17499131_1077562575682488_3955591987665897186_n

Limanda dayanıb qağayılara baxanda mənim qəmgin üzüm bu məhəllədə növbədə olan polisin diqqətini çəkdi. Fikrim bütünlüklə quşların yanında idi, onlar gah havaya qalxır, gah da qida axtarmaq üçün suya enirdilər. Liman bomboş idi, neftlə çirklənmiş, üstü qatı yağ təbəqəsi ilə örtülmüş yaşılımtıl suda hər cür zir-zibil üzürdü, bir dənə də olsun paroxod görünmürdü, qaldırıcı kranlar pas atmışdı, anbar əraziləri uçulub sökülmüşdü, limanın qaranlıq xarabalıqlarında hətta siçovullar da gözə dəymirdi, ətrafda tam sakitlik idi. Artıq uzun illər idi ki, ətraf aləmlə hər cür əlaqə kəsilmişdi.

Bir qağayı seçib onun uçuşunu izləməyə başladım. Fırtınanı hiss edən ürkək qaranquş kimi o, suyun üzərindən lap aşağıdan uçurdu və hərdən cürətlənərək çığırtı ilə yuxarı qalxıb öz yoldaşlarına qoşulurdu. O an məndən nə istədiyimi soruşsaydılar, ancaq çörək arzulayardım. Onu qağayılara yedirdərdim, qırıntıları atardım və ağ nöqtələrlə quşların nizamsız uçuşunun istiqamətlərini müəyyənləşdirib məqsədlərindən xəbər tutardım.

Çörək dilimlərini ataraq qarmaqarışıq uçuşlarını dağıtmaq, onların dəstəsinə qoşulmaq, onlardan biri olmaq  istəyirdim. Lakin mən də bu quşlar kimi ac idim, əldən düşmüşdüm, yenə də kədərimə baxmayaraq xoşbəxt idim. Burda əllərimi cibimə salıb dayanmaq, qağayılara baxmaq və kədərdən zövq almaq elə yaxşı idi ki.

Birdən kiminsə amiranə əli çiynimə toxundu və mən eşitdim:

– Ardımca gəlin! – Çiynimi dartan əl məni özünə doğru çevirməyə çalışırdı.

Üzümü çevirmədən əli aşağı saldım və sakitcə dedim:

– Sizin ağlınız çaşıb.

– Vətəndaş,  – hələ də gözə görünməyən bu adam dedi,  –

sizə xəbərdarlıq edirəm.

– Qulaq asın, cənab… – mən cavab verdim.

– Nə cənab?! – o, qəzəblə bağırdı. – Biz hamımız vətəndaşıq.

Yanımda dayandı, məni böyürdən süzdü və səmalara dalan xoşbəxt baxışımı polisin xeyirxah gözlərinə zilləməli oldum. O, illərdir öz vəzifə borcundan başqa bir şey bilməyən kəl kimi ciddi idi.

– Hansı əsasla… – danışmağa başladım.

– Əsas kifayət qədərdir, – o dedi. – Sizin qəmgin üzünüz.

Güldüm.

– Gülməli heç nə yoxdur! – Qəzəbindən az qala partlayacaqdı.

Əvvəl düşündüm ki, bütün bunları darıxdığından düzüb- qoşub, yəqin gözünə bir nəfər də olsun saxlanılası qeydiyyatdan keçməmiş fahişə, sərxoş dənizçi, oğru, yaxud fərari dəyməyib, lakin indi əmin oldum ki, o, zarafat etmir və doğrudan da məni həbs etmək niyyətindədir.

– Ardımca gəlin!..

– Axı niyə? – sakitcə soruşdum.

Özümə gəlməyə macal tapmamışdım ki, sol biləyimə zəncirin necə bağlandığını hiss etdim və həmin an sonumun yaxınlaşdığını anladım. Sonuncu dəfə üzümü pərvaz edən qağayılara çevirdim, gözəl bozumtul səmaya baxdım və qəfil hərəkətlə sivişib suya atılmağa cəhd etdim. Mənə elə gəlirdi ki, hardasa xəlvəti həyətdə muzdlu cəlladların əli ilə boğulmaq, yaxud həbsxana divarları arasında çürüməkdənsə, bu çirkli nohurda boğulmaq daha yaxşıdır. Lakin polis zənciri dartaraq məni özünə tərəf elə güclə çəkdi ki, artıq qaçış haqqında düşünməyin belə yeri yox idi.

