13620889_865855170186564_6491529077595392103_n

Albert adında bir rəssam gəncliyində çəkdiyi rəsmlərlə istədiyi müvəffəqiyyət və təsiri qazana bilməmişdi. Qabığına çəkilib öz-özünü qane etməyə qərar verdi və illərcə bunu etməyə çalışdı, amma gedərək özünü qane etmədiyi ortaya çıxdı. Oturub bir qəhrəmanın rəsmini çəkərkən ağlında tez-tez belə bir sual ilişib qalırdı: “Bu etdiyim həqiqətən lazımdımı? Mən və bütün insanlar gəzib-tozsaq, ya da oturub şərab içsək nə fərqi olacaq? Rəsm çəkməklə sanki özümü biraz əyləndirmək, ovutmaq və biraz da vaxt öldürməkdən başqa  bir şey edirəmmi!”

Bu düşüncə işləməyinə mane olurdu. Albert getdikcə rəsm çəkməkdən əl çəkdi . Vaxtını gəzib-tozmağa, şərab içməyə, kitab oxumağa və gəzintilərə hərs etdi . Amma bunlar da ona xoşbəxtlik gətirmədi.

Bir zamanlar hansı məqsədlər və ümidlərlə rəsm çəkməyə başladığını tez-tez düşünmək məcburiyyətində qalır və bunu xatırlayırdı: Hər zaman özüylə dünya arasında güclü, gözəl bir əlaqə qurmağı, bu güclü və içdən axının aralarında bir bağ meydana gətirərək səssiz bir nəğməyə çevrilməsini istəmişdi.Qəhrəmanlar və qəhrəmanlıq rəsmləri çəkərək daxili dünyasını üzə çıxarmaq və onu azad edərək  xarici dünyaya təqdim etmək istəmiş, daxili dünyasının rəsmlərini görənlərin tənqid və təriflərinin xarici dünyada canlanıb minnətlə dolu olaraq ona geri qayıdacağını ümid etmişdi.

Bəli axtarıb tapa bilmədiyi bu idi. Bir xəyaldı bu və gedərək zəifləmiş, sonunda parıltısını olduqca itirmişdi. Halbuki indi, Albert orada-burada gəzdikcə, ya da kimsəsiz yerlərdə ləngiyəndə, bir gəmidə ikən, ya da bir dağ keçidini keçərkən , bu xəyal yenidən güclü, həm də çox güclü canlanırdı. Bu keçmişdəkindən fərqliydi, amma onun qədər gözəl, güclü, cazibədar və istəklə dolu, canlı bir güc idi.

Ah, bunun üçün necə də darıxırdı. Dünyayla özü arasındakı bir əlaqəni hiss etmək üçün necə də darıxırdı! Nəfəsiylə küləyin və dənizin nəfəsinin eyni olmasını, özüylə hər şey arasında qardaşlığın və dostluğun, sevginin və yaxınlığın, tembrin və uyğunlaşmanın olmasını!

Mənliyini və həsrətini izah etməsinə kömək edən, ona sevgi və anlayış gətirən, onu haqlı çıxaran və ucaldan rəsmlər çəkmək zəruriliyini artıq hiss etmirdi. Öz varlığını bir forma və ya bir nəfəs olaraq ortaya çıxmasına kömək edən qəhrəmanlardan, ya da onlarla əlaqəli rəsmlər çəkməkdən əl çəkmişdi. Tək istəyi mənliyinin bir heç olduğunu, varlığında əridiyi, öldüyü və yenidən doğulduğu hər bir əlaqə duyğusunu, hər bir güclü axını dada bilməkdi. Hər bir sirli mənliyi də. Həyatı yaşanası edən, ona bir az məna qazandıran, aydınlığı və rahatlamağı təmin edən canlanan bu xəyalı və güclənən həsrəti idi.

Albertin yoldaşları, neçə adam qaldısa onlar, bu fantaziyalarını doğru-düzgün başa düşmürlər, yalnız gedərək özünə qapandığını, susqunlaşdığını, danışmasının və gülüşünün dəyişdiyini, özünü təcrid etdiyini görürdülər. Başqa insanların sevdiyi və əhəmiyyət verdiyi şeylərə dəyər vermir, nə siyasət və ticarətlə, nə ov yığıncaqları və balolarla, nə də sənətlə əlaqəli qızğın mübahisələrlə maraqlanırdı. Onların maraqlandığı mövzulara heç maraq hiss etməzdi. Ona uyğunlaşmayan, ya da demək olar ki,  bir az dəli deyilə bilərdi.

