10885487_577739722371126_7914650932159690294_nBartlbi – dünyanı tamamilə qəbul etməyən insan tipidir. Bu ad Qerman Melvilin eyniadlı povestindəki katibin adından götürülüb. Bu katibin nə vaxtsa nəsə, hətta qəzet belə oxuduğunu kimsə görməyimişdi. Adətən o, uzun müddət pəncərəsinin solğun pərdələri arxasında dayanırdı və gözlərini Uoll-stritin xəlvəti kərpic divarına zilləyirdi. O, heç vaxt digər adi adamlar kimi nə pivə, nə çay, nə qəhvə içməzdi. Heç vaxt heç hara getmirdi, hətta bazar günləri belə, çünki elə kontordaca yaşayırdı. Heç vaxt heç kəsə kim olduğunu, əsil-kökünün hardan olduğunu və yer üzündə yaxınlarının olub-olmadığını deməzdi. Ondan harda doğulduğunu soruşduqda, ya da bir iş həvalə etdikdə, yaxud özü haqqında nəsə danışmağını istədikdə isə hər dəfə eyni cür cavab verirdi.

– İmtina etməyi üstün tuturam.

Bartlbi sindromu – nəsə etməkdən boyun qaçırtma, yaxud heçliyə can atma həm də müasir ədəbiyyatın xəstəliklərindən biridir. Nəticədə bəzi yaradıcı şəxsiyyətlər yüksək estetik məsuliyyət hissinə sahib olmalarına baxmayaraq (bəlkə də məhz elə bu səbəbdən), heç cür yazmağa başlamırlar. Düzdür olur ki, onlar bir-iki kitab yaradırlar, amma sonra davam etməkdən qəti surətdə imtina edirlər. Hətta olur ki, onlar böyük cəsarət hissi ilə yazmağa başlayırlar, sonra birdən bir gözəl gün sanki onları sözün hərfi mənasında iflic vurur və bu, həmişəlik olur.

Bartlbi sindromundan əziyyət çəkən ədəbiyyat nümayəndələri ümumilikdə “Yox” cərəyanının üzvləri hesab olunurlar. Onlara həmçinin aqraf da deyirlər. “Yox” cərəyanı ədəbiyyatın mövcudluğunun mümkünsüzlüyü haqqında fikirləri özündə birləşdirir və bizimlə indiki əsrin sonunun ədəbiyyat müqəddəratına dair sərt, eyni zamanda çox şey vəd edən proqnozlarla bölüşür. Etiraf etmək lazımdır ki, məhz nəsə etmək istəməməkdən, yəni Yox labirintindən gələcək incəsənət doğula bilər. Bəs bu ədəbiyyat necə olacaq?

Əgər Platon üçün həyat bütün fikirlərin unudulması idisə, Kleman Kadu üçün həyatının bütün anlamı bir dəfə ağlına gələn yazıçı olmaq fikrini unutmaq cəhdinə yönəlmişdi. Bunu demək kifayətdir ki, ədəbiyyatdan yayınmağa çalışaraq o, bütün həyatı boyu özünü mebel hesab edirdi.

Valideynləri şam yeməyinə Vitold Qambroviçi dəvət edəndə Kadunun on beş yaşı var idi. Bu, 1963-cü ildə aprelin sonunda, polyak yazıçının paroxoda oturaraq Buenos-Ayresi həmişəlik tərk etməsindən bir neçə ay öncə baş vermişdi. Qısa möddətlik Barselonada olduqdan sonra o, Parisə yollanır. Orda əllinci illərdə Buenos-Ayresdə tanış olduğu köhnə dostlarının dəvətini qəbul edir və şam yeməyinə gəlir.

Gənc Kadu yazıçı olmaq arzusunda idi. Və artıq bir neçə ay idi ki, ciddi şəkildə buna hazırlaşırdı. Valideynləri onun seçimini hərtərəfli dəstəkləyirdilər və digər valideynlərdən fərqli olaraq oğullarının arzusunu həyata keçirtmək üçün əllərindən gələni edirdilər. Onlar ümid edirdilər ki, oğulları nə vaxtsa fransız ədəbiyyatı səmasında parlaq ulduz olacaq. Oğlan çox bacarıqlı idi, hər şeyi acgözlüklə oxuyurdu və həqiqətən də özünü mümkün qədər tez məşhur yazıçı olmağa hazırlayırdı.