– Nəyə görə axı? – bir də soruşdum.

– Qanuna əsasən hamı xoşbəxt olmalıdır..

– Mən xoşbəxtəm! – ucadan dilləndim.

– Bəs qəmgin üzünüz… – Başını yellədi.

– Axı bu, yeni qanundur, – dedim.

– Onun dərc olunmasından artıq otuz altı saat keçib, sizə isə məlum olmalıdır ki, qanun dərc olunduqdan iyirmi dörd saat sonra qüvvəyə minir.

– Mən belə qanun bilmirəm axı.

– Qanunu bilməmək cəzadan azad etmir. O, bütün səsgücləndiricilər vasitəsilə elan olunub, qəzetlərdə çap edilib, mədəniyyətin radio və mətbuat kimi nemətlərindən istifadə etməyənlər üçün isə,- o, məni nifrət dolu baxışlarla süzdü,- bütün imperiya boyu vərəqələr paylanıb. Ona görə də biz hələ sizin son otuz altı saatı harda keçirtdiyinizi müəyyənləşdirməliyik.

Məni darta-darta apardı. Yalnız indi soyuq olduğunu, üşüdüyümü, paltomun olmadığını hiss etdim, aclıqdan mədəmin quruldadığını eşitdim, yuyunmadığımı, üzümün tükləndiyini, cır-cındır içində olduğumu və qanuna əsasən bütün vətəndaşların təmiz yuyunmalı, təraş etməli, xoşbəxt və tox olmalı olduqlarını xatırladım.

Polis məni oğurluq üstündə yaxalanmış və buna görə də tarla və tərəvəzlərdən rədd edilmiş müqəvva kimi itələyə-itələyə aparırdı.

Küçələrdə adam yox idi, polis şöbəsi o qədər də uzaqda deyildi. Baxmayaraq ki, azadlıqdan məhrum olunacağıma, bunun üçün dərhal nəsə səbəb tapılacağına şübhəm yox idi, yenə də azacıq hüzünləndim, çünki polis məni gəncliyimin keçdiyi yerlərlə aparırdı, limanda olduqdan sonra oralarda gəzişmək, mənzərəli, sıx kolluqlu bağlarda, ot basmış yollarda dolaşmağa hazırlaşırdım. Təəssüf ki, bu yerlər hamısı indi bölünmüş, dördbucaqlara ayrılmış, hərbi təlimlər üçün uyğunlaşdırılmışdı. Sadiq təbəə ittifaqları hər bazar ertəsi, çərşənbə və şənbə günü burda təlim keçirtməli idilər. Təkcə səma və hava əvvəlki kimi, qəlbin hələ xəyallarla dolu olduğu günlərdəki kimi qalmışdı.

Yolda gördüm ki, eyş-işrət üçün nəzərdə tutulmuş bəzi kazarmaların üstünə rəsmi emblem – çərşənbə günü gigiyenik prosedurlarının növbəsi çatanlar üçün xatırlatma asılıb. Bəzi meyxanaların üstündə də içki emblemi – köndələn zolaqlı üç dövlət rəngi: açıq qəhvəyi, tünd-qəhvəyi və açıq qəhvəyi rənglərlə boyanmış möhürlü tənəkə bardaq asılmışdı. Şübhəsiz ki, adı rəsmi siyahıda olan, bu gün pivə qonaqlığına qoşulacaq vətəndaşların qəlbində indi xoşbəxtlik hökm sürürdü.

Qarşılaşdığımız yolçular polisi görəndə üzlərini min cidd-cəhdlə düzəldirdilər. İnsanlar addımlarını yeyinləndirirdilər, üzlərində yerinə yetirilmiş borc ifadəsi var idi, mağazalardan çıxan qadınlar isə dünyaya sevincdən parlayan gözlərlə baxmağa çalışırdılar, belə də olmalı idi, axı qanun qadından sevincli, nəşəli, gümrah görünməyi tələb edirdi, elə təkcə ona görə ki, o, evin sahibəsidir və vəzifəsi axşam yaxşı yeməklə dövlət işçisinin qarnını doyuzdurub itmiş qüvvəsini bərpa etməkdən ibarətdir.

Lakin bütün bu insanlar bizimlə birbaşa qarşılaşmadan məharətlə yayınırdılar. Küçədə bizdən iyirmi addım aralıda bütün həyat əlamətləri yox olurdu, hər kəs ilk gözünə dəyən mağazaya soxulmağa, yaxud döngəni dönməyə çalışırdı, bəziləri isə hətta tanımadığı evlərə girir və addımlarımızın səsi kəsilənədək qapı arxasında dayanaraq təlaş içində gözləyirdilər.

