17342972_1067323140039765_4795022852274826774_n
I

   Hərdən Saşka həyat adlanan bütün şeylərdən imtina etmək istəyirdi. Səhərlər içində nazik buz halqaları üzən su ilə yuyunmasın, gimnaziyaya getməsin, orda hamının onu necə danladığını eşitməsin, anası onu axşamlar dizi üstə qoyanda belində və bütün bədənindəki ağrıları hiss etməsin. Lakin on üç yaşı olduğundan və insanların özləri istədikdə həyatdan necə imtina etmək vasitələrini bilmədiyindən gimnaziyaya getməyə və dizi üstə dayanmağa davam edirdi və ona elə gəlirdi ki, həyat heç vaxt bitməyəcək. Bir il keçəcək, sonra biri də, sonra yenə, o isə elə gimnaziyaya gedəcək və evdə dizləri üstə dayanacaq. Saşka boyunəyməz və cəsur ürəyə sahib olduğundan, pisliyə göz yuma bilmirdi və həyatdan intiqam alırdı. Bu məqsədlə də yoldaşlarını döyürdü, müdirə qarşı kobudluq edirdi, dərsliklərini cırırdı və bütün günü gah müəllimlərinə, gah da anasına yalan danışırdı. Bircə atasını aldatmırdı. Davada burnu azacıq zədələnəndə onu qəsdən lap çox qopardırdı və elə möhkəm qışqırırdı ki, hamı xoşagəlməz hisslər keçirirdi, üz-gözünü turşudurdu və qulaqlarını tuturdu.  Necə lazımdır bağırdıqdan sonra dərhal susurdu, dilini çıxardırdı və qaralama dəftərində özünün necə qışqırdığını, qulaqlarını tutan nəzarətçini və qorxudan tir-tir əsən qalibi göstərən karikatura çəkirdi. Bütün dəftər karikaturalarla dolu idi və ən çox gombul və balacaboy qadının kibrit çöpü kimi arıq oğlanı oxlovla döydüyü rəsm təkrar olunurdu. Aşağıda böyük və əyri-üyrü hərflərlə yazılmışdı: “Üzr istə, küçük”. Və cavabında da: “Lap partlasan da istəməyəcəm” . Bayramdan əvvəl Saşkanı gimnaziyadan qovdular. Anası buna görə onu döyəndə, anasının barmağını dişlədi. Bu, ona azadlıq verdi, daha səhərlər yuyunmurdu, bütün günü uşaqlarla o yana – bu yana qaçırdı, onları döyürdü. Bircə aclıqdan qorxurdu, anası daha ona yemək vermirdi, atası onun üçün gizlincə çörək və kartof saxlayırdı.  Belə şərtlərlə yaşamağı Saşka dözülən hesab edirdi.

   Cümə günü, bayramdan bir gün əvvəl Saşka uşaqlarla oynadı, sonra hamısı evlərinə dağılışdılar və arxalarıyca paslı və şaxtalı həyət qapıları cırıldayaraq bağlandı. Artıq hava qaralırdı, döngənin çıxdığı ucsuz-bucaqsız düzənlikdən boz qar dumanı yaxınlaşırdı. Küçədə köndələn duran alçaq qara binanın çıxışında qırmızımtıl işıq yanırdı. Şaxta güclənirdi və yanan fənərin yaratdığı işıqlı halqadan keçəndə Saşka balaca quru qar dənələrinin havada asta-asta uçuşduğunu gördü. Evə getmək lazım idi.

Harda avaralanırsan, küçük? – anası qışqıra-qışqıra dedi, yumruğunu havada yellədi, amma vurmadı. Paltarının qollarını çirmələmişdi, ağ, yoğun əlləri çılpaq idi, qaşsız, yastı üzündə tər damcıları görünürdü. Saşka yanından keçəndə tanış araq qoxusunu hiss etdi. Anası kök göstərici barmağının qısa və çirkli dırnağı ilə başını qaşıdı və deyinməyə macalı olmadığından tüpürərək qışqırdı.

   – Statistiklər!

  Saşka nifrətlə burnunu çəkdi və arakəsmədən o tərəfə keçdi. Ordan atası İvan Savviçin ağır nəfəsi eşidilirdi. O, həmişə üşüyürdü, isti divanda oturaraq və əllərini altında gizlədərək qızınmağa çalışırdı.

   – Saşka! Sveçnikovlar səni Yeni il şənliyinə dəvət ediblər. Qulluqçuları gəlmişdi, – o pıçıldadı.