Sərt bir qış havasında gəzişir, amma yenə də bu havanın rənglərini və qoxularını içinə çəkə bilir, qarşısında laylalar söyləyərək gedən kiçik bir uşağın arxasından qaçır, saatlarla yaşıl rəngli bir suya, bir çəmənliyə, ya da kitabına qapanmış biri kimi bir kökdən, ya da bir bitkidən kəsilmiş kiçik bir lifə baxıb fikrə gedirdi.

Artıq heç kim onunla maraqlanmırdı. O vaxtlar kiçik, yad  bir şəhərdə yaşayırdı; bir səhər, yolu dar bir cığıra düşünəndə kiçik, durğun bir çayın qamışlığın arasından palçıqla örtülü, sarı, dik bir sahil gördü. Sərt torpağın verimsizliyində yetişən kol və tikanlar torpaq sürüşməsi səbəbiylə toz torpaq içində idilər. İçində bir səs eşitdi, dayandı və ruhunu əfsanəvi keçmişdən qopub gələn bir melodiya qucaqladı. Palçıq sarısı, ya da tozlu yaşıllıq olsun, istər durğun bir çay, istər oradakı dik sahil olsun, cizgilərin və rənglərin meydana gəlməsi, ya da bir tembr və ya təsadüf nəticəsində o görünüşə qatılan bir xüsusiyyət  bunların hamısı gözəl idi, inanılmaz gözəl idi, duyğulandırıcı və çaşdırıcıydı, ona səslənirlər, o da hamısını tanıyırdı.

Və o anda meşəylə çay, çayla öz varlığı və səma, dünyayla bitkilər arasındakı əlaqəni, sıx əlaqəni hiss etdi. Ona orada olmalarının və bir bütün olmalarının  tək səbəbi, onun gözündə və ürəyində əks ola bilmək, onunla qarşılaşmaq və onu salamlamaqmış kimi gəldi. Çayla bitkilərin, ağacla havanın birləşdiyi və bütünləşdiyi, bir-birini ucaltdığı, sevgilərinə xeyir-dua verdiyi yer onun ürəyi idi. Bu qeyri-adi təcrübə bir neçə dəfə təkrarlananda, rəssamı inanılmaz bir xoşbəxtlik bürüdü. Bu şiddətli, qüsursuz bir duyğu idi . Qürubun qızıl sarısı işıltıları, ya da bir bağçanın qoxusu kimi. Bu duyğunun şirin, ağır dadına çatmağa çalışdı, amma uzun müddət buna dözə bilməzdi; çünki həddindən artıq şiddətli idi. Bu içində gərginlik, narahatlıq, az qala qorxu və hirsin yaranmasına səbəb olurdu. Ondan daha güclü idi. Onu içinə çəkir, onu qoparıb alırdı. Onun özünü əzə biləcindən qorxmağa başladı. Bunu istəmir, yalnız yaşamaq, sonsuzadək yaşamaq istəyirdi! Yaşamaq istəyini o andakı qədər şiddətli heç vaxt hiss etməmişdi!

Bir gün sərxoşluqdan ayılmaya başlayan biri kimi özünü tək başına, səssiz bir otaqda gördü. Qarşısında bir boyaq qutusu və kətan vardı.

İllər sonra ilk dəfə oturub rəsm çəkməyə başladı. Və bir daha heç bir zaman ağlına “Bunu niyə edirəm?” sualı gəlmədi. Yalnız rəsm çəkirdi. Yalnız görür və gördüyünü çəkirdi. Gah çölə çıxıb dünyanın rəsmlərinə qarışır, gah otağında oturub özünü o şiddətli duyğunun qucağına atırdı. Tez-tez kiçik rəsm kağızlarına rəsmlərdən ibarət misralar yazırdı. Söyüd ağaclarının da olduğu yağışlı bir səmanı, bir bağça divarını, meşədə bir sıranı, bir kənd  yolunu, insanları, heyvanları və heç görmədiyi, amma bir divar və ya bir meşə kimi canlı olan qəhrəmanları, ya da mələkləri çəkirdi.

