, burada D. Skarlatti, Korelli və başqa musiqiçilərin ifalarını dinləyirdi. Həmin ildə o həmiçinin “Azis, Qalateya və Polifem” pastoral serenadasını yazır. Bəstəkarın ikinci italyan operası “Aqrippina” 1709-cu ildə Venesiyada səhnəyə qoyuldu. İlk tamaşasından böyük uğur qazanan bu opera həm də  bəstəkarın ən yaxşı italyan operası hesab olunur.

1710-cu ildə Hendel  Hannoverə gedir. Burada onu bəstəkar Aqustino Stefanni qarşılayır. A. Stefanni Hendel yaradıcılığının heyranı idi. Stefanni Hendelə, sonralar Böyük Britaniyanın kralı olacaq Hannover konfürstü I Georqun sarayında kapelmeyster vəzifəsinə təyin olunmağında kömək edir. Hannoverdə kapelmeyster işlədiyi  müddətdə Hendel qocalmış və gözləri tutulmuş anasını ziyarət etmək üçün Hall şəhərinə gedir. O, Londona getmək üçün icazə istəyir və payızda Düsseldorf və Hollandiyaya səfər edərək Londona gedir. Bu zaman İngilis musiqisi tənəzzül dövründə idi, burda hələ opera janrı inkişaf etməmişdi. Londonda isə bir nəfər də bəstəkar qalmamışdı. Burda Hendel kraliça Annaya təqdim olunur və kraliçanın rəğbətini qazanır.

Londonda məşhurluq qazandıqdan sonra Hendel yeni operalar üzərində işləyir. Yeni operanın librettosunu İngiltərədə yaşayan italyan yazıçı Cakomo Rossi yazır. İngilis səhnəsi üçün yazdığı ilk italyan operası “Rinaldo” 24 fevral 1711-ci ildə səhnəyə qoyulur. Opera böyük müvəffəqiyyətlə qarşılanır və Hendelə birinci dərəcəli bəstəkar adını qazandırır. Operaya yeganə mənfi rəy italyan operasına qarşı olan Riçard Stil və Jozef Eddisondan gəlir. 1711-ci ildə Hendel Hannoverə qayıdır və yenidən Londona getməyi planlaşdırır.

Hannoverdə bəstəkar 20-yə yaxın duet, qaboy üçün konsert,  fleyta və bas üçün sonatalar yazır. O Böyük Britaniyanın gələcək kraliçası şahzadə Karolina ilə dostluq edirdi.  Hannoverdə  opera teatrı yox idi, bu isə Hendelə “Rinaldo” operasını səhnələşdirməyə mane olurdu. 1712-ci ilin payızında  Hendel ikinci dəfə Londona gedir.

800px-georgivongrosbritanniengeorgfriedrichhaendelhamman-1

Handel (solda) və Kral I Georq, 17 İyul 1717-ci il, Rəssam Eduard Hamman

Londona gəldikdə Hendel dərhal yeni “Vəfalı çoban” operası üzərində işləyir. Opera 22 noyabr 1712-ci ildə Heymarketdə səhnəyə qoyulur.  Hendel İngilis sarayına bağlılığını göstərmək üçün İngiltərədə öz mövqeyini gücləndirməyə çalışırdı.1713-cü ilin yanvar ayında İspaniyada varislik müharibəsinin bitməsi üçün imzalanan Utrext sülh müqaviləsinə həsr olunan Te Deum odasını yazır. Utrext Te Deum  7 iyul  Müqəddəs Pavel kilsəsində ifa olunur.  Hendel  kraliça Annanın ad gününün şərəfinə təbrik odası yazır. Əsər 6 fevral tarixində Sent-Ceyms sarayında ifa olunur və kraliça tərəfindən çox bəyənilir. Kraliça Anna bəstəkara 200 funt məbləğində ömürlük təqaüd kəsir. Hendel  Surrey qraflığında musiqisevər mesenat Barn Elmsin evində, sonra 2 il  Qraf Berlinqton  malikanəsində qalır.  Kraliça Hendelin də himayədarı olduğu Hannover zadəganı ilə pis münasibətdə idi. Lakin bu  Hendeli narahat etmirdi. O artıq İngilis sarayının bəstəkarı idi və verdiyi sözə  baxmayaraq Hannoverə qayıtmağı düşünmürdü.

