01Plaşının kürklü yaxasını qaldıranda ona soyuqdur mu deyə baxdım. Əslində solğun qaraşın üzü arı mumu kimi saralmışdı.

  • Üşüdün, dedim.

Qaşını qaldırdı. Yanağındakı çiban yerində qan yox idi. Dayandım. Üzünü əllərimin arasına alıb ovxaladım.

  • Niyə belə oldun?, dedim.

Güldü. Qaranlığa tərəf tüpürdü. Başını hər iki tərəfə möhkəmcə salladı.

  • Bəzən belə oluram, dedi.
  • Bir yerə gedək oturaq, dedim.
  • Gedək, dedi. Gedək amma daha içməyək.
  • İçək, dedim.
  • Öləcəksən, ey! – dedi.
  • Öləcəyəm, dedim.

Əlimizdəki stəkanlara baxdıq. Üzü nə durğun, nə səssiz nə də qarabuğdayı idi. Solğun idi amma canlı idi.

  • Çöhrən bitkin, dedi.
  • Bitkin, dedim.

Fıstıq yedi. Pivə içdi. Fıstıq yedim, pivə içdim. Birdən qulağımın dibindən bir səs ötdü. Ürəyim gedəcək kimi oldum. Diqqətlə mənə baxırdı.

  • Çox qocalmısan, dedi.
  • Qocaldım, dedim.

Saçıma baxdı. Gözlərimə baxdı. Güldü.

  • Fikir vermə, dedim. Hey, baxma.

Çox güman ki qızınmışdı. Yaxası kürklü paltosunu çıxartdı.
Ürəyimdə:

  • Paltosunun yaxası kürklüdür, paltosunun yaxası kürklüdür, – dedim. Daxilimdə bir nəfər: “Hə, mənası nədir? Nə olacaq?, – dedi. Nə olacaq heç nə. Mən də birini eynilə bu cür düzəltdirəcəm.
  • Səni bir daha görə bilməyəcəyəm?, – deyə soruşdum. Hirsləndi.
  • Bu ancaq məndən asılıdır, dedi.

İki gün sonra iyirmi nəfərə:   “Bu ancaq məndən asılıdır” cümləsinin mənası nədir deyə soruşdum. Heç biri doğru-düzgün cavab verə bilmədi.
Sonrakı iki gün hələ qurtarmamışdı ki, biz hələ də pivəxanada idik. Ətrafı görmürdüm. Onu da görmürdüm. Görən, havanı görə bilərik? Fikrə getmişdim.

  • Qalx, gedək, – dedi.
  • Hara? – dedim.
  • Futbol oyununa – dedi.
  • Oyuna? – dedim. Bu vaxt oyun olur?
  • Avropada gecə oyunları olur ha, dedi.
  • Burada olmur axı. – demədim. Qalxıb getdik. Yoxuşu endik. Bir yerdə dayandıq. O soyundu. Aşağıda pilləkənin başında yarı işıqlı, yarı qaranlıq meydanda futbol oynayan oyunçuların arasına qarışdı. Səslər eşitdim. Fitlər eşitdim. Söyüşlər eşitdim. Ətrafıma baxdım. Minlərlə insan var idi.

Bir ara vaxt tapıb yanıma gəldi.

  • Sən də oynuyursan? – deyə soruşdum.
  • Korsan? – deyə cavab verdi.
  • Bəs mən nə edirəm?
  • Sən də oynuyursan – dedi.
  • Mən də oynuyuram? Mən nə oynuyuram?

Güldü. Dişlərini gördüm. Bir dənəsi kənarından qırılmışdı.

  • Sən, dedi, azarkeşi oynuyursan.
  • Hə, doğrudan elədi, dedim.

Mən azarkeşlik edirdim. Başladım tullanıb düşməyə, əl çırpmağa. Üşüyürdüm. Paltomun yaxasını qaldırdım. Onunku kimi mən də qoyun dərisindən kürk tikdirəcəyəm. Yanaqlarımda soyuq kürkün sərinliyini hiss etdim.

Artıq hərəkətsiz dayanmışdım. Azarkeşlər gözdən itdi. Futbolçular gözdən itdi. Bir qədər sonra yanıma gəldi.

