“Azadlıq və inkişaf… budur incəsənətin məqsədi”

Lüdviq van Bethoven

BeethovenAdı bütün XIX yüzilliyə hakim olmuş Lüdviq Van Bethoven iki dövr arasında körpü, özündən sonra gələnlər üçün bir örnək olmuşdur. Onun haqqındakı araşdırmalar psixoloji ziddiyyətlər üzərində dayanır: şəfqətli və kobud, həssas və əsəbi, idealist və materialist, insan qardaşlığına inanan, lakin davakar bir azadlıq aşiqidir. Bəstəkarın əsərləri romantizm ab-havası ilə dolu klassik ənənəni ifadə edir.

Bethoven hər zaman tədqiqatçılar üçün diqqət çəkən mövzu olmuşdur. Bunun bir səbəbi də bəstəkar haqqında məlumatın həddən artıq çox olmasıdır. Bethovenin 1819-cu ildən başlayan və Berlin muzeyində saxlanan on min səhifədən artıq gündəlik dəftərləri onun həyatı haqqında kifayət qədər məlumat verir. Buna baxmayaraq bəstəkar və onun böyük hadisələr baş vermiş bir dövrün ifadəçisi olan əsərlərinin kifayət qədər tədqiq olunub- olunmamağı mübahisəlidir.

Lüdviq Van Bethoven Bonnda 8 oğlu olan, lakin hamısının da özü kimi əlil olduğu bir ailənin uşağıdır. O, dahi bir uşaq deyildi. Gənclik illərində də digərlərindən heç bir şeylə fərqlənmirdi. Müəllimləri də ondan razı deyildi. Hətta onun bəstəkarlıq müəllimi  Albrextsberqer “Bethoven indiyə qədər  bir şey öyrənə bilmədi. Bundan sonra da öyrənməyəcək. Bəstəkar olaraq mən onda kiçik bir ümid belə görmürəm.” demişdi. Bethovenə bir müddət harmoniyadan dərs deyən Haydn da tələbəsinin istedadını görə bilməmişdi. Əslində Bethoven müəllimlərinin anlaya bilməyəcəkləri dərəcədə böyük xəyallar qururdu. Ancaq hələ bunları ifadə etmək üçün vasitə tapa bilməmişdi. İlk simfoniyasını yalnız 30 yaşında bəstələyə bilmişdi. Amma pianosunun arxasına keçdikdə hər şey dəyişirdi.

Thirteen-year-old_BeethovenHələ kiçik yaşlarından gözəl bir pianist olduğu məlum idi. Qısa barmaqları ilə pianonun dilləri üzərində möhtəşəmliklər yaradırdı. Onun ilk musiqi müəllimi atası İohann van Bethovendir. Atası Krallıq kilsəsində tenor idi və içkiyə qurşandığından  ailəsini dolandırmaq üçün kifayət qədər pulu olmurdu. Anası isə uşaqlığının yeganə sevinci idi. Kədərli uşaqlıq dövrü yaşayan Bethoven kiçik yaşlarında ailəsinə dəstək olmaq üçün kilsədə piano çalmağa başlayır. İlk musiqi müəllimi olan atası ona ağır qaydalar tətbiq edirdi: saatlarla bir otaqda bağlayaraq çalmağa məcbur edirdi. Balaca uşağın çalmaqda çətinlik çəkdiyi tapşırıqları təkidlə ona çaldırırdı. Atasından sonra Gilles van den Eden və Tobias Fridrix Pfayferdən  klavir dərsləri, eyni zamanda Frans Rovantinidən də skripka və viola dərsləri almışdır. Bəzən gecələri  Pfayfer onu yatağından qaldırıb musiqi ilə məşğul olmağa məcbur edirdi. Lüdviqin musiqi istedadı  olduqca erkən məlum olmağa başladıqda, “Motsart nümunəsinin” cazibəsinə qapılan atası 1778-ci ildə onu “altı yaşlı piano virtuozu”  olaraq səhnəyə çıxardı. Əslində isə səkkiz yaşı var idi. On üç yaşında ikən ilk əsərləri yayımlandı. Bunlar yaxşı bir müəllimin nəzarətində yazılmış əsərlərdən daha artıq bir şey deyildi.  Müəllimi Kristian Nefe  ona Bax, Motsart, Haydn ve Klementinin yaradıcılığını öyrədirdi. Müəlliminin əziyyəti hədər getmədi. 1787-ci ildə Motsartla  işləmək ümidi ilə  Bethoven Vyanaya gedir. Motsart gənc musiqiçini dinləyib bəyənsə də, o, bu fürsətdən istifadə edə bilmədi, anasının xəstəliyi onu yenidən Bonna qayıtmağa vadar edir. Vərəmə yoluxan qadın bir neçə gün sonra oğlunun qucağında vəfat edir. 1792-ci ildə yenidən Vyanaya qayıdır. Lakin Motsart artıq vəfat etmişdi. Buna baxmayaraq Motsart gənc haqqında “Bu gəncə diqqət göstərin. Vaxt gələcək bütün dünya onun haqqında danışacaq” fikirlərini söyləmişdi. Bethoven gənc musiqiçi olaraq bir mövzu üzərində verilmiş sərbəst işlərlə böyük bəstəkarı heyrətləndirmişdi.  Motsartın yaradıcılığı da Bethovenə böyük təsir etmişdi. Buna misal olaraq Motsartın 40-cı simfoniyasından bir pasajı dəftərinə köçürtməsi və onu özünün 5-ci simfoniyasında istifadə etməsini göstərmək olar.

