16996403_1374519419236758_7180043296601565474_n”Oyunun sonu” kitabından hekayə

Yaxşı, tutaq ki, sən özünü  Sena çayına atacağına söz verdin, ya da nəsə belə bir şey və çıxıb getdin, gecə vaxtı əzik-üzük döşəkağı üstündə dil dolaşa-dolaşa deyilən həmişəki adi səfehliklər, mənsə onları güclə eşidirəm, yüngül toxunuşlarınla diqqətimi çəkməyə çalışsan da, çoxdandır sözlərinə biganəyəm, onlar bağlı gözlərimdən, yuxumdan da o tərəfə sürüşərək məni harasa aşağı dartırlar. Bir tərəfdən də bəlkə elə belə yaxşıdır, mənə nə, getmisən, ya batmısan, yoxsa hələ də sahil boyu gəzərək suya baxırsan, həm heç elə də deyil, axı sən hələ burdasan və yuxuda ağır-ağır nəfəs alırsan, axı getməmisən, getmək istəyirdin, gecənin ortası, yuxu məni əldən salmışdı və yadımdadır ki, Senaya atılmağa hazırlaşırdın və qorxurdun, amma sonra fikrini dəyişdin, indi yanımdasan, yuxuda titrəyirsən, sanki necə getdiyini, sahilə necə çatdığını və suya necə atıldığını yuxuda görürsən. Və hər dəfə də belə, sonra ağlamaqdan şişmiş gözlərin, sonra yuxuya gedirsən və səhər saat on birə qədər yatırsan, gecə doğrudan da suda  boğulanlar haqqında xəbər yayan qəzetlər paylanılana kimi.

Necə də gülüncsən. Sənin coşqun, ehtiraslı qətiyyətin, gedərkən qapını çırpmaq kimi qeyri-təbii hərəkətlərin adamı sual verməyə vadar edir ki, yəni sən doğrudan da öz hədə-qorxularına, epitet və məzəmmətlərlə dolu, dramatik səhnələr və göz yaşlarının qarışdığı ucuz təhdidinə inanırsan? Sən başqa kişiyə layiqsən, hansı ki, sənin sözlərini cavabsız qoymasın, onunla yavaş-yavaş ideal cütlüyə çevrilərsiniz, bir-birinin gözünə baxıb hələ də n qədər dəyərsiz vaxtlarının olduğuna əmin olan və sonra yenidən yaşamağa davam edən, xam torpaq və tava dibindən dəm vuran, get-gedə çürüyən və iylənən kişi və qadın.  Beləcə susuram, siqaret çəkirəm, və səni dinləyirəm, şikayətlərini (hamısı ilə razıyam, amma mən nə edə bilərəm ki), ya da ən yaxşısı, yuxulayıram, sənin öyrəşdiyim həmişəki lənətlərinlə mürgüləyirəm, gözlərimi qapayıram, ilk yuxu epizodlarını sənin çılçıraq işığında toy günü bizə hədiyyə verilən gecə köynəyində qəribə əl hərəkətlərinlə uyğunlaşdırıram, və nəhayət ki, yuxuya gedirəm, az-çox işimə yaraya biləcək hərəkət və məzəmmətlərini, qəzəbdən göyərən dodaqlarını, xırıltılı səsini də özümlə aparıram (bunu sənə demək olar ki, məhəbbətlə etiraf edirəm). Yuxularım onlarla daha da zəngin olacaq və inan mənə, orda heç kim boğulmayacaq.

Əgər belədirsə, səni bu yataqda nə saxlayır? Onu asanlıqla başqa daha böyük və genişinə dəyişə bilərsən. Yatmısan, yuxuda yüngülcə ayağını tərpədərək döşəkağına yeni-yeni formalar verirsən, elə bil nəyəsə acıqlısan, ya da məyus olmusan, nifrət, yorğunluq və kədər hopmuş dodaqların meh kimi ani tənəffüsünə mane olur və əgər daimi boş hədə-qorxularından cana gəlməsəydim, mən əvvəlki kimi səni gözəl hesab edərdim, yuxuda yenə əvvəlki kimi arzu olunan olursan, bizi maşın təkərlərinin və banlayan xoruzların səs-küyü ilə dolu bu səksəkəli səhərdən çox uzaqda olan itirilmiş yaxınlığımıza və köhnə hisslərimizə qaytarırsan. Özümdən təkrar-təkrar soruşuram, sən doğrudanmı getmisən və mən yuxuya dalanda qapını çırpan doğrudanmı sən idin, yəqin elə ona görə də sənə toxunmaq istəyirəm, burda olmağına şübhəm olmasa da, bilirəm ki, heç hara çıxmamısan, qapını çırpan külək idi, getməyin xəyalıma gəlib, sən isə bütün bu vaxt ərzində mənim yatmış olduğumu ağlına belə gətirmədən məni öz hədələrinlə qorxudurdun.

Yenə də sənə toxunuram, ancaq ona görə ki, yaşılımtıl sübh alatoranlığında titrəyən çiyninə toxunmaq elə xoşdur ki… Barmaqlarım boynunun qüsursuz xəttini təkrarlayır, şirin nəfəsin məni oxşayır və artıq düşünmədən döşəkağı ilə azacıq örtülü vücudunu özümə doğru çəkirəm, etiraz edərək büzüşsən də, azad olmağa çalışsan da, ikimiz də bu oyunu gözəl bilirik, ki ona inanmayaq, bizimki belə gətirib, ki üzünü çevirəsən, dodağının altında qırıq-qırıq nəsə deyəsən, yuxulu, əzgin vücudunla geri çəkiləsən, onsuz da bu an bizi heç nə ayıra bilməz, bardaqdakı hörümçəklər kimi, toxunan qara və ağ iplər kimi bir-birimizə sarılacağıq. Döşəkağı ağ büküşləriylə od tutub yanır, havanı dəlib keçərək qaranlıqda yox olur və bu zaman dan yeri artıq çılpaq olan vücudalarımızı qatı, titrək işığı ilə bürüyür, sən hələ də əllərini uzadıb müqavimət göstərsən də, sıxılsan da, birdən ombaların şiddətlə silkələnir, sonra yenə cəhənnəmin qapıları məni-məndən güclə alaraq üzümə bağlanır.

Sənə malik olmaq mənim xoşuma gəlir (əvvəlki kimi, tələsmədən, zərifliklə), qamış kimi nazik əllərini ehmalca bükmək, titrək bədəninin, geniş açılmış gözlərinin məmnunluğunu duymaq, nəhayət ki, rəvan, dalğavari ahənglə sakitləşirsən, qabarcıqlarla dərinliklərdən yanıma qalxırsan, barmaqlarımı incə-incə yastığın üstünə səpələnmiş saçlarının arasına keçirdirəm, təəccüblə əllərimin yaşılımtıl alatoranlıqda necə sənə doğru uzandığını görürəm, və bilirəm ki, səni elə indicə sudan çıxardıblar, təbii ki, gecikiblər, indi daş sahil üzərində çəkmə və qışqırıqların dövrəsində üzü üstə, çılpaq uzanmısan, saçların yaşdı, gözlərinsə bərəli qalıb.

Tərcüməçi: Taedium Vitae

Mənbə: www. lib.ru

Advertisements