Orta ölçülü ən adi milçək / Knut Hamsun

17861654_1090239434414802_791091338368450792_nBir dəfə oturub yazı yazırdım. O, açıq pəncərədən içəri uçdu və başımın ətrafında rəqs etməyə başladı. Tanışlığımız belə başlamışdı.  Çox güman ki, onu saçlarımdakı spirt qoxusu cəlb etmişdi. Onu qovdum, bir dəfə, iki dəfə, amma vecinə də deyildi. Elə onda qayçını əlimə aldım.

Məndə böyük və əcaib kağız qayçısı var, onunla tənbəki çubuğumu da doldururam, kəlbətin kimi də istifadə edirəm, hətta divara mismar belə vururam, mənim təcrübəli əllərimdə o, qorxunc silaha çevrilir. Qayçını bir neçə dəfə havada yellətdim və milçək uçub getdi.

Lakin az müddətdən sonra o,  geri döndü və yenə rəqs etməyə başladı. Durub stolu qapıya tərəf çəkdim. Milçək də ardımca gəldi. İndi səninlə oyun oynayaram, düşündüm. Sakitcə gedib saçlarımı yudum. Köməyi dəydi. Milçək pərt halda abajurun üstündə oturdu və daha tərpənmədi. Uzun müddət belə keçdi, mən işləməyə davam edirdim. Lakin hər dəfə başımı qaldıranda bu milçəyi görmək ürəyimi sıxırdı. Onu diqqətlə süzdüm, lap adi, orta ölçülü, dolğun, boz qanadlı milçək idi. “Bir az çevril” , – dedim. Tərpənmədi. “Onda rədd ol”, -dedim və üzümü çevirdim. Uçdu, otaqda bir dövrə vurub yenə abajurun üstünə qayıtdı.

Əslində tanışlığımız elə burdan başlayır. Məndə onun dözümlülüyünə qarşı hörmət yaranmışdı, necə var elə idi, həmçinin duruşu ilə qəlbimə toxunmuşdu, başını yana əyirdi və qəmgin-qəmgin mənə baxırdı. Hisslərimiz qarşılıqlı idi, başa düşəndə ki, mən də ona rəğbət bəsləyirəm, daha da arsızlaşdı. Artıq günün günorta çağı da çölə çıxmaq istəyəndə məndən qabaq qapıya tərəf uçurdu və mane olmağa çalışırdı.

Növbəti gün qərarlaşdırdığım vaxt yerimdən durdum. Səhər yeməyini bitirib işimə başlamağa hazırlaşırdım ki, qapının ağzında milçəklə rastlaşdım. Başımı yellədim. Bir neçə dəfə otağın ətrafında vızıltı ilə uçdu və mənim stulumun üstünə endi. Ona oturmağı təklif etməmişdim, həm stul özümə də lazım idi. “İtil”, – dedim. O, bir anlıq  havaya qalxdı və yenə stulun üstündə oturdu. Onda dedim: “İndi oturacam” . Oturdum. Milçək uçaraq indi də kağızımın üstündə oturdu. “Rədd ol” , – dedim. Cavab gəlmədi. Üzünə üfürdüm. Elə yayxanıb oturmuşdu və getmək fikri yox idi. “Yox, qarşılıqlı hörmət olmadan belə uzun müddət davam edə bilməz” , – dedim. Məni dinlədiyini düşündüm, amma yenə də yerində oturmuşdu. Onda yenə qayçını yellətdim. Pəncərə açıq idi, bunu nəzərə almamışdım. Və milçək uçub getdi.

Artıq bir neçə saat idi ki, yox idi. Otaqda gəzişirdim. Dilxor olmuşdum ki, onu özüm buraxdım. Görəsən indi hardadır? Kim bilir, başına nə gəlib. Axırda yerimə oturub işimi görməyə başladım, amma içim qarmaqarışıq fikirlərlə dolu idi, ürəyimə pis şeylər dammışdı.

