23Yatağımda uzanmışdım. Fikirləşirdim ki, atam uşaqlıqda məni heç vaxt ciddi cəzalandırmayıb. Bircə dəfədən başqa. Onda da elə hərəkət etmişdim ki, şübhəsiz ən böyük cəzaya layiq idim. Bu, anamla bağlı idi. Ölümündən bir il əvvəl – onda mənim on iki yaşım var idi -içini yeyib – bitirən xərçəng sümüklərinə işləməyə başladı. Bir dəfə ayağı burxuldu- ayaqları artıq zəifləmişdi- yıxıldı və qamış sümüyünü sındırdı. O, heç bitişmədi də. Ayağına metaldan mil qoydular, ondan sonra qoltuq ağacına söykənərək asta-asta yeriyirdi. Uzanmağı sevmirdi və halı özündə olanda oturmağı üstün tuturdu. Xəstə ayağını stula, yaxud divanın üstünə uzadaraq oturardı. Onda onun əlli yaşı var idi və anlayırdım ki, sonunun yaxınlaşdığını bilir. Hərdən gözlərində təlaş görürdüm.  Anam dayanmadan oxuyurdu. Kitablar onun üçün narkotik kimi idi. Dözülməz ağrılar başlayanda isə əsl narkotikləri  Perl Bak[I] əvəz etdi. Onun həyatının son dövründən xatirimdə ağarmış saçları və “Evə dönüş yoxdur” kitabı üzərində əyilən eynəkli solğun siması qalıb (O, Vulfun [II] sadiq pərəstişkarı idi, onda mən ondan heç bir kəlmə belə oxumamışdım. Bundan başqa qəliz başlıqlı bestsellerlər də oxuyurdu, “Mənim qismətim heçlik olacaq”, “Günəş mənim ölümümdür” kimi). Sakitcə seyrə dalmış adi evdar qadın obrazı… Əgər stulun üstündə metal millər olmasaydı, deyərdin sanki Vermeyerin[III] portretlərindən enib. Köhnəlmiş, naxışlı yun şalı da yadımdadır, hava soyuq olanda onu dizlərinin və xəstə ayağının üstünə atırdı. Taydvoterin[IV] bu hissəsində heç vaxt çox soyuq olmurdu, lakin qış aylarında hərdən qısa müddətlik dözülməz soyuqlar qonağımız olurdu və bu nadir hallarda baş verdiyindən həmişə hazırlıqsız yaxalanırdıq. Bizim balaca evimizdə mətbəxdə zəif kömür sobası, qonaq otağında isə xudmani kamin var idi. Qış günlərində anam adətən divanda uzanaraq elə bu kaminin qarşısında oxuyardı. Ailənin yeganə övladı olduğumdan, mən təbii ki, çox da olmasa, ərköyün böyümüşdüm. Qış aylarında  yubanmadan məktəbdən evə qayıtmalıydım və öhdəliklərimdən biri kamində ocağı yanıq saxlamaq idi. Anam hərəkət edə bilsə də ocağa odun atmağa taqəti yox idi. Evdə telefon var idi, lakin o qonşu otaqda idi və ora getmək üçün pilləkənləri qalxmaq lazım idi ki, anam buna da qadir deyildi. Yəqin ki, artıq nə törətdiyim məlumdur. Bir dəfə anamı tək qoymuşdum. Məktəb yoldaşım və onun böyük qardaşı ilə “Klipper” modelli yeni  “pakkard”da gəzmək həvəsi məni yoldan çıxarmışdı. Bu, o vaxtın ən dəbli maşınlarından biri idi və onun üçün ürəyim gedirdi. Onun bayağı zərifliyi məni sərxoş edirdi. Sərsəm lovğalıqla şaxta vurmuş kənd yerlərində gəzib dolaşırdıq. Axşam düşürdü və hava qaraldıqca termometrin civə sütunu da aşağı enirdi. Saat beşə yaxın “Klipper” şam meşəsində, evimizdən uzaqda dayandı və qəfildən çox şiddətli, soyuqla müşayiət olunan güclü külək əsməyə başladı. Ancaq onda kamin və tək qoyduğum anamı xatırladım və həyəcandan halım pisləşdi. Müqəddəs İsus Xristos, mən necə də günahkaram… Üstündən on il keçib. “Makelpin” mehmanxanasının beşinci mərtəbəsində çarpayıda uzanmışam və yaxınlıqda yatan atamın xorultusunu dinləyirəm, yenə də öz günahımı böyük ağrı hissi ilə xatırlayıram (bu ana kimi hələ də silinməyib), lakin bu hissə atama qarşı şəfqət və minnətdarlıq hissi də qoşulub ki, mənim davranışımı elə qəbul etdi və özünü o cür apardı. Əslində o, xristian idi (məncə, bunu deməmişdim), özü də mərhəmətlilərindən. O tutqun axşam “pakkard“ sürətlə evə şütüyəndə qar dənələrinin küləkdə necə rəqs etdiyi yadımdadır. Atam məndən yarım saat öncə işdən qayıtmışdı və anamın qarşısında oturmuşdu. Mən içəri girəndə dodağının altında nəsə donquldanırdı və anamın əllərini ovuşdururdu. Qış alçaq qarətçi kimi dinc evimizin divarlarının suvaqları arasından içəri soxulmuşdu. Ocaq bir neçə saat əvvəl sönmüşdü və atam qayıdanda anam köməksiz halda yun şalın altında titrəyirdi, dodaqları avazımışdı, üzü soyuqdan təbaşir kimi ağarmışdı. Həmçinin də qorxudan… Otaqda kösöv tüstüləyirdi, anam nə qədər etsə də onu qoltuq ağacı ilə geriyə, kaminə tullaya bilməmişdi. Bir allah bilir, kresloda öz bestsellerləri arasında büzüşüb oturanda, gözünə hansı buzlu eskimos qarabasmaları görünmüşdü. Hamısı reklam olunmuş “ayın ən yaxşı kitabları” idi, onların köməyi ilə özünü ölümdən qorumağa çalışmışdı. Hər iki əli ilə ayaqlarını taburetin üstünə qaldırmışdı – bu hərəkəti elə yaxşı yadımdadır ki – və metal millərin başıbəlalı, heç nəyə yaramayan, karsinomanın dağıtdığı ayağında sanki əsl stalaktitlər[V] kimi get-gedə necə buza döndüyünü hiss etmişdi. Yadımdadır, özümü içəri atdım və bircə şey gördüm, qəlbimin dərinliyinə kimi dəlib keçən gözlərini. Bu sarsılmış, hələ də vahimə ilə dolu qonur gözlər eynək şüşələri arxasından bir anlıq mənimkilərlə toqquşdu və yana çevrildilər. Onlar elə cəldliklə yana çevrildilər ki… O baxışlardan hələ də özümü günahkar hiss edirəm, sanki iti bıçaq zərbəsi idilər. Onda onun xəstəliyinin mənim üçün necə ağır bir yük olduğunu böyük dəhşət hissi ilə anladım. O ağladı, mən də ağladım. Lakin biz ayrı-ayrı ağlayırdıq, sanki ucsuz-bucaqsız gölün ayrı-ayrı sahillərindəymişik kimi. Əminəm ki, adətən təmkinli və yumşaq biri olan atam o an nəsə kəskin və təhqiredici sözlər demişdi. Lakin dedikləri yadımda deyil. Bütün ömrüm boyu yadımda qalan soyuq oldu. Elə soyuq ki, ondan damarlarda qan dayanırdı. Bir də anbarın zülməti. Atam məni ora aparmışdı və uzun müddət orda saxlamışdı. Hər halda kənddə çoxdan gecə düşmüşdü və mənim zindanımın yarıqlarından içəri cansız ay işığı süzülürdü. Orda nə qədər titrəmişdim və ağlamışdım yadımda deyil. Bircə onu dərk edirdim ki, anamdan az əzab çəkmədim və mənim üçün cəza tam müvafiq olaraq düşünülmüşdü -bəlkə də heç bir cani öz cəzasını belə səbirlə çəkməmişdi. Yəqin ki, həbsdə iki saatdan artıq olmadım, amma orada sübhə kimi, ya da tam donana kimi qalmağa hazır idim, təki günahımı yuyum. Bəlkə də atam məni qeyri-iradi, haqq-ədalət duyğusundan çıxış edərək, bunun mənim xeyrimə olduğunu düşünərək cəzalandırmışdı.
 Necə olsa da o, sakit, təmkinli və öz nöqteyi-nəzəri ilə ən düzgün rəftarı seçmişdi. Amma mən yenə də əfvolunma hissini yaşamadım, çünki bu hərəkətim şüurumda həmişə anamın ölümü ilə əlaqəli qalacaq. O, dəhşətli şəkildə, dözülməz işgəncələr içində öldü. Qızmar iyul günlərinin birində, yeddi ay sonra o, həyatdan köçdü. Bir gün öncə bütün gecəni soyuq, tüstülü otaqdakı sönük ocağı xatırlamışdım və dəhşət hissi ilə düşünmüşdüm ki, mənim ondakı etinasızlığım anamın vəziyyətini kəskin pisləşdirdi və o, bir də özünə gələ bilmədi.