Yalan deyirsən? – Saşka inamsızlıqla soruşdu.

Tanrıya and olsun. Bu ifritə qəsdən heç nə demir, yoxsa gödəkcəni də hazırlayıb.

Aldadırsan? – Saşka daha da təəccübləndi.

   Onu gimnaziyaya düzəldən zəngin Sveçnikovlar qovulduqdan sonra gözlərinə görünməməyi tapşırmışdılar. Atası yenə and içdi və Saşka fikrə getdi.

Bir az o tərəfə otur, yayxanmısan lap! – atasına dedi, balaca divanın üstünə tullandı və əlavə etdi: – Onlara isə getməyəcəm, cəhənnəm olsunlar. Yenə getsəm, qoltuqları qarpızlanacaq. “Tərbiyəsiz oğlan”, – Saşka uzada-uzada ərklə dedi. – Guya özləri böyük zibildirlər, zəhləmgetmiş gönüqalınlar…

Ax, Saşka, Saşka! – atası soyuqdan titrəyirdi. – Onsuz canını qurtara bilməyəcəksən.

Guya sən qurtara bilmisən? – Saşka kobudcasına etiraz etdi – Heç olmasa, danışma, arvaddan qorxursan. Maymaq!

   Atası bürünərək səssizcə oturmuşdu. Yuxarıda arakəsmənin enli yarığından düşən zəif işıq onun hündür alnına işıqlı ləkə salırdı. Dərin göz çuxurları qapqara qaralmışdı. Nə vaxtsa İvan Savviç çoxlu araq içirdi, onda arvadı ondan qorxurdu və ona nifrət edirdi. Lakin qan qusmağa başladıqdan sonra daha içə bilmədi. Arvadı içməyə başladı və get-gedə içkiyə qurşandı. Onda o, anlaşılmaz sözlər danışan, höcət və sərxoşluğuna görə işdən qovulan, daim özü kimi uzunsaçlı, intizamsız və dikbaş insanları evinə qonaq gətirən bu ucaboy darsinəli insandan bütün heyfini almağa başladı. Ərindən fərqli olaraq o, içdikcə sağlamlaşırdı və yumruqları da get-gedə ağırlaşırdı.  İndi o, istədiyini deyirdi, istədiyi qadın və kişiləri evinə gətirirdi və onlarla ucadan şən mahnılar oxuyurdu. O isə arakəsmədən o tərəfdə sakitcə uzanırdı, soyuqdan büzüşüb titrəyirdi və insan həyatının ədalətsizliyi və dəhşəti haqqında düşünürdü. Və İvan Savviçin arvadı kiminlə danışırdısa, şikayətlənirdi ki, dünyada əri və oğlu kimi ona düşmən adamlar yoxdur, ikisi də dikbaş və statistiklərdi.

   Bir saatdan sonra anası Saşkaya deyirdi:

Dedim ki, gedəcəksən! – Feoktista Petrovna hər sözündə yumruğunu stolun üstünə çırpırdı, bu zaman yuyulmuş stəkanlar yerlərindən oynayaraq cingildəyirdi.

   – Mən də deyirəm ki, getməyəcəm, – Saşka soyuqqanlı tərzdə cavab verdi, ağzının kənarları titrəyirdi, dişlərini qıcamaq istəyirdi. Gimnaziyada bu vərdişinə görə ona canavar balası deyirdilər.

   –  Çırpacam səni, elə çırpacam ki ! – anası qışqırdı

   –  Neyləyirsən elə!

   Feoktista Petrovna bilirdi ki, artıq dişlərini işə salan oğlunu döyə bilməyəcək, küçəyə də qovsa, veyil-veyil gəzəcək və soyuqdan donsa da Sveçnikovların evinə getməyəcək. Ona görə ərinin nüfuzundan istifadə etməli oldu.

Adını ata qoyub, heç arvadını təhqirlərdən də qoruya bilmir.

   –  Doğrudan Saşka, nə tərslik edirsən, get. –  O, divandan səsləndi. – Bəlkə səni yenə harasa düzəltdilər. Onlar yaxşı adamlardır.

   Saşka rişxəndlə gülümsündü. Atası çoxdan, hələ Saşka doğulmamışdan qabaq Sveçnikovların evində müəllim işləyirdi və o vaxtdan bəri onların ən yaxşı adamlar olduğunu düşünürdü. Onda o, hələ torpaq statistikasında qulluq edirdi və içmirdi. Mənzil sahibəsinin ondan hamilə qalan qızı ilə evləndikdən sonra onlardan ayrıldı, içməyə başladı və o qədər rəzilləşdı ki, onu sərxoş vəziyyətdə küçədən qaldırıb şöbəyə aparırdılar. Lakin Sveçnikovlar ona pul yardımı etməyə davam edirdilər və Feoktista Petrovna bu ailəyə, kitablara və ərinin keçmişi ilə bağlı hər şeyə nifrət etsə də yenə də onlarla öyünürdü və tanışlıqlarının üstündə əsirdi.