Anasının ölümündən sonra ailə vəziyyəti daha da dözülməz olur. Atası tamamilə sərxoşluğa qurşanır və evin bütün yükü Bethovenin çiyinlərinə düşür. Atasından başqa iki kiçik qardaşı Anton Karl və Nikolas İohannın da qayğısına qalmalı idi. Ev işləri ilə də o, məşğul olurdu. Səhhətindəki narahatçılıqlar, məişət problemləri onu çox yorurdu. Son dərəcə əsəbi olmuşdu. Dostları ilə danışarkən sərt sözlər deyir,  kiçik səbəblərə görə dalaşırdı.  Görkəmi, saçı hər zaman dağınıq olduğu üçün hər kəs onu “çılğın ispan” adlandırırdı. Buna baxmayaraq dostları çox idi.  Ətrafdakılar bu davakar, lakin dürüst gənci çox sevirdi. Onun həyatın gerçəklikləri qarşısındakı davranışları da xoşagələn idi. Ziyafətlərdə, yığıncaqlarda  daim özünü yad kimi aparırdı, amma bu yığıncaqlarda hamı onunla maraqlanır, ünsiyyət qurmaq üçün can atırdı. Bu inadkar, kobud adamda hər kəsi özünə çəkən gizli bir cazibə var idi.

Bethoven məşhur dünya virtuozu olmaq arzusundan əl çəkib Bonnda bir işə başlamağa hazırlaşan ərəfədə İngiltərədən qayıdarkən yolu Bonna düşən Jozef Haydnla qarşılaşır. Bununla da onun arzuları yenidən oyanır və bir daha sönmür. Avstriyalı qraf Ualştayn Vyanaya getmək üçün şərait yaradır və ona tövsiyə məktubu yazır: “Əzizim Bethoven, uzun müddətdir mübarizə apardığınız arzularınızın həyata keçməyi üçün Vyanaya gedirsiniz.  Orada Motsartın ilham pərisi özünə Haydnın yanında yer tapdı. Əgər fasiləsiz və diqqətlə çalışsanız, Haydnın əllərindən Motsartın ruhunu alacaqsınız.”

1792-ci ildə Vyanaya gedən Bethoven Haydnın yanında çalışmağa başlayır. Bethoven həqiqətənmi Motsartın ilham pərisini axtarırdı ya yox, bilinmir, amma onu Haydnın yanında tapa bilmədi. İki nəsli bir uçurum ayırırdı. Gənc Bethoven Haydndan yalnız bir neçə dərs aldı. Ancaq bu ikinci Vyana səfəri zamanı Bethoven çox ciddi şəkildə çalışdı. Dərslərin az olmağına baxmayaraq Jozef Haydn Bethovenin istedadını sezdi və ona hərtərəfli dəstək oldu.