Elə bu an milçək qayıtdı. Arxa pəncəsinə nəsə murdar bir şey yapışmışdı. “Sən özünü çirkaba bulaşdırmısan, heyvancığaz, -dedim,- fu! “Lakin yenə də onun qayıtdığına sevinirdim. Pəncərəni yaxşı-yaxşı  bağladım. “Belə gəzintilərə necə yol verə bilərsən!“ – dedim. Elə görünürdü ki, sanki mənim vəziyyətimdən zövq alırdı, mənə acıq verirdi və sanki deyirdi: “beee! “Heç vaxt bir milçəyin belə acıq verdiyini görməmişdim, məni də yoluxdurdu və axırda  mən də dedim: “beee! “və ürəkdən qəhqəhə çəkdim. “Xa- xa,  heç kimsə belə şuluq milçək görüb?! – dedim.- gəl bura, səni bir az qıdıqlayım, yaramaz “ .

Axşam yenə öz köhnə fəndini işə saldı və yolumu kəsmək istədi. Cəsarətimi topladım və hökmümü yeritməyə başladım. Onun məni sevməyi çox yaxşıdır, hətta əladır, amma imkan verə bilmərəm ki, hər axşam məni evdə saxlasın. Bu alınmayacaq. Və zorla onun yanından sivişib keçdim. İçəridə necə qəzəbləndiyini eşidirdim və qışqırdım: “İndi özün görürsən də, təklikdə oturmaq nə yaxşıdır! Əlvida! Otur orda özünçün” .

Növbəti günlər bu balaca yaramaz milçək müxtəlif vasitələrlə mənim əsəblərimi tarıma çəkirdi. Əgər yanıma kimsə gəlirdisə, o qısqanırdı və soyuq davranışı ilə qonaqlarımı qaçırdırdı. Onu belə davranışına görə məzəmmət edib dərs vermək istəyəndə başgicəlləndirən tərzi ilə düz döşəmədən tavana uçurdu və orda otururdu, onu belə görəndə başım fırlanırdı. “Yıxılacaqsan! “- qışqırırdım. Lakin xəbərdarlıqlarım heç bir nəticə vermirdi. “Yaxşı, otur elə orda yuxarıda” , -deyirdim və üzümü çevirirdim. Onda aşağı enirdi. Hə, ona əhəmiyyət verməyəndə bu, mütləq öz təsirini göstərirdi. Burnumun ucundan o tərəf bu tərəfə keçirdi və özünü düz yazımın üstünə çırpırdı. Orda gəzişməyə başlayırdı, elə bil ki, heç əlimin altında qayçı yox idi. “Yenə də gərək onunla xoşluqla yola gedim” – deyə düşünürdüm. Və ən mehriban tərzdə deyirdim: “Burda gəzmə və özünü mürəkkəbə bulaşdırma, axı sənin yaxşılığın üçün deyirəm”. Sözlərimi vecinə almırdı. “ Demişəm ya yox, bu kağızın üstündə gəzmə!- təkrar edirdim.- Bu, cod kağızdır, qaralama üçündür, ayaqlarını cıza bilər” . Yox, görünür o, bundan qorxmurdu. “ Belə tərslik harda görünüb? – əsəbi halda qışqırırdım, – məgər kağızın üstündəki yonqarları görmürsən? “ . Amma deyəsən o görmürdü. “Onda cəhənnəm ol, – cavab verirdim, – başqa vərəq götürərəm” . Amma vərəqi əlimə alanda uçub gedirdi.

Beləcə günlər, həftələr bir-birini əvəz edirdi. Bir-birimizə öyrəşmişdik, ayrı-ayrı vərəqlər üzərində birlikdə çalışırdıq, sevinclərimizi, kədərlərimizi paylaşırdıq. Onun şıltaqlıqlarının sayı-hesabı yox idi, amma hamısına dözürdüm. O, açıq-aydın şəkildə mənə hiss elətdirdi ki, hava cərəyanına tab gətirə bilmir, ona görə də onun xətrinə qapı və pəncərələri bağlı saxlayırdım. Yenə də tez-tez olurdu ki, birdən ağlına tavandan aşağı, düz pəncərə şüşəsinin üstünə atılmaq gəlirdi ki, onu sındırsın. “Əgər çöldə nəsə işlərin varsa, buyur, ancaq bu yolla” , – deyirdim və qapını üzünə açırdım. Amma yox, o, çıxmaq istəmirdi. “Çıxacaqsan, ya yox?- soruşurdum. – Bir, iki, üç! ” Heç bir cavab gəlmirdi. Onda qəzəblə qapını çırpırdım.