   – Bəlkə mənə də küknar ağacından nəsə hədiyyə gətirərsən, – atası davam etdi.

   Atası ona kələk gəlirdi, Saşka bunu başa düşürdü, zəiflik və yalanına görə atasına nifrət edirdi, lakin o, həqiqətən də xəstə və zavallı insana nəsə gətirmək istəyirdi. Atası çoxdandır ki, yaxşı tütünün həsrətində idi.

   – Yaxşı! – o donquldandı. – Ver görüm gödəkcəni. Düymələri tikmisən? Yoxsa səni bilirəm də!

II

   Uşaqları hələ küknar ağacının olduğu zala buraxmırdılar və onlar uşaq otağında oturub söhbət edirdilər. Saşka nifrət dolu təkəbbürlə onların sadəlövh söhbətlərini dinləyirdi və şalvarının cibindəki ev sahibinin kabinetindən çırpışdırdığı artıq qırılmağa başlayan siqaretləri əlləşdirirdi. Bu zaman Sveçnikovlardan ən kiçiyi Kolya ona yaxınlaşdı, ayaqlarının ucunu birləşdirdi, barmağını dodağının küncünə qoyaraq təəccüb dolu baxışları ilə hərəkətsiz dayandı. Altı ay bundan qabaq valideynlərinin təkidi ilə o, barmağını ağzına salmaq vərdişini tərgitmişdi, lakin bu hərəkətindən tam əl çəkə bilməmişdi. Onun öndən qısa kəsilmiş, arxadan buruqları çiyinlərinə tökülən ağ  saçları və mavi gözləri var idi, bütün görünüşü ilə Saşkanın xüsusi canfəşanlıqla təqib etdiyi oğlanlara aid olduğu görünürdü.

   – Sən pis oğlansan? – O, Saşkadan soruşdu. – Mənə xanım dedi. Mən isə yaxşıyam

   – Nəyin yaxşıdır? ! – O,  Kolyanın qısa məxmər şalvarını və böyük aşırma yaxalığını gözdən keçirərək cavab verdi.

   –  Silah istəyirsən? Al! – Oğlan tıxac bağlanmış silahı ona uzatdı.

   Canavar  balası yayı dartdı və heç nədən şübhələnməyən Kolyanın burnunu nişan alaraq tətiyi çəkdi. Tıxac burnuna dəydi və ipdən sallanaraq geri sıçradı. Kolyanın mavi gözləri bir az da geniş açıldı və onlardan yaş axmağa başladı. Kolya barmağını qızaran burnunun üstünə qoydu və uzun kirpiklərini tez-tez qırparaq pıçıldadı:

   – Pis…Pis oğlan.

   Uşaq otağına gənc və gözəl bir qadın daxil oldu, hamar daranmış saçları qulaqlarının bir hissəsini örtürdü. Ev sahibəsinin bacısı idi, Saşkanın atası əvvəllər ona dərs keçirdi.

   – Bax, bu, – onu müşayiət edən keçəl kişiyə Saşkanı göstərərək dedi. – Saşka, salamlaş, axı belə nəzakətsiz olmaq olmaz.

   Lakin Saşka nə onunla, nə də keçəl kişi ilə salamlaşmadı. Gözəl xanım onun çox şeyi bildiyini ağlına belə gətirmirdi. Bilirdi ki, onun zavallı atası bu xanımı sevirdi, o isə başqasına ərə getdi. Baxmayaraq ki, bu, atası evlənəndən sonra baş vermişdi, Saşka xəyanəti bağışlaya bilmirdi.

   – Qanında var, – Sofya Dmitriyevna ah çəkdi. – Platon Mixayloviç, onu harasa düzəldə bilmərsiniz ki? Ərim deyir ki, usta işi ona gimnaziyadan daha çox münasibdir. Saşa, ustalıqla məşğul olmaq istəyirsən?

   – İstəmirəm, – Saşka  “ərim” sözünü eşidib qısaca cavab verdi.

   – Bəs nə, qardaş, çoban olmaq istəyirsən ? – cənab soruşdu.

   – Çoban da yox, – Saşka incidi.