Gənc Kadu yaşına baxmayaraq Qombroviçin yazdıqlarına kifayət qədər yaxşı bələd idi, yazıçının əsərləri onda güclü təəssürat oyatmışdı, hərdən valideynlərinə polyakın əsərlərindən bütöv hissələri əzbər söyləyirdi.

Ona görə Kadu cütlüyü ikiqat zövqlə Qombroviçi evlərinə dəvət etmişdilər. Onlar oğullarının görkəmli polyakla öz evində tanış olacağı fikrindən qürur hissi keçirdirdilər.

Lakin tamamilə gözlənilməyən bir şey baş verdi. Gənc Kaduya doğma evin divarları arasında Qombroviçi görmək o qədər güclü təsir etdi ki, o, bir dəfə də olsun ağzını açmağa belə cəsarət etmədi – buna bənzər hissləri gənc Marbyöf Floberi evlərində qonaq kimi görərkən yaşamışdı- iş onunla qurtardı ki, Kadu özünü hərfi mənada şam yeməyinin keçirildiyi qonaq otağının mebel əşyası kimi hiss etdi.

Bu cür “ev” metamorfozu yaşayan gənc Kadu anladı ki, onun coşqun yazıçı olmaq arzusu həmişəlik uçub getdi.

Kadu on yeddi yaşında böyük həvəslə təsviri incəsənətə aludə oldu. Bu yolla o, yazıçılıqdan həmişəlik imtina etdikdən sonra yaranan boşluğu doldurmağa cəhd edirdi. Beləcə Kadu bütün qısa həyatı boyu (O, həyatını gənc ikən itirib) özünün sadəcə stol və ya stul olduğuna inanmaqla yanaşı həm də rəssamlıqla məşğul olur. O, yalnız mebel çəkirdi, nə vaxtsa yazıçı olmaq arzusunu unutmaq üçün məhz bu vasitəyə əl atmışdı.  Bütün şəkillərinin əsas və yeganə personajı mebel idi və bütün şəkilləri müəmmalı “Avtoportret” başlığını daşıyırdı.

Kimsə Kaduya onun erkən gəncliyində yazıçı olmaq istəyini xatırlatdıqda, o, sanki özünə haqq qazandırırmış kimi deyirdi: “İş orasındadır ki, mən mebeləm, mebel isə mənə məlum olduğu qədər yaza bilmir.

Jorj Perek Kadunun əhvalatına çox maraqlı tədqiqat işi həsr edib (“Özünü həmişə mebel hesab edən rəssamın portreti” , Paris, 1973- cü il), burada o, zavallı Kadunun uzun sürən əzabverici xəstəlikdən sonra ölümünü böyük sarkazmla təsvir edir. Yaxınları onu sanki həqiqətən də bir mebel imiş kimi dəfn etmişdilər, başqa cür desək, sanki zəhlətökən və maneçilik törədən bir ev əşyası kimi ondan asanlıqla canlarını qurtarmışdılar.

Öləcəyini bilən Kadu öz qəbirüstü lövhəsi üçün qısa epitafiya yazmışdı və qohumlarından bunu onun “seçilmiş əsərləri” hesab etməyi rica etmişdi. Bununla belə, bu ricaya zarafat kimi də yanaşmaq olar. Epitafiya belədir: « Mən əbəs yerə növbə ilə gah bu, gah digər mebel əşyası olmağa cəhd etdim, lakin hətta bunda belə uğur əldə edə bilmədim. Ona görə də bütün həyatım boyu tək bir əşya kimi qalmağa davam etdim, nəticədə əgər qalan hər şeyin sükut olduğunu xatırlasaq, bu da az deyil» .

Öz ölümsüzlüklərinə inanaraq ədəbiyyatı həmişəlik atan yazıçılar da olub.

Gi de Mopassanı misal gətirmək olar. O, 1850- ci ildə Normand qəsri Miromenildə doğulub. Onun anası şöhrətpərəst Lora de Mopassan hər cür yolla nail olmağa çalışırdı ki, ailədə heç olmasa bircə nəfər görkəmli şəxsiyyət olsun. Buna görə də o, oğlunu ədəbi uğurun ustadı Floberə həvalə edir. Oğlu hökmən bizim bu gün də “görkəmli yazıçı” adlandırdığımız şəxsiyyət olmalı idi.