Haydnın dəsti-xətti və simfoniyalarının mükəmməl modeli Bethovenə çox şey söyləmişdi. O, artıq Vyanada özünə müəyyən qədər yer etmişdi. Pianoda qazandığı müvəffəqiyyətlər sayəsində Şahzadə Karl Lixnovski və xanımının diqqətini özünə cəlb etdi. Avstriyalı zadəganlar musiqi ilə çox maraqlanırdılar. Şahzadə və xanımı Bethovenə öz yanlarında yer verdi və ona ildə altı yüz florin (təxminən 1500 azn) ödəməyi vəd etdilər. Eyni zamanda gənc musiqiçinin cəmiyyətdə tanınmağına da kömək etdilər.  Bethoven bir müddət şən və qayğısız insan olmağı sınadı. Şux, parlaq geyimlər geyinir, rəqs dərsləri alır və ətrafındakı qızlarla dostluq edirdi.  Vyana aristokratiyasının bir nömrəli cənabı olmuşdu. Hər yerə dəvət edilir, getdiyi hər yerdə marağa səbəb olurdu. Amma çox keçmədən bütün bunlar üsyankar ruhlu bəstəkarın əsəbinə toxunmağa başladı.  Zadəganların ona yaxınlıq göstərməyi onu hirsləndirirdi. Xoşbəxt olmaq mənə yaramır deyirdi. Həqiqətən də istedadını təkmilləşdirmək üçün tək qalmağa ehtiyacı var idi. Mən bu dünyaya xoşbəxt, qayğısız yaşamaq üçün deyil, böyük əsərlər yaratmaq üçün gəlmişəm deyirdi. Bunları düşünərək zadəgan həyatından çəkildi. Kobud davranışları ilə mehriban şahzadə və xanımının səbrini tükəndirirdi. Yenə də sənətə qiymət verən şahzadə onun ərköyünlüklərinə dözürdü. Bethoven anasının ölümündən sonra xəstəlik qorxusu ilə yaşayırdı. Bədəninin hər yerində ağrılar olduğunu zənn edir və özünü xəstə kimi aparırdı. Hər kəsin onu yaxşı bir pianist, uğursuz bir bəstəkar kimi tanınmağından da qorxurdu. İlk əsərləri o qədər də güclü olmayan bəstəkar əsərləri idi. Dostlarının ona dəstək olmamağı  bəstəkarı ruhdan salmadı.  Dühasını gec-tez anlayacaqlarından əmin idi. Nəhayət  1800-ci ildə tamamladığı Birinci Simfoniyası bəstəkarın işıqlı gələcəyindən xəbər verdi. Əsər özündən əvvəlki bəstəkarların təsiri altında yazılsa da irəli doğru atılmış önəmli addım idi. Musiqi tənqidçiləri Bethovenə yeniliklərin arxası ilə qaçmaqdan əl çəkib əvvəlki qaydalarla bəstələməyi tövsiyə edirdilər. Bethovenin İkinci Simfoniyası tənqidçilərə meydan oxudu. Bethoven Haydndan başqa  Albrextsberqer (Iohann Georg, 1736-1809) ve Antonio Salyeridən (1750-1825) də dərslər aldı. Valdştayn qrafının tövsiyə məktubları sayəsində Vyananın ən önəmli saraylarında qayğı ilə qarşılandı. Demokrat və inqilabçı, inadkar, qəribə xasiyyətli  Bethoven saraylarda böyük senyorların maddi və mənəvi dəstəyi ilə qarşılanırdı. Onların arasında həqiqi dostlar da tapdı.

Beethoven_Riedel_1801Daha sonralar bəstələdiyi əsərlərlə  XIX əsrin bütün musiqiçilərinə təsir göstərdi. 1795-ci ildə Vyanada ilk konsertini verdi. Növbəti il Bethoven həyatını dəyişdirəcək bir problemlə üzləşdi: bəstəkar eşitmə qabiliyyətini itirir. Bu vəziyyət ruh düşkünlüyünə meylli olan bəstəkarın həyatını daha da çətinləşdirdi. Onu intihara sövq edən bu vəziyyət ilə mübarizə aparmağa başladı.

