16195682_1022873614484718_2552249591708954796_n(…) Təsviri psixiatriyada dəqiq müyyənləşdirilməmiş anlayış olan melanxoliyaya müxtəlif klinik formalarda rast gəlinir, tam olaraq onların eyni klinik vahiddə vəhdəti təyin olunmayıb. Bəzi formaları daha çox somatik, digərləri psixogen xəstəliklərə bənzəyir. Bizim materialımız hər müşahidəçiyə aydın olan təəssüratlardan başqa psixogen təbiəti heç bir şübhə doğurmayan bir neçə klinik halla məhdudlanır. Ona görə də öncədən nəticələrimizin bütün rast gəlinən hallara aid olunması iddiasından imtina edirik və bu fikirlə təskinlik tapırıq ki, bizim indiki müayinə metodlarının köməyi ilə tam bir xəstəlik sinfinə aid olmasa da, heç olmasa kiçik bir qrup üçün tipik olan nələrəsə aydınlıq gətirə bilərik.

Melanxoliya və kədərin qarşı-qarşıya qoyulması hər iki vəziyyətin ümumi şəkli ilə təsdiq olunur…Həmçinin hər iki xəstəliyin aşkarlandığı hallarda həyat şərtlərinin təsirinə yönələn səbəblər də üst-üstə düşür. Kədər həmişə sevilən insanın, yaxud onu əvəz edən vətən, azadlıq, ideal və s. kimi mücərrəd anlayışların itkisinə qarşı təzahür edən reaksiyadır. Eyni təsirlərdən bəzi şəxslərdə kədər əvəzinə melanxoliya yaranır ki, bu da onların xəstəlik təbiətindən şübhələnməyə əsas verir. Həmçinin çox maraqlıdır ki, kədəri xəstəlik kimi nəzərdən keçirtmək və onu həkim müalicəsinin ixtiyarına vermək heç vaxt ağlımıza gəlmir, baxmayaraq ki, o, normal həyat davranışlarından ciddi kənaraçıxmalara səbəb olur. Ümid edirik ki, müəyyən zaman keçdikdən sonra onun qarşısı alınacaq,  hər hansı bir müdaxiləni də səmərəsiz və hətta zərərli hesab edirik.

Psixi yanaşmada melanxoliya dərin iztirablı sıxıntı, ətraf aləmə marağın yox olması, sevmək qabiliyyətinin itirilməsi, bütün fəaliyyət növlərinin ləngiməsi və ruh düşkünlüyü ilə xarakterizə olunur ki, bu da öz ünvanına məzəmmət və təhqirlərlə büruzə verilir və cəza gözləmə sayıqlamalarına qədər yüksələ bilər. Əgər nəzərə alsaq ki, kədər də eyni əlamətlərlə seçilir, bu şəkil bizə aydın olur. Tək  bir əlamət istisnalıq təşkil edir, kədərdə ruh düşkünlüyü olmur.  Qalan bütün əlamətlərə görə şəkil eynidir. Sevilən insanın itkisinə qarşı reaksiya olan ağır kədər eyni iztirablı əhval-ruhiyyə, ətraf mühitə marağın itirilməsi (çünki o, artıq öləni xatırlatmır), hər hansı bir yeni sevgi obyektini seçmə bacarığının itirilməsi (bu, itirilən şəxsin əvəz olunması deməkdir), ölənin xatirəsi ilə heç bir əlaqəsi olmayan bütün fəaliyyət növlərindən imtina ilə xarakterizə olunur. Asanlıqla başa düşürük ki, “Mən” in bu cür ləngimə və məhdudlaşdırılması kədərə müstəsna şəkildə qərq olunmanın təzahürüdür və bu zaman başqa heç nəyə maraq və məram qalmır. Əslində belə davranış asanlıqla izah oluna bildiyi üçün bizdə patologiya təəssüratı yaratmır.

Biz həmçinin kədərin iztirabla eyniləşdirilməsini də qəbul edirik. Əgər iztirabı iqtisadi cəhətdən  xarakterizə edə bilsək, mülahizənin doğruluğu bizə aydın olar.