Yalnız bircə dəfə yolayrıcını keçdiyimiz zaman yaşlı bir insanla üz-üzə gəldik, sinəsində məktəb müəllimi nişanını dərhal gördüm. Qoca bu görüşdən heç cür yayına bilməzdi, ona görə də qeyri-ixtiyari öz borcunu yerinə yetirməli oldu. Hər şeydən öncə bütün qayda-qanunlara əməl edərək polisi salamladı, tam itaətkarlıq əlaməti olaraq əli ilə üç dəfə başına qapaz vurdu. Sonra üç dəfə üzümə tüpürdü və belə hallarda mütləq olan təhqiramiz ifadəni səsləndirdi: “Murdar satqın!”

O, dəqiq nişan almışdı, lakin görünür ona isti idi və ağzı qurumuşdu, ona görə də mənə ancaq bir neçə yüngül damcı gəlib çatdı ki, onları da qanuna zidd olaraq qeyri-ixtiyari paltarımın qolu ilə sildim, buna görə polis mənə arxadan təpik vurdu, kürəyimi yumruqladı və sakit səslə aydınlıq gətirdi: “Birinci dərəcə”. Bu, istənilən polis məmuru tərəfindən tətbiq oluna bilən ilk ən yumşaq cəza tədbiri demək idi.

Müəllim tələsik uzaqlaşdı. Qalan hər kəs vaxtında gözdən itməyə müvəffəq olmuşdu. Təkcə eyş-işrət kazarması önündə axşam gəzintisi edən solğun, dolubədənli, sarışın bir qadın mənə öpüş yolladı və mən cavabında minnətdarlıq hissi ilə gülümsədim. Polis isə özünü görməməzliyə vurdu. Polislərə bu cür qadınlara sərbəstlik verməyə qadağa qoyulmurdu, baxmayaraq ki, digərlərinə  bu hərəkət baha başa gələrdi. Bu məşhur qanun onlara aid edilmirdi, çünki onlar qalan hamıdan çox dövlət işçilərinin əmək qabiliyyətlərinin yüksəlməsinə xidmət edirdilər. Bununla belə üçqat fəlsəfə doktoru Blyayget ümumi fəlsəfə məsələləri üzrə rəsmi jurnalda bu imtiyazı liberalizm törəməsi əlaməti kimi ifşa etmişdi.

Bu haqda dünən paytaxta gələndə bir kəndlinin həyətində ayaqyolunda gördüyüm bir neçə qəzet vərəqəsində oxumuşdum. Hansısa tələbə, bəlkə də elə bu kəndlinin oğlu üçqat fəlsəfə doktorunun mülahizələrinə çox dərin mənalı şərhlərlə əlavələr etmişdi.

Xoşbəxtlikdən siqnal səsləri eşidiləndə biz artıq polis şöbəsinə çatdıq, bu, o demək idi ki, bir neçə dəqiqədən sonra küçələr üzləri sakit xoşbəxtliklə parlayan minlərlə insanla dolacaq (məhz sakit xoşbəxtliklə, çünki iş gününün sonunda coşqun xoşbəxtlik nümayiş etdirmək işin ağır yük olduğu mənasına gələrdi, şadyanalıq isə, mahnılar və şadyanalıq iş gününün başlanğıcını müşayiət etməli idi), və bütün bu minlərlə insan mənim üzümə tüpürməli olacaqdı. Elə, ya da belə, bu siqnal iş gününün on dəqiqə sonra bitməsi demək idi. Bütün işçilər bu on dəqiqə ərzində indiki ali rəhbərin “Xoşbəxtlik və sabun” şüarına əsasən yaxşıca yuyunmalı idilər.

Polis şöbəsi binasının, daha dəqiq desək beton parçasının qapısı iki qarovul tərəfindən qorunurdu və ordan keçəndə onlar 1 nömrəli dövlət qanununun giriş hissəsinə uyğun (orda yazılmışdı: “Hər polis məmuru  tutulan şəxsin bədənində (həbs olunanı onlar belə adlandırırdılar) öz səlahiyyətinin sənədli izini qoymağa borcludur. Cinayətkarı tutan polis istisna təşkil edir, ona istintaq vaxtı lazımı tədbirləri həyata keçirmək hüququ verilir”.)“cəza tədbirləri”ni üzərimdə tətbiq etməyə başladılar, nizələri ilə başıma və tapançanın qundağı ilə çiynimə vurdular.