Heç kimin önündə əyilməyən inadkar insan hər gün yeni bir sevgi macərasının əsiri olmuşdu. Ancaq bir qadının könlünü qazanmaq üçün lazım olan  xüsusiyyətlər onda yox idi. Üstəlik son vaxtlarda qulaqları da eşitmirdi. Bu, onu cəmiyyətdən uzaqlaşdırır, musiqi ilə məşğul olmağını çətinləşdirirdi. İllər keçdikcə xasiyyəti daha da tündləşir, işçilərinə kitab, qab-qacaq atır, hətta zadəganlara da həqarət edirdi. Bir dəfə şahzadənin qəsrinə Napoleon ordusuna mənsub zabitlərin gəldiyini  gördü və o gecə piano ifa etməkdən imtina etdi. Şahzadə ifa etmədiyi təqdirdə onu hərbi əsir kimi həbs etdirəcəyini dedi. Bethoven heç bir şey demədən qəsrdən çıxdı, şiddətli yağış altında 5 kilometr yolu piyada gedərək bir qəsəbəyə gəldi və burada fayton gözləyərkən şahzadəyə belə bir məktub yazdı: “Şahzadə, sən bu günkü halını (şahzadə olaraq) dünyaya gəlməyinə və şansına borclusan. Mən isə özüm-özümü yetişdirdim. Bu günə qədər minlərlə şahzadə gəldi, getdi və bundan sonra da gəlib- gedəcək. Lakin yer üzündə sadəcə bir Bethoven vardır.”

Bethoven tələbələrinə də qız, oğlan fərqi qoymadan çox sərt davranırdı. Bəzən günlərlə yoxa çıxır, onu meşədə bir ağac altında başını əlləri arasına alaraq oturmuş vəziyyətdə tapırdılar.  Onu sakitləşdirən tək yer meşadə ağacların altı idi. Həsrətini çəkdiyi insan sevgisini ağaclarda axtarırdı.  Səhhətinin hər gün pisləşməsinə baxmayaraq bəstələdiyi əsərlərin sayı artırdı. Bəstəkar Dördüncü simfoniyasını xoşbəxt sevgi simfoniyası olaraq bəstələmişdi. O, həmçinin  “Fidelio” operasını bəstələmişdi (1804). Boulli adlı yazıçının “Leonora” adlı əsəri əsasında yazdığı operanın ərsəyə gəlməyi olduqca uzun çəkdi. Bethoven insan səslərini sevmədiyi üçün onlar üçün bir əsər yaratmağa çətinlik çəkirdi. Motsarta musiqi şairi, Bethovenə isə musiqi filosofu deyirdilər. “Tale Simfoniyası” adlanan Beşinci simfoniyasında fəlsəfəsini ən incə nüanslarına qədər ifadə edir.  Bu əsər insanların taleləri ilə apardıqları mübarizənin hekayəsidir. Əvvəlcə insanın taleyə qarşı apardığı mübarizədə qalib gələcəyi görünsə də, sonda tale qalib gəlir.

Bethovenin həyatında ən vacib məqamlardan biri də məşhur şair Goethe ilə tanış olmağıdır. Bəstəkar keçirtdiyi şiddətli böhrandan sonra dincəlmək, özünü toplamaq üçün Teplitsə getmişdi.  Burada Geothe ilə qarşılaşır. Şair gənc bəstəkarda dərin iz buraxmışdı.

Bethovenin eşitmə qüsuru bu iki sənətkarın rahat ünsiyyət qurmağına əngəl törədirdi. Lakin bir-birilərinə qarşı dərin sevgi və hörmətləri olduğu üçün tez-tez gəzintiyə çıxır, bəzən də gəzinti zamanı danışmadan gəzirdilər. Bəzən isə fikir ayrılığı yaranır, şiddətli mübahisələr edirdilər. Goethe zadəganlara xas təmkini üstün tuturdu, Bethoven isə azad ruhlu idi. Bir gün gəzinti zamanı kral ilə qarşılaşdılar.

Bethoven qarşıdan gələnlərə fikir vermədən yoluna davam etdi.  Goethe isə yanındakılara öz ehtiramını bildirdi. Sonra isə Bethoveni kobudluğuna görə danladı. Buna görə iki dostun arası dəydi.