Günahkarlıq hissi. İyrənc günahkarlıq hissi. Xlorid turşusu kimi əridib məhv edən günahkarlıq hissi. Günahın zəhəri yatalaq mikrobu kimi bütün həyatı boyu insanın içində yaşaya bilər. “Makelpin” də nəm, kələ-kötür döşəyin üstündə o tərəf – bu tərəfə çevrilərək  anamın gözlərindəki qorxunu xatırlayırdım. Düşünürdüm ki,  görəsən o sınaq onun sonunu sürətləndirdi? O, məni Bağışladımı? Və qüssənin buz kimi soyuq nizəsinin sinəmə necə sancıldığını hiss edirdim. “Cəhənnəm olsun”- axırda düşündüm. Divarın o tərəfindən gələn  səslər fikrimi başqa yerə yönəltdi və mən seks haqqında düşünməyə başladım.

Uilyam Steyron “Sofinin seçimi” romanından çıxarış.

[I]  Bak, Perl ( 1892- 1973) – amerikalı yazıçı, ABŞ və Çindəki həyatdan bəhs edən romanların müəllifi, 1938- ci il Nobel mükafatı laureatı.

[II]  Tomas Vulf( 1900- 1938)- amerikalı yazıçı

[III]  Yan Vermeyer (1632- 1675) – holland rəssamı, məişət rəssamlığı və portret janrı ustası.

[IV]  Taydvoter- Cənubi Virciniya və Şimali Karolinada coğrafi ərazi.

[V]  Mağaraların tavanında sızan damcılardan əmələ gələn əhəngli ərp

Tərcüməçi: Taedium Vitae

Mənbə: www.rulit.me

Advertisements