Beləliklə Flober gənc Giyə tərbiyə verməyə başlayır, lakin o, otuz yaşına qədər, yəni ölməz yazıçı roluna kifayət qədər hazır olan ana qədər heç nə yazmır. Ona həqiqətən yaxşı ustad nəsib olmuşdu.  Flober qüsursuz müəllim idi, lakin məlum olduğu kimi onlardan ən yaxşısı belə şagirdin faydalı olacağına təminat verə bilməz. Mopassanın şöhrətpərəst anası bunu gözəl anlayırdı və qorxurdu ki, hətta belə gözəl müəllimi ola-ola oğlu ona öncədən cızılmış şərəfli yoldan aza bilər. Lakin belə olmadı. Otuz yaşında Mopassan yazmağa başladı və çox keçmədi ki, özünü görkəmli nasir kimi göstərdi. Öz hekayələrində o, müstəsna müşahidəçilik nümayiş etdirir, surət və vəziyyətlərin portretlərini əlvan boyalarla böyük ustalıqla çəkməyi bacarır. Bundan başqa Floberin təsirinə baxmayaraq, onun üslubu aşkar özünəməxsusluğu ilə seçilir.

Mopassan qısa zaman kəsiyində ədəbiyyatda nüfuzlu yerə sahib olur və bunun hesabına dəbdəbəli həyat yaşayır. O, hamı tərəfindən yekdilliklə qəbul olunur, təkcə akademiya bu ümumi coşqun xora qoşulmur- o, Mopassanı ölümsüzlər sırasına daxil etmək istəmir. Akademiyanın səfehliyində yeni heç nə yox idi, nəzərə alsaq ki, Balzak, Flober və Zolya da onun kandarından kənarda qalmışdı. Lakin Mopassan heç də anasından az şöhrətpərəst deyildi və heç cür ölümsüzlük iddiasından imtina etmək istəmirdi. Buna görə də akademiklərin etinasızlığını qarşılamaq üçün bir vasitə axtarmaq qərarına gəldi. Bu qarşılanma  onun üçün get-gedə artan xudpəsəndliyə çevriləcəkdi və sonda o, doğrudan da ölməz olduğuna inanacaqdı.

Bir dəfə o, Kannda anası ilə şam yeməyindən sonra evinə qayıdır və həqiqətən ölümsüz olduğunu sübut etmək üçün olduqca riskli bir təcrübə həyata keçirdir. Onun kamerdineri, sədaqətli Tassar divarları lərzəyə gətirən atəş səsinə ayılır.

Mopassan çarpayının yanında dayanmışdı. O, özünü içəri atan kamerdinərə- zavallı gecə papağında idi və əli ilə sürüşüb düşən alt paltarını tutmağa çalışırdı- sevinc hissi ilə elə indicə başına gələn qəribə əhvalatı danışır.

– Mən toxunulmazam, mən ölməzəm! – Mopassan qışqırır. – Elə indicə tapança ilə başıma atəş açdım, amma heç nə olmadı. İnanmırsan? Bax!

Mopassan yenidən tapançanı gicgahına dirədi və tətiyi basdı, əgər tapança işə düşsəydi, zərbədən divarlar dağılardı, lakin “ölməz“ Mopassan otağın ortasında heç nə olmamış kimi dayanmışdı və gülümsəyirdi.

– İndi inandın? Bundan sonra mən heç nədən qorxmuram. Boğazımı kəsərəm, heç qan da çıxmaz.

O an Mopassan hələ bilmirdi ki, bir də heç nə yazmayacaq.

Bu “ölməz” səhnənin bütün təsvirlərindən ən yaddaqalanı Alberto Savinyoya məxsusdur, onun “Mopassan və başqası” adlı essesində yumor və faciənin vəhdəti öz gözəl əksini tapıb.

Savinyo yazır: “Mopassan ləngimədən iş başına keçir. O, stolun üstündən xəncər formasında olan metal bıçağı götürür və onu boğazına salır, bununla sübut etməyə çalışır ki,  soyuq silaha da davam gətirər. Lakin təcrübə uğursuz alınır. Qan yaradan fışqırır, onun yaxalığına,  qalstukuna,  jiletinə tökülür.