Bethoven, qohumları ilə də kobud rəftar edirdi. Bəstəkar qardaşı Kaspara daha çox yaxınlıq göstərirdi. Bir müddət onu özünə katib seçmişdi. Kaspar öldükdən sonra onun 9 yaşlı oğlu Karlı övladlığa götürür. Karlın anası zəngin ailənin qızı idi və oğlunu Bethovenə vermək istəmir. Qadın məhkəməyə müraciət edir və bu məhkəmə illərlə davam edir. Bethovenin maddi vəziyyəti xeyli pisləşmişdi. Lakin o sevimli qardaşı oğlunun təhsili üçün bir miqdar pul ayırmışdı. Onun da bir gün böyük bəstəkar olacağına inanırdı. Lakin Karl inadkar və tərs uşaq idi. Dərs oxumaqdansa, vaxtını əyləncələrdə keçirir, xeyli borc alırdı. Çətin vəziyyətə düşən Karl hətta intihara da cəhd edir. Bu hadisə Bethovenə çox pis təsir edir və heç cür özünə gələ bilmir. Karl sonradan yaxşı bir insan oldu və əmisi ilə qururlanmağa başladı. Ancaq Bethoven təsr qardaşoğlunun ağıllandığını görə bilmədi. Müxtəlif sıxıntılar və eşitmə problemi Bethovenin lazımınca çalışmağına imkan vermirdi. Səkkizinci simfoniyasını 1815-ci ildən əvvəl, yəni Karlı övladlığa götürməzdən əvvəl yazmışdı. Doqquzuncu simfoniyası isə 1824-ci ildə tamamladı. Doqquz il davam edən iztirab böyük sevinclə sona çatmışdı. Doqquzuncu simfoniya o günə qədər bənzəri olmayan, inanılmaz dərəcədə gözəl bir əsər idi. Bethoven əsərin sonuna “Sevincə doğru”  (An die Freude) adlı xor hissəsi əlavə etmişdi. Əsəri dinləyənlər qulaqlarına inana bilmirdi.

Bu möhtəşəm əsər ilk dəfə 7 may 1824-cü Vyana Kral Teatrında ifa edildi. Eşitmə qabiliyyətini tamamilə itirən bəstəkar əsərin dirijorluğunu başqasına həvalə etmək istəməmişdi. Orkestrin başına keçərək konserti əvvəldən axıra kimi qüsursuz idarə etdi.  Lakin konsertin sonunda tamaşaçıların gurultulu alqışları salonu qərq etdiyi zaman Bethoven həyatının ən acı dəqiqələrini yaşadı. Bəstəkar ətrafda baş verənlərdən xəbərsiz idi. Alqışlara qarşılıq olaraq tamaşaçıları salamlamağı ona işarə etdikləri vaxt bəstəkarın kədəri daha da artdı. Dəhşət içində əli ilə qulaqlarını bağladı. Tale Bethovenə ən böyük zərbəsini endirmişdi.  Ölüm də artıq yaxınlıqda idi. Konsert gecəsindən sonra yatağa düşən Bethoven  aylarla ölümlə çarpışdı. Son mübarizəsi iki gün çəkdi. Artıq huşsuz halda yatırdı. Çöldə şimşək çaxır, güclü yağış yağırdı. Bir an şimşək çaxmağı ilə o, gözlərini açdı və sağ yumruğunu qaldırıb bir neçə dəfə havada yellədi, sonra isə gözlərini əbədi yumdu.