Bəs kədərin gördüyü iş nədən ibarətdir? Güman edirəm ki, onu aşağıdaki kimi təsvir etsək, heç bir çətinlik olmaz: reallığın tədqiqi göstərir ki, sevilən obyekt artıq mövcud deyil və reallıq bu obyektlə əlaqəsi olan libidodan məhrum edilmə tələbatını irəli sürür. Buna qarşı tam anlaşılan müqavimət peyda olur, ümumiyyətlə nəzərə almaq lazımdır ki, insan hətta onun əvəz olunacağını öncədən görsə belə libido mövqeyini asanlıqla tərk etmir. Bu müqavimət o qədər güclü ola bilər ki, reallıqdan uzaqlaşma baş verir və obyekt yalnız arzusunu təcəssüm etdirən hallyusinator psixoz sayəsində tab gətirir… Normal şərtlər daxilində reallığa hörmət qələbə qazanır, lakin onun tələbləri dərhal yerinə yetirilə bilmir.  O, çoxlu zaman və enerji sərf edilərək hissəvi həyata keçirilir, buna qədər isə itirilmiş obyekt psixi mövcudluğuna davam edir.  Libidonun obyektlə əlaqəli olduğu xatirə və gözləntilərin hər biri saxlanılır, yüksək fəallıq əldə edir və bunun üzərində libidonun azad olunması baş verir. Xatirə və gözləntilərdə gedən reallıq tələblərinin bu güzəştli işinin niyə belə müstəsna qəlb ağrısı ilə müşayiət olunduğunu iqtisadi cəhətdən əsaslandırmaq və göstərmək olduqca çətindir. Maraqlı orasıdır ki, bu ağrı bizə təbii gəlir. Faktiki olaraq isə kədər öz işini bitirdikdən sonra “Mən” yenidən azad və ləngimələrdən sərbəst buraxılmış olur.

İndi də kədər haqqında bildiklərimizi melanxoliyaya tətbiq edək. Bir sıra hallarda onun da sevilən insanın itirilməsinə qarşı reaksiya olduğu aydın sezilir. Digər hallarda söhbətin təbiətən daha ideal itkidən getdiyini müəyyənləşdirmək olar. Obyekt real olaraq ölməyib, lakin sevgi obyekti kimi itirilib (Məsələn, tərk edilmiş adaxlı hekayəti) .  Digər hallarda düşünmək olar ki, belə itki haqqında mülahizələr tamamilə doğrudur, lakin məhz nəyin itirildiyini dəqiq müəyyənləşdirmək olmur, xüsusən də fərz etmək olar ki, xəstə özü də məhz nəyi itirdiyini açıq-aşkar anlamır. Bu hal xəstəyə melanxoliyanı törədən itkinin məlum olduğu vaxt da özünü göstərə bilər, belə ki, o, kimdən məhrum olunduğunu bilir, lakin onun simasında nə itirdiyini dərk etmir.  Bu cəhətdən bizə melanxoliyanı şüurumuz üçün nəsə əlçatmaz olan obyektin itirilməsi ilə əlaqələndirmək təbii gəlir, kədər zamanı isə bundan fərqli olaraq itkidə şüuraltı heç nə yoxdur.

Kədəri analiz edərkən biz görürük ki, marağın ləngiməsi və yoxluğu “Mən” i hərtərəfli zəbt edən kədərin fəaliyyəti ilə izah olunur.  Buna bənzər daxili fəaliyyət həmçinin melanxoliyada naməlum itkinin nəticəsi olaraq baş verir və buna görə də o, melanxolik ləngimənin səbəbkarıdır (Hemmung). İş sadəcə orasındadır ki, melanxolik ləngimə bizdə anlaşılmaz təəssürat yaradır, çünki biz məhz nəyin xəstəni  bütünlüklə ələ keçirdiyini görə bilmirik. Melanxolik bizə kədər zamanı rast gəlinməyən daha bir xüsusiyyətini göstərir- fövqəladə ruh düşkünlüyü , “Mən” in son dərəcə yoxsullaşmasını. Kədər zamanı dünya yoxsullaşır və boşalır, melanxoliyada “Mən” özü. Xəstə bizə öz “Mən” ini dəyərsiz, heç bir işə yaramayan, mənəvi mühakiməyə layiq bir şey kimi təsvir edir, özünü məzəmmət edir, danlayır, rədd edilməsini və cəzalandırılmasını gözləyir. O, özünü hər rastlaşdığı insan qarşısında alçaldır, belə bir ləyaqətsiz şəxsiyyətlə əlaqələri olduğu üçün öz yaxınlarından hər birinin halına acıyır. Onun özündə baş verən dəyişikliklər haqqında təsəvvürü belə yoxdur, o, özünütənqidi keçmişə də şamil edir, heç vaxt yaxşı biri olmadığını iddia edir. Əsasən özünükiçiltmə sayıqlamasının bu şəkli yuxusuzluqla, yeməkdən imtina etməklə, psixoloji yanaşmada isə canlı olan  hər şeyi həyatdan yapışmağa məcbur edən maraq və meyllərin qəribə şəkildə aradan qalxması ilə tamamlanır.