O gündən ölənə qədər (Ölüm özünü tez bir zamanda çatdırır) Mopassan heç nə yazmır, o yalnız qəzetləri oxuyur. Orda Mopassanın dəli oluğu haqqında xəbərlər verilirdi. Sədaqətli Tassar hər səhər ona südlü qəhvə və qəzet gətirirdi, yazıçı orda öz şəklini və altında təxminən bu səpgidə şərhlər görürdü: “Ölməz cənab Gi de Mopassanın  çılğınlığı davam edir”.

Mopassan daha yazmırdı. Lakin bu heç də o demək deyildi ki, o, heç nə ilə məşğul olmurdu, başına  vərəqlərə köçürə biləcəyi hadisələr gəlmirdi. Sadəcə o, artıq özünə əziyyət vermək istəmirdi, axı belə çıxırdı ki, əgər o, ölməzdirsə,  artıq işini bitirib. Lakin bəzi hadisələr baş vermişdi ki, onları danışmağa dəyər. Bir dəfə o, döşəməyə diqqətlə  baxır və orda həşərat yığını görür, onlar uzaq məsafədən morfi şırnağı vururdular. Başqa bir dəfə o, Tassarı mütləq  Papa  XIII Leoya məktub yazmaq lazım olduğu haqqında söhbətlərlə təngə gətirir.

– Cənab yenidən yazmaq istəyir? – Tassar qorxu içində soruşur.

  • Yox, – Mopassan cavab verir. – Roma Papasına sən yazacaqsan.

Mopassanın ağlına Papa XIII Leoya məsləhət vermək gəlir. Qoy Papa onun kimi ölməzlər üçün dəbdəbəli  məqbərələr tikdirsin, onların içində kran olsun, ordan çox isti və ya çox soyuq su axsın və su məqbərəyə yerləşdirilmiş cəsədləri çürümədən qorusun.

Həyatının son günlərində Mopassan iki əli, iki ayağı üstündə otaqda sürünürdü və divarları yalayırdı- sanki orda nəsə yazırdı. Bir dəfə o, Tassarı çağırdı və ona dəli köynəyi gətirilməsini xahiş etdi. “O, köynək gətirilməsini istədi, – Savinyo yazır, – sanki ofisiantdan bir fincan pivə istəyirdi”.

Traveni əsl müəmmalı yazıçı adlandırmaq mümkündür. Onun hekayəti fövqəladə çalarlarla zəngindir. Ondan başlayaq ki, heç kim onun harda doğulduğunu bilmir, heç Traven özü də bu məsələyə aydınlıq gətirmək istəməmişdi. Bəzilərinin fikrincə Özünü B.Traven adlandıran şəxs amerikalı yazıçıdır və Çikaqoda doğulub. Digərlərinin fikrinə görə bu, anarxist baxışları ilə əlaqədar hüquq mühafizə orqanları ilə problemləri olan alman yazıçısı Otto Feyqedir. Bir də deyirdilər ki, əslində o, AEG multimilli şirkətinin banisinin oğlu Moris Retenaudur. Kimsə isə onun Kayzer II Vilhelmin oğlu olduğunu iddia edirdi.

1966-cı il ilk müsahibəsini verən zaman o artıq “Syerra- Madre dəfinəsi” və “Selvada körpü” romanlarının müəllifi idi. Bu zaman o, qısqanclıqla şəxsi həyatın sirr saxlanılması hüququnu müdafiə edirdi, ona görə də onun şəxsiyyəti hələ də müəmma olaraq qalıb.

“Travenin hekayəti inkarlıq əhvalatıdır” , -Alexandro Qaydar “Selvada körpü” əsərinin müqəddiməsində yazır. Bu hekayət haqqında biz doğrudan da heç nə bilmirik, bilə də bilmərik, sonuncu iddia onun həyatı haqqında yeganə həqiqətə uyğun fikirdir. Keçmişindən bütünlüklə imtina edərək, o, bütün indiki həyatından da, daha doğrusu, indiki zaman anlayışından da imtina etmişdi. Traven heç vaxt hətta öz müasirləri üçün belə mövcud olmamışdı. O, “Yox” cərəyanının çox qeyri-adi nümayəndəsidir və onun necə böyük bir inadla özünə konkret bir şəxsiyyət uydurmaq iddiasından imtina etdiyini nəzərə alsaq, həm də çox faciəli şəxsiyyətdir.

