fernando-pessoa-e-mario-de-sa-carneiro-728x437Bu gün sizə bu sətrləri mənəvi bir ehtiyacdan ötrü, sizinlə qarşılıqlı danışa bilmək üçün alışıb yandığıma görə yazıram. Asanlıqla təxmin edə bilərsiniz ki, söyləyəcək heç bir şeyim yoxdur. Sadəcə bu gün dibsiz depressiyanın dərinliyində tapdım özümü.  Cümlələrimin cəfəngliyi  mənim əvəzimə danışır.

Heç bir gələcəyə sahib olmayacağım günlərdən birindəyəm. Qarşımda sadəcə daşa dönmüş və əzab divarları ilə əhatə olunmuş bir indi var. Çayın qarşı tərəfi, qarşı tərəf olduğu üçün, heç vaxt durduğumuz tərəf deyil: çəkdiyim bütün əzabların gizli səbəbi budur.  Neçə limanlara yanaşacaq gəmilər var, amma heç biri həyatın ağrısız olduğu limana yelkən açmayacaq, unutmağın mümkün olduğu bir liman da yoxdur. Bütün bu olanlar çox  əvvəl idi, ancaq mənim kədərim ondan da əvvəl başlayıb.

Ruhumun bugünki kimi olduğu günlərdə, özümü, bədənimin bütün şüurluğu ilə, həyatın sui-istifadə etdiyi kədərli uşaq kimi hiss edirəm.  Bir küncə atılmışdım, başqa uşaqların oyunlar oynamasının səsini eşitdiyim bir küncə. Kinli istehzayla verdikləri qırıq oyuncağı əllərimdə hiss edirəm. Bugün, 14 May, saat 19:10, həyatımda bütün dəyər, sadəcə bu qədərdir.

Məhbus olduğum hücrənin səssiz pəncərəsindən bağçadakı, kiminsə budaqların üstündən aşırıb asdığı yelləncəkləri görə bilirəm; onlar dolaşıq, yüksəkdə və əlçatmazdır; nəticə olaraq haçansa burdan qaçacağımı xəyal etsəm, o yelləncəklərlə belə oynaya bilmərəm.

Ədəbiyyatı bir kənara qoysaq, bu ankı ruh halım az-çox belədir. “The Sailor”dakı  gözləyən qadın kimiyəm, gözlərim ağlamağı düşünməkdən yanır. Həyat az-az, qurtum-qurtum, təkrar-təkrar ağrı verir mənə. Bütün bunlar indidən yox olmağa məhkum kitaba çox kiçik hərflərlə çap olunub.

Əgər sizə yazmasaydım, bu məktubun səmimi olduğuna və aralarında isterik bağlantılı şeylərin hiss etdiklərimdən öz-özünə sıçradığına and içməli olardım. Amma siz bu səhnələnməsi mümkünsüz tragediyanın –bura və indi ilə ağzına qədər dolu – dəyişməz bir həqiqət olduğunu, yarpaqlar necə yaşıllaşırsa, ruhumda eləcə yer elədiyini anlayarsınız.

Şahzadə elə buna görə də hökmranlıq etmədi. Bu cümlə tamamilə cəfəngdir. Amma bu an hiss etdim ki, cəfəng cümlələr məndə ağlama istəyi oyada bilərmiş.

Əgər məktubu bu gün poçt qutusuna verməsəm, yəqin ki, bir daha oxuyub içindən bəzi cümlə və birləşmələri “Narahatlığın Kitabı”na salmaq üçün daktiloya alacam. Ancaq bunu düşünmək nə məktubu yazdığım vaxtdakı səmimiyyəti, nə də hiss etdiyim qaçınılmaz kədəri dəyişdirməyəcək.

Ən sonuncu xəbərlər bunlardır. Bir də Almaniyayla müharibəmiz ola bilər, amma əzab bundan da əvvəl düçar olmuşdu mənə. Həyatın başqa tərəfindən bütün bunlar bir karikaturanın başlığı kimi görünür.

Bu tam olaraq dəlilik deyil, amma dəlilik yəqin ki, əzab verən şeylərə təslim olmaq olmalıdır, ruhunun sarsıntılarından həzz almağı öyrənməkdir, hiss etdiklərim bunlardan çox da fərqli deyil.

Hiss etmək nə rəngdir?

Sizi dəfələrlə hörmətlə qucaqlayıram, hər zaman hörmətlə

Fernando Pessoa

14 May 1916

P.S. Bu məktubu birnəfəsə yazdım. Məktubu oxuyarkən gördüm ki, sabah sizə göndərmədən önca mütləq bir nüsxəsini götürəcəyəm. Ruh halımı çox nadir hallarda belə – bütün məntiqi və hissi tərəfləri ilə, təməlində yatan bütün isterik-nevrasteniyası ilə, özünüdərkin bütün küncləri və  boşluqları ilə təsvir edə bilmişəm. Bu qədər…

Mənə haqq verirsən, elə deyil?

1 – Mari de Sa-Carneiroya portuqaliyanın böyük modernist şairi idi, Fernando pessoa ilə bir çox hallarda birlikdə iş görmüşdü və bu məktubun yazılmasından 6 həftə sonra 26 yaşında Parisdə intihar etdi.

Tərcüməçi: Sapere Aude

Mənbə: www.thefloatinglibrary.com

Advertisements