Öz “Mən” inə qarşı belə ittihamlar irəli sürən xəstəyə etiraz etmək həm elmi, həm də müalicəvi cəhətdən düzgün olmazdı. Onun təsəvvürünə uyğun nələrisə danışdıqda o, hansısa baxımdan haqlı olmalıdır. Biz onun göstərişlərinin bəzilərini dərhal, heç bir məhdudiyyət olmadan təsdiq etməliyik.  Həqiqətən də bütün maraqlar ona yaddır, o, iddia etdiyi kimi sevməyə və işləməyə qadir deyil. Lakin bildiyimiz kimi bu ikincili əlamətlər kədərin fəaliyyətinə bənzər daxili,  bizim üçün məlum olmayan bir fəaliyyətin nəticəsidir ki, bu, onun “Mən”ini tamamilə əhatə edib. Bəzi digər özünügünahlandırmalarda o, bizə hal-hazırkı vəziyyətini dəyərləndirməyi bacaran haqlı insan təsirini bağışlayır, lakin bu, digər qeyri- melanxoliklərə nisbətən özünü bir qədər kəskin formada göstərir. Əgər o,yüksək özünütənqid zamanı özünü xırdaçı, təkəbbürlü, qeyri-səmimi, daim öz zəifliklərini gizlətməyə çalışan asılı biri kimi təsvir edirsə, demək ki, o, bizə məlum olduğu qədər, özünüdərketməyə kifayət qədər yaxınlaşıb və biz sadəcə özümüzə sual veririk ki, görən niyə bu həqiqəti dərk etmək üçün əvvəlcə xəstələnmək lazım idi? Çünki, heç bir şübhəsiz, kim ki özünüdəyərləndirmənin bu həddinə (şahzadə Hamletin özü və başqaları üçün dəyərləri) çatıb və bunu başqaları qarşısında etiraf edir, o, həqiqəti söyləməsindən, yaxud özünə çox və ya az dərəcədə ədalətsiz olmasından asılı olmayaraq xəstədir. Həmçinin qeyd etmək çətin deyil ki, özünükiçiltmənin böyüklüyü və onun real səbəbləri arasında heç bir mütənasiblik yoxdur. Sevilən, işgüzar və sadiq bir qadın melanxoliya tutması zamanı özünü əslində həqiqətən də heç nəyə yaramayan qadından daha çox mühakimə edəcək. Bəlkə də birinci qadının haqqında yaxşı heç bir şey söyləyə bilməyəcəyimiz ikinci qadına nisbətən melanxoliya ilə xəstələnmək şansı daha çoxdur. Və ən nəhayət bizə aydın olmalıdır ki, melanxolik özünü peşmanlıq və özünüməzəmmətdən sarsılmış normal insanlar kimi aparmır. Melanxolik digərləri qarşısında utanc hiss etmir, bu, daha çox bu vəziyyət üçün xarakterikdir, yaxud utanc hissi özünü kəskin şəkildə büruzə vermir. Melanxolikdə yorucu ünsiyyətcillik halı qeyd olunur və o, özünü “çılpaqlaşdırmaqdan” həzz alır.

Bu cəhətdən melanxolikin əzablı özünükiçiltmələrdə nə qədər haqlı olduğu, onun özünütənqidinin başqalarının onun haqqındakı fikirləri ilə nə dərəcədə üst-üstə düşməsi vacib deyil. Vacib olan odur ki, o, öz psixoloji vəziyyətini düzgün təsvir edir. O, özünə qarşı hörmət hissini itirib və əlbəttə ki,  bunun üçün əsası var, hər halda burda bizim qarşımızda ziddiyyət durur ki, bu da  həll edilməsi çətin olan məsələdir. Kədərə analoji olaraq biz onun obyekti itirməsi nəticəsinə gəlməliyik; onun sözlərindən isə elə çıxır ki, itki onun öz “Mən” inə aiddir.