Valter Remer onun haqqında demişdi: “O, özünün mövcud olmayan simasında şüurun bütün traqizmini cəmləyən müəmmalı yazıçıdır. Bu, müasir ədəbiyyata xas xüsusiyyətdir, yaradıcı şəxsiyyət öz imkanlarının cılızlığını və məhdudluğunu dərk edərək onların ifadəsini əsas bədii problemə çevirir.

Romerin fikrinin tamamilə ədalətli olduğunu hesab edirəm, lakin düşünürəm ki, əgər Traven özü onları oxusaydı, bir müddət donub qaldıqdan sona ürəkdən qəhqəhə çəkib gülərdi.

İlk dəfə Traven haqqında Mexiko yaxınlığında Puerto-Valyartedə hansısa barda eşitmişdim. Bu, bir neçə il öncə baş vermişdi. Barda kimsə mənə Travenin hekayətini danışmışdı.

Bar «Syerra- Madre dəfinəsi”-nin ekran versiyasının yaradıcısı Con Xyustonun evindən bir neçə mil aralıda yerləşirdi. Burada “Las- Kaletas” villasında Xyuston hamıdan təcrid olunaraq ömrünün son illərini keçirmişdi: öndə dəniz, arxada meşə cəngəllikləri, yaşıl buxtaya bənzər bir yer və buranı aramsız olaraq Meksika körfəzinin qasırğaları öz cənginə alırdı.

Xyuston özünün xatirələr kitabında nəql edir ki, “Syerra- Madre” –nin ssenarisini yazandan sonra mətni Travenə göndərib. O da iyirmi səhifəlik, dekorasiya, işıq və s.-lərlə bağlı ətraflı tövsiyələrdən ibarət olan cavab göndərib.

Xyuston müəmmalı müəlliflə tanış olmağı çox arzulayırdı, çünki artıq onda onun əsl adını gizlətdiyi barədə söz-söhbətlər dolaşırdı. Xyuston yazır: “Mən ondan mənimlə “Bamer” mehmanxanasında görüşməsinə dair qeyri-müəyyən vəd qopartmağa nail oldum. Paytaxta yollandım və görüş yerinə getdim.Lakin o gəlmədi. Bir dəfə, hardasa gəlişimdən bir həftə sonra səhər tezdən dan yeri sökülən vaxt yuxudan ayıldım və çarpayının ayaq tərəfində bir yad adamın oturduğunu gördüm. O, vizit kartoçkasını mənə uzatdı, orda yazılmışdı: “Xeyl Krouvz. Tərcüməçi. Akapulko və San- Antonio”.

Bundan sonra qonaq rejissora Travenin məktubunu uzadır. O, məktubu elə yataqdaca oxuyur. Öz göndərişində Traven bildirir ki, naxoşlayıb və buna görə də şərtləşdikləri görüşə heç cür gələ bilməyib. Krouvz onun böyük dostudur və Travenin əsərləri haqqında heç də müəllifdən az bilmir. Traven Xyustonu maraqlandıra bilən bütün sualları cavablandırmaq səlahiyyətini ona verib.

Özünü Travenin kino agenti kimi təqdim edən Krouvz doğrudan da onun kitabları haqqında hər şeyi bilirdi. O, iki həftəsini fasiləsiz çəkiliş meydançasında keçirdir və rejissora fəallıqla kömək edir. O, çox qəribə insan idi, lakin bununla yanaşı olduqca həssas idi, maraqlı danışa bilirdi. Lakin hərdən hekayələri bitmək bilmirdi. Ciddi mövzulara toxunduqda isə yalnız insan ağrıları və dəhşətlərindən danışırdı.

Çəkilişlər bitdikdən sonra Xyuston və köməkçiləri belə qənaətə gəldilər ki, onların birgə çalışdıqları bu kinoagent həqiqətdə agent deyil  və çox güman ki, bütün bu vaxt ərzində onlar elə Travenin özü ilə yanaşı işləmişdilər.

Filmin premyerasından sonra B.Travenin müəmmalı şəxsiyyəti dəbli mövzuya çevrildi. Bu ad altında Hondurasdan olan bir qrup yazıçının gizləndiyi versiyası ciddi müzakirə olunurdu. Xyustonun fikrinə gəlincə, Krouvz şübhəsiz ki, Avropa irqinə aid, ya alman, ya avstriyalı idi. Əsas qəribəlik ondan ibarət idi ki, onun romanlarında bir amerikalının Qərbi Avropada, Meksikanın dəniz sahillərində başına gələnlərdən bəhs olunurdu. Bu zaman açıq-aşkar görünürdü ki, sujetin əsasında müəllifin şəxsi təcrübəsi yer alır.