İnsanların arasına yenidən qatılanda, şəkil çəkməyə başladığı eşidildi. Ona dəli gözüylə baxırdılar, amma rəsmləri ilə də maraqlanırdılar. Halbuki o şəkillərini heç kimə göstərmək istəmirdi. Amma onu rahat buraxmadılar və davamlı təzyiq etdilər. Axırda bir tanışına otağının açarını verdi və oradan uzaqlaşdı.

Başqaları rəsmlərinə baxarkən orada olmaq istəmirdi. İnsanlar gəldi və bəyəndiklərini göstərən qışqırıqlar yüksəldi. Bir dahi kəşf etmişdilər. Bütün müdriklər və özünü izah etməyə çalışanlar üçün deyilənlər onun üçün də deyildi. “Uyğunlaşmayan  biri, amma Tanrının xeyir-dua verdiklərindən” deyirdilər.

Rəssam Albert o anlarda bir kəndə çəkilmişdi. Kəndlilərdən birindən bir otaq kirayələmiş, boyaqlarını və fırçalarını  çıxarmışdı. Yenidən düzənliklərdə və dağlarda xoşbəxtlik içində gəzir, sonra da təcrübələrini və duyğularını rəsmlərinə əks etdirirdi. Qəzetlərdən birindən hər kəsin, evinə gedib rəsmlərini gördüyünü öyrəndi. Bir stəkan şərab içərkən paytaxtda çıxan bir qəzetdə özüylə əlaqəli uzun, gözəl bir yazı oxudu. Adı iri hərflərlə yazılmışdı və sütunlardan parlaq tərif sözləri yağırdı. Amma Albert yazını oxuduqca qəribə duyğular bürüməyə başladı.

“Hüzünlü qadının rəsmindəki fon olaraq istifadə edilən sarı və fövqəladə işıqlıq! Yeni, heyranedici və ürəkli bir uyğunlaşma!”

Güllərin təsvir edildiyi ölü təbiət rəsmindəki fövqəladə açıqlama! Öz portretləri də elə. Bunları psixoloji portretin fövqəladə şah əsərləri deyə bilərik. Fövqəladə, fövqəladə!

Halbuki Albert, bildiyi qədəriylə nə gözəl, nə də hüznlü bir qadın təsvir etmişdi. Öz şəkilini çəkdiyini də xatırlamırdı. Yazıda ona o qədər sevdiyi rəsmləri verən palçıqlı çay sahilinə, mələklərə, yağışlı səmaya, ya da onun kimi bir şeyə toxunan tək bir söz tapa bilmədi. Albert şəhərə qayıtdı. Ayağının tozuyla evinə qaçdı. Evə insanlar girib çıxır, qapıda da bir adam oturmuşdu. Albert içəri girə bilmək üçün bilet almaq məcburiyyətində qaldı. Çox yaxşı tanıdığı rəsmləri orada idi, amma altlarına lövhələr asılmışdı. Üzərlərində də Albertin heç anlaya bilmədiyi yazılar vardı. Bəzilərində öz portreti və ya başqa şeylər yazırdı. Tanımadığı adları olan şəkillərinin qarşısında bir müddət dayandı. Öz etdiyi kimi başqa insanların da bu şəkillərə müxtəlif adlar verə biləcəyini anlamışdı. Bağça divarında izah etmək istədiyi, başqalarına bulud kimi, daşlıq bir bölgədəki uçurum da öz rəsmiymiş kimi gəlirdi. Nəticə olaraq bu heç də əhəmiyyətli deyildi, amma Albert oradan səssizcə uzaqlaşmağa, gəzintiyə çıxmağa və bir daha da o şəhərə qayıtmamağa qərar verdi. Həyatı boyunca daha çox rəsm çəkdi  və onlara daha çox adlar verdi; bunu edərkən də xoşbəxt oldu; amma çəkdiyi rəsmləri bir daha heç kimə göstərmədi.

Mənbə: www.aymavisi.org
Tərcüməçi: Taedium Vitae

 

Advertisements