  • Oyun qurtardı, dedi.
  • Yaxşı oldu, dedim. Kim qalib gəldi?
  • Digər komanda, dedi.
  • Bax bu olmadı, dedim.
  • Sən kimin qazanmasını istəyirdin?, deyə soruşdu.
  • Bizimkilərin, dedim.
  • Bizimkilər kimdir?
  • Biz? – deyə təəccübləndi. Bizim qalib gəlməyimizi mi istəyirdin?
  • Əlbəttə, deyə təsdiq etdim.
  • Niyə? – soruşdu.
  • Çünki digər komandada tanıdığım kimsə yox idi.
  • Bizim komandada var idi?
  • Sən var idin də, deyə cavab verdim.
  • Axmaq, dedi. Mən yox idim.
  • Mən səni gördüm, dedim.
  • Hansı mövqedə oynuyurdum?
  • Cinah müdafiəçi!
  • Həqiqətən görmüsən, dedi.
  • Bir nəfər səni yıxdı, dedim.
  • Yıxdı, dedi.
  • Topallayırsan, dedim.
  • Topallayıram, dedi. Ancaq sənə nə var?
  • Heç, mənə heç nə, dedim.

Bir az xətrimə dəydi.

Qəflətən itirdim onu. Səslənməyə başladım:

  • Panko, Panko!

Heç bir cavab gəlmədi.

Kimsə qaranlıqda adımı çağırdı.

  • İshaq, İshaq! – deyə qışqırırdı.

Cavab vermədim. Səs, onun səsi deyildi. Ancaq sonra bəlkə dostumdan bir xəbər alma ümidiylə:

  • Nə var?, dedim.
  • İshaq, İshaq!, deyə səsləndi yenə o səs.
  • Nə var axı, nə var? Buradayam!

Getdikcə mənə tərəf yaxınlaşan ayaq səslərini tanıdım, dedi. Yanın da 3 nəfər cavan var idi. Biri bəstəboy, erməni sifətli idi. Digəri balıqçı pencəyi geyinmişdi. Mənasız üz ifadəsi var idi. Üçüncüsü uzun idi. Öz aralarında sözlərini dəfələrlə eşitdiyim, ancaq mənasını bilmədiyim bir dildə danışırdılar, başa düşmürdüm.

Onlar öndə, mənsə arxada irəliləyərək yoxuş çıxdıq. Küçəyə çatdıq. Küçənin yolları asfalt idi. Aydınlıq idi. Yer yaş idi. Yağış dayanmışdı.

  • Yağış yağıb, dedim öz-özümə.

Onları itirmişdim. Ancaq kino-teatr kassında tapdım. O qapının ağzında gözləyirdi. Cavanlardan biri bilet alırdı. Uzun boylu və balıqçı pencəyi geyinən isə dişlərini ağardıb istehza ilə gülürdülər. O, qarabuğdayı, sakit və təmkinli idi. Mənə baxmadan mənimlə maraqlanırmış kimi gəldi.

Özümü göstərməməyə çalışdım. Mən də bir ədəd bilet aldım. Onlar öndə bir yerə əyləşdilər. Mən də ayaqüstə durdum.

Onun qaranlıqda sağa-sola tərpəndiyini görürdüm. Önündəki adamla birgə o da sağa-sola çevrilirdi. Bir ara əməllicə dinməzcə yerində dayandı. Əlini yanağına dayadı. Gözünü çəkmədən izlədi. Sonra yenə dikəldi. Dırnaqlarını yeməyə başladı. İzdihamın içində paltolu, qırx yaşlarında bir adam:

  • Dırnağını yemə, deyə qışqırdı.

Gülümsədi. İşıqlar yanmışdı. Üç dostu da gözdən itmişdi. Qarşıdakı dırnaqlarını yemə deyə qışqıran adam yanına gəldi. Əyləşdi.

Bir şeylər danışdılar, eşitmədim. Yaxası kürklü köhnə dostum paltosunun qolundan bir şərf çıxararaq boynuna doladı. Onun qara saçlarını görürdüm. Dönüb baxdı. Məni tanımadı. Sanki daşa-divara baxırdı.

  • Mənəm ee mənəm, mən, dostun, mən İshaq. – demək üçün ağzımı açdım.

Kino-teatrın ağır havası ciyərlərimə doldu. Susdum. Qalxıb etdilər. İşıqlı bazarlardan keçdilər. Mənsə arxalarından bikef halda baxdım. Tək-tənha qalmış kimi idim. Xəyalımda onunla danışırmış kimi birdən bir restorana daxil oldum. Restoranın sahibi bir qadın idi. Yanağında xalı var idi. Hələ də uşaqlığının gənc qızı kimi idi. Gülümsəyərək salam verdi. İyirmi il əvvələ qayıtdım.

Ağır xəstə olduğum zaman, qızdırmam qırx dərəcəyə yüksəldiyi vaxt əllərim böyüyür. Nə boyda əllərim olurdu. Çoxunluqla uşaqlığımda olub.

  • Əllərim böyüyür, deyərdim.

Nənəm yaxud anam əllərimi soyuq əllərinin ovuclarına alırdılar. “Heç bir şeyin yoxdu, heç bir şey. Bax, mənim əllərimdədi əllərin.” – deyərdilər. Bir-iki dəqiqəlik sakitləşərdim ancaq əllərim yenə böyüyərdi.