Bu mövzu o qədər geniş vusət alır ki, bir meksika jurnalı iki müxbirini Krouvzu güdməyə və bu sirli kinoagentin əslində kim olduğunu müəyyənləşdirməyə göndərir. Onlar onu Akapulko yaxınlığında balaca bir evdə tapırlar. Müxbirlər Krouvzun evdən çıxıb şəhər istiqamətində getməsini gözləyirlər. Onlar qıfılı sındırırlar, evə girirlər və yazı stolunu axtarırlar. Burada onlar Traven tərəfindən imzalanmış üç əlyazma və Krouvzun daha bir Traven Torsvan adını istifadə etdiyini göstərən digər sübutlar tapırlar.

Yeni jurnalist araşdırmaları nəticəsində onun dördüncü Ret Marut adının olduğu da ortaya çıxır. Bu yazıçı-anarxist 1923-cü ildə Meksikada itgin düşüb- başqa sözlə xronoloji nöqteyi nəzərdən hər şey üst-üstə düşürdü. Krouvz 1969-cu il, öz köməkçisi Rose Elene Luxanla evləndikdən bir neçə il sonra həyatını itirir. Ölümündən bir ay sonra dul qadın B. Travenin əslində elə Ret Marut olduğunu təsdiq edir.

Tərki-dünya yazıçı Traven ədəbiyyatda və həyatda öz əsl adını gizlətmək üçün çoxlu sayda saxta adlardan istifadə edib: Traven, Torsvan, Arnolde, Treves Torsvan, Barker, Traven Torsvan Torsvan, Berik Traven, Traven Torsvan Krouvz, B. T. Torsvan, Ret Marut, Reks Marut, Robert Marut, Traven Robert Marut, Fred Marut,  Fred Maret, Red Marut, Rixard Maurxut, Albert Otto Maks Vieneke, Adolf Rudolf Feyqe  Krauz, Martines, Fred Qauder, Otto Vieneke, Laynqer, Qyöts Oli, Anton Riderşdayt, Robert Bek- Qran, Artur Terlen, Vilhelm Şeyder, Xaynrix Otto Baker və Otto Torsvan.

Düzdür milliyyət sayı adlarından az olsa da, o,  burda da korluq çəkməmişdi: özünü ingilis, nikaraqualı, xorvat, meksikalı, alman, avstriyalı, amerikalı, litvalı və isveçli kimi təqdim etmişdi.

Raskin də onun tərcümeyi-halını yazmağa cəhd edənlər sırasında idi, lakin bu cəhd üzündən az qala ağlını itirəcəkdi. İlk vaxtlar yazıçının dul arvadı Rose Elena Luxan ona kömək etmək istədi, lakin tezliklə o, əmin oldu ki, arvadı da Travenin əslində kim olduğunu düz-əməlli bilmir. Ögey qızı atasının cənab Xal Krouvzla necə söhbət etdiyini əla xatırladığını elan etdikdə isə onlar lap çaş-baş qaldılar.

Raskin Travenin tərcümeyi-halını yazmaq fikrindən əl çəkdi və axırda Travenin əsl adının nəticəsiz axtarışlarının tarixçəsini yazdı, romana bənzər tamamilə sərsəm bir əsər alınmışdı. Onun ruhi sağlamlığı üçün təhlükə yaratdığını anlayanda Raskin araşdırmalarına son qoymaq qərarına gəldi. Sən demə o, hansısa an Travenin əşyalarını geyinməyə, onun eynəyini taxmağa  və özünü Xal Krouvz kimi təqdim etməyə başlayıbmış…

B.Traven müəmmalı yazıçılardan ən müəmmalı olanıdır və mənə Çestertonun “Cümə axşamı olan insan” romanının qəhrəmanını xatırladır. Bu romanda əslində bir insanın həyata keçirtdiyi şaxələnmiş və təhlükəli sui-qəsddən söhbət gedir. Borxesin sözlərinə görə, o, taxma saqqal, maska və saxta adlar vasitəsilə demək olar ki, ətrafda hamını aldadır.

Tərcüməçi: Aygün Məmmədli
Mənbə: loveread.ec

Advertisements