franz-kafka-portrait-czec-012Deyəsən biz vətən barəsində çox şeyi əldən vermişik.  Bu günlərə kimi bu barədə düşünmürdük. Hər kəs öz işi ilə məşğul idi. Amma son günlər baş verən hadisələr kürkümüzə birə salıb. Mən sarayın qarşısındakı meydançada çəkmə emalatxanasının sahibiyəm.  Sübh tezdən dükanı açanda görürəm ki, bütün yanaşı küçələrin girişləri silahlı hərbçilərlə tutulub.   Onlar hansısa yollarla mərkəzə kimi gəlib çıxıblar, baxmayaraq ki, paytaxt sərhəddən uzaqda yerləşir.  Axır ki, onlar burdadırlar və mənə elə gəlir ki, sayları gün-gündən artır. Öz ənənələrinə sadiq qalaraq onlar evləri xoşlamırlar və açıq səma altında yaşayırlar. Yeganə məşğuliyyətləri qılınclarını və oxlarını itiləmək, atlarına təlim verməkdir. Bir əsrdir ürkə-ürkə əlimizdə saxladığımız bu sakit meydançanı onlar əsl tövləyə çeviriblər. Hərdən ən iyrənc çirkabları təmizləmək üçün hələ də dükanlarımızdan çıxırıq, amma get- gedə lap az. Onsuz boş yerə əziyyət çəkirik, həm də vəhşi atların ayaqları altında qala bilərik, ya da qamçı zərbəsi yeyə bilərik. Köçərilərlə danışmaq qeyri-mümkündür. Onlar bizim dilimizi bilmirlər. Öz dilləri isə sanki yoxdur. Öz aralarında dolaşalar kimi anlaşırlar. Qulağımıza daim qarıltıları gəlir. Bizim quruluş və idarəetmə sistemimiz onlar üçün anlaşılmazdır və heç veclərinə də deyil.  Ona görə də işarələri ,nişanları belə başa düşməkdən imtina edirlər. İstəyirsən çənəni çıxart, istəyirsən əl-qolunu yellə, xeyri yoxdur. Onlar səni anlamırlar və anlamayacaqlar. Bunun əvəzində ağız-burun əyməyə, göz ağartmağa, ağız suyunu sıçratmağa pərgardırlar. Lakin bu heç də o demək deyil ki, sizə nəsə demək istəyirlər, ya da hədə-qorxu gəlirlər. Bu, sadəcə olaraq onların təbiətidir. Lazım oldu- olmadı, hər şeyi qapıb götürürlər. Heç bir zorakılıq tətbiq etmədən.  Biz özümüz kənara çəkilirik və buna şərait yaradırıq. Mənim azuqəmdən də yararlanıblar, hər şeyin ən yaxşılarını seçib götürüblər.  Amma meydançanın o tərəfində üzbəüzdəki ət dükanının sahibinin nələrə dözdüyünü görəndə, mənim şikayətlənməyim düz çıxmır. O, malı gətirən kimi köçərilər əlindən qapıb yeyirlər.  Atları da ət yeyir. Tez- tez görürəm, atlı yerdə atının yanında uzanıb və hərəsi bir tərəfdən  bir şaqqa ətlə qarınlarınıı doyuzdururlar. Bizim baqqal onlardan elə çəkinir ki, hətta ticarətini bağlaya da bilmir. Biz də ona dayaq olmaq üçün pul yığırıq. Əgər köçəriləri yedizdirməsək, bir Allah bilir onlar neyləyərlər. Onsuz indi onlara hər gün ət yedizdirsək də bilmirik  neyləyəcəklər. Nəhayət ki, baqqal heç olmasa mal-qarasının kəsilməsinin qarşısını almaq qərarına gəldi. Bir səhər o, diri öküz gətirdi. Və bunu etdiyinə peşman oldu.  Düz bir saat mən emalatxanamın ən uzaq küncündə yerdə üzü üstə uzandım. Bütün əl altında olan paltarları, ədyal və yastıqları da üstümə atdım ki, bədbəxt heyvanın çığırtısını eşitməyim. Hər tərəfdən tökülüşüb gələn köçərilər dişləri ilə diri əti qoparıb yeyirdilər. Mən bütün cəsarətimi toplayıb meydançaya çıxanda hər şey çoxdan sakitləşmişdi.Onlar pivə çəlləyinin ətrafındakı əyyaşlar kimi öküz leşinin yanında yıxılıb qalmışdılar. Deyəsən elə həmin gün sarayın pəncərəsində mən hökmdarımızın başını gördüm. O, heç vaxt ön otaqlarda görünmürdü. Bağçaya açılan daha sakit otaqları üstün tuturdu. Bu dəfə isə o, pəncərə önündə dayanmışdı -ya da mənə elə gəldi- məyus-məyus başını önə əyərək sarayın önündəki mənzərəyə baxırdı. Bəs sonra nə olacaq?- biz öz-özümüzdən soruşuruq.  Bu əzab-əziyyət və işğəncələrə hələ çox dözməli olacağıq?  Köçəriləri bura saray dadandırıb, indi isə onları qovmaq iqtidarında deyil. Yeddi qıfıllı darvaza, əvvəllər təntənəli yürüşlə ora-bura gedən,  indi isə məhəccərli pəncərələr arxasında gizlənən qarovul… Vətənin xilası bizə, sənətkar və ticarətçilərə həvalə olunub.  Amma bu vəzifə bizə görə deyil. Heç vaxt da öyünməmişik ki, onu boynumuza götürməyə hazırıq. Bu, əsl anlaşılmazlıqdır və biz bundan məhv olacağıq.

Mənbə: lib.ru
Tərcüməçi: Aygün Məmmədli

Advertisements