   – Bəs nə istəyirsən?

   Saşka nə istədiyini bilmirdi.

   – Mənə fərqi yoxdur, – düşünərək cavab verdi, – lap çoban olsun.

   Keçəl kişi çaşqınlıqla qəribə oğlanı süzürdü. Gözlərini Saşkanın yamaqlı çəkmələrindən üzünə qaldıranda , o, dilini çıxartdı və onu elə sürətlə gizlətdi ki, Sofya Dmitriyevna heç nə görmədi, yaşlı cənab isə onun anlamadığı əsəbi hala düşdü.

   –  Mən usta olmaq istəyirəm, – Saşka ədəb-ərkanla  dedi.

   Gözəl qadın sevindi və ah çəkərək keçmiş məhəbbətin insanlar üzərində necə gücə malik olduğunu düşündü.

   – Çətin ki, boş yer tapıla, – Yaşlı cənab baxışlarını Saşkadan gizlədərək və boynunun ardında dik duran saçlarını hamarlaya-hamarlaya ağızucu dedi. – Yenə də baxarıq.

   Uşaqlar şənliyin başlamasını gözləyərək həyəcanlanırdılar və səs-küy salırdılar. Öz boyu və tərbiyəsiz oğlan nüfüzu ilə hörmət qazanan oğlanın çıxartdığı silah hoqqası bir neçə nəfər tərəfindən də təkrarlandı və artıq bir neçə burun qızarmışdı. Qızlar əllərini sinələrinə sıxır və əyilərək gülüşürdülər, onların cəngavərləri isə qorxu və ağrını büruzə vermədən  üz-gözlərini qırışdıraraq tıxac zərbəsi alırdılar. Və budur qapılar açıldı və kimsə səsləndi:

   – Uşaqlar, gəlin! Sakit, sakit!

   Uşaqlar bərəli gözləri ilə nəfəs almadan, nizamla, cüt-cüt işıqlı zala girdilər və sakitcə bərq vuran küknar ağacının ətrafında dövrə vurdular. Onun güclü işığı onların yumru üzlərinə, gözlərinə və dodaqlarına düşürdü. Bir an dərin sükut hökm sürdü, sonra onu dərhal heyrət dolu nidalar əvəz etdi. Qızlardan biri sevincindən yerindəcə tullanıb düşürdü, mavi lent bağlanmış balaca hörüyü çiyinlərində yellənirdi. Saşka qaşqabaqlı və kədərli idi, onun balaca yaralı qəlbində nəsə anlaşılmaz şeylər baş verirdi. Küknar ağacı onu da  öz gözəlliyi və sonsuz sayda şamların kəskin və gözəçarpan parıltısı ilə kor etmişdi, lakin ona yad və düşmən kimi idi, ətrafında toplaşan təmiz, gözəl uşaqlar kimi istəyirdi onu elə itələsin ki, bütün bu işıqlı başların üstünə aşsın. Sanki kiminsə dəmirdən olan  əlləri onun ürəyini götürüb qanını son damcısına kimi sıxırdı. O, royalın arxasında gizlənərək küncdə oturmuşdu və özündən asılı olmadan cibindəki sonuncu papirosları qırırdı, düşünürdü ki, onun atası və anası, öz evi var, amma belə çıxır ki, bunların heç biri yoxdur və onun getməyə yeri yoxdur. İstədi bu yaxınlarda dəyişdirib aldığı və çox sevdiyi cib bıçağını xəyalında canlandırsın, onu çox sevirdi, lakin bıçaq da çox pis hala düşmüşdü, ülgücü daha kəsmirdi, sarı sümüyünün yarısı qırılmışdı. Sabah bıçağını da qıracaq  və onda artıq onun heç nəyi qalmayacaq.