Bu ziddiyyətlə məşğul olmamışdan əvvəl melanxoliya xəstəliyi sayəsində insan “Mən” inin konstitusiyasında nələrin aşkar olunduğu məsələsində dayanaq. Biz onda “Mən” in bir hissəsinin digərinə qarşı qoyulduğunu, tənqidi dəyərləndirmə apardığını, onu sanki yad bir obyekt kimi qəbul etdiyini görürük. Bütün sonrakı müşahidələr bizdə yaranan ehtimalları təsdiq edəcək ki, “Mən” dən qopmuş kritik instansiyalar digər şəraitlərdə də öz sərbəstliyini nümayiş etdirəcək.  Biz bu instansiyanı qalan “Mən” dən ayırmaq üçün həqiqətən də kifayət qədər əsaslar tapacağıq.  Bizim burda qarşılaşdığımız adətən vicdan adlandırılan instansiyadır.  Şüura nəzarət  və reallığın tədqiqi ilə bərabər biz onu ən vacib törəmələr sırasına (Institutionen)  daxil edəcəyik və nə vaxtsa bu instansiyanın öz-özündən xəstələnə bildiyinə dair sübut tapacağıq. Melanxoliya xəstəliyinin ümumi şəklində digər şikayətlərlə müqayisədə ön plana özündən mənəvi narazılıq çıxır; fiziki sarsılma, eybəcərlik, zəiflik, ictimai azdəyərlilik daha nadir hallarda özünüdəyərləndirmə mövzusu olur. Lakin mənəvi yoxsullaşma xəstənin qorxu və iddiaları arasında üstün mövqe tutur.

Yuxarıda göstərilən ziddiyyətlərin izahını aparılması çətin olmayan müşahidələr verir. Əgər melanxolikin rəngarəng özünügünahlandırmalarını səbirlə dinləsək, belə təəssürat yaranır ki, ən ağır məzəmmətlər xəstənin öz şəxsiyyətinə az uyğun gəlir, lakin bəzi cüzi dəyişikliklərlə asanlıqla xəstənin keçmişdə, yaxud indi sevdiyi, ya da sevməli olduğu hansısa başqa simaya tətbiq oluna bilər. Bu vəziyyət nə qədər yoxlanılsa da bu ehtimal həmişə öz təsdiqini tapır. Beləliklə, məzəmmətlərin əslində sevimli obyektə ünvanlanmış, lakin ondan öz şəxsi “Mən” inə köçürülmüş olduğunu aşkarlayaraq xəstəliyin şəklini anlamaq üçün açar əldə etmiş oluruq.

Sözdə ərini gərəksiz biri ilə ömürlük bağlı olduğu üçün acıyan qadın, bu, hansı mənada başa düşülür düşülsün, əslində öz ərini gərəksizlikdə günahlandırmaq istəyir.  Təəccüblü heç nə yoxdur ki, özünə yönəldilmiş zahiri məzəmmətlərin bəziləri əslində həqiqətə uyğundur.Onlar sadəcə ön plana keçmək imkanı əldə ediblər. Belə ki, digərlərini ört-basdır etməyə kömək edirlər və hadisənin əsas mahiyyətini təhrif etməyə xidmət edirlər. Onlar sevgi uğrunda və onun əleyhinə aparılan mübarizənin nəticəsi olaraq meydana çıxırlar ki, bu da sevginin itirilməsinə səbəb olur. İndi xəstələrin davranışı da daha anlaşılan olur. Onların şikayətləri əslində ittihamlardır (Anklagen), onlar utanmırlar və gizlənmirlər, çünki özləri haqqında dedikləri bütün alçaldıcı fikirlər əslində başqaları haqqında deyilir, ətrafdakılara qarşı itaət göstərmək onlara yaddır, əksinə həddən artıq dalaşqan olurlar, tez-tez küsürlər, sanki böyük ədalətsizliyə məruz qalıblar. Bütün bunlar ona görə mümkündür ki, onların davranış reaksiyası hiddətin ruhi yönləndirməsinin nəticəsi olaraq xüsusi prosesin köməkliyi ilə melanxolik düşkünlüyə ötürülmüşdür.