Tezliklə bu tündməcazlığımın altını çəkməli oldum.

Bir dəfə milçək yoxa çıxdı. Səhər pusquda durub və qulluqçu otağa girəndə aradan çıxıb. Bunun onun intiqamı olduğunu anladım və uzun müddət nə edəcəyimi çək-çevir düşündüm. Həyətə çıxdım və qışqırdım ki, çox xahiş edirəm, qayıtmasın, onsuz darıxmayacam. Kömək etmədi, onu aldada bilmədim. Amma yeri görünürdü. Evdə nəyi açmaq mümkün idisə, hamısını açdım, yazımı pəncərənin önünə, külək və yağışın ixtiyarına qoydum. O, görməli idi ki, ondan heç nəyimi əsirgəmirəm. Mənzil sahibəmdən onu soruşdum. Saçıma yenə çoxlu spirt tökdüm ki, onu tovlayım. Onu tərifləmək üçün ən yaxşı dostum, mənim saray milçəyim deyə çağırdım. Hamısı əbəs yerə.

Nəhayət ki, növbəti günün səhəri o, geri qayıtdı. Tək deyildi, özü ilə küçədən sevgilisini də gətirmişdi. Onu yenidən gördüyümə o qədər sevinmişdim ki, bunu da ona bağışladım və uzun müddət onun sevgilisinə də dözdüm. Lakin hər şeyin həddi var. Əvvəl qarşı-qarşıya oturub bir-birinə zərif baxışlarını yönəldirdilər, ya da pəncələrini bir-birinə toxundururdular. Lakin sonra birdən sevgilisi onun üstünə elə atıldı ki, xəcalətimdən qıpqırmızı oldum. “Siz hamının gözü qarşısında neyləyirsiniz axı! – dedim və onları utandırdım. – Xe, heç böyüməyə macal tapmayıblar, artıq öz keflərindədirlər! “Bunu özünə təhqir kimi qəbul etdi, başını qaldırdı və mənə aydın şəkidə bildirdi ki, sadəcə qısqanıram. “Mən qısqanıram! – fit çaldım. –Buna qısqanıram! Bilirsən nə var!” Amma başını bir az da dikəltdi və təkrar etdi. Onda ayağa qalxdım və dedim: “Səninlə mübahisə etmək istəmirəm, bu, mənim cəngavər ruhuma ziddir, lakin qoy fərsiz sevgilin qarşıma çıxsın, onu ləyaqətlə qarşılayaram” . Və qayçını əlimə aldım.

Onda məni ələ salmağa başladılar. Küncdə oturaraq elə gülüşürdülər, qəhqəhədən elə silkələnirdilər ki, sanki deyirdilər: “Xa- xa, səndə daha böyük qayçı yoxdur, azacıq böyük!” – “ Mən sizə göstərərəm ki, iş silahda deyil, – cavab verdim. – Mən bu fırıldaqçının qarşısına adi xətkeşlə də çıxaram” . Və xətkeşi havada yellətdim. Gülüş səsləri get-gedə artırdı, mənə olan nifrətlərini açıq şəkildə bildirirdilər. “Bu nədir, siz yenə başlayırsınız?! “ – hədə- qorxu ilə dedim. Lakin mənə fikir vermirdilər, fəlakət anını hiss etmirdilər. Bir-birinə yaxınlaşdılar və artıq utanmaz- utanmaz qucaqlaşmağa hazırlaşırdılar. “Siz bunu etməyəcəksiniz!” onlara qışqırdım. Lakin etdilər. Onda səbir kasam doldu, xətkeşi qaldırdım və o, şimşək kimi aşağı endi. Nəsə xırçıldadı, nəsə axdı, mənim sərrast zərbəm hər ikisini yerlərindəcə hərəkətsiz qoydu.

Bu tanışlıq beləcə sona çatdı.

Bu sadəcə balaca, boz qanadları olan adi milçək idi. Və onda xüsusi heç nə yox idi. Lakin sağ olarkən o, mənə çoxlu xoş dəqiqələr bəxş etmişdi.

Tərcüməçi: Aygün Məmmədli

Mənbə: www.rulit.me

Leave a comment

Blog at WordPress.com.

Up ↑