   Birdən Saşkanın balaca gözləri heyrətlə parladı və üzü bir an içində əvvəlki arxayın və əmin ifadəsini aldı. Küknar ağacının digərlərindən zəif işıqlandırılmış üzü ona olan tərəfində həyat şəklində  əksik olanı gördü, onsuz ətrafda hər şey boş idi, elə bil ətrafdakı insanlar da canlı deyildilər. O, qalın tünd budaqlar arasında səliqəsiz asılmış mum mələk idi, sanki havada uçurdu. Şəffaf, cırcıramanınkına bənzər balaca qanadları üzərinə düşən işıqdan səyriyirdi və özü də canlı kimi idi, sanki elə indicə uçacaqdı. İncəliklə düzəldilmiş çəhrayı əlləri yuxarı uzanırdı, onların ardınca da Kolyanın saçlarına bənzər saçları olan başı. Lakin onda Kolyada və bütün başqa üzlərdə və əşyalarda olmayan başqa bir şey var idi. Mələyin siması sevincdən işıldamırdı, kədərdən boğulmamışdı, onda sözlərlə izah oluna bilməyən, düşüncələrlə müəyyənləşdirilməyən, ancaq belə bir hissi yaşayan insana məlum olan başqa bir hissin izi var idi. Saşka hansı müəmmalı gücün onu mələyə cəlb etdiyini dərk etmirdi, lakin hiss edirdi ki, onu həmişə tanıyıb, həmişə sevib, hər şeydən çox sevib, cib bıçağından da, atasından da, qalan hamıdan da. Heyrət, həyəcan, anlaşılmaz təəccüblə dolu Saşka əllərini sinəsində birləşdirərək pıçıldadı:

Əziz… əziz mələk!

   Nə qədər diqqətlə baxırdısa, mələyin ifadəsi də o qədər təsirli və mənalı olurdu. O  qədər uzaq idi ki, burda ətrafda olan heç nəyə bənzəmirdi. O biri oyuncaqlar sanki bu parlaq küknar ağacının üstündə bəzəklə, qəşəng asıldıqlarından qürur duyurdular. O isə kədərli idi, parlaq bezdirici işıqdan qorxurdu və qəsdən bu tünd yaşıllıqda gizlənmişdi ki, heç kim onu görməsin. Onun zərif balaca qanadlarına toxunmaq belə qəddarlıq olardı.

   – Əzizim… əzizim! – Saşka pıçıldadı.

   Saşkanın başı od tutub yanırdı. O, əllərini belinə qoydu və mələk üçün ölümcül savaşa tam hazırlıq vəziyyətində ehtiyatlı və oğrun addımlarla dolaşmağa başladı. Mələyə baxmırdı ki, birdən başqalarının diqqətini ona çəkər, lakin hiss edirdi ki, o, hələ də burdadır, uçub getməyib. Qapının ağzında ev sahibəsi göründü- hündür, nəcabətli, ağarmış saçları yuxarıdan yığılmış yaşlı bir xanım. Uşaqlar heyrət içində onun ətrafına doluşdular, atılıb-düşən balaca qızcığaz isə yorğun halda onun qucağında dayanmışdı və ağır-ağır yuxulu gözlərini qırpırdı. Saşka da yaxınlaşdı. Boğazı tutulmuşdu.

   – Xala, ay xala, – nəvazişlə danışmağa çalışırdı, lakin həmişəkindən də kobud alındı. – Xa… Xalacan.

   O eşitmirdi, Saşka səbirsiz halda onun donunun ətəyindən dartdı.

   – Nə istəyirsən? Donumu niyə dartırsan? -yaşlı qadın təəccübləndi. – Bu ədəbsizlikdir.

   – Xa…xalacan. O mələyi mənə ver də.

   – Olmaz, – ev sahibəsi laqeydcəsinə cavab verdi. – Ağacı yeni ildə sökəcəyik. Sən də artıq balaca deyilsən və məni adımla çağıra bilərsən, Mariya Dmitriyevna deyə.

   Saşka ayaqlarının altından yerin necə qaçdığını hiss etdi və ən son vasitəyə əl atdı..

   – Mən peşman olmuşam. Daha yaxşı oxuyacağam, – qırıq kəlmələrlə dedi.

   Lakin müəllimlərə yaxşı təsir edən bu düstur yaşlı qadında heç bir hiss oyatmadı.

   – Yaxşı edəcəksən, dostum, – yenə eyni laqeydliklə cavab verdi.

   Saşka kobudcasına dedi:

Mələyi ver.

   – Olmaz axı! – sahibə dedi. – Başa düşmürsən?

   Lakin Saşka başa düşmürdü və xanım çıxışa doğru addımlayanda boş, mənasız baxışlarını qara xışıldayan donuna zilləyərək arxasıyca düşdü. Sayıq işləyən beynində bir xatirə canlandı, bir dəfə onun sinfindən bir gimnazist müəllimədən ona üç qoymasını xahiş etdi, müəllim etiraz edəndə isə onun qarşısında diz çökdü və sanki dua edirmiş kimi əllərini birləşdirərək hönkürtü ilə ağladı. Müəllim onda hirslənmişdi, amma yenə də üçü vermişdi. Saşka vaxtında bu epizodu karikatura ilə əbədiləşdirmişdi, amma indi başqa yolu qalmamışdı. Saşka xalanın donundan dartdı və o, üzünü çevirəndə səs-küylə onun qarşısında diz çökdü və əllərini də həminki kimi qoydu. Lakin ağlaya bilmədi.