Bu prosesə yenidən baxmaq indi çətin deyil. Əvvəl obyekt seçimi, libidonun hər hansı müəyyən şəxsə bağlılığı mövcud idi. Sevilən şəxs tərəfindən real məyusluq, yaxud ümidsizliyin təsiri ilə bu bağlılığın sarsılması baş verir. Nəticədə bu obyektdən libidonun normal şəkildə qoparılaraq yeni bir obyektə köçürülməsi baş vermir, üzə çıxması üçün çoxlu şərtlərin labüd olduğu başqa proses gedir. Obyektə bağlılığın davamsız olduğu aşkar olunur, o, məhv edilib, sərbəst libido isə başqa obyektə köçürülməyib, “Mən” ə qayıdıb. Lakin burda o, istifadə oluna bilmir və yalnız “Mən”  in tərk edilən obyektlə eyniləşdirilməsinə xidmət edir. Beləliklə obyektin kölgəsi “Mən”in üzərinə düşür ki, o, bu halda adı çəkilən xüsusi instansiya tərəfindən tərk edilən obyekt kimi dəyərləndirilir. Beləliklə, obyektin itirilməsi “Mən” in itirilməsinə çevrilir və “Mən” ilə sevimli şəxs arasındakı münaqişə “Mən”in eyniləşdirilməsi sayəsində “Mən”in tənqidi və dəyişilməsi arasındakı toqquşmaya çevrilir.

İlkin şərtlərdən bəzilərini və belə prosesin nəticəsini əvvəlcədən müəyyənləşdirmək olar. Bir tərəfdən sevilən obyekt üzərində güclü təsbit olmalıdır, digər tərəfdən, bunun əksinə olaraq, obyektə bağlılığın kiçik sabitliyi olmalıdır.  O. Rankın düzgün mülahizəsinə əsasən, bu ziddiyyət tələb edir ki, obyekt seçimi narsistik əsasda edilsin. Belə ki, əgər obyektə bağlılıqda maneələr ortaya çıxarsa, bu bağlılıq narsizmə çevrilir. Onda obyektlə narsistik eyniləşməni obyektə bağlılıq əvəz edir ki, bu da  sevimli şəxslə münaqişəyə baxmayaraq onunla sevgi münasibətinə ara verməməklə nəticələnir. Sevginin eyniləşdirmə obyekti ilə bu cür əvəz olunması narsistik xəstəliklərin mexanizmində əhəmiyyətli rol oynayır. (…)

15894943_1012087378896675_7726556371952814182_nBeləliklə, melanxoliya əlamətlərinin bir hissəsini kədərdən, digər hissəsini narsistik tənəzzül prosesindən götürür. Bir tərəfdən melanxoliya kədər kimi sevgi obyektinin real itkisinə qarşı reaksiyadır, lakin bundan başqa o, normal kədərdə rast gəlinməyən, yaxud patologiyada rast gəlinən şərtlərlə əlaqəlidir. Sevgi obyektinin itirilməsi sevgi münasibətlərində ambivalentlik yaratmaq və göstərmək üçün əla səbəbdir. Sayrışan hallar nevrozuna meyllilik olduqda, ambivalent münaqişə kədərə patoloji xarakter verir və onu özünüittiham və özünüməzəmmət formasında üzə çıxmağa məcbur edir. Sayrışan hallar nevrozu zamanı rast gəlinən belə depressiyalarda sevilən şəxsin ölümündən sonra əgər libidodan reqressiv qopma halı qeydə alınmırsa,  ambivalent münaqişənin qeyri-ixtiyari olaraq   törətdiklərinin şahidi oluruq.  Melanxoliya xəstəliyinin səbəbləri əsasən ölüm nəticəsində aşkar itki halları ilə məhdudlaşmır və bütün ümidsizlik hallarını, məyusluq və inciklikləri əhatə edir ki, onların sayəsində münasibətlərə sevgi və nifrətin əkslikləri cəlb olunur, yaxud da mövcud olan ambivalentlik daha da güclənir.  Hərdən daha real, hərdən isə konstitusiyon mənşəli bu ambivalent münaqişə həmişə melanxoliyanın səbəbləri arasında diqqətəlayiq yer tutur.  Əgər obyektin özündən imtina edildiyi halda, imtina edilməsi qeyri-mümkün olan obyekt sevgisi narsistik eyniləşdirmə şəklində üzə çıxırsa, onda əvəz rolunda çıxış edən obyektə qarşı nifrət nümayiş etdirilir, nəticədə bu yeni obyekt təhqir olunur, alçaldılır, ona əzab verilir və bu əzab sayəsində nifrət sadistik həzzə çevrilir.(…)