Əllərim böyüyürdü, əllərim. Aman Allahım, əllərim necə də böyükdür? Küçəyə çıxdığım zaman soyuqdan əllərim yenə kiçilməyə başlayırdı. Küçələrdə idim. Minlərcə insana qarşı tək idim. On minlərləyə qarşı tək.

  • Panko, Panko, deyə ürəyimdə qışqırdım.

Bir saata göz atdım. On birə on beş dəqiqə qalırdı. Küçələr tənha idi. Kino-teatrlar hələ dolu idi. Sərxoşlar mənlə toqquşmadı. Aralarından ilan kimi qıvrılaraq keçdim. Hamı Pankoya bənzəyirdi. Hamı futbola gedirdi. Paltosunun kürklü yaxasını qaldıran gəncin axrasınca qaçdım.

Yaxasından tutmaq keçdi ağlımdan. Futbola gedək, deyəcəkdim. Yox, yox, səni həminki Alman restoranına götürəcəyəm. Dadlı kartof salatı hazırlayırlar. Bir də spitzel yeyərsən?

Kaş yenidən o pasajdakı pivəxanaya gedəydim. O masanın arxasında otursam, elə həmin masanın. İnsanlar içəri keçib otursa, cüt-cüt, kişili, qadınlı. Mən də tək özüm. Milyonlarla insan içində tək özüm. Ağrı get-gedə daha da ağrayır. Qovun acısı kimi, zəhər kimi bir acı. İtirdikdən sonra tapdığımız şey. Tap görüm, o nədir elə? Nədir o?

İtirmədən tapmadığımız şey. Tapmadınsa qaldır çırp yerə. Pəncərədən kim baxdı? Niyə baxdı? Gözlərini yum. Əllərin böyüyür? Yox, böyümür. Böyümür. Böyümür, böyümür, urraa! Amma ağrayır hələ də, yox ağramır, yalan demə. Ürəyinin üstündə sanki bir şey varmış kimi, elə deyil mi? Yalandır. Mütləq ki, bir yerdə oxumusan. Yaxud da kimsə sənə danışıb bunu. Ya da ağlında belə qalıb. Ürəyinin üstündə heç bir şey yoxdur. Tənhalıq. Tənhalıq gözəl şeydir. Gözəl deyil. Qovun acısı. Hələ qovun acısı nədir ki?!

Bir adam isti-isti qutablar gətizdirdi. O olsa indi hamısını yemişdi. Yeməyi necə yeyərdi yadımda qalmayıb düzü. Paltosunun yaxası qoyun dərisindən hazırlanmış kürk idi. Yanağında balaca köhnə bir çiban izi var idi. Dərisinin altından qan axmazmış kimi solğun qarabuğdayı rəngi var idi. Saçları qara, gözləri qara idi. Qara olmasalardı nə mənası olardı ki? Açıq qaraşın, altından qan axmazmış kimi solğun və insanda hiddət oyandıran rəngi sevirəm. Ancaq başqasında görsəm sevmərəm.

Ulduzlara baxdım. Hardaydı ulduzlar? Pivəxanada da ulduz olar? Ulduzlara baxdım. Kino-teatra girdim. Bir-iki gün əvvəl küçədən qaça-qaça keçirdi. Saat beşə 15 dəqiqə qalırdı. Gündüz seansına gecikirdi. Tələsik kino-teatra daxil oldu. Arxasınca elə baxa-baxa qaldım. Girə bilmədim. Tərslik edirdi. Danışmırdı. Heç dinmirdi. O vaxt içərisində topa-topa buxar olan bir yerə girmiş kimi tərləyirdim. Sonra üstümə qar yağır. Bərk ağ qar. Dənə-dənə qar. Ağlım tapançalara gedir. Bıçaqlara, bıçaqlara. Sevmirəm bıçaqları. Tapançalar. Beynimizin hər hansı bir yerində balaca bir deşik, ətrafı qara. Qəribə deşik. Qan azca sızıb. Beyin deşiyi tıxayıb. İrin kimi bir şey axıb.

Onun nəyinə lazım axı bundan? Bu mənim başımdakı deşik.  Yoxsa onda bir deşik açılmalıdır? Açılmalıdır. Tənhalıqdan başqa necə xilas olmaq mümkündür ki? Yalnız ölərək? Yox, insanların içində, milyonların içində iki ölü. Üç ölü. Dörd ölü, beş ölü. Vecinə alma bu pivəxananı da. Pəncərədən kənarı da. Onsuz da o gəlməyəcək. Doğrudan, kino-teatrdaydıq. UFO-dan düşən adam balaca Bobinin əl fənərini aldı. Küçəyə çıxdı. Uşaq da arxasınca.