   – Sən dəli olmusan! – yaşlı qadın ucadan dilləndi və ətrafına baxdı. Yaxşı ki, kabinetdə heç kim yox idi. – Nə olub sənə?

   Dizi üstə əlləri bitişik halda dayanan Saşka ona nifrətlə baxdı və kobudcasına tələb etdi:

   – Mələyi ver!

   Saşkanın yaşlı qadına zillənən və onun nə deyəcəyini intizarla gözləyən gözləri heç xoş təsir bağışlamırdı və sahibə tələsik cavab verdi:

   – Yaxşı, verərəm, verərəm. Sən necə də axmaqsan! Əlbəttə ki, istədiyini sənə verərəm, amma axı niyə Yeni ilə kimi gözləmək istəmirsən? Dur ayağa! Və heç vaxt, – yaşlı qadın ibrətamiz tərzdə əlavə etdi, – diz çökmə, bu insanı alçaldır. Ancaq Tanrının hüzurunda diz çökmək olar.

   “Danış özünçün”, – Saşka düşündü və xalanı qabaqlamağa çalışaraq onun donunu tapdaladı.

   O, oyuncağı çıxardanda Saşka gözlərini ona zilləmişdi, acı-acı burnunu qırışdırdı və barmaqlarını gərdi. Ona elə gəlirdi ki, ucaboy qadın mələyi sındıracaq.

   – Gözəl şeydir, – xanım dedi, deyəsən zərif və bahalı oyuncağa görə təəssüflənirdi. – Bunu bura kim asıb? Qulaq as, bu oyuncaq nəyinə lazımdır? Axı sən böyümüsən, neyləyirsən onu? Bax, orda şəkilli kitablar var. Bunu isə Kolyaya söz vermişəm, elə istəyirdi ki, – yalandan dedi.

   Saşka artıq dözə bilmirdi. Əsəbi halda dişlərini sıxdı və qıcadı. Yaşlı qadın hər şeydən çox söz-söhbətdən qorxurdu , ona görə də mələyi sakitcə Saşkaya uzatdı.

   – Al, al, yaxşı – o, narazılıqla dedi. – Necə də tərssən!

   Mələyi hər iki əliylə götürdü, onlar polad yay kimi gərgin idilər, amma elə yumşaq və ehtiyatla davranırdı ki, sanki mələk indicə əlindən uçacaqdı.

   – А-аx! – Saşka köksünü ötürdü, gözləri yaşarmışdı. Mələyi ehmalca sinəsinə yaxınlaşdirdı, işıldayan gözlərini sahibədən çəkmirdi və sakit, mülayim təbəssümlə gülümsəyirdi, sevincindən yerində donub qalmışdı. Sanki mələyin zərif qanadları Saşkanın batıq sinəsinə toxunanda  kin, qüssə, günah və iztirabla dolu yer üzündə heç zaman baş verməyən sevincli, işıqlı hadisə baş verəcəkdi.

   – А-ах! – mələyin qanadları Saşkaya toxunanda yenə dərindən ah çəkdi. Və onun simasının parıltısı qarşısında sanki boş-boşuna bəzədilmiş, lazımsız yerə yanan küknar ağacı söndü, yaşlı qadın sevinclə gülümsədi, keçəl kişinin quru siması titrədi, uşaqlar canlı sükut içində donub qaldılar, sanki hamısına xoşbəxtliyin nəfəsi toxunmuşdu. Və bu qısa an içində hamı yöndəmsiz, paltarı əyninə dar gələn gimnazistlə naməlum rəssam əli ilə canlandırılmış mələyin siması arasında müəmmalı oxşarlığın şahidi oldular.

   Cəmi bircə dəqiqə sonra hər şey tamam dəyişdi. Tullanmağa hazırlaşan panter kimi qısılan Saşka tutqun baxışlarla ətrafdakıları süzdü, sanki ondan mələyi almağa cəsarət edən adamı axtarırdı.

   – Gedim evə, – Saşka izdihamın içindən özünə yol açaraq boğuq səslə dedi. – Atamın yanına.

  III

   Anası bütün günü işləməkdən və içdiyi arağın təsirindən taqətdən düşüb yatmışdı. Arakəsmənin o tərəfindəki balaca otaqda stolun üstündə mətbəx çırağı yanırdı, onun zəif sarımtıl işığı his basmış şüşədən güclə keçirdi və Saşka ilə atasının üzünə qəribə kölgələr salırdı.