Yalnız bu sadizm intihara meylliliyi izah edir ki, bu da melanxoliyanı belə maraqlı və təhlükəli edir.  Həyat eşqinin güclü olduğu ilkin hallarda biz həyat üçün təhlükə yarandıqda o qədər böyük özünəvurğunluğun şahidi oluruq, o qədər külli miqdarda narsistik libidonun azad olunduğunu görürük ki, “Mən”-in  özünüməhvə necə getdiyini anlamırıq. Baxmayaraq ki, biz çoxdan bilirik ki, heç bir nevrotik özünə qarşı yönəldilmiş başqasını öldürmə impulsundan çıxmadan intihara meyl hiss etmir. Yenə də bu niyyətin hansı qüvvələr sayəsində əmələ çevrildiyi qeyri-müəyyən olaraq qalır. İndi melanxoliyanın analizi bizə göstərir ki, “Mən” özünü yalnız o halda öldürə bilər ki,  obyektin özünə bağlılıq yanaşması sayəsində o, özü- özünə obyektə davrandığı kimi davranır,  obyektə aid olan və xarici mühit obyektlərinə ilkin reaksiyanı əvəz edən ədavəti özünə yönləndirə bilir… Bu cəhətdən obyektin narsistik tənəzzülü zamanı  obyekt kənarlaşdırılsa da, o, “Mən”- in özündən daha qüdrətli olur. İfrat vurğunluq və intiharın iki ziddiyyətli vəziyyətlərində obyakt tamamilə fərqli vasitələrlə olsa da, “Mən”- ə qalib gəlir. (…)

Melanxoliya bizim qarşımıza cavabları qismən də olsa qaranlıq qalan başqa suallar da qoyur.  Müəyyən zaman arakəsməsindən sonra heç bir nəzərəçarpan, kobud dəyişiklik qoymadan yox olması ilə o, kədərlə üst- üstə düşür. Kədər halında biz izah etdik ki, zaman keçdikcə kədərə qərq olmuş şəxs özünün reallığa olan münasibətinə ətraflı baxış zərurətinə tabe olmalı olur və bu işdən sonra “Mən” libidonu öz obyektindən azad edir. Təsəvvür edə bilərik ki, melanxoliya zamanı da “Mən” eyni fəaliyyətlə məşğuldur, burda da orda olduğu kimi prosesi iqtisadi nöqteyi-nəzərdən anlaya bilmirik. Melanxoliya zamanı yuxusuzluq bu vəziyyətin inadkarlığını, yuxuya getmək üçün vacib olan bütün maraqların kəsilməsinin qeyri- mümkünlüyünü göstərir.  Melanxolik kompleks açıq yara kimi fəaliyyət göstərir, bütün bağlılıqların enerjisini özünə cəlb edir…və “Mən”-i tam yoxsullaşmaya qədər heç edir. O, “Mən”in yuxuya getmək arzusu qarşısında asanlıqla davam gətirir.. Xəstəliyin axşama yaxın müntəzəm olaraq baş verən yüngülləşmə hallarında çox güman ki, somatik an aşkarlanır, bu da onun psixogen səbəblərlə izahına imkan vermir.  Bununla bağlı  “Mən” in obyektdən asılı olmadan itirilməsi ( “Mən”in sirf narsistik məyusluğu) melanxoliya şəklini yaratmaq üçün kifayət deyilmi?  və bu xəstəliyin bəzi formalarının bilavasitə “mən”in libido ilə toksiki yoxsullaşması ilə əlaqədar olaraq üzə çıxması mümkündürmü? sualları ortaya çıxır. Melanxoliyanın ən qəribə və izahata ən çox ehtiyacı olan xüsusiyyəti onun  simptomatik cəhətdən əkslik təşkil edən maniyaya çevrilməsi meylidir. Məlum olduğu kimi hər melanxoliyanın aqibəti belə olmur. Bəzi hallarda dövri residivlər müşayiət olunur, intervallarda isə ya heç bir maniya qeydə alınmır, ya da onun cüzi çaları aşkarlanır. Digər hallarda melanxolik və maniakal fazaların müntəzəm növbələşməsi müşahidə olunur ki, bu da dəliliyin tsiklik aşkarlanmasında öz ifadəsini tapmışdır. Əgər psixoanalitik işlə məhz bu xəstəliklərin çoxunda xəstəliyin psixoloji izahı və terapevtik uğur əldə olunmasaydı, bu hallarda xəstəliyin psixogen mənşəyini qavramaq mümkün olmazdı. Ona görə də melanxoliyanın psixoanalitik izahatını maniyaya da şamil etmək təkcə yolverilən deyil, həm də mütləqdir.