UFO-ya iki nəfər keşikçi nəzarət edir. UFO-nun qarşısında dimdik dayanan robot.

02O Kürklü paltosunu çıxarmamışdı. Kürk hələ də sərin idi. O çıban izi olan yanağını sərinliyə dayamışdı. Kürkün dodaqları öpürdü onu. Diksindi. Məni xatırlamışdı. Səksəndi. Masanın üstündə kirəcdən hazırlanmış balaca bir gəmiçi heykəli dururdu. Mən onu çox uzaqda, bir Avropa şəhərinin bayram şənliyində qazanmışdım.

  • Gəmiçi pulunu verdi?
  • Verdi, verdi. Sağolsun gəmiçi.
  • Sağolsun gəmiçi.

Yaz günləri o yanımda uzananda rahat yuxuya gedərdim. Yuxuda heç bir şeyi görərdim. Heç bir şeyi. Heç bir şey qədər gözəl nə var axı?! Varsa ver bir tikə elə bu vaxtda, indicə. Heç bir şey ölüm kimi gözəldir.

Uzaqdakı ulduzdan gəlmiş adam taksidən endi. Bütün ordu onun izindədir. Atəş əmri var. Vurdular. Əsgərlər onu əhatəyə aldılar.

Gec gəldiyi zaman dəli olurdum. Pilləkəndə ayaq səsləri getdikcə yadlaşdıqca qudururdum. Sonra qəfildən onun ayaq səsləri. Qapını açıq saxlayırdım. İçəri elə daxil olurdu ki, sanki başqa planetdən gəlirdi. Gözlərindən öpərdim. Çıxmaq lazımdır. Buradan çıxmalıyıq. Film bitdi. Küçələr boyu çiynimdə talehim, çiynimdə özüm yeriməliyəm. Məhəllənin dar küçələrinə doğru getməliyəm. Evlər görməliyəm. Gecədən xeyli keçəndən sonra zəif işıqlar yanan pəncərələr görməliyəm. Çarpayıların üzərində oturub gözətçi üzə çıxana qədər bu 2 Nömrəli evi gözdən keçirməliyəm.  Yuxarıdakı balkonlarda saxsı qablar var. Yuxarısı xarab. Aşağısı xarab. Hansı xarabada oturur, görən? İşığı yandırmamalıyam. Ağır-ağır bir dəhlizdən keçirdim.

  • Oğru var! Oğru var!

Küçələrdə qaçmaq lazımdır. Qaçmaq. Gözətçilər, polislər, fit səsləri arxamda. Yox heç kim eşitmədi. Balaca bir otağın qapısını açıram. Orada xarab bir çarpayının üzərində, bir ayağı çöldə. İki ayağı da çöldə. İki ayağının üstünü yorğanla örtürəm. Dərindən bir nəfəs alır. Mənə tərəf çevrilir. Baxıram. Çıban izi digər yanağındadır. Qəribədir, hiddətli solğun üzündə insana xoş gələn yanar bir çəhrayılıq vardı. Qaşları nəmli. Dodaqları quru.

Şam sönmək üzrə idi. Məryəm titrəyir. Bu balaca çarpayıdakı kimdir belə? Əyilib ona baxıram. İri-iri gözləri var. Əsəbi bir üzü var. Qışqıra bilmir.

  • Sus, sakit, deyirəm.

Balaca qızın ağzını əlimlə tuturam. Çırpınıram.

  • Sakit dayansan əlimi ağzından çəkərəm, deyirəm.

Qara gözlərini yumub açırdı. Ovcumu ağzından çəkirəm. Sonra gedib digər çarpayıda otururam. O hələ yatır. Gözümlə ətrafı izləyirəm. Yaxası kürklü palto orada durur. Geyinirəm. Biləklərim çöldə qozbel o baş bu baş gəzirəm otaqda. Balaca qız mənə baxır. Əliylə ağzını örtərək gülümsəyir. Tör-töküntünün üstündən qalxıb özümü küçəyə atdım. Küçələrdə indi sərxoşlar, əclaflar və bunlara oxşar kimsələr var.  Hamısı da göz oxşayan adamlar. Çiyinlərində talehləri və özləri. Tənhadırlar, tənha. Bir qadınla yatarkən belə tənhadırlar. Kaş açıq bir məkan tapsam. Bir az daha pivə içsəm. Yox, hər yer bağlıdır.

O hələ də yatır. Qaşları nəmli idi. Nəfəsinə üzümü tuturam. Başının altındakı iki balışdan birini götürüb düz ayağının yanına qoyuram. Orada da mən büzüşüb yatıram. Əllərim böyüyür, böyüyür, böyüyür, böyüyür, böyüyür.

Tərcüməçi: Kamran Javadov
Mənbə: www.cafrande.org

 

Advertisements