   – Qəşəngdir? – Saşka pıçıltı ilə soruşdu.

   Mələyi uzaqda tutmuşdu və atasına ona toxunmağa icazə vermirdi

   – Hə, onda xüsusi nəsə var, – atası oyuncağa dalğın-dalğın baxaraq pıçıldadı.

   Onun üzündə də Saşkanınkında olduğu kimi diqqət və sevinc var idi.

   – Bir bax, – atası davam etdi, – indi uçacaq.

   – Görmüşəm, – Saşka təntənə ilə cavab verdi. – Elə bilirsən koram? Hələ qanadlarına bax. Nç, toxunma!

   Atası əlini çəkdi və tutqun gözləri ilə mələyi öyrənməyə başladı, Saşka isə nəsihət verirmiş kimi pıçıldayırdı:

   – Nə pis xasiyyətin var, gərək hər şeyə əlini vurasan. Qırarsan axı!

   Divarda iki əyilən adamın eybəcər və hərəkətsiz kölgələri görünürdü: biri böyük və pırtlaşıq saçlı, o biri balaca və yumru. Böyük başda qəribə, əzabverici və eyni zamanda sevincli iş gedirdi. Gözlərini qırpmadan mələyə baxırdı və bu baxışlar altında o, daha da böyüyürdü  və işıq saçırdı, qanadları səssiz titrəyişlə əsirdi, ətrafdakı hər şey isə – hislə örtülmüş odun divar, çirkli stol, Saşka – hamısı kölgəsiz və işıqsız boz kütləyə qarışmışdı. Və ölən insanın xəyalına nə vaxtsa yaşadığı və həmişəlik qovulduğu o möcüzəli dünyadan mərhəmətli bir səs gəlirdi. Orda çirkab və insanı məyus edən söyüşlər, xudpəsəndlərin darıxıdırıcı , kor-koranə və qəddar mübarizəsi haqqında heç nə bilmirdilər. Orda küçədə gülüşlə ayağa qaldırılan, gözətçilərin kobud əlləri ilə döyülən insanın iztirabları haqda heç nə bilmirdilər. Orda təmizlikdir, şənlikdir, hər yer nura boyanıb.Və bütün bu saflıq həyatından da çox sevdiyi və itirdiyi o qadının qəlbində sığınacaq  tapıb. O isə lazımsız həyat yaşayır. Oyuncaqdan gələn mum qoxusuna güclə sezilən ətir qoxusu qarışmışdı və ölən insan o qadının zərif barmaqları ilə mələyə necə toxunduğunu xəyal edirdi. O barmaqları necə öpmək istərdi. Bircə-bircə və uzun-uzun. Ölüm dodaqlarını əbədi yumana qədər. Bu oyuncaq ona görə bu qədər qəşəng idi, ona görə onda sözlərlə ifadə olunmayan, insanı özünə çəkən xüsusi nəsə var idi. Mələk o qadının ruhunun olduğu səmadan yerə enmişdi. Bu rütubətli və tüstü hopmuş otağa, hər şeyindən- sevgi, xoşbəxtlik və həyatından məhrum edilmiş bu insanın qara qəlbinə nur bəxş etmişdi.

   Ömrünü başa vurmuş bu insanın gözləri yanında həyata yeni başlayan balaca insanın gözləri işıldayırdı və mələyi əzizləyirdi. Bu an onun üçün indi və gələcək, həmişə kədərli və yazıq ata, kobud və dözülməz ana, inciklik, qəddarlıq, təhqir, boğucu qüssənin qara zülməti mövcud deyildi. Saşkanın arzuları biçimsiz və dumanlı olsa da onun təlaş dolu qəlbini dərindən həyəcanlandırırdı. Dünya üzərində dolaşan bütün yaxşılıqları, tanrı həsrəti ilə çırpınan qəlblərin bütün iztirab və ümidlərini mələk özünə hopdurmuşdu, ona görə də belə yumşaq, ilahi nurla yanırdı, ona görə də şəffaf qanadları səssiz titrəyişlə əsirdi.

   Ata və oğul bir-birini görmürdü, yaralı ürəkləri ayrı-ayrılıqda xiffət çəkir, ağlayır və sevinirdi. Lakin qəlblərini birləşdirən nəsə ortaq bir hiss var idi ki, aralarındakı insanı insandan ayıran, onu belə tənha, bədbəxt və zəif edən sonsuz uçurumu məhv edirdi. Atası qeyri-iradi hərəkətlə əlini oğlunun boynuna qoydu, oğlu da başı ilə onun zəif sinəsinə sığındı.