Bu cəhdin tam qənaətbəxş olacağına söz verə bilmərəm. Hələ ki, bu, ilkin səmtlənmədən savayı bir şey deyil. Burda bizim iki çıxış nöqtəmiz var: birinci-psixoanalitik təəssürat, ikinci- birbaşa demək olar ki, ümumiyyətlə iqtisadi yanaşma təcrübəsi. Çoxsaylı tədqiqatlar göstərir ki, maniya və melanxoliya eyni məzmuna malikdir, Hər iki xəstəlik eyni “kompleks” lə mübarizə aparır ki, melanxoliyada o, “Mən” üzərində qələbə qazanıb, maniyada isə “Mən” o kompleksi aşıb, yaxud onu arxa plana itələyib. İkinci çıxış nöqtəsi o fakta əsaslanır ki, bütün sevinc, fərəh, qələbə halları maniyanın normal təzahürləri olaraq iqtisadi baxımdan eyni səbəblərdən yaranır.  Burda söhbət elə təsirdən gedir ki, onun sayəsində böyük, uzun müddət davam edən və vərdiş halını alan psixi enerji itkisi sonda artıq olur və müxtəlif cür tətbiq oluna bilir, artıq onu sərf etməyə fərqli imkanlar açılır. Məsələn, hansısa yoxsul insan külli miqdarda pul udaraq birdən çörək pulu qazanmaq qayğısından azad olur, uzun iztirablı mübarizə sonda uğurla nəticələnir, sıxıcı ehtiyacdan azad olunur, yaxud da uzun müddət davam edən riyakarlığa son qoyulur və s.  Bütün bu vəziyyətlər maniyada olduğu kimi və depressiyanın və melanxoliyada ləngimənin əksinə olaraq əhvalın yüksəlməsi, sevinc affekti halları və hər cür fəaliyyətə yüksək hazırlıqla seçilir. Cəsarətlə demək olar ki, maniya da özlüyündə belə bir qələbədir, lakin yenə də “Mən”dən nəyə qalib gəldiyi və nə üzərində qələbəni bayram etdiyi gizli qalır. Bu sıraya aid olan alkoqol sərxoşluğu halını da bu cəhətdən izah etmək olar, belə ki, o da sevinc xarakterlidir. Çox güman ki, burda məsələ enerji sərfinin sıxışdırılaraq dayandırılmasındadır ki, buna toksik yolla nail olunur.  Yayılan fikirlər təsdiq edir ki, ruhun bu cür maniakal vəziyyətində insan ona görə hərəkətli və təşəbbüskar olur ki, “yaxşı“ əhval- ruhiyyə yaranır. Ruhi sferada yuxarıda adı çəkilən iqtisadi şərtlər reallaşır, ona görə də bir tərəfdən belə xoş əhval- ruhiyyə yaranır, digər tərəfdən hərəkətlərdə ləngimə yox olur.

Burda göstərilən  hər iki səbəbi birləşdirsək, əldə etmiş oluruq: maniyada ”Mən” obyekt itkisinin (Yaxud da itkinin törətdiyi kədər və ya bəlkə də elə obyektin özünün) öhdəsindən gəlir və indi onda melanxoliyanın əzablı iztirablarının “Mən”dən qopardığı və buxovladığı bütün əks təsirli qüvvələr cəmlənib. Maniakal xəstə bizə əzab çəkdiyi obyektdən tam azad olduğunu onunla tam açıq-aydın göstərir ki, yeni obyektlərə ac bir hərisliklə bağlanır.

Tərcüməçi: Aygün Məmmədli

Mənbə: Hisslərin psixologiyası / V. K. Vilyunas, Y. B. Hippenreyterin redaktorluğu ilə. – M.: Moskva  Universitetinin Nəşriyyatı, 1984.

Advertisements