Bethoven doqquz simfoniya, beş fortepiano konserti, bir skripka üçün konsert, fortepiano, skripka və violonçel üçün trio konsert, otuz iki fortepiano sonatası və çox sayda kamera musiqiləri bəstələmişdir. Bəstəkar yalnız bir opera, “Fidelio” operasını yazmışdır. İlk simfoniyasını 1800-cü ildə yazmışdı. Doqquzuncu simfoniya isə ən məşhur və bu gün Avropa Birliyinin marşı olan simfoniyadır. Bethoven çox dəqiq musiqiçi idi. Musiqisinin ifadə gücü və texnikası yüksək səviyyədə idi. Haydn və Motsartdan aldığı prinsipləri inkişaf etdirərək daha da möhtəşəm, dramatik əsərlər yaratdı. Xüsusilə, Opus 109 sonatası ilə Romantizm dövrünün bünövrəsini qoymuşdur. Bütün tənha adamlar kimi o da hər zaman ürəyini aça biləcəyi həmdəm axtarırdı. 1802-ci il tarixli Heiligenstadt vəsiyyətnaməsi ürəyində yığılıb qalan inanılmaz duyğuların sübutudur. Dövrün ən dəbdəbəli saraylarının üzünə açıq olduğu bir vaxtda o, özünü cəmiyyətdən tamamilə təcrid etdi. Onun tənhalığı nə dövr adamlarının unutqanlığından yaranan Motsart yalnızlığı, nə də düşmən şəraitdə yaşayan Şubert yalnızlığı deyildi. Gündəliyində yazırdı: “Sənin üçün ətrafdan gələn xoşbəxtlik yoxdur. Hər şeyi özün yaratmaq məcburiyyətindəsən. Ancaq gerçək olmayan bir dünyada dost tapa bilərsən”. Bütün tənhalar kimi təbiətə bağlı idi. Beethoven_walkTəbiət onun üçün dini əvəz edirdi. “Pastoral” simfoniyası da təbiətə olan bu sevgisini ifadə edirdi.  Digər simfoniyalarında da bulaq səsi, quşların cəh- cəhi, küləyin uğultusunu göstərmişdi. Bəstəkar səhhətindəki problemlərlə yanaşı maddi sıxıntılar da çəkirdi. Napoleon müharibələri Vyanaya  böyük dəyişikliklər gətirmişdi. Yeni zənginlər  əvvəlki zadəganlar kimi deyildilər. Burada artıq italyan opera sənəti və valsa tələbat  artmışdı.

Bethoven heç vaxt evlənmədi. Ancaq ətrafında ona maraq göstərən qadınlar var idi. Musiqiçiləri olaraq işlədiyi Brusviklər ailəsinin qızı Tereza Brusviklə evlənmək arzusu təbəqə  fərqliliyi baxımından arzu olaraq qalır. 1800-cü ildə zadəgan ailənin qızı və tələbəsi olan Culyetta Quiççiardi ilə evlənməyinə yenə həmin səbəb mane olur. Ancaq ikisi ilə də ömrünün sonunadək sadiq dost olaraq qalır. Bethovenin 1816-cı ildə yazdığı  “Uzaqdaki Sevgiliyə” (An die Ferne Geliebte) mahnı məcmuəsi beləcə yaranır.

Vəfatından sonra şkafından “Ölməz sevgiliyə” aid bir məktub tapıldı.

1816-cı ildə yayınladığı “Uzaqdaki Sevgiliyə” adlı məcmuəsindən və musiqi müəlliminə ümidsiz sevgidən söz etməyindən yola çıxan musiqi tədqiqatçıları üç ad üzərində dayanırlar: Antonia Brentano, Josefin Deum və Doroti Ertmann. Bunlar arasında ən güclü namizəd birincisidir. 57 yaşında vəfat edəndə də sevgisi ürəyində sirr kimi qaldı.

Bethovenin yaradıcılığı üç dövrə bölünür: Birinci dövr Haydn və Motsart ənənələri ilə bağlıdır. 1795-1802-ci illəri əhatə edən bu dövrə Patetik sonata, Ay sonatası, Valştayn kimi piano sonataları, altı simli kvartet, piano üçün üç konsert və iki simfoniya aiddir.

İkinci dövr 1802-1817-ci illəri əhatə edir. Bu dövr bəstəkarın ikinci “Eroika” simfoniyası ilə başlayır. Burada o, artıq öz şəxsi dəsti-xəttini nümayiş etdirir. Növbəti əsərlər 4 və 5-ci piano konsertləri, 53-dən başlayan 8 piano sonataları, Op. 59, Op. 74 və Op. 95 nömrəli beş simli kvartet, Do major messa, Xoral Fantaziya, “Fidelio” operası, Op. 61 skripka konserti, Koriolan və Eqmont uvertürası, 3-8-ci simfoniyaları və bir neçə triolardır.

Üçüncü dövrə isə bəstəkarın son on ili daxildir.  Messa Solemnis, 9-cu simfoniya, Op.127, Op.130, 131, 132, 122, 135 simli kvartetlər, son piano sonataları (Op. 106-111) son yaradıcılıq dövrünü bəzəyir.

Yazar: Zəhra Hüseynova

Advertisements