1 nömrəli dövlət qanununun özü isə aşağıdakıları əks etdirirdi: “Hər polis məmuru qanun qarşısında hər hansı günah işlədən şəxsi şəxsən özü cəzalandıra bilər və cəzalandırmalıdır. Cəzaların həyata keçirilmə ardıcıllığı vacib deyil. Amma ardıcıllıqla da keçirilə bilər” .

Biz çılpaq divarları və çoxsaylı böyük pəncərələri olan uzun dəhlizdən keçdik və qarşımızdakı qapı öz-özünə açıldı. Girişdə dayanan qarovullar artıq gəlişimizi xəbər vermişdilər. Həmin günlər hamı xoşbəxt, qanuna tabe olan, səliqəli olduğundan və gündəlik nəzərdə tutulan yarım kilo sabunu vaxtlı-vaxtında işlətdiyindən tutulmuş(həbs olunmuş) bir şəxsin peyda olması böyük hadisə idi.

Girdiyimiz otaqda ancaq üstündə telefon olan  yazı stolu və iki kreslo var idi. Mən otağın mərkəzində dayanmalı idim. Polis dəbilqəsini çıxartdı və oturdu.

Əvvəlcə sakitlik hökm sürürdü və heç nə baş vermirdi. Həmişə belə olur və ən pisi də budur. Get-gedə üzümün necə bədbinləşdiyini hiss edirdim, yorğun və ac idim, indi qəmgin səadətimin son izləri də yox olurdu, bilirdim ki, məhv oluram.

Bir neçə saniyədən sonra içəri sakitcə açıq-qəhvəyi kiçik müstəntiq formasında uzundraz və solğun bir adam daxil oldu. O da heç bir söz demədən oturdu və məni süzməyə başladı.

– Sənətiniz?

– Sıravi vətəndaş.

– Təvəllüd?

– Bir, bir… iyirmi birinci il, – dedim.

– Məşğuliyyət?

– Məhbus.

Müstəntiq və polis bir-birinə baxdılar.

– Nə vaxt və hardan buraxılmısınız?

– Dünən, on ikinci korpus, on üçüncü kamera.

– Hara göndərilmisiniz?

– Paytaxta.

– Sənədləriniz.

Cibimdən azad olunma barədə şəhadətnaməni çıxardıb müstəntiqə uzatdım. Onu ifadələrimi qeyd etdiyi yaşıl vərəqənin üstünə sancaqladı.

– Nəyə görə mühakimə olunmuşdunuz?

– Xoşbəxt üzümə görə.

Müstəntiq və polis yenə bir-birinə baxdılar.

– Daha dəqiq! – müstəntiq soruşdu.

– Mənim xoşbəxt üzüm ümümxalq hüzn elan olunduğu gün- ali rəhbərin ölümünün ildönümü günü polisin diqqətini çəkmişdi.

– Müddət?

– Beş.

– Davranış?

– Pis.

– Daha dəqiq!

– Əmək məsuliyyətindən yayınma.

– İstintaq sona çatdı.

Kiçik müstəntiq ayağa qalxdı, mənə yaxınlaşdı və bir zərbə ilə üç ön dişimi çıxartdı, bu, mənim bir residivist kimi xüsusilə damğalanmalı olmağım əlaməti idi. Bu, gücləndirilmiş cəza tədbiri idi, beləsini nəzərdə tutmamışdım. Kiçik müstəntiq işini həyata keçirdərək otaqdan çıxdı və onun əvəzinə tünd-qəhvəyi forma geyinmiş kök yekəpər müstəntiq daxil oldu.

Hamısı məni döydülər: müstəntiq, baş müstəntiq, ali müstəntiq, hakim və baş hakim, arakəsmələrdə isə polis qanunla nəzərdə tutulmuş bütün cəza tədbirlərini üzərimdə sınaqdan keçirtdi. Qəmgin üzümə görə mənə on il verdilər, necə ki, keçən dəfə xoşbəxt üzümə görə beş il vermişdilər.

Bundan sonra, əgər növbəti on ili ümummilli xoşbəxtlik və sabun rifahı şəraitində sağ qalmağı bacarsam, çalışacam ümumiyyətlə heç bir üzüm olmasın…

Tərcüməçi: Taedium Vitae

Mənbə: www.lib.ru

 

 

 

Advertisements