1 avqust 1714-cü ildə kraliça Anna vəfat etdi. Taxta Hannoverli I Georq gəlir. Hendel çətin vəziyyətə düşür. Çünki qayıdacağına söz verdiyi himayədarı  indi burda idi. Bəstəkar yenidən yeni kralın rəğbətini qazanmalı idi. Ancaq I Qeorq çox yumşaq qəlbli insan idi və musiqini çox sevirdi, beləliklə Hendelin yeni “Amadis” operasını dinlədikdən sonra  onu saraya dəvət edir. 1716-cı ilin iyun ayında Hendel kral Qeorqun müşayiətçiləri ilə birlikdə Hannoverə səfər edir. Bu dövrdə Almaniyada Passion (iztirab) janrı aktual idi. Hendel bu janrda Bartold Henrixin librettosuna “Der für die Sünde der Welt gemarterte und sterbende Jesus” əsərini yazmağı qərara alır. Yeni passion “Broksun iztirabları”  bu janrın bəstəkara yad olduğunu nümayiş etdirir.

1717-ci ilin yayından  1719-cu ilin yazınadək Hendel Çendos hersoqunun dəvəti ilə Kennons (Cannons) qəsrində yaşayır. Bəstəkar burada hersoqun orkestrinə rəhbərlik edir, himnlər (HWV 146-156), “Ester” oratoriyasını və “Azis və Qalateya” kantatasını yazır. “Ester” oratoriyasına görə Çendos hersoqu bəstəkara 1000 funt ödəyir. 1720-1728-ci illərdə Hendel Kral Musiqi  akademiyasının  direktoru vəzifəsində işləyir.  Vəzifəyə təyin olunduqdan sonra bəstəkar truppasına müğənnilər dəvət etmək üçün Almaniyaya gedir.

masquerade_at_the_kings_theatre_haymarket_c1724

Bu andan etibarən bəstəkar opera yaradıcılığında aktiv fəaliyyət göstərməyə başlayır.  27 aprel 1720-ci ildə Heymarketdə krala həsr olunmuş və böyük uğur qazanan “Radamist”  operasının premyerası baş tutur. Ancaq həmin ilin sonunda Londona gələn italyan  bəstəkar Covanni Bononçini  “Arsasta” operası ilə Hendelin “Radamist” operasını kölgədə qoyur. Hendelin italyan operası  yazmağı onun Bononçini ilə arasında rəqabət yaranmağına  səbəb olur. Kral ilə arasında sıx münasibətə görə Hendelə  mənfi münasibət bəsləyən zadəganlar  italyan bəstəkarı dəstəkləyirdilər. Hendelin “Yuli Sezar” operası istisna olmaqla digər sonuncu operaları uğursuzluğa düçar olur. Bəstəkar hətta  “Alessandro” operasında onunla ədavət aparan italyan müğənnilər Faustin Bordoni və Françesko Kuzzoni ilə əməkdaşlıq edir.  13 fevral 1726 -cı ildə bəstəkar Britaniya vətəndaşlığı alır. 1727-ci ilin iyun ayında kral I Georq vəfat edir və onun yerinə Uels şahzadəsi II Georq hakimiyyətə gəlir. Onun tac qoyma mərasimində Hendel  “Zadok the priest”  himnini yazır. (bu himn hal hazırda Çempionlar liqasının himnidir.)

1728-ci ildə bəstəkar İtaliyaya gedir. Burada Opera Məktəbinə gələn bəstəkar italyan operasına yeni üslub gətirmək istəyir,  bu da bir qədər  dramatik idi və operanın konsert xarakterinə zidd idi. Bu dəyişikliyi bəstəkarın “Lotar”, “Partenopa” və başqa operalarında görmək olar. Bu dövrün ən uğurlu operası “Orlando” operasıdır. İtaliyaya səfəri zamanı Hendel, anasının səhhətində problem olduğunu öyrənir və Hall şəhərinə qayıdır.

Bu dövrdə Hendel 2 oratoriya-“Devora” və “Qofoliya”nı – bəstələyir, lakin əsərlər uğur əldə etmir. Bəstəkar yenə italyan operası janrına qayıdır. 1734-cü ildə “Terpsixor” opera-baletini, 1735-ci ildə isə “Alçina” və “Ariodant” operalarını yazır.

1720-30 illərdə bəstəkar bir çox opera yazır. 1740-cı illərdə isə onun yaradıcılığında əsas yeri oratoriyalar tutur. (Ən məşhur oratoriyası “Messa”dır). 1750-ci illərdə bəstəkarın gözü zəifləməyə başlayır. Bədbəxtlikdən İohann Sebastyan Baxın gözlərini uğursuz əməliyyat edən həkim Hendelin də göz əməliyyatında eyni nəticəni əldə edir.  1753-cü ildə bəstəkar tamamilə kor olur. Bəstəkar ölümünə qədər bir neçə dəfə “Messa” ortatoriyasına dirijorluq edir. Getdikcə səhhəti pisləşən Hendel 14 aprel 1759-cu ildə Pasxa bayramında vəfat edir.

Yaradıcılığı boyu bəstəkar 40-a yaxın opera, 32 oratoriya, bir çox kilsə xoralları, orqan konsertləri, kamera vokal və instrumental əsərlər bəstələmişdir.

Yazar: Zəhra Hüseynova

Advertisements