   – Bunu sənə o verdi hə? – atası gözünü mələkdən çəkmədən soruşdu.

   Başqa vaxt olsaydı Saşka kobudluq edərdi, amma indi cavab öz-özlüyündən qəlbində səsləndi və sakitcə uydurma yalanı dilinə gətirdi.

   – Başqa kim ola bilər ki? Əlbəttə ki, o.

   Atası susurdu, Saşka da. Qonşu otaqda nəsə cırıldadı, bir anda susdu, saatlar zərblə və tələsik üçü vurdu: bir, iki , üç

   – Saşka, heç yuxu görürsən? – atası fikirli-fikirli soruşdu.

   – Yox, – Saşka dilləndi. – Yox amma, bir dəfə görmüşəm, damdan yıxılmışdım. Göyərçinlərə görə çıxmışdım, yıxıldım.

   –  Mənsə həmişə görürəm. Möcüzəli olurlar. Nə oldu, görürəm, həqiqətdəki kimi sevirəm, əzab çəkirəm…

   Yenə susdu və Saşka boynundakı əlin necə titrədiyini hiss etdi. O, get-gedə daha da  güclü əsirdi və dartılırdı. Gecənin sükutu qəfildən yığılıb qalmış hönkürtünün hıçqırıqla dolu, aciz səsi ilə pozuldu. Saşka qaşlarını tərpətdi və ağır, titrəyən əli narahat etməmək üçün ehtiyatala göz yaşını sildi. Böyük və yaşlı insanın ağladığını görmək elə qəribə idi ki.

   – Ax, Saşa, Saşa! – atası hıçqırdı. – Bütün bunlar niyə olur?

   – Nə oldu yenə? – Saşka qaşqabaqla pıçıldadı. – Lap, lap balaca uşaq kimisən.

   – Yaxşı… ağlamıram, – atası miskin təbəssümlə üzr istədi . – Doğrudan da… niyə?

   Feoktista Petrovna yatağında çevrildi. O, ah çəkdi, ucadan və qəribə inadla donquldandı: “Paltarı tut…tut, tut, tut”. Yatmaq lazım idi, ancaq gərək mələyi də yerbəyer edəydi. Onu yerdə qoymaq olmazdı, sobanın buxarkeşinə bərkidilmiş ipdən asılmışdı və kafellərin ağ fonunda açıq-aydın görünürdü. Belə onu ikisi də görə bilirdi – həm Saşka, həm də atası. Atası üstündə yatdığı cır-cındırı tələm-tələsik küncə tullayaraq cəld soyundu və beli üstə uzandı ki, tez mələyə baxa bilsin.

   – Sən niyə soyunmursan? – atası cırıq yorğana bürünərək və ayaqlarının üstündəki paltonu düzəldərək soruşdu.

   – Nəyə lazımdır? Onsuz bir azdan duracam

   Saşka demək istəyirdi ki, heç yatmaq istəmir, amma elə tez yuxuya getdi ki, sözü ağzında qaldı, sanki dərin və sürətlə axan çayın dibinə enirdi.Tezliklə atası da yatdı. Ömrünü başa vuran insanın haldan düşmüş üzünə və hələ təzə-təzə yaşamağa başlayan cəsur insanın üzünə həzin sükut və rahatlıq çökdü.

   İsti sobanın yanında asılmış mələk isə əriməyə başladı. Saşkanın təkidi ilə yanıq qalan çıraq otağı neft qoxusuna bürüyürdü və hisli şüşədən asta-asta əriyən mələyin üzərinə qəmgin işığını salırdı. Mələk sanki hərəkət edirdi. Onun çəhrayı ayaqlarından qatı damcılar sürüşüb divanın üstünə tökülürdü. Neft qoxusuna əriyən mum qoxusu qarışırdı. Budur, mələk tərpəndi, sanki uçacaqmış kimi və yumşaq tıqqıltı ilə qaynar piltənin üstünə düşdü. Boz tarakan formasız külçə ətrafında ora-bura qaçışdı, qanadların üstünə çıxdı və bığcıqlarını dartaraq uzaqlaşdı.

   Pərdə asılmış  pəncərəyə isə yeni başlayan günün göyümtül işığı düşürdü və həyətdə soyuqdan tir-tir əsən suçu artıq dəmir abgərdənini döyəcləyirdi.

Tərcüməçi: Taedium Vitae

Mənbə: www.az.lib.ru

Advertisements